Qeybə çəkilmiş rejissor - Sergey Bodrov

  • Kino

Sergey Sergeyeviç Bodrov 27 sentyabr 1971-ci ildə Moskva şəhərində anadan olmuşdur. 90-cı illərin nəsli “Brat”, “Brat-2”, “Qafqaz əsiri”, “Şərq – Qərb” filmlərindən Sergeyi yaxşı tanıyır. Düzgünlüyünə, dürüstlüyünə, mənəvi həssaslığına və insani keyfiyyətlərinə görə Bodrov çoxlarının yaddaşında əvəzolunmaz “gənclik nümunəsi” olaraq qalıb. Sergey Bodrovun həyat və yaradıcılığı haqqında maraqlı məlumatları sizə təqdim edirik:

“Demək olar ki, bütün bu hadisələr mənim həyatımın son 16 ilində baş verib. Düzü, bundan sonra heç nə məni həyəcanlandırmaq iqtidarında olmayıb.  Uşaqlar həyat və onun mahiyyəti haqda çox düşünürlər. Ona görə də, onların başında həyatda gördükləri və dərk edə bildiklərindən daha çox məlumat və sual olur. Daha doğrusu, onların daxili aləmi kənardan göründüyündən daha zəngindir”.

 Mən balaca olanda, özümü çox ağıllı hesab edirdim. Ən azından, mən özümdən ağıllı bir insanın ola biləcəyini təsəvvür edə bilmirdim. Bu düşüncə Tolstoyun “Uşaqlıq. Yeniyetməlik. Cavanlıq” əsərini oxuduqdan sonra məni tərk etdi. Təxminən elə həmin dövrdə mən kainatın sonsuzluğu haqda təsəvvürlərə malik oldum. Mən onda başa düşdüm ki, yer üzündə milyonlarla “kiçik dünyalar”, “daxili aləmlər” mövcuddur.

  Bir dəfə mən dostlarımdan birinin maşınını oğurladım. Amma onunla oynaya bilmədim. Əməlli-başlı mənəvi narahatlıq hiss etməyə başladım. Anam bunu öyrənəndə, mənə məsləhət gördü ki, həmin uşağın valideynlərinə zəng vurum. Utanc hissi məni məhv edirdi, valideynlərə zəng etmək düşüncəsi isə mənə əzab verirdi. Mən bu hissləri yaşayanda başa düşdüm ki, əsl kişi kimi davranmaq çətin olsa da, bunu etmək mənim borcumdur. Və nə qədər çətin olmasından asılı olmayaraq, bu, məni gücləndirir.

Tez-tez pionerlər lagerinə gedərdim. Mənim pionerlərə xüsusi rəğbətim var idi. Budəfəki lagerdə bəyaz əlcəklər, qırmızı lentlər zövqümü oxşadı. Amma sonda məlum olanda ki, tədbirin sonunda onları öpmək lazımdır, bu, mənə bir qədər qəribə göründü. Mən o dövrlər müəyyən qədər qəribə idim və özümə kifayət qədər güvənirdim. Oranı da tərk etməyə məcbur olanda dərk etdim ki, sən yaxşı insan olsan da, hər kəsin sevgisini qazana bilməzsən.

Məktəb illərində bir dəfə dərsdən sonra dostlarımla məktəbin soyunma otağında oturmuşduq. Yanımızdan aşağı siniflərin müəlliməsi keçəndə, bizim soyunma otağındakı paltarların cibinə girdiyimizi düşündü. Müəllimənin bizi mühakimə etməsi ilə başlayan qalmaqal valideyn yığıncağına qədər gəlib çıxdı. Günahsız olduğumuzu sübut etmək kifayət qədər çətin idi. Çünki valideynlərin belə müəyyən şübhələri var idi. Mən onda dərk etdim ki, hətta sən dünyadakı ən haqlı insan olsan da, bu, digərlərinin sənə inanacağına dəlalət etmir. Məlum oldu ki, öz həqiqətlərin uğrunda mübarizə aparmalısan.

 Bir dəfə biz bütün siniflə mədəni mübadilə məqsədi ilə Venqriyaya gedəsi olduq. Xaricdəki həyat və insanlar hər kəsi şoka salmışdı. Uşaqlar gecələr səhərə kimi şərab içib, motosiklet sürür, qızlarla gəzintiyə çıxırdılar. Bir gün öz aramızda xarici ölkə vətəndaşları ilə yoldaşlıq zəminində futbol oyunu təşkil etdik. Qızlar, şübhəsiz ki, azarkeşlik etdilər. Və bu çılğın azarkeşlərin önündə hər iki komanda qalib gələ bilmək üçün əlindən gələni etdi. Sonda bizim komanda qalib gəldi. Məhz o gün, mən vətənpərvərlik hissinin nə demək olduğunu dərk etməyə başladım. Gənclik illərində fiziki güc və ədalət anlayışı insanda xüsusi həssaslıq yaradır. Buna görə də, mən məktəbdə oxuyarkən çox sayda dava salır, hər kəslə dalaşırdım. 16 yaşım olanda mən öz sinif yoldaşımın burnunu sındırmışdım.

İlk məhəbbətinlə ayrılmaq elə də asan olmur. Mən stol arxasına əyləşib riqqətli zabitin lirik hekayəsini qələmə alana qədər ağır anlar yaşadım. Səhər dörddə hekayənin sonuncu nöqtəsini qoyduqda isə özümü çox rahat və sağlam hiss edirdim. Onda mən başa düşdüm ki, yaradıcılıq böyük qüvvədir”.

20 sentyabr 2002-ci il… Növbəti filminin çəkilişinə görə dağlara qalxan çəkiliş heyəti və rejissor Sergey Bodrov. Çəkilişlər əlverişli işıq şəraiti olmadığına görə təxirə salınır və axşam saatlarında çəkiliş heyəti geri dönməyə məcbur olur. Bodrov həmin saatlarda həyat yoldaşına zəng vurur. Uşaqları soruşur və sağollaşarkən deyir: “Uşaqlardan muğayat ol”. Bir neçə dəqiqə sonra isə dağ uçqunu baş verir və Sergey Bodrov da daxil olmaqla  çəkiliş heyəti faciə qurbanına çevrilirlər.

 
21 sentyabr 2002-ci il hadisə yerinə Sergeyin atası gəlir və oğlunun otel nömrəsinə aparılmasını xahiş edir. Bir gün həmin nömrədə özünə qapandıqdan sonra yenidən Moskvaya qayıdır. Bu xəbər Bodrovun yaxın dostu rejissor Aleksey Balabanova sarsıdıcı zərbə olur. “Mən də öldüm” – deyən Aleksey ömrünün sonuna (son beş ili Bodrov üçün çox darıxırdı) qədər bu əzaba öyrəşə bilmir.

120 insanın uçqun altında qalması güman edilsə də, onlardan cəmi 19-nun meyiti tapıldı. Axtarışlar dayandırıldı. Ekspertlərin rəyinə görə, buz qatları 12 il ərzində tam əriyəcək və yalnız bu zaman ərzində cəsədləri tapmağa ümid edilə bilər. Keçən illər ərzində buzlar tam ərisə də, heç bir cəsəd və ya cəsəd qalığı aşkar edilmədi. Cəsədlər palçığa, suya, çirkə qarışdığından onların tapılması artıq gec idi. 2004-cü ildə bir qrup könüllü faciə yerinə gedərək hər hansı bir əlamət tapmağa çalışsalar da, bunların da bir nəticəsi olmadı. Onlar iddia edirdilər ki, dağlarda tunel var və çox mümkündür ki, bu tuneldə insanlar ola bilər. Amma tunellər boş idi… Bu günə qədər inananlar var ki, Bodrov da həmin tunel vasitəsi ilə xilas olub və hələ də hardasa, necəsə yaşayır.

Mənbə:Kult.az

 

0 şərh