Kino 70-80-ci illərdə

  • Kino
Amerikalı sosioloqlar bu onillikləri ABŞ-da silinmiş, sıfır erası adlandırmışdılar. Siyasi və ictimai həyatda ilk baxışda nisbi sakitlik yaranmışdı. Əvəzində kinonun vəziyyəti gərgin idi. 70-ci illərin əvvəllərində Hollivud studiyalarının əksəriyyəti dərin maliyyə böhranı ilə üzləşmişdi, mustəqil kinokompaniyaların simasında ciddi rəqiblər meydana çıxmışdı. Onilliyin sonlarında isə ölkədə üçüncü elektron inqilabı baş verdi — evlərdə videomaqnitofon peyda oldu. Bununla belə «Xaç atası» ( rej. F. F. Koppola) kriminal savaşı, «Qu quşu yuvası üzərindən uçuş» (rej. Miloş Forman), «Qəddar küçələr», «Taksi sürücüsü», «Nyu- York, Nyu- York» (rej. Martin Skorseze), «Maral ovu» (rej. Maykl Çimino) filmləri, məhz bu onillikdə ekranlara çıxdı. Stiven Spilberqin də adı 70-ci illərin sonlarında kino məkanında hallanmağa başladı.

Almaniya, İtaliya və Fransa...

Avropada Qərbi Almaniyanın «yeni kino»su lider mövqeyinə çıxdı. Hələ 1962-ci ildə Oberhauzen festivalında bir neçə cavan rejissor manifestlə çıxış etdi. Onlar ölkənin ən böyük kinostudiyasının dağılmasından duyduqları sevinci gizlətmədən kommersiyadan, köhnə rejimin ştamplarından, şərtlərindən azad yeni kinonun doğulduğunu bəyan elədilər. Alman gəncləri yenilənmiş kino dili vasitəsilə bəzək-düzəksiz, sosial baxımdan əhəmiyyətli süjetləri danışmağı qarşılarına məqsəd qoymuşdular. 60-cı illərdə də həmin manifestə əsaslanan çoxlu yaxşı filmlər çəkilmişdi, lakin alman «yeni kino»su nüfuzlu cərəyana, məhz 70-ci illərdə çevrildi. Cərəyanın liderləri rejissorlar Rayner Fassbinder («Mariya Braunun evliliyi»), Verner Hersoq («Nosferatu-gecələrin kabusu», «Aqirre-tanrı qəzəbi», «Fiskarraldo») və Vim Venders («Yalan hərəkət», «Alisa şəhərlərdə», «Hamlet») kimi rejissorlar idi.
70-ci illərdə Avropada erotika dəbə minmişdi. Federiko Fellini «Kazanova», P. P. Pozalini «Min bir gecənin gülü», B. Bertolluçi «Parisdə sonuncu tanqo», Lilian Kavalli «Gecə portyesi», yaponiyalı Naqisa Osima fransızlarla birlikdə «Hisslər imperiyası» filmlərini çəkdi. Bu filmlərin bəzilərini pornoqrafiyada ittiham etdilər, ancaq ictimaiyyət onların yüksək bədii səviyyəsini, fəlsəfi, psixoloji tərəflərini önə çəkərək filmləri qorudu. Amma bu janrda bütün rekordları 70-ci illərin ortalarında ekranlara çıxmış, avropalı xanımın Banqkokdakı erotik sərgüzəştlərindən bəhs edən «Emmanuel» filmi vurdu.

50-ci illərin sonunda Fransada «Yeni dalğa» cərəyanının filmləri meydana çıxdı. Fransada isə indi də elə hesab edirlər ki, 1968-ci il Fransa inqilabının baş verməsində, Dördüncü Respublikanın yıxılmasında mühüm rol oynayan amillərdən biri də Trüffonun, Klod Şabrolun, Rene Klerin, Jan- lyuk Qodarın filmləridir. İnqilabçı fransız gəncləri Qodarın «Son nəfəsdə» filmini özlərinin manifesti elan etmişdilər.

Keçmiş SSRİ...

Sovet İttifaqında Xruşşovun gəlişi ilə başlamış qısa müddətli «azadlıq» dövründə kinoda daha Stalin obrazına müraciət etmirdilər. Onun hakimiyyətdə olduğu dövr haqqında filmlər çəkilirdi, ancaq həmin filmlərdə rəhbər haqqında nə yaxşı, nə pis bir kəlmə belə deyilmirdi. Sanki sovet tarixində Stalin adlı şəxs heç olmamışdı. 70-ci iilərin əvvəllərində kinematoqrafçıların ən yaxşı dostu yenidən ekranları bəzəməyə başladı. Hərbi epopeyalarda Stalin əlində qəlyanı xəritə üzərinə əyilərək işğalçıya necə zərbə vurmağın yollarını düşünərkən təsvir olunurdu. Həmin dövrdə kinonun müdirlərindən birinin dediyi kimi: «Heç bir şəxsiyyətə pərəstiş kultundan söz gedə bilməz, sadəcə onun tək-tük təzahürləri var» idi. Onilliyin sonunda, bütün ölkə cidd-cəhdlə, diqqətlə «Kiçik torpaq», «Dirçəliş», «Xam torpaq» trilogiyasını oxuduğu vaxt yeni bir dahi kinoqəhrəman yarandı — L.İ.Brejnev. Kinoda o da ordunu idarə etməyi, əmrlər verməyi bacarırdı. Həmçinin Qazaxıstanın xam torpaqlarında çalışanlara, «Dneproqes»i tikənlərə rəhbərlik edirdi. Rus kinematoqrafiyasının ən məşhur filmləri də bu illərdə çəkilib. 70-80-ci illər sovet kinosuna Eldar Ryazanov, Aleksey German kimi rejissorlar, «Taleyin ironiyası və ya həmişə təmizlikdə», «Yollarda yoxlama», «Mənim dostum İvan Lapşin», «Müharibəsiz iyirmi gün», «Onlar vətən uğrunda vuruşurdular» kimi filmləri bəxş eləmişdi.

Və Azərbaycan

Azərbaycan kinosunda yeni mövzuların, paralel olaraq obrazların yaranması 60-70-ci illərdə kinoya gənc nəslin gəlişi ilə bağlı idi. Ssenaristlər Maqsud və Rüstəm İbrahimbəyovlar, rejissorlar Eldar Quliyev, Oqtay Mirqasımov, Arif Babayev bu gənclərin sırasındadır. Onların əksəriyyəti Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (ÜDKİ) bitirmişdilər və özləri ilə Azərbaycan kinosuna Moskvanın üsyankar ab-havasını gətirmişdilər. Bu rejissorlar ÜDKİ-də 50-ci illərin sonunda Fransada meydana çıxmış «Yeni dalğa» cərəyanının filmlərini izləyə-izləyə sənətin sirlərini, incəliklərini öyrənmişdilər. Rejissor Eldar Quliyevin 1969-cu ildə çəkdiyi «Bir cənub şəhərində» filmi o dövr üçün milli kinomuzda hadisə hesab olunurdu. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rasim Ocaqovdur. Bu film insanla cəmiyyət arasındakı münasibətlərdən bəhs edirdi. Filmin qəhrəmanı adi fəhlə — Neft Daşlarında buruq ustası işləyən Muraddır. O, öz həyatını yaşayır, dostları var. Ancaq günlərin bir günü Murad, əslində heç kimi olmadığını öyrənir. Onun dostları, yəni cəmiyyət Muradı qanunları pozmadığına görə, digərlərindən heç nə ilə fərqlənmək, üstünlük göstərmək istəmədiyinə görə içində saxlayır. Murad nəyisə dəyişməyə, daha doğrusu, cəmiyyətin tələbinə qarşı çıxmağa azacıq cəhd edir və artıq hamı, hətta ailəsi, doğma qardaşı belə ondan üz çevirir. Arif Babayevin «Gün keçdi» filmində isə (1972) əsas qəhrəman — Oqtay ali təhsilli arxitektordur. Ən böyük arzusu «Günəş sarayı» layihəsini reallaşdırmaqdır, hələliksə hamam tikir. Muraddan fərqli olaraq Oqtay öz-özünü cəmiyyətdən təcrid edib. Rejissor öz qəhrəmanının həyatını, tənhalığını daha böyük həyatla, tənhalıqla müqayisə edir — İçərişəhərin tənhalığı ilə. Tamaşaçı Oqtayın arzusunu tikmək istədiyi sarayda görür. Oqtay ona görə yalqızdır ki, keçmişlə yaşayır, keçmişi geri qaytarmaq istəyir. O, istəyir ki, onun sarayında hamı mehriban yaşasın — vaxtilə İçərişəhərdə olduğu kimi. Lakin keçmişi qaytarmaq olmaz. Odur ki, filmin qəhrəmanları özlərini kamikadzelər kimi tənhalığa məhkum edirlər.

Rasim Ocaqovun «Özgə həyat» filmində digər iki filmdən tanıdığımız qəhrəman geriyə doğru inkişaf etməyə başlayır, ikiləşir. O, özünü cəmiyyətdən qoruyur, qılaflanır. Onun artıq keçmişi yoxdur. Doğulub böyüdüyü məhəllənin küçələri onu tanımır.
Beləliklə, zaman mürəkkəbləşdikcə, onun böyütdüyü insanlar da dəyişir, özlərinə qapanırlar.

Müəllif:  Aytək
Mənbə: Mədəniyyət qəzeti

0 şərh