3. Narahatçılıq insanı hansı aqibətlərə gətirib çıxara bilər

Bir neçə il bundan əvvəl axşamçağı qonşum qapı zəngini çaldı və məni dilə tutmağa başladı. Mən və ailə üzvlərim çiçək xəstəliyinə qarşı peyvənd etdirək. O, Nyu-York mənzillərinin qapı zənglərini basıb xalqı xəbərdar edən minlərlə könüllülərdən biri idi. Qorxu hissinə qapılmış insanlar peyvənd iynəsini vurdurmaq üçün saatlarla həyəcanla növbə gözləyirdilər. Peyvəndetmə məntəqələri nəinki bütün xəstəxanalarda, hətta yanğına qarşı depolarda da, polis məntəqələrində və iri sənaye müəssisələrində də açılmışdı. İki mindən artıq həkim və tibb bacısı gecə və gündüz xalq kütlələrinə peyvənd etmək üçün fədakarlıqla çalışırdılar. Belə təlatümün səbəbi görən nə idi?
Səkkiz adam Nyu-Yorkda çiçək xəstəliyinə düçar olmuş və onlardan ikisi ölmüşdü. Təxminən səkkiz milyon əhalidən iki nəfərin ölümü...
Mən otuz ildən artıq bir müddətdir ki, Nyu-Yorkda yaşayıram. Axırıncı otuz yeddi ildə çiçək xəstəliyindən ölənlərin sayından on min dəfədən artıq insan həyatını sona yetirmiş emosional sarsıntı xəstəliklərinə görə Nyu-Yorkda bir qapı zənginin düyməsinin basıldığını görmədim. Könüllülərdən heç kəs qapını döyərək məni əsəb sarsıntılarından xilas etmək üçün xəbərdarlıq etmədi. Halbuki Amerika Birləşmiş Ştatlarında hal-hazırda yaşayan hər on nəfərdən biri əsəb sistemlərinin nasazlığından xəstədirlər. Belə xəstələr ən çoxu narahatçılıq və emosional gərginlikdən əzab çəkir. Beləliklə, mən bu başlığı yazıram və eyni zamanda bu haqda sənə xəbərdarlıq etmək üçün "qapının zəngini basmağa" tələsirəm.
Tibb elmi üzrə Nobel mükafatı laureatı məşhur alim doktor Aleksis Karrel demişdi: "İşgüzar adamlar narahatçılıqla mübarizə apara bilmədiklərindən cavan ölürlər." Bu evdar qadınlara, veteranlara və daşyonanlara da aiddir.

Bir neçə il bundan əvvəl mən öz məzuniyyətimi Texas və Nyu-Meksiko marşrutu üzrə Santa-Fe dəmiryolu xəstəxanasının tibb işçisi həkim O.F.Haber ilə birlikdə avtomobildə səyahətdə keçirdik. O, Meksika körfəzi xəstəxanasının baş terapevti işləyirdi. Biz narahatçılığın insan orqanizminə olan təsirindən söhbət edirdik. Söhbət əsnasında o, belə dedi: "Həkimlərə müraciət edən xəstələrin yetmiş faizi əgər öz narahatçılıqları və həyəcanlarından azad olmağı bacarsaydılar, öz-özlərini müalicə edə bilərdilər. Siz elə də düşünməyin ki, mən onların xəstəliklərini uydurma hesab edirəm. Onların xəstəlikləri də diş ağrısı qədər, bəlkə də ondan yüz dəfə ciddi xəstəlikdir. Mən əsəbilik əsasında həzm orqanlarının xəstəliklərini, mədə xorası, ürək xəstəlikləri, yuxusuzluq, baş ağrıları və iflicin bir neçə növü kimi xəstəliklər haqda deyirəm.
Bu xəstəliklər realdır. Mən bilirəm nə haqda danışıram, deyərək doktor Haber sözünə davam etdi, axı mən özüm də mədə xorasından on iki il əziyyət çəkmişəm.

problemləri həll etməyi öyrəninQorxu narahatçılıq yaradır. Narahatçılıq sizi həyəcanlandırır və insanı əsəbi edir və nəticədə sizin əsəb sisteminiz mədənizə təsir edir və həqiqətən sizin mədə şirənizi dəyişir və əksər hallarda bu da mədə xorası xəstəliyinə gətirib çıxarır. "Əsəb zəminində mədənin pozulması" adlı kitabında doktor Cozef F.Monteqyu yazır: "Mədə xorası xəstəliyinin baş verməsi nə yeməyinizdən asılı deyil, mədə yarası sizi yeyənin səbəbindən baş verir." Meyo klinikasının həkimi doktor U.S.Alvares demişdi: "Mədə yarasının üzərinin bağlanıb-açılması (yaranın üz tutması, yara közünün qopması) çox vaxt stress vəziyyəti yaradan həyəcanların əyri xətlə qalxıb-enməsindən asılı olur.
Belə bir nəticəyə Meyo klinikasında müalicə olunan 15000 mədə xəstəsinin müayinəsi əsasında gəlmişlər. Hər beş xəstədən dördünün xəstələnməsinə fiziki səbəblər olmamışdır. Qorxu, narahatçılıq, kinlilik, müstəsna xudbinlik və real vəziyyətlə uyğunlaşa bilməmək mədə xəstəliyinə və mədədə yaranın yaranmasına əsas səbəbdir. Mədə yarası sizi öldürə bilər. “Layf” jurnalının məlumatına görə ölümlə nəticələnə biləcək xəstəliklər sırasında mədə yarasından ölənlər onuncu yeri tutur.
Mən bu yaxınlarda Meyo poliklinikasının doktoru Harold C.Xabeyn ilə məktublaşdım. O, cərrah və can həkimlərinin Amerika assosiasiyasının illik konfransında məruzə etmişdi.
Əməyin gigiyenası sahəsində işləyən əməkdaşların cəmi 176 nəfərinin orta ömürləri 44,3 il təşkil edir. Məlum oldu ki, inzibatı işçilərin üçdə bir hissəsindən çoxu aşağıda göstərilmiş gərginhəyat tərzinə xas olan ürək xəstəliklərindən, həzm orqanlarının yaraları və ya yüksək qan təzyiqi xəstəliklərindən əzab çəkirlər.
Siz bir düşünün, bizim işgüzar insanlar heç 45 yaşına çatmamış ürək xəstəliyi, mədə yarası və qan təzyiqi xəstəliyindən öz orqanizmlərini məhv edirlər. Onların nailiyyətləri görün özlərinə nə qədər baha qiymətə başa gəlir.
Onlar, demək olar ki, heç vaxt əməli nailiyyətə də çata bilmirlər! Məgər xidmət sahəsində yüksəlmə mədə yarası və ya ürək xəstəliyi qazanmaqla əldə edilirsə, buna nailiyyət əldə edildi deyə bilərikmi?! Öz sağlamlığını bütün dünyaya dəyişməyə dəyərmi? Axı bütün dünyaya sahib olan insan da başqaları kimi tək bircə yataqda yatır və gündə üç dəfə nahar edirlər. Hətta yer qazıyan kəs də həmin göstərilənləri edə bilər, üstəlik administratorlardan da yaxşı iştaha ilə yeyər və dünyanı fəth etmiş kimi yaxşıca rahat yatar.
Açığını desək, mən Alabama düzənliklərində yardarlıq (icarə haqqı məhsul ilə ödənilən torpaq icarəsi) etməyə üstünlük verərdim, nəinki 45 yaşıma qədərki ömrümdə sağlamlığımı itirməklə dəmir yol işçilərinə və ya siqaret istehsalı üzrə firmaya rəhbərlik etməyə.

Siqaret dedikdə, bütün dünyada məşhur siqaret istehsalı firmasının bir sahibkarı yadıma düşdü. O, bu yaxınlarda Kanada meşələrində istirahət etdiyi zaman dünyasını dəyişdi. Milyonlar sahibi olan bu şəxs altmış bir yaşında öldü. Görünür, bu da işlərində nailiyyətlər qazanmaq naminə öz həyatının çox illərini sərf etmişdi. Mən belə hesab edirəm ki, siqaret istehsal edən bu firma sahibi Missuri ştatında fermer işləmiş mənim səksən doqquz yaşında vəfat etmiş, ölərkən cibində bir dolları da olmayan rəhmətlik atamın, qazandığı nailiyyətin yarısına belə nail olmamışdı.
Meyo qardaşları bildirirlər ki, bizim ölkə xəstəxanalarındakı çarpayıların yarısından çoxunu əsəb xəstələri tutmuşdur. Lakin öldükdən sonra onların əsəb hüceyrələrinə ən güclü mikroskop altında baxarkən görmürlər ki, əksər hallarda onların əsəbləri Cek Dempsinin əsəb sistemi kimi sağlam olmuşdur. Deməli, onların əsəb xəstəlikləri əsəb sistemlərinin fiziki dağılması ilə deyil, ümidsizlik, narahatçılıq, uduzmaq qorxusu, vahimə və peşmançılıq emosiyalarının (həyəcanların) səbəbindən yaranmışdır.
Əflatun bu haqda belə demişdir: "Həkimlərin ən böyük səhvi ondan ibarətdir ki, onlar xəstənin qəlbini, ruhunu sağaltmağa çalışmaq əvəzinə, onun bədənini müalicə etməyə ciddi-cəhd göstərirlər. Axı qəlb və bədən bir vəhdət təşkil edir, onlar ayrılmazdırlar. Onları ayrı-ayrılıqda müalicə etmək olmaz.
Tibb elminə bu böyük həqiqəti dərk etmək üçün iyirmi üç əsr vaxt lazım olmuşdur. Biz hələ indi, "psixoloji tibb" adlanan yeni təbabət sahəsini genişləndirməyə başlamışıq. Bu təbabət elmi insanın qəlbi ilə cəsədini birgə müalicə edir. Bu elm sahəsinin təkmilləşdirilməsi ilə məşğul olmağın artıq vaxtı çatmışdır.
Tibb elmi əsasən çiçək, vəba, sarı qızdırma kimi milyonlarla insanları vaxtından əvvəl qəbirə göndərən yoluxucu və onlarla digər xəstəlikləri ləğv etmişdir. Lakin tibb elmi bu vaxta qədər mikrob əsasında deyil, narahatçılıq, qorxu, kin-küdurət və peşmançılıqdan törənmiş psixi və fiziki pozulmaları aradan qaldıra bilməmişdir. Belə həyəcan keçirməklə bağlı pozuntulardan ölənlərin sayı fəlakətli sürətlə artmaqdadır.
Hesablamalara görə hal-hazırda yaşayan hər iyirmi amerikalıdan biri öz həyatının bir hissəsini ruhi xəstəliklər üzrə müəssisələrdə keçirir. II Dünya müharibəsində hərbi xidmətə çağırılan hər altı nəfərdən biri psixi xəstəliyə görə ordudan tərxis olunmuşdur.

Ruhi xəstəlikləri konkret olaraq törədən nədir? Bu suala hələlik heç kəs dürüst cavab verə bilmir. Əksər hallarda qorxu və narahatçılıq bu xəstəliklərin səbəbi olur. Sərt real şəraitə alışa bilməyən həyəcanlanmış və təqib olunan şəxs onu əhatə edən mühitlə hər cür əlaqəsini kəsir və özünün uydurduğu dünyaya qapanır. Bununla da o, keçirdiyi təşviş və həyəcanlardan azad olmağa can atır.
Bu sətirləri yazdığım vaxtda mənim yazı masamın üstündə Edvard Podolskinin "Narahatçılığı tərk edin və normal yaşayın" adlı kitabı vardır. Aşağıda bu kitabdan bir neçə başlığın adı verilmişdir:
"Narahatçılıq ürəyə necə təsir edir"
"Yüksək qan təzyiqi və onun narahatçılıqla əlaqəsi"
"Narahatçılıq yel xəstəliyinə səbəb ola bilər"
"Öz mədənizin xatirinə az narahat olun."
"Narahatçılığın törətdiyi diabet"
"Narahatçılıq və qalxanabənzər vəzi"
"Narahatçılıq soyuqdəymə xəstəliklərinə necə səbəb olur"
"Özü özünə zidd olan adam" kitabı da narahatçılığa qarşı mübarizə probleminə həsr olunmuş başqa bir kitabdır. Bu kitab məşhur psixiatr Karl Menninqer tərəfindən yazılmşıdır. Mənfi əhval-ruhiyyənin həyatımıza hakim kəsilməsinə imkan veririksə, bu zaman bizim özümüzə nə qədər zülm etməyimiz və zərər yetirə biləcəyimiz haqda bəhs edilən Menninqerin bu kitabı elmdə böyük kəşf sayılır. Əgər siz öz həyatınızın sarsılmasına son qoymaq istəyirsinizsə, bu kitabı əldə edin. Onu oxuyun. Öz dostlarınızı da onunla tanış edin. Onun qiyməti cəmi dörd dollardır, bu sizin həyatınız üçün ən yaxşı pul xəzinəsidir.

 

Narahatçılıq ən laqeyd insanı da xəstələndirməyə qadirdir. General Qrant bunu Vətəndaş müharibəsinin qurtarması ərəfəsində kəşf etmişdi. Görün nə danışırlar:
"Qrantın orduları Riçmond şəhərini doqquz ay mühasirədə saxladı. General Linin hərbi bölmələri ac-yalavac, cır-cındır, yolunub-tökülmüş halda darmadağın edilmişdi. Bütöv alaylar fərarilik edirdi. Düşmənin digər əsgərləri palatalarda dini ibadət yığıncaqları düzəldir, qışqırır, ağlayır və avaralanırdılar. Son yaxınlaşırdı. Linin əsgərləri Riçmondda pambıq, tütün, silah anbarlarını yandırır və gecələr alova bürünmüş gurultu ilə yanan şəhərdən qaçırdılar. Qrantın ordusu durmadan düşməni qovur, cənublulara iki tərəfdən və arxadan, eyni zamanda Şeridanın süvari dəstələri ön tərəfdən zərbələr endirir, dəmir yol platformalarını partladır və təchizat qatarlarını zəbt edirdilər.
Qrant dəhşətli baş ağrısından kor vəziyyətində öz ordusundan geri qalmış və bir fermerin evinə düşmüşdü. Bu barədə o, öz xatirələrində belə yazır: "Mən gecəni orada keçirdim, - deyərək öz memuarında bunu yada salır. Ayaqlarımı xardallı suya saldım, boynumun ardına və biləklərimə xardal yaxmaları qoydum."
O isə səhərki gün bir anda sağalmışdı. Onu sağaldan xardal yaxmaları deyil, atı dörd nala çapan süvaridən eşitdiyi şad xəbər oldu. O, general Linin təslim olmağa razılığı haqda məktubunu verdi.
Qrant yazır: "Zabit mənə yaxınlaşan vaxt mən hələ də başımın ağrısından iztirab çəkirdim. Məktubu oxuduqdan sonra isə mən dərhal özümü sağlam hiss etdim, başımın ağrısı tam kəsilmişdi.
Tamamilə aydındır ki, Qrant keçirdiyi narahatçılıqdan, əsəb gərginliyindən, mənfi əhval-ruhiyyə keçirdiyi üçün xəstələnmişdi. Onun keçirdiyi həyəcan eşitdiyi şad xəbərdən dərhal başqa "rəng" almış, bundan özünə inam yaranmış, əldə etdiyi nailiyyət və çaldığı qələbəyə görə şadlıq hissi keçirdiyindən o, özünü dərhal sağlam hiss etmişdi.

Franklin Ruzvelt idarəçiliyinin maliyyə naziri Henri Morqentau 70 il sonra dərk etmişdi ki, narahatçılıq onu başgicəllənməyə gətirib çıxarmışdır. O, prezidentin taxılın qiymətini qaldırmaqdan ötrü bir gündə 4.400000 buşel (35,2 litrə bərabər həcm vahidi) buğda satın aldığına görə dərin narahatçılıq keçirmişdi. O, gündəliyində yazırdı: "Mən bu haqda eşitdikdə dərhal başımın gicəlləndiyini hiss etdim. Mən evə getdim, qəlyanaltından sonra iki saat yatdım."

Narahatçılığın insanları nəyə gətirib çıxardığını görmək istəyirsinizsə, bunun üçün nə kitabxanaya getmək lazımdır, nə də həkimin qəbuluna. Mənə kifayətdir ki, bu kitabı yazdığım otağın pəncərəsindən eşiyə baxım və mən məhəllədə yerləşən bir evdə narahatçılıqdan əsəb sarsıntısı keçirən, digər evdə isə diabet xəstəliyinə tutulan insan görə bilərəm. Birja fonduna qiymətli kağızların dəyərinin aşağı düşməsi kifayətdir ki, qanda və sidikdə şəkərin miqdarı yüksəlsin.
Məşhur fransız filosofu Monten öz doğma şəhəri Bordonun bələdiyyə rəisi seçildikdən sonra öz həmvətənlərinə müraciətlə aşağıdakıları demişdir:
- Mən razıyam sizin işlərinizi öz əlimə alım, öz qara və ağ ciyərimi isə yox."
Mənim qonşum keçmişi yadına salaraq deyirdi: "Fond birjasındakı işlərimin vəziyyəti mənim qanıma təsir etdiyindən az qala öləcəkdim."
Narahatçılıq sizdə yel xəstəliyi, artrit xəstəliyi törədə bilər və sizi dəyircəkli-kürsiyə həmişəlik buxovlaya bilər. Kornelsk universitetinin professoru doktor Rassel C.Cesil artrit xəstəliyi üzrə dünya miqyaslı məşhur mütəxəssis sayılır. Artritin inkişafına əsas dörd amil səbəb olur:
1. Ər-arvad həyatının fəlakəti
2. Maliyyə fəlakəti, iflası və ya bu qəbildən olan hər hansı dərd
3. Tənhalıq və narahatlıq
4. Uzun müddət gizli qalmış inciklik.
Şübhəsiz ki, bu dörd həyəcanlı vəziyyət artritin yeganə yaranma səbəbi deyildir. Müxtəlif səbəblərdən baş vermiş artritin çoxlu növləri vardır. Təkrar edirəm ki, artrit xəstəliyinin baş verməsi və artritin meydana gəlməsinə səbəblərdən ən geniş yayılmışı doktor Rassel L.Sesilin göstərdiyi dörd amildir. Misal üçün mənim dostum maliyyə böhranı keçirdiyi vaxt elə ağır vəziyyətdə iztirablar keçirdi ki, axırda, hətta qaz kompaniyası onun evinin yanacağını kəsdi, bank isə öz növbəsində onu evi üçün girov qəbzi almaq hüququndan məhrum etdi.
Bu şəxsin həyat yoldaşı isə gözlənilmədən dözülməz artrit ağrılarına düçar oldu. Qəbul etdiyi dərmanlara və riayət etdiyi pəhrizə baxmayaraq, maliyyə vəziyyəti yaxşılaşmayana qədər artritin müalicəsi müsbət nəticə vermədi.
Narahatçılıq hətta dişlərdə kariyesin yaranmasına səbəb ola bilir. Amerikanın stomatoloji assosiasiyasının yığıncağında doktor Uilyam İ.L.Makqoniql çıxışında dedi ki, narahatçılığın, qorxunun, qərəzin yaratdığı xoşagəlməz əhvali-ruhiyyənin təsirindən orqanizmdə kalsium maddəsi balansının pozulması baş verir ki, bu da diş toxumalarının çürüməsinə səbəb olur. Doktor Makqoniql bir xəstə haqqında belə məlumat verir: "Nə qədər ki, həyat yoldaşı gözlənilmədən xəstəlik düçar olmamışdı, onun özünün gözəl sağlam dişləri vardı. Yoldaşının üç həftə xəstəxanada olduğu müddətdə isə onun ağzında toxumaları çürüməkdə olan doqquz ədəd diş aşkar oldu. Bu narahatçılığın səbəbindən idi.
Siz qalxanabənzər vəzisi kəskin şəkildə xəstələnmiş insanı görmüsünüzmü? Mən belə adamlara rast gəlmişəm və sizə deməliyəm ki, onlar titrəyirdilər və elə yazıq bir görkəmdə idilər, elə bil onlar bu saat həyatla vidalaşacaqlar, onların orqanizmlərinin həyat fəaliyyətini tənzimləyən qalxanabənzər vəzilərinin funksiyası pozulmuşdu. Bu xəstəlik ürəyin döyünməsini artırır və insanın bütün bədəni havasorucu külbəsi açıq qoyulan sobanı andırır. Əgər dərhal müalicəyə başlanılmasa və ya cərrahiyyə əməliyyatı ilə tədbir görülməsi ola bilər ki, bu ölümlə nəticələnsin. Belə halda xəstə də elə bil "öz başına" alışıb yanma baş verir.
Bu yaxınlarda belə xəstəliyə düçar olmuş dostumla Filadelfiyaya, 38 il bu xəstəliyin müalicəsi ilə məşğul olan məşhur mütəxəssis sayılan bir həkimin yanına gəlmişdik.
Onun dostuma verdiyi birinci sual bu oldu: "Senin sağlamlığını belə vəziyyətə salan keçirdiyin hansı həyəcanlı sarsıntı oldu?" O, mənim dostuma xəbərdarlıq etdi ki, "Əgər həyəcanlanmağını tərk etməsən, sənin orqanizmin ürək xəstəliyi, mədə yarası və ya diabet kimi mürəkkəbləşmələrə düçar ola bilər. Bu xəstəliklərin hamısı bir-birinə yaxın, qohum xəstəliklərdir." Qeyri-şərtsiz onlar qohum xəstəliklərdir. Axı onlar yeganə bir səbəbdən - narahatçılıq səbəbindən doğulmuşlar!
Merl Oberondan müsahibə aldıqda o, mənə dedi ki, narahatçılıqdan qurtarmışam. O bildirdi ki, narahatçılıq bir kino artisti kimi onun başlıca dövləti olan xarici cazibədarlığını məhv edə bilər.
Merl Oberon keçmişi yadına salaraq dedi: "İlk dəfə kino aləminə düşməyə çalışdıqda mən qorxmuş və həyəcanlanmışdım. Mən Hindistandan yenicə gəlmişdim. Londonu heç tanımırdım, çalışırdım ki, burada özümə iş tapım. Mən bir neçə kinofilm çəkənin yanında oldum, lakin onların heç biri mənə kinoda çəkilməyi təklif etmədi. Sərəncamımda olan azacıq pul yavaş-yavaş tükənməkdə idi. Axırıncı iki həftə mən ancaq quru peçenye və su ilə keçinirdim. Mən indi nəinki təkcə narahat idim, həm də ac idim. Mən öz-özümə dedim: ola bilər sən axmaqsan. Ola bilər, sən heç bir vaxt kinoya düşə bilməyəcəksən. Axı sənin heç bir təcrübən yoxdur. Sən ki, heç vaxt çıxış etməmisən. Sən yalnız qəşəng çöhrənlə nəzər-diqqəti cəlb edə bilərsən.
Mən güzgüyə yaxınlaşdım. Mən özümə baxdıqda gördüm ki, narahatçılığımın səbəbindən xarici görkəmim gör nə kökə düşmüşdür. Keçirdiyim narahatçılıq üzündən sifətimdə qırışıqlar əmələ gəlmişdir.
Mən güzgüdə çox narahat görkəmdə olduğumu gördüm. Bu vaxt mən özümə belə dedim: "Sən narahatçılığını dərhal tərk etməlisən! Sən özünə imkan verməməlisən ki, həyəcanlanasan. Sən ancaq cəzbedici və qəşəng xarici görkəmini təqdim edə bilərsən. Narahatçılığın isə sənin gözəlliyini məhv edir.
Qadının gözəlliyini bu cür tezlikdə məhv edən, onu qocaldan, qeyzləndirən narahatçılıqdan başqa heç nə ola bilməz. Narahatçılıq insan çöhrəsinə iyrənc görkəm verir. O, bizi çənələrimizi bir-birinə sıxmağa məcbur edir və çöhrəmiz qırışıqlarla örtülür. Narahatçılıq insana bədbin görkəm verir. Narahatçılıqdan bizim saçlarımız ağara bilir və bəzi hallarda hətta tökülür də. Narahatçılıqdan üzümüzün dərisi korlana bilir, onun üzərində müxtəlif səpkilər yaranır, dermatit və sızanaqlar peyda olur.
Ürək xəstəlikləri hal-hazırda Amerikada insanları öldürən ən birinci qatildir. II Dünya müharibəsində 1/3 milyon kişi döyüş meydanında həlak oldu. Həmin dövrdə vətəndaşlardan iki milyonu ürək xəstəliyindən ölmüşdü. Onlardan da bir milyonu narahatçılıq və fövqəladə gərgin həyat tərzi səbəbindən dünyasını dəyişmişdi. Həqiqətən də ürək xəstəliyi ən birinci baş səbəbdir ki, bunun nəticəsində Aleksis Karrelin dediyi kimi: "Narahatçılıqla mübarizə apara bilməyən işgüzar adamlar cavan ölürlər."
Birləşmiş Ştatların cənubunda yaşayan zəncilər narahatçılıqdan törəmə biləcək ürək xəstəliklərindən çox iztirab çəkirlər. Çünki onlar hadisələrə çox soyuqqanlıqla yanaşırlar.
Kənd təsərrüfatı işçilərindən isə həkimlər ürək çatışmazlığından 20 dəfə çox ölürlər. Həkimlər ən gərgin həyat tərzi sürürlər və əvəzini öz həyatları hesabına ödəyirlər.
Uilyam Ceyms deyir: "Allah günahlarımızı bağışlaya bilər, əsəb sistemi isə heç vaxt!
Qarşımızda ən fövqəladə və inanılmaz fakt durur: çox yayılmış beş yoluxucu xəstəlikdən ölənlərin sayından amerikalıların ildən-ilə artan intiharı nəticəsində həlak olanların miqdarı üstünlük təşkil edir.
Nə üçün? Əksər hallarda cavab birdir:
NARAHATÇILIQdan
Öz hərbi əsirlərinə olmazın işgəncə verən Çin hərbi rəisləri onların əl və ayaqlarını bağlayır və içərisi su ilə dolu kisədən gecə və gündüz tökülən su damlaları altında oturardılar. Əsirin başına mütəmadi düşən bu su damlaları nəhayət ona çəkic zərbələri təsirini bağışlayırdı. Nəticədə insanlar bu cəzadan dəli olurdular.
Belə ağır cəza üsulunu ispanlar "şüurları təftiş" məhkəməsinin qərarı ilə və habelə Hitler hakimiyyəti dövründə almanlar həbs düşərgələrində əsirlərə qarşı tətbiq edirdilər.
Aramsız düşən su damlaları və bu damlaların mütəmadi təsiri insanları ağılsızlığa və intihara gətirib çıxarırdı.
Mən gənc kəndli balası idim və Missuri ştatında yaşayırdım. Billi Sandinin ölümdən sonrakı axirət əzablarından, cəhənnəm atəşindən söylədiklərini eşitdikdə qorxudan yarı-ölü vəziyyətinə düşürdüm. Amma o, daim narahatçılıq hissi keçirən insanların bəzən can üstündə olarkən keçirdiyi fiziki əzablardan heç söhbət salmamışdı. Məsələn, əgər xroniki olaraq narahatçılıq hissi keçirirsinizsə, onda siz nə vaxtsa sinə (döş anginası) tutmasından cəhənnəm əzabı çəkən adamın vəziyyətinə düşə bilərsiniz.
Allah göstərməsin əgər haçansa, siz belə hala düşsəniz, onda qeyri-insani əzablardan qışqırıb fəryad edərdiniz. Sizin bu fəryadlarınızla müqayisədə Dantenin "Cəhənnəmdəki şivən, inilti və bağırmalar uşaq ağladıqda eşidilən qışqırtıları andırardı. Siz o vaxt öz-özünüzə deyəcəksiniz: "Aman Allah, əgər haçansa bu ağrılardan azad olsam, mən heç bir şeydən bir daha narahatçılıq keçirməyəcəyəm. Heç bir vaxt! Əgər düşünürsünüzsə ki, mən söhbətimdə şişirtmələrə yol verirəm, onda bu haqda öz ailə həkiminizdən soruşun.
Siz həyatınızı sevirsinizmi? Sağlamlığınızı yaxşı qorumaqla çox yaşamaq istəyirsinizmi? Görün siz bunu necə edə bilərsiniz? Mən yenə də doktor Aleksis Kanelidən sitat gətirirəm. O, demişdir: "Kim ki, bu narahat dünyada öz ruhi rahatlığını (sakitliyini) qoruyub saxlaya bilirsə, o əsəb xəstəliklərinə meylli olmur."
Müasir səs-küylü şəhərdə ruhi rahatlığınızı qoruyub saxlamağa qadirsinizmi? Əgər siz normal düşüncəli insansınızsa, "hə" cavabını verəcəksiniz. Şübhəsiz ki, "hə!" Bizim əksəriyyətimiz düşündüyümüzdən də artıq qüvvətliyik. Daxilimizdə çox böyük enerji və qüvvə gizlənir ki, biz ona heç vaxt müraciət etmirik. Tora özünün "Uolden" adlı ölməz əsərində dediyi kimi: "Düşüncənin gücü ilə insanın ən ali məqsədə çatması üçün qətiyyətli hərəkət etmək bacarığından daha təsirli ruhlandırıcı hal bilmirəm... Əgər siz arzu və diləklərinizə çatmağa inamla cəhd edirsiniz və çalışırsınızsa ki, arzu etdiyiniz həyatı yaşayasınız, onda adi davranış zamanı əldə edə bilmədiyiniz nailiyyətlərə sahib ola biləcəksiniz.
Yəqin ki, oxucuların çoxu Olqa K.Carvi kimi daxili inam gücünə malikdir. Olqa aşkar etmişdir ki, o, ən faciəli hallarda belə narahatçılıq hallarını aradan qaldırmağa qadirdir. İnanıram ki, mən və siz bu kitabda göstərilən ən qədim həqiqətləri tətbiq etməklə buna nail ola bilərik.
Görün, Olqa K.Carvi mənə özü haqda nə yazır: "Bundan səkkiz il yarım əvvəl xərçəng xəstəliyi məni tədrici əzablı ölümə məhkum etmişdi. Ölkənin ən yaxşı həkimlərindən Meya qardaşları bu ölüm hökmünü təsdiqləmişdilər. Mən dibsiz bir uçurum kənarında idim, qarşımda dərin bir uçurum açılmışdı! Ümidsiz bir təlaş içərisində Kelloqqdakı həkimimə zəng etdim və parçalanmış olan qəlbimin bütün ağrı-acısını göz yaşları seli ilə ona çatdırdım. Son dərəcə səbirsizliklə o, məni nə ki var danladı: "Nə olub axı, Olqa, məgər Siz mübarizəyə qadir deyilsinizmi? Əlbəttə belə ağlasanız siz öləcəksiniz. Bəli, sizə ən böyük bədbəxtlik üz vermişdir. Əgər belədirsə, faktların üzünə düz baxın. Həyəcanı tərk edin. Sonra nə isə bir tədbir görün." Bax elə bu anda mən and içdim. Mən buna qəlbimin gizli qüvvəsini qatdım, belə ki, dırnaqlarını bədənimə dərin sancıldı və kürəyimdən soyuq bir üşütmə keçdi. Mən özümə əmr etdim: Mən həyəcanlanmayacağam! Ağlamayacağam! Əgər mən nə isə bir iş görməyə girişsəm, onda qələbə qazanmalıyam. Mən yaşamağa hazırlaşıram!
Radiumdan artıq istifadə etmək mümkün olmayan gecikdirilmiş hallarda bir seans rentgen şüalandırılması 30 gün müddətində, gündə 10,5 dəqiqə davam etdirilir. Məni isə gündə 14,5 dəqiqə olmaqla 49 gün şüalandırdılar. Mənim üzgün bədənimdə sümüklərim səhra təpəliklərindəki qayalar kimi boylanırdılar. Baxmayaraq ki, ayaqlarım tökmə qurğuşunu xatırladırdı, mən özümə narahatçılıq keçirməyə qəti imkan vermirdim. Mən bir dəfə də ağlamadım. Mən gülürdüm. Bəli, mən özümü həqiqətən, gülümsəməyə məcbur edirdim.
Lakin mən elə də axmaq deyiləm, düşünəm ki, təkcə gülümsəməklə xərçəngi sağaltmaq olar. Lakin mən həqiqətən inanırdım ki, şən əhvali-ruhiyyə xəstəliyə qarşı mübarizədə orqanizmə kömək edir. Hər halda mən xərçəngdən ecazkar bir şəkildə şəfa tapdım. Mən doktor Makkafferinin "faktların üzünə düz baxın, həyəcanlanmayın, sonra hansısa qərarı qəbul edin" kimi ruhlandırıcı sözlərinin nəticəsində son bir neçə il ərzində özümü heç vaxt hiss etmədiyimdən sağlam sanıram."
Bu başlığı başa çatdıraraq bir daha epiqraf olaraq Aleksis Karrelin sözlərini təkrar edirəm: "Narahatçılıqla mübarizə apara bilməyən adamlar cavan ölürlər." Bir vaxt dinə fanatik inananlar dini kəlamları sinələrinə həkk etdirərdilər. Mən istərdim ki, hər bir oxucu öz sinəsinə bu kitabın "narahatçılıqla mübarizə apara bilməyən iş adamları cavan ölürlər" epiqrafını "həkk!" etdirsinlər.
Doktor Karrel Sizin barədə demişdir? Ola bilər.

Xülasə:

Qayda 1. Əgər siz narahatçılıqdan qurtulmaq istəyirsinizsə Uilyam Oslərin sizə məsləhət gördüklərini edin: "Bu günün ayrıcında" yaşayın.
Gələcək barədə narahat olmayın. Yuxuya gedənə qədər sakit yaşayın."

Qayda 2. Əgər bəla arxanızca düşüb səssiz-səmirsiz sizi küncə sıxışdırırsa, Uillis X.Kerrierin sehrkar düsturunu tətbiq edin.
a) özünüzdən soruşun: əgər mən öz problemimi həll edə bilməsəm, mənim üçün ən pisi nə ola bilər.
b) zəruri hallarda xəyalən özünüzü ən pis halların baş verməsinə hazırlayın.
e) fikrən qaçılmaz saydığınız və bununla razılaşdığınız vəziyyəti yaxşılaşdırmaq üçün çarə axtarmağa səbirlə cəhd göstərin.
Qayda 3. Narahatçılığın sağlamlığa vuracağı və heç nə ilə əvəz edilməyəcək ziyanı haqqında düşünün. "Narahatçılıqla mübarizə apara bilməyən iş adamları cavan ölürlər."

1 şərh

aran
Mən belə qənaətə gəldim ki, adam birinci hər şeyə ruhən hazırlaşmalıdır. Ruhu daha çevik olmalıdır. Ruhi ətalətlilikdən çıxmaq lazımdır. Sağlamlıqdan başqa nə var-dövlətin, karyeran varsa onu da itirməyə hər gün hazır olmalısan. Onlar haqqında fikirləşmək lazım deyil. Yalnız, bu günkü işi haqqında düşünməli və onu mükəmməl görməyə çalışmaq lazımdır. Hər gün belə etsən yenidən hər şey özü səni tapacaq.