Mənəvi mədəniyyətin tərkib hissələri

Mənəvi dəyər əqli və bədii fəaliyyətin növləri ilə təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək düzgün deyil. Ona görə də mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı əlamətlərə görə özünün məzmununa və vüsətinə görə müəyyən olunur.
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət.

  • Elmi sərvətlər – milli və sinfi nəzərə alınmadan obyektiv insani biliklər sistemidir. Düzdür, sovet cəmiyyəti dövründə elmdə «burjua», «yalan, böhtançı» elmi mühazirələr adı altında fikirlər söylənilsə də, sonralar tarixin axarında onlar aradan qaldırıldı. Bu məqamda rus yazıçısı, dramaturq A.P.Çexovun aşağıdakı qeydi məntiqə müvafiqdir; «Milli elm yoxdur, əgər varsa da, o, elm deyildir.» Lakin elmi dəyərlərin bir çoxlu məqamları da mövcuddur. Belə ki, insan əqli və zəkası ilə yaradılan elmi düsturlar, kəşflər, sonralar bəşəriyyətin məhvinə doğru yönəlir. Məsələn, atom bombasının hazırlanması buna çox aydın misaldır.
  • Mənəvi-əxlaqi dəyərlər kəmiyyətcə elmi dəyərlərdən fərqlənir. Əgər elmin vəzifəsi mövcud reallıqları insanlara öyrətmək, dərk etdirməkdirsə, mənəviyyatın vəzifəsi insanın digər insanlarla münasibətlərini aydınlaşdırmaq, təkmilləşdirməkdir. Bütün bunlar əxlaqi norma, adət və ənənələrdə, qanunlarda öz əksini tapır. Lakin məlum olduğu kimi, tarixin bəzi mərhələlərində qanun və adətlər, ənənələr əxlaqsız, mənəviyyatsız da ola bilər.  Beləliklə, son nəticədə o münasibətlər əxlaqi cəhətdən düzgün hesab edilir ki, insan həyatında başlıca meyar rolunu oynasın.
  • Bədii dəyərlər və sənət dəyərləri – mənəvi fəaliyyətin o sahəsidir ki, burada insanın bütün psixi gücü — hissləri və əqli «çalışır». Hələ vaxtilə Kant söyləmişdir ki, incəsənət «maraq dairəsində olmayan zövqdür.» Məhz bu cəhətə görə incəsənət, elm, əxlaq, mənəviyyatdan fərqlənir. İncəsənətin predmeti təkcə insanın zahiri aləmi, insanlarla münasibətlər deyil, həmçinin şəxsiyyətin daxili aləmidir. Bədii dəyərlərin yaradılması zamanı insan ilham və intuisiyaya tabe olur ki, elmi yaradıcılıqda bu bir o qədər də gərək deyil. Bədii dəyərlər, daha irrasional, etnik cəhətdən sərtləndirilmiş və öz yaradıcısı haqqında məlumat verən mədəniyyət sahəsidir.

Elmi, mənəvi, bədii dəyərlərin qarşılıqlı vəhdəti və nisbəti həqiqət, xeyirxahlıq və gözəllikdə təzahür edərək, həm cəmiyyət, həm də fərdlərin həyatında müstəsnalıq təşkil edir. Orteqa- i – Qassetin söylədiyi məşhur kəlam dediklərimizə sübutdur: «Elm – insan problemlərinin həllinin birinci pilləsidir; Əxlaq – ikincisidir. İncəsənət isə – ən gizli və müqəddəsliyə çatmaq cəhdidir».
Mənəvi dəyərlərin yayılma dərəcələri öz təsnifatına görə ümumbəşəri, milli, sinfi-təbəqə, qrup-lokal, ailəvi, fərdi-şəxsi ola bilər.
Ümumbəşər dəyərlər – zaman, məkan çərçivəsində çox saylı insanlar tərəfindən qəbul edilməsi ilə xarakterizə olunur. Bu, qədim Misir mədəniyyəti, Fransa mədəniyyəti, Azərbaycan mədəniyyəti incilərinin xalqlar tərəfindən dərkinə də aiddir. Buraya əsil, həqiqi yaşayış həqiqətləri, dünya mədəniyyəti inciləri, əxlaqın ən möhkəm normaları – böyüklərə hörmət və məhəbbət, doğruçuluq, təbiətə məhəbbət, qadınla kişi arasında məhəbbət, gözəlliyə cəhd və s. aiddir. Bir çox əxlaqi, mənəvi qanunlar dünya dinlərində öz əksini tapır. Bu qanunların bir çoxu isə, əsil insani hüquqlarda təzahür olunur. Tanınmış beynəlxalq təşkilatlar – BMT, Yunesko, Yunisef öz, fəaliyyətində, məhz bu qanunlara əsaslanır. Bu təşkilatlar öz fəaliyyətlərini təkcə ayrılıqda götürülmüş ölkə, xalq, sosial qruplar adından deyil, dünyəvi əməkdaşlıqdan çıxış edərək qururlar.
Milli dəyərlər isə, hər bir xalqın, ayrıca götürümlüş şəxsin həyatında başlıca yer tutur. Ümumbəşəri dəyərlərdən fərqli olaraq milli dəyərlər daha konkret və maddiləşmiş formada olur. Məsələn, «Çənlibel» məkanından söhbət edərkən Koroğlu və Azərbaycanın tarixi keçmişi yada düşür. Yaxud «Qız qalası» abidəsi hər kəsi Bakı şəhəri, Xəzər dənizi haqqında düşünməyə vadar edir.
Beləliklə, milli dəyərlər bu və ya digər xalqın mədəniyyətində təcəssüm tapan amillərdir.
Sinfi təbəqənin dəyərləri, ayrı-ayrı sinif və sosial qrup, təbəqələrin maraqları ilə bağlıdır. Məsələn, Sovet hakimiyyəti fəhlə və kəndli siniflərinin dövləti hesab edildiyindən mədəniyyət və incəsənəti də, məhz bu təbəqənin adı ilə bağlamaq daha vacib və zəruri qəbul edilirdi. Onun əsas ideyaları «istismarçı» siniflərə nifrət, fiziki əməyin daha çox vəsfi, kollektivçilik və ya sosializm ideyalarına yad hesab edilən əvvəlki mədəniyyətlərə ögey münasibət təşkil edirdi. Lokal qrup dəyərləri isə, insanların yaşayış məkanına, yaşına müvafiq qrupların birləşməsi nəticəsində birgə yaradılan dəyərlərdir. Bunlara, xüsusilə, müxtəlif tipli sekta, birlik, kasta və s. aid edilir. Dəyərlərin bu qrupu gənclər, yeniyetmələr arasında daha üstünlük təşkil edir.
Cəmiyyətin əsas birlik forması kimi, ailə və onun dəyərləri də vacib şərtdir. Ailə dəyərlərinin nəsildənnəslə ötürülməsi bu mənada ən başlıca mədəni hadisələrdən birini təşkil edir. Ailə dəyərlərinə əxlaqi, professional, bədii və hətta sırf məişət ənənələrini də aid etmək olar.
Fərdi-şəxsi dəyərlərə isə, ayrıca götürülmüş insanın ideya və əşyaları aid edilir. Bu dəyərlər fərdi yaradıcılığın məhsulu ola bilər.
Mədəni dəyərlərin təsnifatının şərhindən onların iki əsas xüsusiyyəti nəzərə çarpır: özünün nisbiliyi və mütəhərrikliyi.

  • Mədəni dəyərlərin nisbiliyi müxtəlif insan qruplarının həmin dəyərləri dərketməsi və qiymətləndirilməsində təzahür edir.
  • Mədəni dəyərlərin mütəhərrikliyi isə, bir səviyyənin digərinə keçməsi və əvəz olunması prosesi kimi qiymətləndirilir.

Bədii mədəniyyət. İnsanın mədəni fəaliyyətindən danışarkən, ilk növbədə, məhz «bədii mədəniyyət» haqqında düşünülür. Bədii mədəniyyət özündə bədii istehsal, bədii tələbat, bədii dəyərləri cəmləşdirir ki, bu, «incəsənət» anlayışının əsas məqamlarıdır. «İncəsənət» anlayışı çoxcəhətli olub, insanın estetik şüurunun tarixi təkamülünü təşkil edir. Mədəniyyətin inkişafında incəsənət ayrıca bir sahə kimi təcrid olunaraq xüsusi inkişaf yolu keçmişdir. «İncəsənət həyatın bədii obrazlarla inikasıdır», — desək, heç də yanılmarıq. Hegel estetikasında incəsənətin tərifi «obrazlarla təfəkkür» kimi dəyərləndirilir. Lakin təfəkkürün obrazlarla ifadəsi sözdə, musiqidə, səsdə, daşda, bədən hərəkətlərində maddiləşəndə incəsənəti formalaşdırır.
Çox zaman «obraz» anlayışını hər hansı bir əsərin ayrıca bir hissəsi, element kimi qəbul edirlər. Məsələn, ədəbiyyatda personaj, obrazı, rəngkarlıqda əşyanın təsviri və s. – bunların hər biri ayrı-ayrılıqda obrazdır. Lakin daha geniş mənada bədii obraz – əsərin mövcudluq vasitəsidir. XX əsrdə bədii obraz kateqoriyasına qarşı çıxış edən formalistlərin (Q.Velflin) ideyalarına baxmayaraq müasir estetika yenə də bu kateqoriyanı zəruri hesab edir.
İncəsənət bütün digər mürəkkəb dinamik sistemlər kimi səyyar fəaliyyətli struktura malikdir. Klassik estetika incəsənəti növlərə bölərək hər birinin zahiri formalarına görə xüsusiyyətlərini müəyyən edir. Bu mənada incəsənəti mövcudluq formasına görə üç sahəyə – məkana görə (rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq, tətbiqi incəsənət); zamana görə (ədəbiyyat, musiqi) və məkan-zamana görə (rəqs, teatr, kino və s.) bölürlər.
Bununla yanaşı, incəsənət növləri həm də janrlara bölünür. Ədəbiyyat ənənəvi olaraq epos, lirika və drama ayrılır. İncəsənət əsərlərinin məzmunu həyat reallıqlarının konkrekt sahələrindən yaranır. Beləliklə, janrlar təşəkkül tapır: tarixi, elmi-fantastik, detektiv, peyzaj, natürmort, portret və s. Bədii mədəniyyət aləminə professional yaradıcılıqla yanaşı, folklor və tətbiqi sənət də daxildir. Xalq tətbiqi sənəti əsərlərinin spesifikası ondan ibarətdir ki, onlar həyatımıza, məişətimizə daxil olub, onu təşkil edir.
İncəsənət insana əlavə həyat təcrübəsi verərək cəmiyyət üçün yararlı norma və dəyərlərin tətbiqinə kömək edir. Mədəniyyətin bu sahəsi, həm də psixi proseslərin stimulu kimi çıxış edir. Musiqi, rəng və ritmin köməkliyi ilə insanda mühüm psixoloji vəziyyət formalaşdırmaq mümkündür.
Rəssam hamının bildiyi həqiqət, hamının qəbul etdiyi və başa düşdüyü məzmunda deyil, özünün dərk etdiyi, «gördüyü» şəkildə yaradır. Onu da qeyd etmək lazımdır ki, hər əsər də «möhtəşəmlik» səviyyəsinə qalxmır. Bunun üçün rəssam həqiqəti novatorcasına tərənnüm etməlidir.
İncəsənət insanın ümumi və universal qabiliyyətini inkişaf etdirərək ətraf aləmin hissi qavrayışla dərkində çox böyük rol oynayır. Bu qabiliyyət inkişaf edərək insanın digər fəaliyyət sahələrində – elmdə, siyasətdə, məişətdə, əməkdəreallaşmasınıtəmin edir.
İncəsənət nümunələrini yaratmaq üçün gözəlliyi görmək, hiss etməyi bacarmaq zəruridir. Bu, estetik qavrayışdır. İncəsənət əsəri ilə ünsuyyət isə maraqlı səyahətlərdən biridir. Bu mənada sənət əsərini dərk etmək, başa düşərək anlamaq müasir tamaşaçıdan estetik bilik tələb edir.
Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

 

1 şərh

kulturoloq
 Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010 bu kitabda bir sıra tərcümələr dilimizin qramatik normalarına uğunlaşdırılsa gözəl olar.