Ticarətdə yerinə yetirilən proseslər

Artıq qeyd olunduğu kimi, əmtəə tədavülünün əsas funksiyası dəyər formasının dəyişməsindən ibarətdir. Lakin bununla yanaşı, o istehsal prosesinin tədavül sferasında davamı ilə bağlı olan əlavə (istehsal) funksiyaları da yerinə yetirir.
Müvafiq olaraq, yerinə yetirdikləri funksiyaların xarakterinə görə ticarətdə baş verən prosesləri iki əsas növə ayırmaq olar:
- Kommersiya (və ya xalis ticarət);
- İstehsal (və ya texnoloji).

Kommersiya prosesləri
- dəyərin dəyişilməsi, yəni əmtəələrin alqısı və satqısı ilə bağlı olan proseslərdir. Bura alqı-­satqı aktları ilə bilavasitə əlaqəli olmayan, lakin onların həyata keçirilməsinin fasiləsizliyini təmin edən və istehsal (texnoloji) xarakteri daşımayan təşkilati-təsərrüfat prosesləri də (tələbatın öyrənilməsi, alqı-satqı müqavilələrinin bağlanması, reklam və s.) aid edilir.
Ticarətdə əsas kommersiya proseslərini aşağıdakı növlərə bölmək olar:
- Əhalinin əmtəə və xidmətlərə olan tələbinin öyrənilməsi və proqnozlaşdırılması;
- Əmtəələrin daxilolma mənbələrinin, malgöndərənlərin öyrənilməsi və müəyyənləşdirilməsi;
- Malgöndərənlərlə səmərəli təsərrüfat əlaqələrinin təşkili, o cümlədən əmtəə göndərilməsi üzrə müqavilələrin (kontraktların) bağlanması, sifarişlərin hazırlanması və təqdim olunması, uçotun və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin təşkili, kommersiya hesablaşmalarının müxtəlif formaları və s;
- Müxtəlif malgöndərənlərdən əmtəələrin topdan alışının təşkili və həyata keçirilməsi texnologiyası (topdan yarmarkalarda, əmtəə birjalarında, hərraclarda, məhsul istehsalçılarından, ticarət vasitəçilərindən və s.);
- Əmtəələrin topdan və pərakəndə satışının təşkili və texnologiyası, o cümlədən əmtəələrin satış forma və metodları, onların istifadə şərtləri, xidmət keyfiyyəti və s. daxil olmaqla;
- Əmtəələrin satışı üzrə reklam-informasiya fəaliyyəti;
- Anbarlarda və mağazalarda ticarət çeşidinin formalaşdırılması, əmtəə ehtiyatlarının idarə olunması. Kommersiya prosesləri ticarətdə kommersiya fəaliyyətinin obyekti hesab olunur.

Texnoloji proseslər
- əmtəələrin istehlak dəyərinin hərəkəti ilə bağlı olan və istehsal prosesinin tədavül sferasında davamı olan proseslər (daşınma, anbarda saxlama, qablaşdırma, sortlaşdırma və s.).
Texnoloji proseslər xüsusi bir fənnin - ticarətin təşkili və texnologiyası fənninin öyrəndiyi obyektdir. Bu fənnin əsas vəzifəsi işçi qüvvəsilə əmək vasitələri və əşyalarının qarşılıqlı fəaliyyətinin elmi təşkilindən, yəni həm canlı əməyin, həm də əmək elementlərinin - əmək vasitələri və əşyalarının səmərəli istifadə olunmasının öyrənilməsindən ibarətdir.
Kommersiya və istehsal prosesləri ilə yanaşı, ticarətdə əlavə ticarət xidmətləri də yerinə yetirilir, belə ki, əmtəələrin alqı-satqı aktlarının həyata keçirilməsi alıcılara xidmət üzrə müxtəlif əməliyyatlarla daha da genişlənir. Sivil ticarətdə məhz bu əlavə xidmətlər mahiyyət etibarilə onlara sərf olunan əməyin kütləsinə görə daha çox üstünlük təşkil edir (əmtəələrin evlərə çatdırılması, texniki cəhətdən mürəkkəb əmtəələrin alıcının evində quraşdırılması, alıcılardan sifarişlərin qəbul edilməsi və s.).
Öz funksional tərkibinə görə əlavə ticarət xidmətlərini həm texnoloji, həm də kommersiya proseslərinə aid etmək olar.
Ticarət xidmətləri, alıcılara əmtəə tədavülü sferasının hansı həlqəsində göstərilməsindən asılı olaraq, iki növə ayrılır:
- Topdan müəssisə və təşkilatların öz müştərilərinə göstərdikləri xidmətlər (topdan ticarət xidmətləri);
- Alıcılara mağazalarda göstərilən xidmətlər.
Xidmətlərin birinci növü, bir qayda olaraq, əmtəələrin topdan satışı prosesi ilə bağlıdır. Topdan ticarət xidmətlərinin tərkibi və növləri həm funksiyalarına, təyinatına, həm də maliyyələşdirmə mənbələrinə, hesablaşma növlərinə və s. görə müxtəlif ola bilər. Məsələn, funksional təyinatına görə xidmətlər texnoloji (əmtəələrin anbarlarda saxlanması, sortlaşdırma, qablaşdırma, daşınma və s.), kommersiya (komisyon, reklam, marketinq və s.), təşkilati-məsləhət (məsləhət-informasiya, ticarət-hesablaşma və s.) xarakterli ola bilər.
Alıcılara mağazalarda göstərilən xidmətləri üç növə ayırmaq olar:
- Əmtəənin alınması ilə bağlı xidmətlər (məsələn, satışda müvəqqəti olmayan əmtəələrə əvvəlcədən sifarişlərin qəbul edilməsi, əmtəənin qablaşdırılması, iri qabaritli əmtəələrin alıcıların evlərinə çatdırılması və s.);
- Alıcıların əldə etdikləri əmtəələrdən istifadə etmələrinə köməklə bağlı olan xidmətlər (mağazadan alınmış parçanın biçilməsi, hazır paltarın xırda düzəlişi və alıcının ölçülərinə uyğunlaşdırılması və s.);
- Alıcıların mağazaya gəlmələri üçün əlverişli və rahat şəraitin yaradılması ilə bağlı olan xidmətlər (kafeteriyanın təşkili, avtomobillər üçün dayanacaq və s.).

 

0 şərh