Ən qiymətli gübrə

Məlumdur ki, torpağın təsərrüfatçılıq üçün ən qiymətli hissəsi onun humus qatıdır. Humus qatı torpağın məhsuldarlığını müəyyən edir.Lakin onun ehtiyatları sərf olunduqca azalır və torpaq illər keçdikcə gücdən düşür. Bu zaman əkin sahələrində torpağın daimi canlıları olan yağış qurdları, böcəklər və s. çəkilib gedir, bitkilər isə xəstələnir və məhv olur. Bəs torpaqdakı üzvi maddə itkisinin yerini necə doldurmalı? Çox sadə!

Ən qiymətli gübrə. Kompostun mineral gübrələr qarşısında qiymətliliyi və üstünlüyü nədədir? Kompostda qida elementləri həll olunmuş üzvi duzlar şəklində yox, üzvi maddələrlə birləşmə şəklindədir. Deməli, əvvəla, yağışlar və suvarma zamanı onlar yuyulmur, yaxud torpağın daha dərin qatlarına hopmur, həmişə bitkilərin qidalandığı yuxarı qatda olur. İkincisi, mineral gübrələr güclə bitkilərin köklərinə soxulub onları yağlandırır, hər-hansı xəstəlik qarşısında zəif salır, ziyanvericilər üçün ləzzətli tikəyə çevirir. Kompost isə zəngin stola bənzəyir, bitki oradan qidanı ona lazım olan vaxt götürür. Bununla yanaşı, kompost suyu süngər kimi əla hopdurur və havanı yaxşı buraxır. Yaxşı kompost istənilən mineral gübrəni əvəz edə bilər, lakin bundan ötrü onun tərkibində bütün qida elementləri olmalıdır.Kompost yığını tullantıların necə gəldi yığılmış topası deyil, ciddi qaydalarla düzəldilmiş qurğudur.

kompost gübrə əkinçilikdə

Kompost yığınını necə düzgün təşkil etməli? Bağ sahəsində, yaxşı olar ki, sahənin uzaq küncündə, yaxud hər-hansı qurğunun, məsələn, anbarın kölgəliyində bir yer tapın. Kölgə ona görə lazımdır ki, kompost yığını günə və yerdə tez quruyur. Kompost yığının optimal ölçüləri: hündürlüyü 1,21,5 m, eni 1,5 m, uzunluğu isə istənilən qədər ola bilər. Kompost yığınını çox hündür və enli eləmək məsləhət deyil, belə ki, torpaq bakteriyaları oksigen çatışmazlığından məhv olur, çürümə bakteriyaları inkişafa başlayır və xoşa gəlməyən iy əmələ gəlir. Odur ki, onun yuxarıda təklif olunan ölçüləri gözlənilməlidir. Kompost hazırlanması üçün seçilmiş yerdə, torpağın üst qatını 20 sm qalınlığında götürün. 10 sm qalınlığında saman qatı bünövrə rolunu oynaya bilər, çünki saman qatı, plyonkadan, yaxud toldan fərqli olaraq, məhlulun qida maddələrini özünə çəkir və onun itkiyə getməsinin qarşısını alır.

Demək olar ki, hər şey yarayır. Kompost yığınına nəyi qatmaq olar?
Kompostu qat-qat yığmaq daha məsləhətdir. Birinci qat 15-20 sm qalınlığında olmalı, ağac və kol-kos yarpaqları, bitki mənşəli qida tullantıları (çürümüş tərəvəzlər, meyvələr, onların qalıqları), ağac ovuntuları, biçilmiş otdan ibarət olmalıdır. Bu qatda azotla zəngin maddələr: peyin, sümük unu, paxlalıların yerüstü kütlələri, gicitkən (5 sm) iştirak etməlidir. Qatın bitki qalıqlarının arasına bostan torpağı qoyulur (2-3 sm), üstündən əhəng, kül səpilir. Təbəqələri bu ardıcıllıqla düzəldir, lazımi hündürlüyə çatandan sonra üstünü torpaqlayır, sonra üstünü qurumaqdan qorumaqdan ötrü, küləş, saman, quru ot, yaxud yarpaqla örtürlər.

Kompost yığınına nə heç vaxt düşməməlidir? Pestisidlərlə çirklənmiş və xəstə bitkilər (məsələn, yalançı unluca şehi, peronosporozla xəstələnmiş xiyar və soğan yarpaqları, fitoftoroz tərəfindən yeyilmiş kartof və pomidor şaxı, kil əlamətləri olan kələm kökləri); çöl sarmaşığı, yovşan və s.; şüşə, əski, tənəkə qırıqları və s. Kompost yığınını yayda müntəzəm nəmləndirir, payızın sonlarında isə ilk dəfə yaba ilə diqqətlə qarışdırırlar ki, çürümə prosesləri hər yerdə bərabər getsin. Kompost 1-1,5 il müddətində yetişir.

İnək kimi, istidir və yumşaqdır.Yetişmiş, əsl kompostun əlamətləri hansılardır? Kompost yığını həddindən artıq bərk və yumşaq, nə də çox quru və nəm olmalıdır. Nəmliyi sıxılmış süngərdəki kimi olmalıdır. Yaxşı kompost tünd rəngli, tökülmüş kütlə olmaqla, təzə torpaq iyi verməli, ondakı bütün bitki qalıqları özlərinin başlanğıc strukturunu itirməli və əllə asan ovxalanmalıdır. Onu bütün torpaqlara və bütün bitkilərin altma ilin istənilən vaxtında, vermək mümkündür. Kompost həvəskarları deyirlər ki, ondan istifadə etdikdə bitkilər həm sağlam və möhkəm, həm də xəstəlik və ziyanvericilərə davamlı olur, heç bir kimyəvi zəhərlərə ehtiyac qalmır. Kompostla gübrələnmiş ləklərdən əldə olunan məhsulun yüksək keyfiyyətinə isə söz ola bilməz.

Bir çox təsərrüfatçılar hesab edirlər ki, kompost yığını sahənin görünüşünü korlayır. Doğrudur, lakin onun üstünü taxta, şifer, fanerlə örtüb, 2-3 tərəfinə sarmaşan bitkilər əkməklə bu nöqsanı asanlıqla düzəltmək olar. Beləliklə, kompost yığını sizin bağınızın xeyirli və səfalı küncünə çevrilə bilər.

Vaqif Quliyev, kənd təsərrüfatı elmləri namizədi

Oxşar məqalələr

 

0 şərh