Kitabları sevmək üçün 8 məsləhət

1. Facebooku və ümumilikdə interneti bağlamaq
Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız…

2. Çantanıza kitab qoymağı unutmayın
Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza.

3. Mütaliəni əyləncəyə çevirmək
Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.

4. Kitabsevərlərlə dost olmaq
Oxudunuz, bəs kimlə müzakirə edəcəksiz? Bəs kimdən məsləhət alacaqsız? Ətrafınızda kitaba mehrini salmış adamların olması vacibdir. Siz onlardan yaxşı məsləhətlər ala bilərsiz. Təbii ki, özünüz də onlara məsləhət verə bilərsiz. Sevdiyin bir kitabı başqasına oxutdurmağın, onu da o kitaba aşiq etməyin necə gözəl hiss olduğunu kitabsevərlər gözəl bilir.

5. Qəliz yox, oxunaqlı kitab seçmək
Folkner çətindir? Getmir? Oxuya bilmirsiz? Prustun hər cümləsində ilişirsiniz? Qoyun bir kənara. Öz zövqünüzə uyğun kitab seçin. Ya da bir kitabı hamı tərifləyir, baxıb görürsünüz, bayağıdır, amma yenə oxumaq istəyirsiz, boş verin. Oxumayın. Kitab sizi özünə çəkmirsə, onu bir kənara qoymaq ən gözəl yoldur. Və unutmayın ki, dünyada sizin ürəyinizcə olan yüzlərlə kitab var.

6. Ədəbiyyat nəşrlərini izləmək
Ədəbiyyatla bağlı qəzetləri, jurnalları, müxtəlif internet saytlarını izləmək sizi daha yaxşı oxucu edəcək. Həm oxuduğunuz yazıçılar haqqında yeni şeylər öyrənə, həm də öz zövqünüzə uyğun yeni kitablar haqda məlumat ala bilərsiniz. Sevdiyin yazıçının müxtəlif məsələlər ətrafında münasibətini, həyatının maraqlı anlarını öyrənmək sizi əyləndirəcək və daha yaxşı oxucuya çevirəcək.

7. Bukinistlərə, kitab mağazalarına tez-tez getmək
Şərt kitab almaq deyil. Şərt kitab aurasına girməkdir. Bəlkə də heç zaman oxumayacağınız kitabları vərəqləməkdir. Yeni kitablar seçməkdir. Ən əsası kitab mühitindən qopmamaqdır. Kitab qoxusuna aludə olmaqdır…

8. Əlfəcin, bloknot və qələm sevgisi
Özünüzə gözəl əlfəcinlər alın. Bu sizə əlavə zövq verəcək. Hər kitab üçün ayrıca əlfəcin də ala bilərsiniz. Almaq nədir, özünüz də düzəldə bilərsiniz. Qələmlə bəyəndiyiniz cümlələri bloknotunuza yaza və hər kitab üçün bir bloknot ayıra bilərsiniz. Ya da hər yazıçı üçün. Bu sizə əlavə stimul verəcək.


Bonus*
“Sevdiyinin sevdiyi hər şeyi sevməkdir sevgi”. Özünüzə kitab sevən bir sevgili tapın. Beləcə kitabı da sevərsiz…
loading...
 

1 şərh

_BUMERANQ_
9. Özünüzü məcbur eləmiyin süni alınır )