New Age-Nyu Eyc musiqi janrı

     XX əsrdə yaranmış New Age (ingiliscə Nyu eyc, mənası «yeni çağ».)  sakitləşdirici və nikbin səs ilə xarakterizə olunan, bir sıra musiqi üslublarını özündə əks etdirən  musiqi janrlarından biridir. Janrlarından biridir dedikdə dinləyicilər çox vaxt Ambient(embient) musiqisini Nyu eyclə qarışdırırlar. Bu musiqi janrları oxşar olsalar da fərqli cəhətləri var. Ambient janrında fon musiqisi böyük rol oynayır, Nyu eycdə isə bu yoxdur. Digər tərəfdən Ambient janrı bilavasitə Nyu eycin yaranmasında başlanğıc rolunu oynamışdır. Hər iki janrda elektron musiqi mühüm rol oynasa da Nyu eycin əhatə dairəsi daha genişdir.
     Nyu eyc bəstəkarları əsasən elektron və etnik musiqi üçün xarakterik xüsusi alətlərə müraciət edir və aşağı tempdə, yüngül və əhval-ruhiyyəni qaldıran melodiyalardan istifadə edirlər. Bu musiqidən tez-tez relaksasiya, meditasiya və yaradıcılığı stimullaşdırmaqdan ötəri (xüsusilə  rəssamlar) istifadə olunur. Nyu eyc əsasən canlı təbiət, özünüdərk və milli mədəniyyət mövzularına müraciət edir.

     Nyu eycdə əsasən harmoniyaya  böyük diqqət verilir. Buna görə kompozisiyaların tərkib müddəti bir neçə dəqiqədən bir neçə saata qədər dəyişə bilər. Lakin əsərlərin əksəriyyətinin tempi kiçik, musiqi səsi rahat və hamar, ancaq fon musiqisi  daimi olmur. Əsərlərin tərkibinə tez-tez etnik musiqi daxil edilir.
    Nyu eyc həm akustik forma əsasında fleyta, fortepiano, gitara və eləcə də dünyanın müxtəlif xalqlarının alətlərini, həm də elektron alətlərin uzun harmoniyasını özündə birləşdirir. Eyni bəstəkar eyni albomda dünyanın ən qədim və ekzotik alətlərinə müraciət edə bilir. Həm elektron alətlərdən, həm canlı alətlərdən, həm də səsyazma nümunələrindən istifadə edilə bilər.
    Vokal əsərlərdə musiqinin həsr olunduğu dövrün və ya regionun sözləri (hətta ölü dillərdə olan sözlər də) daxil edilir. Bəzən vokal səsyazma nümunələri dünyanın müxtəlif xalqlarının etnik və ya dini xoru şəklində istifadə olunur. Məsələn ola bilər Nyu eyc katolik xoruna əsaslansın (“Enigma”, “Era”, “Gregorian” qrupları), yaxud kelt xalq musiqisinə əsaslana bilər (Enya və Moya bacıları, David Arkenston). Nyu eyc həm də embientdə olduğu kimi təbiət səslərindən: dalğaların şappıltısı, ağacların xışıltısı, quşların cəh-cəhindən istifadə edir. Məsələn Vangelisin “Aquatic dance” əsərində musiqi tempi suyun damcılanmasını əks etdirir.

Vangelis
     Nyu eyc janrı haqqında bəstəkarların, ifaçıların və ən əsası tənqidçilərin fərqli fikirləri var.Yəni bu musiqi janrı haqqında ümumi qəbul edilmiş tam fikir söyləmək indiyə qədər mümkün olmamışdır. Nyu eyc janrını müəyyənləşdirmək üçün 3 əsas yanaşma var:
1. Nyu eyc elektron musiqinin bölməsi kimi fərqli oranjimanlarda müxtəlif növ melodik və rəqs tərkibi olmayan musiqi janrı kimi(eksperimental elektron musiqi, texno, embientin bəzi subjanrları və. s.)
2. Nyu eyc  tərkibi sadə səs, yumşaq melodiyalar və melodik elektron musiqi olaraq mənəvi və fəlsəfi təlimlərlə heç bir əlaqəsi olmayan janr kimi.

    Bu nöqteyi-nəzərə uyğun olaraq  Enigma, Aeoliah, Enya, Lesiem, Loreena McKennitt, Love Orcestra, Viktor Savenko, Jean Ven Robert Hal, Kitaro, Suzanne Ciani, Tangerine Dream, Vangelis, Godlav, Era və Yanni kimi musiqiçiləri Nyu eycə aid etmək olar. Lakin tənqidçilərin fikirləri fərqlidir. Birincisi, Loreena McKennitt, Jean Ven Robert Hal, Vangelis və Tangerine Dream kimi musiqiçilər yaradıcılığa başlayarkən düşünməmişdilər ki, onların əsərləri Nyu eycə aid edilər. Onların bəziləri belə düşünür ki, bir janr kimi Nyu eyc musiqisi eyni adlı dini-fəlsəfi cərəyana (həmçinin Sayentologiya dini kim tanınır) aiddir. Halbuki bu musiqiçilərin bu cərəyanla heç bir əlaqəsi yoxdur. İkincisi, Tangerine Dream, Mayk Oldfield, Jan Ven Robert Hal, Vangelis və Mixail Çekalin kimi musiqiçilərin yaradıcılığı çox müxtəlifdir, hətta  Vangelisin albomları çoxşaxəlidir. Üçüncüsü, musiqinin səslənməsinə görə Enigma və Suzanne Cianinin musiqiləri əhəmiyyətli dərəcədə bir-birindən fərqlənir. Buna görə Nyu eyc janrını etiket kimi bu və ya digər musiqiçiyə tam şəkildə aid etmək olmaz.

Yanni
3. Nyu eyc  praktik tətbiq olunan relaksasiya və meditasiya üçün elektron musiqi janrı kimi. Əsasən yoqa və mantra  həvəskarları Steven Halpern, Anugama, Cusco, David Arkenston, Blue Stone, Deuter, Gandalf, GENE, Tya, Oliver Shanti, Kitaro, Chinmaya Dunster, Himekami, Medwyn Goodall, Deva Premal, Akiko Shikata və s. musiqiçilərin albomlarına müraciət edirlər.

Enya
    Beləliklə unikal bir janr kimi nyu eycin tam təsnifatı hələ ki, müəyyən ediməmişdir.
    Bir çox musiqiçilər nyu eyc terminini uğursuz hesab edirlər. Ottmar Liebertin sözlərinə görə, 80-ci illərin axmaq termini olan fyujn bu gün nyu eycə çevrilib.
   Bəzi musiqiçilər xüsusən Moya Brennan  nyu eyc adının dini təlimlərlə bağlayanlara etiraz edir. Çünki bəziləri bunu bidətçiliklə səhv salır. Çünki bu janra görə Moya Brennanın özünü kafir hesab edirdilər, baxmayaraq o özü katolikdir.

Mayk Oldfield, David Arkenston, Enya iddia edirlər ki, həddindən çox müxtəlif musiqiləri bu janra aid edənlər var. Enya Amarantinenin sözlərinə görə, radio stansiyaları və səsyazma şirkətlərinin seçdikləri musiqilər dəqiq təsnifat hesab edilə bilməz.( Məsələn müasir dövrdə populyar olan pop ifaçısı Nelli Furtadonun məşhur “Say it right” mahnısının tempinə görə nyu eyc janrına aid edilir) Bu janra alternativ adlar təklif göstərilir. Məsələn Contemporary Instrumental (“Müasir instrumental"), Folk Ambient və s. Lakin, əksər musiqiçilər Nyu eyc termininin artıq oturuşmuş və geniş geniş yayılmış termin kimi yayıldığını qəbul edirlər.
 
   Bu musiqi janrının əsasını kimlər qoymuşdur? Bura böyük bir siyahı şəklində musiqiçilər daxil edilsə də konkret bir fikir yoxdur. Belə hesab olunur ki, nyu eycin ilk elementləri caz musiqsində peyda olmuşdur. Amma tənqidçilər belə bir fikri şübhəli sayırlar. Güman olunur nyu eyc üslubunda ifa edən ilk musiqiçi, Amerika caz musiqiçisi Toni Skott olmuşdur.  1964-cü ildə o, Nyu eyc üslubunda Music For Zen Meditation adlı ilk albomu buraxmışdır. Skottdan başqa digər bir amerikan cazmeni Pol Uinter də albom buraxmışdır. Lakin onun albomu Skottun meditativ allbomundan  fərqli daha şən və pozitiv ruhda olmuşdur. Güman olunur ki, nyu eyc və embient janrlarının formalaşmasında Keyt Karret,  Lil Mays, Mayls Devis və Ralf Touner kimi caz musiqiçilərinin yaradıcılıqlarının böyük təsiri olmuşdur.
   Daha sonralar Nyu eyc caz ənənələri ilə əlaqəsini itirdi. Artıq 70-ci illərdə Nyu eyc əsasən elektron musiqi oldu. Musiqiçilər sintezatordan geniş istifadə etməyə başladılar. Avropa klassik musiqisi (Klod Debussi), erkən akademik elektron musiqi, minimalizm, (Erik Sati, Terri Rayli, Stiv Rix, Filip Qlass kimi minimalist bəstəkarlar) Nyu eyc janrına xüsusilə əhəmiyyətli təsir göstərmişdir.

1968-ci ildən 1973-cü ilə kimi alman mənşəli musiqiçi və qruplar Popol Vuh, Deuter, Tangerine Dream, Klaus Şulz və d. sintezator, akustik və elektron alətlərlə bir sıra albomlar yaratdılar. Lakin bu əsərlər üçün relaksasiya, ruhi sakitlik, kosmik atmosfer xarakterik deyildi.
  ABŞ-da nyu eyc janrının yaradıcısı musiqiçi Steven Halpern və onun “Spectrum Suite” albomu(1975) hesab olunur.
Nyu eyc terminini ilk dəfə 1975-ci ildə gitaraçı Vilyam Akkerman tərəfindən işlənilmişdir. Onun buraxdığı “Windham Hill” leyblı nyu eycin inkişafına böyük təsir göstərdi. 80-ci illərdə meditativ və etnik musiqidən ibarət olan “ Narada” albomu sayəsində nyu eyc termini kütləviləşdi.
    80-ci illərin industrial musiqi janrının böhranı nəticəsində həmin janrın musiqiçiləri vəziyyətdən çıxış yolu kimi nyu eyc terminindən estetik ad kimi istifadə etməyə başladılar.

    Ümumiyyətlə nyu eyc janrının populyarlığı 1960-80 – ci illərdə Qərbdə gənc nəslin  qeyri-Qərb mədəniyyətlərinin mənəvi həyatına və Avropa Orta əsrlər mədəniyyətinə marağın artması ilə bağlıdır. Xüsusilə bu qriqorian dini nəğməsinə, Şərq xalqlarının fəlsəfəsinə və incəsənətinə kütləvi maraqda əks olunur. Nyu eyc janrına ən böyük töhfəni Hearts of Space və Windham Hill albomları vermişdir. Buna görə nyu eycin inkişafı 1980-ci illərlə bağlıdır.
      Keçmiş SSRİ və Rusiyada bu janrda Boris Deart, İqor Dvureçenski, Andrey Klimkovski, Elena Dedinskoy, Angelight (Yuri Rıjov), Edelis, Rhythm of Mankind & Nature, Hattifatteners, Ermitage, Apples From Mars təmsil olunur. Məşhur gitaraçı Didulyanın da yaradıcılığı nyu eyc üslubuna yaxın sayılır.
   Bir çox musiqiçilər və tədqiqatçılara görə, nyu eyc musiqi janrı ABŞ-da yaranmış Nyu Eyc ( digər adı sayentologiya) dini-fəlsəfə cərəyanı ilə heç bir əlaqəsi yoxdur. Çünki nyu eyc musiqiçiləri müxtəlif etiqadlara malikdirlər. Enya Amarantin və bacısı Moya Brennan katolikdirlər. Gregorian proyektini rəhbəri Frank Peterson ateistdir, baxmayaraq öz musiqiləri xristian dini mahnılarına əsaslanır. Enigma qrupundan olan Mişel Kretu və digər bir nyu eyc bəstəkarı Syuzan Duse Allaha inanır amma özlərini heç bir dinə aid etmirlər.
   Nyu eyc üslubunda musiqi adətən ruhi sakitlik, ətraf mühit, təbiət, harmoniya, yuxu və kosmosa səyahət, «Mən»in arzuları və s. kimi mövzular həsr olunub. Bir çox musiqiçilər ekzotik ölkələrin, eləcə də öz xalqının mifologiyasına aid albomlar buraxırlar. Enya və David Arkenston kelt mifologiyasına və tarixinə həsr olunmuş albomlar buraxmışlar. Yapon sintezatorçusu  Kitaro İpək Yolunun tarixinə həsr olunmuş albom seriyası, GENE qrupu Sakit Okean, Aralıq dənizi, Pasxa adası və Yerin müxtəlif regionlarına aid albomlar seriyası buraxmışdır.
     David Arkenston və Lex Plotnikov kimi bəzi musiqiçilər fentezi janrına aid əsərlərə musiqilər bəstələyiblər.

Nyu eyc musiqisindən  tez-tez filmlər, kompüter oyunları, xüsusilə təbiət və ya tarixi filmlərdə istifadə olunur. Vangelis bir çox filmlərə sauntrek musiqi yazmışdır. Enya "Üzüklərin Əfəndisi" filminə, Era«Yadplanetlilər» filminə, Kitaro bir sıra fantastik animelərə  mahnıları yazmışlar. David Arkenston “World of Warcraft” daxil olmaqla bir çox oyunlar üçün musiqi yazıb. Nyu eycdən stressdən azad olmaq üçün, yaradıcılıqla məşğul olan zaman rahat atmosfer yaratmaq üçün geniş istifadə olunur.

David Arkenston
  Araşdırmaçı Andrey Qoroxov nyu eycin tərifini daha gözəl vermişdir-“Əgər sizi alkoqolizmi və siqaret çəkmək kimi pis ehtirasları təbliğ edən səslər bezdiribsə o zaman 80-ci illərdə isti Kaliforniya günəşi altında doğulan nyu eycə qulaq asın. Burada qəddar cadugərlər və kimyaçılar yoxdur. Ağ və uzun saqqallı hind mütəfəkkirləri sizi özünüdərkə,  yaxınlara sevgiyə, üzdə həmişə təbəssüm yaratmağa səsləyir. Nyu eyc buddistlər üçün Diter Bolendir. Nyu eyc xəcalət çəkmədən dəniz üzərində günəşin qürubunu seyr etmək deməkdir. Nyu eyc küləyin vıyıltısı, quşların cəh-cəhi, yarpaqların xışıltısı kimi vəhşi və gözəl təbiət səsləridir. Nyu eycdə akustik musiqi alətləri; And fleytası, Afrika barabanı, kelt arfası, ispan gitarası, macar klavesini, Çin qonqunun  təbii səslərinin son tətbiqi zəngin yapon sintezatorudur.”

Kitaro

 Sonda özümün tez-tez qulaq asdığım nyu eyc musiqi janrına aid bəzi nümunələri qeyd edirəm.
1. Vangelis-“Alpha”, “Aquatic dance”,”Hymne”, «Prelude», «Chariots of Fire»,"İ apocalypse des animaux", " West acros panfleita"
2. Kitaro-“Mirage”, «Matsuri»
3. David Arkenston-“Temple of İsis”
4.Era & Oliver Shanti-“Sacral Nirvana”
4.Guy Sweens-“Siddhartas Journey”, “Vasanta”
5.Didulya-“Flamenqo”, «Kofe», «Polet na Merkuri», «Put domoy» «Qreçeskaya»
6. Enya- “Caribbean blue”, “Only time”
7. Sara Brightman and Gregorian-“Moment of peace”
8.Yanni-“Rainmaker”, “Adagio İn c Minor”, “Truth of touch”, “Within attracsion” "İndigo"
9. Omega Vibes-“Diaspora”
10.Cafe del Mar-“Melibea”
11. Hsu Ching Yuen- “White tara mantra”
12.Deva Premal-“Om ram ramaya”
13.Blonker-“Street caffe”
14.Giovanni Marradi-“Garden of Dreams”
15.Marga Sol-“Poison and passion”
16.Enya and Yanni-«Nostalgia»
17.Cris Sheperis -«Eros»
Hazırladı: İstoric_c
 
loading...

6 şərh

MURAD_SEYFULLAYEV
Xeyli məlumat yazılıb bu janr haqqında, əllərinizə sağlıq. Bu janra aid edilən musiqi tərzini çox bəyənirəm.
Nelly Furtadonun rok ifaçısı olduğunu bilmirdim, heç həmin mahnının bu janra aid edildiyini də. :)
istorik_c
Düz yazmısız. Sadəcə  diqqətsizliyimdən pop əvəzinə rok yazmışam
pascal
Maraqlıdır. Mümkünsə, o şəkillərlə yanaşı həmən müğənnilərin ifasında mahnıları da məqaləyə əlavə edəydiz.
istorik_c
pascal, youtube-də kifayət qədər kliplər var.Sadəcə bu musiqiçilərin adlarını qeyd edin. 
pascal
istorik_c, youtube-da olduğun, istədiyimdə də ora baxa biləcəyimi bilirəm. Mənim deyəcəyim o idi ki, mahnıları burda yerləşdirməklə məqaləniz daha dolğun, daha maraqlı olacaq.
Şəkillərin də öz yeri var, amma məqalədə musiqidən söhbət gedirsə, ağırlığı musiqiyə verərək müğənninin ifasın yerləşdirmək daha məqsədəuyğundur. Musiqili məqalə olanda mən o musiqinin fonunda o məqaləni oxuyuram. Bu daha çox xoşuma gəlir, nəinki yazıya burda, musiqiyə youtube-da qulaq asmağa. Baxın, indi musiqiylə birlikdə məqalə daha çox ləzət elədi mənə. Təşəkkür.
Ferbara
Məncə müəllifin əsl ad və soyadı qeyd olunsa, daha düzgün olar. :)