Vətən marşı – Bəxtiyar Vahabzadə


                                  Vətən marşı – Bəxtiyar Vahabzadə
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.



P.S Bəzi mənbələrdə şeirin son iki misrası: "Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”" belə verilib. Lakin Youtube-də yayılmış Bəxtiyar Vahabzadə — Vətən Marşı (öz səsindən)-videosunda Şair bu misraları demir. 
 
 

6 şərh

pascal
Bəxtiyar Vahabzadə yaradıcılığı vurğunlarından biri olaraq onun şeirlərini harda oxusam, altında imzası yazılmasa belə, o şeirə hopmuş Bəxtiyar ruhunun, Bəxtiyar çılğınlığının, Bəxtiyar duyğusunun, Bəxtiyar fəlsəfəsinin, ümumiyyətlə, Bəxtiyar baxışının dərinliyindən anlayıram ki, şeir ona məxsusdur. Və ya əksinə. Əgər o şeirin altında B. Vahabzadə adı yazılıbsa belə və ordakı misralar Bəxtiyar harayını mənə çağırışdırmırsa, şübhələnirəm.

Bu şeirdə də eləcə. Son 2 misraya qədər şeirin oxucuya aşıladığı mübarizlikdən, döyüşkənlik əzmindən, vətənə sevgi ehtirasından anlamaq olur ki, bu, əsl Bəxtiyar yaradıcılığına xas xüssiyyətlərdir. Amma sonuncu misralaırı oxuyanda bir az təəccübləndim.
Əvvəla Bəxtiyar poeziyasında mən heç vaxt nizamsızlığa rast gəlməmişəm. Onun sərbəst şeirlərində belə qafiyə duyumu, heca bölgüləri, ahəng düzümü öz səliqəsin, sırasın heç vaxt pozmur. Bu 2 misra isə həm dağınıqlığı, həm məna etibarı ilə Bəxtiyar ruhuna yaddır. İnanmıram ki, son 2 misra ona məxsus olsun.

Araşdırıb, doğrusun tapmaq, şairə aid deyilsə, ordan silmək lazımdır. Həmişə dediyim kimi, internetdə birinin səhvin təkrarlayıb yaymayaq. Doğrusun, düzgünün biz yazaq, yazaq ki, qoy bizdən kopiyalayıb, doğrunu yaysınlar.
kurdamir
Fikirlrinizlə razıyam.SOn qərarınız-Silim?
pascal
Araşdır, axtar, gör o misralar B. Vahabzadəyə aid deyilsə, sil. Ola bilər ki, mən səhv edirəm. Amma yenə də deyirəm, o misraların B. Vahabzadəyə aid olduğuna ehtimal vermirəm. Sən yenə də bi araşdır.
kurdamir
Bəzi mənbələrdə şeirin son iki misrası: "Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”" belə verilib. Lakin Youtube-də yayılmış Bəxtiyar Vahabzadə — Vətən Marşı (öz səsindən)-videosunda Şair bu misraları demir. 
pascal
Əgər videoda şair özü burda yazılan son misraları deməyibsə, demək orijinalında da yoxdur.
Sonuncu misralar bəlkə də kiminsə öz əlavəsi imiş. Əldən-ələ keçdikcə, B. Vahabzadənin sözləri kimi qəbul ediblər.
kurdamir
Videonu necə yerləşdirim?