5. İş yerində baş vermiş narahatçılığın əlli faizindən necə azad olmalı

Əgər iş adamısınızsa tamamilə təbiidir ki, özünüzə deyəcəksiniz: "Bu başlığın adı mənasızdır. Mən öz işimlə artıq 19 ildir ki, məşğulam. Mənim özümdən başqa, kim bütün bu sualları dürüst cavablandıra bilər? İşdə yaranmış narahatçılıqdan 50% azad olmağım üçün nə edəcəyimi kiminsə mənə öyrədə biləcəyi fikri cəfəngiyatdır"
Belə təəccüblənmə tamamilə təbiidir. Bir neçə il bundan qabaq belə başlıq altında olan yazını oxusaydım, mən də elə bu cür düşünərdim. Bu çox şey vəd edir, təəssüf ki, təkcə vədlə iş bitmir.
Gəlin açıq danışaq. Mən ola bilər ki, iş zamanı yaranmış narahatçılığınızın 50%-dən sizi xilas etməyi bacarmaram. Axı bunu sizin özünüzdən başqa heç bir kəs yerinə yetirə bilməzdi. Mən isə sizə yalnız başqaları bunu necə etmişlərsə, onu göstərə bilərəm, qalanı isə sizin öz əlinizdədir.
Sizin ola bilər yadınızdadır. Bu kitabın qabaqkı səhifələrində mən dünya şöhrətli məşhur Aleksis Karrelin sözlərini sitat kimi gətirmişdirn: "Narahatçılıqla mübarizə apara bilməyən işgüzar insanlar cavan ölürlər."
Məsləhətlərimlə sizi narahatçılıqdan, hətta 10% xilas etməyə müyəssər olsam belə, yəqin ki, məndən razı qalarsınız. Düz deyilmi? Çox gözəl! Mən sizə bir müəssisə rəhbəri barədə danışacağam. O, nəinki narahatçılığından 50% azad olmuş, hətta bu problemin həlli üçün keçirdiyi yığıncaqlara sərf etdiyi vaxtın 70%-ə qədərini qənaət etmişdir.
Mən sizə hansısa bir "cənab Cons" və ya bir "cənab X" və yaxud Oqayoda tanıdığım bir cavan oğlan haqqında söhbət açmaq fikrində deyiləm. Belə dumanlı, qaranlıq tarixləri yoxlamaq mümkün deyildir. Söhbət real surətdə mövcud olan Leon Şimkin adlı ABŞ-da "Saymon end Şuster" adına nəşriyyatın şərik direktorundan gedir. Görün, Leon Şimkin özü barədə nə dedi:
"Ötən on beş ildə demək olar ki, hər gün iş vaxtının yarısını iclaslarda keçirirdim. Biz problemlərin həlli ilə məşğul idik. Biz hey baş sındırırdıq ki, bu tədbirimi həyata keçirək, yoxsa başqa bir şey düşünək və yaxud heç bir iş görmək lazım deyil...
Axırda bizim əsəblərimiz yüksək həddə çatmış olurdu və biz öz kürsülərimizdə vurnuxur, qalxıb o tərəf, bu tərəfə gəzir, mübahisə edir və düşdüyümüz tilsimdən çıxmağa yol tapmırdıq. Gecəyə çevriləndə mən özümü çox üzülmüş hiss etdim. Düşündüm ki, bu hal ömrümün sonuna kimi davam edəcək. Mən bu qayda ilə on beş il çalışdım və heç bir vaxt ağlıma gəlmədi ki, daha yaxşı üsul mövcuddur. Əgər kim isə mənə desəydi ki, iclaslara sərf etdiyim vaxtımın dörddə üç hissəsindən və əsəb gərginliyimin dörddə üç hissəsindən yaxa qurtara bilərsən, mən onu "buludlarda süzən", xəyalpərəst, "kabinet nikbini" adlandırardım. Bununla belə, mən məhz bu nəticələri verəcək bir plan hazırladım. Artıq səkkiz ildir ki, bu planı tətbiq edirəm. O, mənim həyatımı kökündən dəyişdirdi, mən iş qabiliyyətimi yüksəldə bildim, xoşbəxtliyə və sağlamlığa nail oldum.



Bunların hamısı kənardan sehrli görünə bilər. Bütün sehrli fokuslar kimi bu üsulların da yerinə yetirilməsi qaydasını bildikdə onlar həddən artıq sadə görünür.
Bunun sirri aşağıdakılardan ibarətdir: İlk əvvəl mən dərhal iclasların keçirilmə qaydasını dəyişdim. Bir qayda olaraq iclaslarımız ondan başlayırdı ki, mənim insanı öz monoton, yeknəsəq çıxışları ilə dilxor edən köməkçilərim işimizdəki çatışmazlıqları ətraflı şərh edirdilər. İclaslarımız isə həmişə eyni belə bir sualla bitirdi: "Biz nə etməliyik?"
Mən işgüzar problemlərin müzakirəsi üçün yeni qayda tətbiq etdim. Əgər əməkdaşlardan kim isə müzakirə üçün məsələ təqdim edirdisə, ondan aşağıdakı dörd suala cavab verən qeydlərini qabaqcadan hazırlamağı tələb edirdim.
Sual 1: Problem nədən ibarətdir? (Adətən iclaslarda 2-3 saat vaxtımı mübahisələrə sərf edirdim. Halbuki heç birimiz ümumiyyətlə problemi tam dürüst və aydınlığı ilə təsəvvür edə bilməzdik. Biz səsimiz qaralana kimi mübahisə edər və problemin konkret nədən ibarət olmasını yozmaq zəhmətinə qatlaşmazdıq)
Sual 2: Problem nədən yaranmışdır? (Mən hərdən çevrilib geriyə baxdıqda və öz peşə mərhələlərimə nəzər saldıqda dəhşətə gəlirəm. Gör nə qədər iclaslarda keçirdiyimiz saatlarla vaxt bihudə sərf edilmiş və bununla belə, biz problemlərin əsasını təşkil edən şəraitin aydınlaşdırılmasına isə cəhd belə göstərməmişik.)
Sual 3: Problemlərin mümkün həlli hansılardır? (Keçmiş vaxtlarda keçirilən iclaslarda bir qayda olaraq bir şəxs adətən problemin bircə həllini təklif edirdi. Kimsə başqa birisi isə dərhal onunla mübahisəyə girişirdi. Labüd bir hal kimi ehtiraslar qızışırdı. Çox vaxt biz müzakirə edilən mövzudan uzaqlaşırdıq və müzakirənin sonunda görürdük ki, heç kəs zəhmət çəkib problemin həlli üçün irəli sürülmüş çoxsaylı təkliflərin heç birini yazıb qeydiyyata almamışdır.)
Sual 4: Siz hansı qərarı təklif edirsiniz? (Mən iclaslarda eləsinə də rast gəlmişəm ki, saatlarla yaranmış vəziyyət barədə narahatçılıq keçirir, məsələnin həlli ətrafında hey dolanır, lakin o hətta bir an belə cəhd göstərmir ki, onları yazaraq qeydiyyata alsın və yazılı surətdə təklif etsin ki: "Mən yalnız bu qərarı təklif edirəm.")
İndi isə mənim əməkdaşlarım çox nadir hallarda özünün problemləri haqda müraciət edirlər. Nə üçün belə? Ona görə ki, onlar artıq dərk etmişlər ki, təklif edilmiş dörd sualı cavablandırmaq üçün əvvəlcə bütün faktların toplanması və bunların əsasında öz problemlərinin analizi tələb olunur. Bundan sonra onlar hər dörd haldan üçündə mənimlə məsləhətləşməlidirlər. Məsələnin doğru həlli elektrik tosterində (sobasında) "qovurulmuş çörək parçası" kimi özünü bildirəcəkdir.
Hətta məsləhətləşmənin vacibliyi hallarında belə, əvvəllər sərf edilən vaxtın üçdə biri tələb olunur. Çünki müzakirə ardıcıl qaydada və məntiqi tərzdə keçirilmiş olur və biz ağıllı bir nəticəyə gəlib çıxa bilirik.
"Saymon end Şuster" nəşriyyatında çatışmazlıq səbəbindən işdə yaranmış narahatçılığa və danışıqlara əvvəlkinə nisbətən çox az vaxt sərf olunur. Onun əvəzində isə fəaliyyətin yaxşılaşdırılmasına daha çox hərəkət və iş görülmüş olur.
Amerika sığorta kompaniyasının aparıcı xadimi mənim dostum Frenk Bettcer söylədi ki, nəinki öz işimdə yaranan narahatçılıqları azalda bildim, üstəlik analoji üsulların tətbiqi ilə öz gəlirimin iki qat artmasına da nail oldum.
Frenk Bettcerd dedi ki, "bundan çox illər öncə mən öz əmək fəaliyyətimə sığorta agenti kimi başladım və işimə sonsuz ruh yüksəkliyi ilə bağlanmışdım. Sonra nə isə baş verdi. Mən peşmançılığa qapıldım. Mən hətta işdən azad olunmaq fikrinə də düşdüm. Amma birdən necə oldusa, şənbə günü səhər-səhər başıma bir fikir gəldi ki, oturub öz həyəcanlarımın səbəblərini araşdırmaq istədim.
1. Hər şeydən əvvəl mən özümə belə bir sual verdim:
"Mənim problemim nədən ibarətdir?
Problemlərim bunlardan ibarət idi: mən çoxlu görüşlər keçirirdim, gəlirim isə bir qədər də yüksək deyildi. Ticarət preyskurantlarını satışı pis gedirdi, lakin sığorta müqaviləsi bağlamaq lazım gəldikdə hər şey ləngidi. Müştərilər mənə tez-tez müraciət edirdilər: "Cənab Bettcer sizin təklifiniz barədə fikirləşərəm, yenə də yanıma təşrif gətirin, müştərilərlə əlavə görüşmək zərurəti, buna itirilən vaxt məni özümdən çıxarırdı.
2. Mən özümdən soruşdum:
Problemlərin mümkün həlli hansılardır?
Bu suala cavab vermək üçün faktları öyrənmək lazım idi. Mən öz qeydiyyat kitabçamı açdım və axırıncı on iki ayın rəqəmlərini təhlil etdim.
Mən heyrətləndirici bir kəşf etdim. Məhz buradaca açıq-aydın göstərilmişdi ki, sığorta vəsiqələrinin 70%-i hələ mən müştərilərlə ilk dəfə görüşərkən rəsmiləşdirilmişdir. Sığorta vəsiqələrinin 23%-i mənim ikinci görüşümdən sonra satıldı. Üçüncü, dördüncü, beşinci və s. görüşlərimdən sonra isə, yalnız qalan yeddi faiz sığorta vəsiqəsi satıla bildi. Məhz bu görüşlər mənim külli vaxtımı əlimdən alırdı və məndə hədsiz narahatçılıq yaradırdı. Başqa sözlə mən tam mənada iş günümün yarısını bağladığım sazişdəm əldə edəcəyim yeddi faiz qazanca sərf edirdim.
3. Cavab nədir?
Cavab aydın idi. Mən ikincidən sonra bütün görüşlərimi dərhal saxladım və sərəncamımda qalan vaxtımı əlverişli müştərilərin axtarılıb tapılmasına sərf etdim.
Dediyim kimi Frenk Bettcer hazırda Amerikada sığorta sahəsində ən məşhur xadimlərdən biri sayılır. O, Filadelfiyada "Fideliti Myuquel" kompaniyasında işləyir və hər il milyon dollarlıq sığorta vəsiqələri rəsmiləşdirir. Axı o, əvvəllər öz peşəsindən imtina etmək istəyirdi. O, iflas həddinə çatmışdı. Ancaq qarşıdakı problemlərin analizi onu qələbə yoluna çıxardı.
Siz işlə bağlı problemlərinizin həlli naminə aşağıdakı sualları tətbiq edə bilərsinizmi? Təkrar edirəm ki, onlar bizim narahatçılığımızı əlli faiz azalda bilər.
Budur həmin suallar:
1. Problem nədən ibarətdir?
2. Problem nədən baş vermişdir?
3. Problemin həlli üçün hansı imkanlar mövcuddur?
4. Siz hansı qərarı təklif edirsiniz?

Xülasə

Qayda 1. Faktları toplayın. Kolumbiya universitetinin dekanı Xoksun dediklərini yadınıza salın: "Dünyada narahatçılığın yarısı məsələni şərtləndirən lazımi məlumatlara yiyələnmədən əvvəl qərar qəbul etməyə cəhd göstərən insanlar tərəfindən törədilir."
Qayda 2. Faktları əsaslı (diqqətlə) təhlil edəndən sonra qərar qəbul edin.
Qayda 3. Qərar qəbul edilibsə, fəaliyyətə başlayın! Öz qərarınızın icrası ilə məşğul olun və nəticəyə görə yarana biləcək bütün narahatçılıqları tərk edin.
Qayda 4. Siz və ya Sizin iş yoldaşlarınızdan kimsə yaranmış hər hansı problemə görə narahatçılıqla meyllidirsə, aşağıdakı suallara cavablar yazın:
a) Problem nədən ibarətdir?
b) Problem nədən yaranmışdır?
c) Problemin həlli üçün hansı imkanlar mövcuddur?
q) Problemin hansı həlli daha önəmlidir?

0 şərh