Əlil arabasında ömrünü başa vuran “Kefcil”

  • Kino
İlk dəfə onu uşaq vaxtı sevərək baxdığım “Gələcəkdən gəlmiş qonaq” filmində görmüşdüm. Bu filmdə o, zalım kosmik pirat Veselçak (“Kefcil”) rolunu oynayırdı. Sonralar digər filmlərdə məşhur rollarını görsəm də, nədənsə yaddaşımda elə Veselçak kimi qaldı...

SSRİ-nin Xalq artisti Vyaçeslav Nevinnı 1934-cü il noyabrın 30-da Tula şəhərində anadan olub. Atası silah zavodunda, anası isə dəmir yol vağzalında katibə işləyib. Teatra uşaq yaşlarından həvəs göstərib. Məktəbdə oxuyarkən teatr dərnəyinə yazılıb və tamaşalarda oynamağa başlayıb. 1954-cü ildə orta məktəbi bitirən Vyaçeslav sənədlərini Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına verir. Lakin müsabiqədən keçmir və Tula şəhərinə qayıdıb, Gənclər Teatrında işə düzəlir. Bir il sonra yenidən Moskvaya gedir və bu dəfə uğur qazanır. 1959-cu ildə məktəb-studiyada təhsili başa vurur və MXAT-da işləməyə başlayır. Məktəb-studiyada tanış olduğu gələcəyin tanınmış aktrisası Nina Qulyayeva ilə ailə həyatı qurur. Bu nikahdan onların bir oğulları olur, adını Vyaçeslav qoyurlar.

Teatrda bir çox tamaşalarda oynayan Vyaçeslav Nevinnı kinoda 1957-ci ildə rejissor Yuri Rayzmanın “Kommunist” filmində debüt edir. 1960-cı ildə Vladimir Gerasimovun “Sınaq müddəti” filmində milis işçisi rolunu oynayır. Görkəmli rejissorlar Eldar Ryazanov və Leonid Qaydayla tanışlığı onu məşhurlaşdırır. “Qaraj” filmindəki Karpuxin və “Ola bilməz!” filmində pivəsatan Qorbuşkinin qaynı rolları ona geniş tamaşaçı sevgisi qazandırır.

 Bundan başqa, aktyor “Sədr” (Pavel Markuşev), “33” (Vasili Lyubaşkin), “Avtomobildən qorun” (maşın çilingəri), “Ruslan və Lyudmila” (Farlaf), “Gələcəkdən gəlmiş qonaq” (pirat Veselçak), “Ölü canlar” (Mixail Sobakeviç), “Köhnə Yeni il” (Pyotr Sebeykin) və s. ekran əsərlərində bir-birindən maraqlı rollar oynayır. Bundan başqa o, “Soyuzmultfilm”də bir çox cizgi filmlərinin səsləndirilməsində iştirak edir. 1997-ci ildə “Polis və oğru” (Slava) filminə çəkilir, bundan sonra əsasən teleseriallarda rol alır. Axırıncı dəfə isə 2003-cü ildə “Dünyanın ən yaxşı şəhəri” serialına çəkilir.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən aktyorun ayaqlarındakı şiddətli ağrılar üzündən xəstəxanaya düşür, 70 yaşını burada “qeyd etməli” olur. Xəstəliyi ağırlaşır və əvvəl bir, sonra o biri ayağı amputasiya olunur. Əlil arabasına məhkum olan aktyorun həyat yoldaşı və oğlu bu ağır günlərdə həmişə yanında olurlar. 70-dən çox filmə çəkilən aktyor 31 may 2009-cu ildə vəfat edir. Hazırda onun sənət yolunu oğlu Vyaçeslav Nevinnı davam etdirir.

Səbinə Əlibalaqızı
«Mədəniyyət» qəzeti 
 
loading...

0 şərh