Skelet əzələləri

Skelet əzələləri eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur. Hər bir əzələyə qan damarları və sinirlər gəlir. Skelet əzələləri hissi və hərəki neyronların lifləri ilə sinirlənir. Dərinin, əzələlərin, vətərlərin, oynaqların reseptorlarından gələn impulslar hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə verilir. Onurğa beynindən gələn impulslar hərəki sinirlərlə əzələyə ötürülür, bunun nəticəsində əzələ yığılır. Əzələlər iradi olaraq yığılıb, bədənin hissələrini hərəkət etdirir, orqanizmin yeriməsini və müəyyən bir vəziyyət almasını təmin edir. İnsanın hər hansı bir hərəkətində bir-birinin əksinə təsir edən (antaqonist) iki əzələ qrupu: oynaqları bükən və açan əzələlər iştirak edir. Hərəkət bükücü və açıcı əzələlərin bir-biri ilə əlaqəli işləməsi, onurğa beynində oyanma və tormozlanma proseslərinin növbələşməsi sayəsində mümkün olur.
Oynağı açan və bükən əzələlər eyni vaxtda boşalmış halda olduqda, əzələlər istirahət edir.
Əzələləri sümüklərə vətərlər bərkidir. Əzələlər formaca üç cür olur: uzun, qısa və enli əzələlər. Əzələlər funksiyalarına görə açıcı, bükücü, yaxınlaşdırıcı, uzaqlaşdırıcı və s. qruplara, yerləşməsinə görə baş, boyun, gövdə, ətraf və s. əzələ qruplarına bölünür.
Baş əzələlərinə çeynəmə və mimiki əzələlər aiddir. Çeynəmə əzələləri qidanın ağız boşluğunda xırdalanması prosesində iştirak edir. Mimiki əzələlər isə kəllə sümüklərindən başlanıb üz dərisində qurtardığına görə onların yığılması üz dərisinin relyefinin dəyişməsinə, mimikanın yaranmasına səbəb olur, nitqin icrasında da mühüm rol oynayır.
Boyun əzələləri boyun nahiyəsinin müxtəlif istiqamətlərə yönəlmiş hərəkətlərini, alt çənənin aşağı enməsini və qabırğaların hərəkətini təmin edir. Tənəffüs aktının və digər funksiyaların icrasında iştirak edir.
Döş əzələləri çiyin qurşağı və yuxarı ətrafların hərəkətlərini, eləcə də döş qəfəsinin həcminin böyüyüb-kiçilməsini təmin edir, onurğa sütununun əyriliklərinin yaranmasında iştirak edir.
Qarın əzələləri qarın boşluğunu xaricdən örtür, gövdənin sağa, sola hərəkətlərində, sakit və dərin nəfəsvermə aktlarında, doğuş prosesində və s. funksiyaların icrasında iştirak edir.
Bel əzələləri başın önə, arxaya hərəkətində, nəfəsalma aktının icrasında, yuxarı ətrafların, kürəklərin yerdəyişməsində, onurğa sütununun açılmasında iştirak edir. Ətraf əzələləri əsasən açıcı, bükücü və onları müxtəlif tərəflərə hərəkət etdirən əzələ qruplarına bölünür.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

0 şərh