Dəniz dibindəki elektrik axınlarının mənbəyi

Elm adamları 3 il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.

Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər.

Danimarkanın Aarhus Universitetindən Nils Risqard-Petersen və Kristian Pfeffer körfəzdəki dəniz yatağında yaşayan, görünüşü elmə məlum olan heç bir bakteriyaya bənzəməyən çoxhüceyrəli bakteriyalar tapıblar.

Elektrik cərəyanı hasil etdiyi məlum olan bakteriyanı yaxından tədqiq edən tədqiqatçılar insan saçının 100-də 1-i qalınlığında olan bakteriyanın nano ölçüdə qılcıqları olduğunu aşkar ediblər. Bu çıxıntılar bir pərdə ilə örtülüdür. Risqard-Petersen və Pfeffer bakteriyanın virtual elektrik naqili funksiyası daşıdığını müəyyən ediblər. Habelə, bakteriyanın gündəlik həyatımızda istifadə etdiyimiz elektrik naqillərinə bənzər funksiyasının olduğu məlum olub.

 Çay qaşığında 1 km uzunluğunda canlı elektrik naqili

Elm adamları bənzəri olmayan bakteriyanın okeanlarda yaşayan digər bütün bakteriyalarla müqayisədə böyük üstünlüyünün olduğunu bildiriblər. Bakteriyalar sistemləri pozulmadıqca dənizin dibində 1 m2 sahədə on minlərlə metr uzunluğunda elektrik naqili əmələ gətirəcək sıxlıqda yerləşə bilirlər. Bu sayədə dəniz dibindən böyük miqdarda enerji çəkirlər. Elm adamları bir çay qaşığı dolu dəniz dibi palçığında1 km uzunluğunda canlı elektrik naqilinin olduğunu bildiriblər.

Bakteriyanın digər xüsusiyyəti okeanın oksigensiz hissələrində də yaşamasıdır. Bakteriyalar zəncirvarı zolaq əmələ gətirərək dəniz dibinin oksigen yerləşən hissəsindəki bakteriyalar sayəsində oksigen əldə edirlər. Kimyəvi reaksiya zamanı qidadakı elektronlar oksigenə çevrilir. Bu reaksiya 1 sm-lik məsafədə həyata keçirilir. Real həyatda olduğu kimi, bir müdaxilə reaksiyanı poza bilər.

“Nature” jurnalında dərc edilmiş tədqiqata əsasən, elm adamları elektrik cərəyanı funksiyası daşıyan bakteriyaları tədqiq edərək üzvi elektronika sahəsində irəliləyiş əldə edə bilərlər. Laboratoriya şəraitində bənzər bakteriyaların çoxaldılması ilə gələcəkdə təkmilləşdirilmiş bioloji sistemlərin hazırlanması, hətta insanlar üçün yeni nəsil protezlərin istehsalı nəzərdə tutulur.

 

 

0 şərh