Pərakəndə satış haqqında alqı-satqı müqavilələri

Pərakəndə satış haqqında alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi ümumi müqavilədir, belə ki, satdığı malın satın alınması ilə bağlı ona müraciət edən hər kəsi qane etməyə borcludur.
Kommersiya təşkilatının ümumi müqavilə bağlanılmasında bir şəxsə nisbətən digərinə üstünlük vermək ixtiyarı yoxdur.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.
Malın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirində təklif edilməsi, əgər bu pərakəndə satış haqqında alqı-satqı müqaviləsinin bütün mühüm şərtlərini əhatə edirsə, ümumi oferta sayılır (maddə 408).
Satış yerində (piştaxtada, vitrində və s.) malın qoyulması, onun nümunəsinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatın təqdim edilməsi qiymətin və pərakəndə satış haqqında alqı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilmədiyindən asılı olmayaraq ümumi oferta sayılır, amma satıcının müəyyən malın satış üçün nəzərdə tutulmadığını aşkar müəyyənləşdiyi hal istisna təşkil edir. Pərakəndə satış haqqında alqı-satqı müqaviləsinin əsas şərti alıcıya mal haqqında informasiya verilməsidir. Satıcı satışa təklif edilən mal haqqında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 617-ci maddəsində müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassənin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasının tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkan verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 619-cu maddəsi malların nümunələr üzrə satılmasının hüquqi əsasını müəyyənləşdirir.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi alıcının satıcı tərəfindən təklif edilmiş mal nümunəsi (onun təsviri, malın kataloqu və i.a.) ilə tanış olması əsasında bağlana bilər. Bu halda pərakəndə satış haqqında alqı-satqı müqaviləsi malın müqavilədə göstərilmiş yerə çatdırıldığı andan, müqavilədə malın verilməsi yeri müəyyənləşdirilmədikdə isə malın fiziki şəxsin yaşayış yeri üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya çatdırıldığı andan icra edilmiş sayılır. Mal verilənədək alıcı pərakəndə satış haqqında alqı-satqı müqaviləsinin icrasından bu şərtlə imtina edə bilər ki, satıcıya müqavilənin yerinə yetirilməsi üzrə hərəkətlərin icrası ilə əlaqədar çəkdiyi zəruri xərcin əvəzi ödənilsin (məsələn: malın yığılması, montaj edilməsi ilə bağlı xərclər).
Malların avtomatdan istifadə etməklə satılması üzrə alıcı və satıcılar arasında qarşılıqlı münasibət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 620-ci maddəsi vasitəsilə tənzimlənir. Avtomatın sahibi satıcının adı (firmanın adı), olduğu yer, habelə malı almaq üçün alıcının yerinə yetirməli olduğu hərəkətlər haqqında məlumatı avtomatda yerləşdirməklə və ya başqa üsulla təqdim etmək yolu ilə alıcıya malın satıcısı haqqında informasiya verməyə borcludur. Avtomatdan istifadə etməklə pərakəndə satış haqqında alqı-satqı müqaviləsi alıcının malı almaq üçün zəruri hərəkətləri yerinə yetirdiyi andan bağlanılmış sayılır. Əgər ödənilmiş mal alıcıya verilmirsə, satıcı alıcının tələbi ilə dərhal malı ona təqdim etməyə və ya ödədiyi məbləği qaytarmağa borcludur. Avtomatdan pulların xırdalanması, ödəniş nişanının əldə edilməsi və ya valyuta mübadiləsi üçün istifadə edildiyi hallarda da pərakəndə alqı-satqı haqqında qayda tətbiq edilir.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi malın alıcıya çatdırılması şərti ilə bağlandıqda satıcı müqavilədə müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağa, alıcı malın çatdırılma yerini göstərmədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin olduğu yerə çatdırmağa borcludur.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsi malın alıcıya, alıcı olmadıqda isə müqavilənin bağlandığını və ya malın çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi təqdim etmiş istənilən şəxsə təhvil verildiyi andan icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Müqavilədə malın alıcıya təhvil vermək üçün çatdırılma vaxtı müəyyən edilmədikdə mal alıcının tələbi alındıqdan sonra ağlabatan müddətdə çatdırılmalıdır (maddə 621).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622-ci maddəsində qeyd edilib ki, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə satış haqqında alqı-satqı müqaviləsinin bağladığı an satıcının emal etdiyi qiymətlə ödəməyə borcludur.
Pərakəndə satış haqqında alqı-satqı müqaviləsində malın qabaqcadan ödənilməsinin nəzərdə tutulduğu halda alıcının müqavilədə müəyyənləşdirilmiş müddətdə malı ödəməməsi, əgər tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, alıcının müqavilənin icrasından imtina etməsi sayılır.
Malların pərakəndə nisyə satış haqqında alqı-satqısı müqaviləsi, o cümlədən, alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələr alıcının satıcı tərəfindən əşya verildiyi gündən başlayaraq müqavilədə göstərilən müddət ərzində əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsini nəzərdə tutur. Alıcının malın hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyənləşdirilmiş müddət ərzində istədiyi vaxt malı ödəyə bilər.

0 şərh