Videoçəkiliş

"Kamera həm görüntünü, həm də səsi yazan qara yeşik deyil. Kamera - tarixçə danışmaq qurğusudur". Con Premak, Boston televiziya studiyasının baş operatoru

1. TARİXÇƏLƏRİN AÇIQLANMASI

Əslinə qalanda, hər bir adam videokameradan (qara yeşikdən) istifadə etməyi, görüntü və səs yazmağı öyrənə bilər. Ancaq haqqında söz açacağınız tarixçəni başqalarına göstərərkən videokameradan faydalanmaq üçün texniki üsullara yiyələnməli, bacarıqlı və diqqətli olmalısınız.Praktik vəsaitin öncəki bölmələrində sizi reportyor işinin bəzi incəlikləri ilə tanış etdik. İndi videoçəkilişin bəzi yönlərini nəzərdən keçirək.
Videokameranın funksiyası görüntü və səsin yazılmasıdır. Ancaq elə yazılmasıdır ki, seyrçilər özlərini olay yerində hiss etsinlər.
Yüksək səviyyəli operatorlar olayı o qədər ustalıqla çəkə bilirlər ki, hətta bu olayın şahidləri orda diqqətlərindən qaçan önəmli epizodlar görürlər.

2. OPERATORUN VƏZİFƏSİ

Operator seyrçinin həm gözü, həm də qulağıdır.
Operator hər bir olayda həlledici məqamı üzə çıxarmalı və onu o şəkildə lentdə əks etdirməyi bacarmalıdır ki, çəkilmiş material əsasında TV-də göstərmək üçün süjet hazırlamaq mümkün olsun. Operator daim yaradıcı təşəbbüs göstərməlidir.
Operator öz kamerasının obyektivi önündə baş verən hadisələrə dərindən nüfuz etməlidir. Yalnız bu halda olayların mümkün inkişaf axarını tapmaq və çəkiliş zamanı gözlənilməz dönüşlərə hazır olmaq mümkündür.Operator reportyorla sıx əməkdaşlıq edərək olayların mənasını anlamağa ciddi səy göstərməli, süjet üzərində iş zamanı vacib sayılan həlledici epizodları lentə almağı bacarmalıdır.

3. FƏAL OPERATOR

Passiv operator kamerayla davranmağı, videomaterial hazırlamağı bacarır. Onun işə münasibətini "mən nə etməliyəm?" sualıyla ifadə etmək olar.
Fəal operatorsa təşəbbüs göstərir. Ancaq fəal operator olmaqdan ötrü çəkiliş zamanı baş verən olayların ardıcıllığını anlamaq, onların inkişaf axarını müəyyənləşdirmək, eləcə də videomaterialın montaj variantlarını əvvəlcədən təsəvvür etmək lazımdır.
Fəal operatorun çəkdiyi görüntüləri auditoriya daha yaxşı qavrayır (lap açıq danışsaq, daha maraqlı işi həmişə fəal operatora tapşırırlar).

4. VİDEOGÖRÜNTÜNÜN DİLİ

Videogörüntü dil növlərindən biridir. Dili pis bilən və güclü ləhcəylə danışan adamın şərhi nə dərəcədə pis qarşılanırsa, pis çəkilərək uğursuz montaj edilmiş süjetlər də eyni reaksiyanı doğurur. Seyrçilər dayanıqsız görüntüyə, kadrların uğursuz kompozisiyasına və pis montaj edilmiş süjetə baxdıqları zaman baş verənləri anlamaq üçün əlavə səy göstərirlər. Ancaq seyrçilərin çoxu sərt hollivud standartları ilə çəkilmiş və 30 saniyə ərzində 27 səhnənin dəyişdiyi yüksək səviyyəli kommersiya süjetlərinə alışdıqlarından pis videomateriala heç baxmayacaqlar.
Xəbərlər proqramının operatoru yadda saxlamalıdır ki, o, elə həmin ekranda göstərilən "Ulduz savaşları" tipli proqramlarla rəqabət aparır. Buna görə də həmin operator videogörüntünün dilini öyrənməyə, onun qanunları ilə çalışmağa borcludur.

5. SÜJETİN ƏVVƏLİ, ORTASI VƏ AXIRI OLMALIDIR

Hər şeydən öncə seyrçinin diqqətini cəlb etmək lazımdır. Seyrçilərin çoxu TV-yə baxanda (xüsusən xəbər proqramlarına), hay-küydən təcrid edilmiş şəraitdə olmurlar. Onlar həmişəki kimi işıqlı və səs-küylü qonaq otaqlarında və ya mətbəxlərində proqramı seyr edirlər. Seyrçinin diqqətini cəlb etmək üçün süjetiniz dəqiq, canlı və parlaq olmalıdır.
Bundan başqa, süjetiniz peşəkarlıqla çəkilmiş və məntiqlə montaj edilmiş kadrlar əsasında qurulmalıdır.Klassik çəkiliş ardıcıllığı - uzaq, orta, iri planların göstərilməsi həmin süjetin qurulmasını xeyli asanlaşdırır.

6. OPERATOR JURNALİST KEYFİYYƏTİNDƏ

Çəkiliş zamanı operator həmişə yadda saxlamalıdır ki, o da reportyor komandasının üzvüdür. Əgər darıxdırıcı bir iclasdan reportaj aparılırsa, mürgü vuraraq əsnəyən adamın kadrda yer alması tam yerinə düşər. Əksinə, çox canlı bir toplantı varsa, həyəcanlı və ehtiraslarından əl-qol atan adamların bir neçə iri planını vermək məsləhətdir. Ancaq bu zaman göstərilən kadrlar doğrudan da olayı əks etdirməlidir. Çox canlı keçən yığıncaqda təsadüfən əsnəyən bir adamın körüntüsünün kadra salınmasına ehtiyac yoxdur.Operator olayla yaşamalıdır. O, nə baş verdiyini anlamalı və nə baş verə biləcəyini əvvəlcədən görməyi bacarmalı və buna hazır olmalıdır. Necəgəldi çəkməyin, kadrları seçməyə çalışın və bir yerdə ilişib qalmayın. Ölayın ruhunu daşıyan bir neçə enəmli şəxsi taparaq lentə alın və baş verənləri o şəxslərin reaksiyasından keçirərək əks etdirin. Seçib çəkdiklərinizi reportyorla razılaşdırın. Yalnız bu halda eyni süjeti çəkdiyinizə əmin olmaq mümkündür.
Seyrçini çaşdıran, onun diqqətini yayındıran mənasız kadrlardan qaçın. Bu da sizin vəzifənizdir. Çəkilmiş kadrlar baş verənlərin mahiyyətini köstərməlidir.

7. KADRIN KOMPOZİSİYASI

Operator kameranın gözcüyündən kadr qurmaq üçün baxır, ona görə baxmır ki, kameranı, sadəcə, olay yerinə yönəltsin. Kompozisiyanın bir qaydasını həmişə yadda saxlamalısınız: başlıca çəkiliş obyekti ya kadrın yuxarı sərhəddinin 1/3-indən aşağıda, ya da sol sərhəddinin 1/3-dən bəridə olmalıdır. Adamları olayı səciyyələndirən fonda göstərin (xüsusən olay yerində).

8. MİKROFONLA İŞ

Reportyor əl mikrofonuyla işləyir, müsahibinə isə, imkan daxilində ayrıca mikrofon verilməlidir (boynundan asılır, yaxasına sancılır). Belə olanda, müsahib rahatlanır və mikrofonu unudur. Reportyor isə müsahibindən bir qədər aralıda olmaqla operatora çəkiliş üçün manevr imkanı yaradır.

9. TRANSFOKATORDAN (ZUM-dan) VƏ YA PANORAMDAN YERİNDƏ İSTİFADƏ EDİN

Görüntünü uzaqlaşdırıb-yaxınlaşdıran zaman yalnız süjet mövzusunun doğrultduğu hallarda transfokatordan (zum-dan) istifadə edin. Yadda saxlayın ki, zum, texniki üsul olaraq, özü-özlüyündə, seyrçinin diqqətini yayındırır. Zumla çəkilmiş nisbətən maraqlı görüntülər birinci və axırıncı kadrlardır (iri planlar). Montaj zamanı aralıq kadrları kəsib atmaq məsləhət görülür. Əlbəttə, həmin kadrlar süjetdə nəyisə açıqlamırsa.
Panoramdan da çəkinmək lazımdır. Ondan faydalandığınız hallarda mütləq çalışın ki, çəkdiyiniz görüntülər dayanıqlı olsun və yaxşı qurulsun.

10. PARLAQ GÜN ŞÜASINDAN QORUNUN

Parlaq gün işığında çalışarkən, yadda saxlayın ki, adamların üzü kölgədə qalmalıdır və siz heç bir halda üzüişığa çəkməməlisiniz. Əks halda gölgədə qalan adamların üzü yaxşı sezilməyəcək.
Çəkiliş zamanı gün gözlüklərinin çıxarılmasını hər reportyordan, həm də müsahibəverəndən xahiş edin. Gözlərin ifadəsi süjetdən ötrü həmişə çox önəmlidir.

11. EKRANDA HƏRƏKƏT İSTİQAMƏTİ

Mətbuat konfranslarını, teatr tamaşalarını, rəsmi keçidləri və s. "quruluş verilmiş" olayları çəkərkən ekranda hərəkət istiqamətini özünüz üçün müəyyənləşdirib, ona əməl edin.

12. İRİ PLAN

Hər süjetdən ötrü bir neçə ayrıca iri plan çəkin. İri plan ifadəli olanda süjetə təkrarsızlıq verir və onu yadda saxladır.

13. YEKUN KADRLAR

Lap axırda süjetə yekun vuran kadrı çəkin. Bəzi süjetləri birmənalı açıqlamaq olmur, buna görə də onları ümumi planla bitirmək daha yaxşıdır. hərçənd, ifadəli iri plan, adətən, daha güclü tə'sir bağışlayır.
Yanğından hazırlanmış süjet üçün klassik yekun kadr (artıq qəlibə çevrilib) - taptaq-taptaq olmuş torpaq üzərində his basmış, yanıb gülə dönmüş kuklanın görüntüsüdür. Operator yekun kadrlar üçün məhz belə mənalı görüntü tapmalıdır.

NECƏ VAR. O CÜR DANIŞIN

"Görüntü də, eynən söz kimi, olsa-olsa, yalnız gerçəkliyin simvoludur. Telejurnalistin bizə hansı faktları göstərməsi önəmli deyil, önəmli olan onun həmin faktları nə dərəcədə doğru-düzkün əks etdirməsidir". A.U.Blyum. Amerika teleekranında sənədli film.
Belə bir sadəlövh fikir var ki, guya gerçəkliyi elə telekameranın özü əks etdirir. Təcrübəli reportyor və operatorlar bu yalnış fikrin əsl qiymətini bilirlər.
Qeyri-peşəkar, hazırlıqsız telereportyor və ya operator fərsiz qəzet reportyoruna bənzəyir: qəzet reportyorunun işi təkcə qələm-kağızla bitmədiyi kimi, reportyor və operatorun əlində kameranın olması hələ heç nə demək deyil.
Kamera heç də həmişə həqiqəti göstərmir, sadəcə, onu əlində tutan operatorun çəkmək istədiyini əks etdirir. Süjeti hazırlayan reportyor da yalnız toplaya bildiyi faktlardan faydalanır.
Ayrılıqda hər bir süçeti hazırlayan zaman öz mülahizənizə, peşəkar təcrübə və vərdişlərinizə arxalanırsınız. Siz olay yerində bütün faktları toplamalısınız. Sonra baş vermiş olay haqqında yalansız və ölçü-biçili söhbət aparmaq üçün toplanmış materialdan çox vijdanla istifadə etməlisiniz.
Hadisə barədə söhbəti reportyor və operator aparır. Unutmayın ki, kamera sizi əvəz etməyəcək.

Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait
Müəllif: Pol Steynli, Mayami Universiteti
Tərcümə etdi: Zeynal Məmmədli

 

0 şərh