Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.

Mən tamaşaçısına daha çox fürsət və zaman verən bir kinoya inanıram. Bu, yarımçıq kinodur, izləyicinin yaradıcı ruhunun qatqısıyla tamamlanan, hələ tam bitməmiş bir kino… Bugünə qədər baxdığımız yüzlərlə filmdə olduğu kimi izləyicisinə aid olan və onların daxili dünyasıyla kəsişən bir kino…

Hər bir əsərin, filmin dünyası yeni bir həqiqəti ortaya qoyur. Kino zallarında tamaşaçılara xəyal qurmaq və bu xəyalları rahatlıqla ifadə etmələri üçün şans verməliyik. Sənətin nələrisə dəyişmək və yeni düşüncələri ortaya çıxarmaq kimi bir tərəfi varsa, bunun reallaşması ancaq hər bir izləyicinin azad şəkildə bu yaradıcı prosesə qoşulmasıyla mümkündür.

Sənətkarın və izləyicinin xəyal dünyaları arasında sağlam bir bağ var. Sənət fərdin arzuları və dünyaya baxışlarıyla səsləşən öz dünyasını qurmasına kömək edir, ona zorla sırınan həqiqətləri heçə sayması üçün ruhlandırır. Sənət sənətkara və tamaşaçısına insanların hər gün yaşadığı ağrının arxasındakı gizli həqiqətə dair daha aydın bir fikrə sahib olmaq imkanı verir. Rejissor monoton gündəlik həyatımıza rəng qatmaq istəyinə ancaq izləyicisinin köməyi ilə nail ola bilər. Bu da yalnız filmiylə tamaşaçıların qavraya biləcəyi ziddiyyətlər və qarşıdurmalarla dolu bir dünya yaradanda mümkün olur.

Yaşamağa təhkim olduğumuz dünya ədalətli deyil. Bu dünya bizim xəyal gücümüzün məhsulu deyil və biz bu dünyadan təbii olaraq razı deyilik, lakin sinematoqrafik fəndlərin vasitəsiylə içində yaşadığımız dünyadan yüz dəfə daha gerçək və ədalətli bir dünya yarada bilirik. Bu, bizim qurduğumuz dünyanının saxta bir ədalət duyğusu yaratdığı mənasına gəlmir. Bizim ideal dünya barəsindəki təsəvvürümüzlə gerçək dünya arasındakı ziddiyyətləri görməyimizə kömək olur. Kino bizim xəyallarımıza açılan bir pəncərədir. Biz onun vasitəsiylə özümüzü daha yaxşı anlayırıq. Kinonun yardımı ilə həyatı xəyallarımızın lehinə çeviririk.

Kino zalındakı oturacaq bir psixoloqun divanından daha çox təsir gücünə malikdir. Kino zalında oturub özümüzü filmin axarına buraxırıq və bəlkə də bura bizlərin özümüzə, başqalarına həm ən yaxın, həm də ən uzaq olduğumuz yerdir. Bax, kinonun möcüzəsi budur.

Önümüzdəki əsrdə tamaşaçının təqdim olunan filmə hörmət göstərməsi üçün rejissorun özünü əsərin tək sahibi olaraq gördüyü o qədim fikrindən uzaqlaşması, rejissorun da öz filminin izləyicisi olması lazım gələcək.

Bir əsr boyunca kino həmişə rejissorun oldu. Ümid edirəm ki, indi yaxınlarda başlayacaq ikinci əsrdə kino tamaşaçının olacaq.



Tərcümə etdi: Ramil Əhməd

6 şərh

_BUMERANQ_
Bu rejissoru "Albalı dadı" ilə tanıyıb sevmişəm. "Əsli kimi" filmindən sonra bütün digər filmlərinə baxmağa qərar vermişəm. Baxdığım hər iki filmində ətrafında düşünməyə çoxlu situasiyalar, cavab verməyə açıq suallar diqqətimi çəkib. Ümumiyyətlə, izləyiciyə dəyər verib, onu düşünməyə sövq edən rejissorlardan film izləmək, mənimçün əsər oxumaq kimidi. Kiarostami də mənim nəzərimdə yazıçı kimi rejissordu. 

"Dostumun evi haradadır?" filmi digərlərinə nisbətən bitkin sonluğu olan, səmimi filmdi.
İzləyin, zövq alın, nə deyim :) 
Gülnar
«Albalı dadı»dan nə baş açmısan? Səncə ölmək yaxşıdı, olmaq?
_BUMERANQ_
«Albalı dadı»nda ziddiyyətlər, tərəddüdlər yaxşı təsvir olunub. Həyat və ölüm, ümid və ümidsizlik. Və bunları düşünməyə vadar edən təklik. İntihar etməyə qərar verən insanın axtarışları fonunda yaşama tutunmaq üçün səbəblər axtarması, yenə də heçlikdən xilas ola bilməməsi. 

"Allah elə ucadır ki, insanı yaşamağa məcbur etməz. Çünki, bədbin olmaq da böyük günahdır. Bədbin olmaq və başqalarını incitmək də." — bu kimi fikirlər olan səhnələrdə intihara haqq qazandırılır sanki. 

Əsas qəhrəmanın sonda razı saldlğı yaşlıya: "Üstümə torpaq atmazdan əvvəl məni səslə, bəlkə də ölməmiş olaram. O zaman əllərini uzat və məni qaldır." deməsi yaşamağa bəslnən ümiddir.

Məndə, filmin doğruduğu təəssüratda ümid tərəzisi ağır gəldi. Hər nə qədər intihar və təklik mövzusu filmin ana xətti kimi görünsə da, yaşamağı, ümidi təbliğ edən filmdi, mənə görə. Deyir albalı dadından vaz keçmə. 

 
Gülnar
Eger bir insan normal insanin elde ede bileceyi her şeye sahibdirse (mes, aile iş, övlad, normal dolanişiq ve s.), mecburiyyet qarşisinda qalmadan, heyatinda hansisa facie baş vermeden heyata marağini itirirse, bu onda tamahin, eqonun olmadiğini, daha yaxşi yaşamaq, daha çoxa sahib olmaq, her şeyi istemek dalğasindan uzaq olduğunu gösterir. Hansi ki, teqdirelayiqdir. Geniş yayilmiş fikrin eksine, belelerinin zeif yox, çox güclü olduqlarini düşünürem.  
Amma özünü öldürmeni seçmemek lazimdir çünki, bu oyundan vaxtindan evvel çixmaqdi ki, bu da oyunun qaydalarini pozur.