Boyun osteoxondrozu

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir — məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir...

Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.

Boyun osteoxondrozu zamanı bu kimi simptomlar meydana çıxa bilər:

— boyun hissəsində daim ağrılar,
— qollarda və çiyinlərdə ağrılar, keyləşmə, «qarışqaların gəzişməsi» hissi,
— boyunun hərəkətliliyin məhdudlaşması. Bəzən insan hiss edir ki, boyunu hətta tərpədə bilmir və başını yanlara çevirmək üçün bədənini çevirməli olur.
— baş gicəllənməsi,
— başda ağırlıq hissi,
— tez-tez təkrarlanan baş ağrıları,
— ənsə nahiyəsində ağrı,
— qulaqlarda küy,
— daim yorğunluq hissi,
— görmə və eşidmənin pisləşməsi,
— yuxusuzluq.

Əgər Siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, mütləq ortoped və ya nevroloqa müraciət edin. İlkin mərhələlərdə osteoxondroz xüsusi müalicəvi bədən tərbiyəsi, fizioterapevtik üsullar (masaj, elektroforez və s.), pəhrizdə müəyyən dəyişikliklər, gündəlik fiziki gərginliyin artması və s. kimi asan tədbirlərlə müalicə oluna bilər. Ağırlaşmış formalarda olan osteoxondrozun müalicəsi zamanı hətta cərrahiyyə üsullarından istifadə olunur.

Boyun osteoxondrozun əsas səbəbləri və profilaktikası:
— boyun travmaları (yol qəzası, yıxılma, güclü silkələnmə və s. zamanı).

— boyun, ənsə, çiyin hissəsinin güclü soyuqlaması. Məhz bu səbəbdən osteoxondrozun profilaktikası üçün həkimlər daim havaya uyğun geyinmək, soyuq və küləkli havada baş örtüyü və şərfdən istifadə etmək məsləhət görürlər. Təbii parçalar (yun, pambıq) istini yaxşı saxlayır, sintetik parçalar isə yox. Bu səbəbdən insan təbii parçalardan tikilən paltarlara üstünlük verməlidir.

Hətta insanın saç fasonu onda osteoxondrozun inkişafına təsir edə bilər. Belə ki, həkimlər boyun hissəsində bir qədər tük saxlamaq tövsiyə edirlər.

— hərəkətsizlik. Onurğa fəqərələri və fəqərələr arasında olan disklər onlara lazım olan qidalı maddələri ətrafda olan toxumalardan alır. Bu toxumalar qanla yaxşı təchiz olunmalıdır. Bunun üçün isə insan gün ərzində kifayət qədər hərəkət etməlidir, idmanla məşğul olmalıdır, gəzməlidir və s. Oturaq işdə işləyən insanların əksəriyyətində bu və ya digər formalarda osteoxondroz var. Boyun osteoxondrozun inkişafının riski daim kompüterdə və ya sənədlərlə işləyən insanlarda daha çox olur (səbəb — boyunun əyilməsidir).

— piylənmə. Piylənmə zamanı insan orqanizmində mübadilə prosesləri pozulur. Bundan əlavə artıq çəkisi olan insanın onurğa sütunu güclü yükləmələrə məruz qalır. Bütün bunlar da osteoxondrozun inkişafına və ya daha da dərinləşməsinə səbəb olur.

saglamolun.az
 

0 şərh