1.1. Kommersiya işi haqqında anlayış və onun mahiyyəti

Kommersiya - ticarət sahibkarlığının və ya biznesinin bir növüdür. Kommersiya - latın mənşəli söz olub (commercium), hərfi mənada ticarət deməkdir. Lakin nəzərə almaq lazımdır ki, «ticarət» termini ikili məna daşıyır: bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi səciyyələnir, digər tərəfdən isə əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş mübadilə prosesini əks etdirir. Kommersiya fəaliyyəti ticarətin ikinci anlayışı mənfəət əldə etmək məqsədilə alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət proseslərini özündə əks etdirir.

Geniş mənada isə kommersiya mənfəət əldə edilməsinə yönəldilmiş fəaliyyət kimi başa düşülür.

Kommersiya fəaliyyəti - sahibkarlıq anlayışından daha dar mənada işlənir. Sahibkarlıq - sahibkara gəlir gətirən iqtisadi, istehsal və digər fəaliyyətin təşkilidir. Sahibkarlıq dedikdə, sənaye müəssisəsinin, kənd təsərrüfatı fermasının, ticarət müəssisəsinin, xidmət müəssisəsinin, bankın, vəkil kontorunun, nəşriyyatın, tədqiqat idarəsinin, kooperativin və s. təşkili başa düşülə bilər. Sahibkarlıq fəaliyyətinin bu növləri arasında yalnız ticarət işi tam kommersiya fəaliyyətinə aid edilir. Beləliklə, kommersiyanı sahibkarlıq fəaliyyətinin formalarından (növlərindən) biri kimi nəzərdən keçirmək lazımdır. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin bir sıra növlərində də əmtəələrin, xammalın, hazır məhsulun, yarımfabrikatların və s. alqı-satqısı üzrə əməliyyatlar həyata keçirilə bilər, yəni kommersiya fəaliyyətinin elementləri sahibkarlığın bütün növlərində mövcuddur, lakin onlar üçün həlledici rol oynamır.

Deməli, ticarətdə kommersiya işi ticarət müəssisə və təşkilatlarının əhalinin tələbatının ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə əmtəələrin alqı-satqı proseslərinin həyata keçirilməsinə yönəldilmiş operativ-təşkilati fəaliyyətinin geniş sferasını əhatə edir.

Alqı-satqı aktı əmtəə tədavülü formuluna, yəni dəyərin formasının dəyişilməsinə əsaslanır:

P - Ə və Ə' - P'

Buradan belə nəticə çıxarmaq olar ki, ticarətdə kommersiya işi əmtəələrin sadə alqı-satqı prosesindən daha geniş anlayışdır, yəni alqı-satqı aktının baş verməsi üçün ticarət sahibkarları bir sıra operativ-təşkilati və təsərrüfat əməliyyatlarını həyata keçirmək məcburiyyətindədirlər, o cümlədən əhalinin tələbatının və satış bazarının öyrənilməsi, malgöndərənlərin və əmtəə alıcılarının tapılması, onlarla səmərəli təsərrüfat əlaqələrinin yaradılması, əmtəələrin daşınması, əmtəələrin satışı üzrə reklam-informasiya işləri, ticarət xidmətinin təşkili və s.

0 şərh