Subroqasiya hüququ

Subroqasiya Subroqat sözündən götürülməklə yerini almaq, yerini vermək və ya əvəz etmək kimi mənaları ifadə edir. Türkiyə qanunvericiliyində Subroqasiya hüququ rücu hüququ kimi işlədilir. Ümumiyyətlə, subroqasiya hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi də başa düşülə bilər. Mülki hüquqda Subroqasiya hüququna oxşar formalardan tələbin güzəştini və reqress hüququnu da göstərə bilərik.

Yuxarıdakıları daha da yaxından nəzərdən keçirdikdə görə bilərik ki, Subroqasiya bu barədə razılığa gələn tərəflər arasında bağlanmış müqavilə əsasında yaranan hüquqdur. Müqavilə ilə əlaqədar olaraq bir şəxs (sığortaçı) digər şəxsə (sığortalıya) üçüncü şəxs (zərərvuran) tərəfindən vurulmuş zərəri ödəyir və dəymiş zərərə müvafiq olaraq da zərərvurandan ödənmiş sığorta ödənişi miqdarında borcu geri tələb etmə hüququ əldə edir. Qanunvericilikdə Subroqasiya Sığorta münasibətləri sferasında yaranan hüquq olaraq göstərilmişdir.

Tələbin güzəştinə bənzəsə də subroqasiyada yalnızca sığortalıya ödənilmiş məbləğ həddində zərərvurandan tələb hüququ yaranır. Tələbin güzəştində isə göstərilir ki, kreditor borcludan ala bilmədiyi borcu müəyyən xidmət haqqı çıxılmaqla da üçüncü şəxsə güzəşt edə bilər. Həmçinin subroqasiya zərər vurulması ilə əlaqədar sığorta münasibətlərində yarandığı halda tələbin güzəşti istənilən borc-kredit münasibətlərində tətbiq edilir.

Bunu biz Faktorinq münasibətləri ilə də eyniləşdirə bilərik. Belə ki, beynəlxalq bank praktikasında da hal-hazırda bir çox fərqli növlərdə tətbiq edilən faktorinqə görə bank öz müştərisinin üçüncü şəxs qarşısında yaranan borc öhdəliyinə cavabdeh olaraq dayanır ki, əvəzində ödədiyi məbləğ həddində müştəridən faktorinq qaydasında tələb etmək hüququ qazanır. Faktorinq münasibətlərində də bank yalnızca ödədiyi məbləği deyil, həmçinin əlavə xidmət haqqını da müştəridən tələb etmək hüququ əldə etmiş olur.

Reqress hüquqla da Subroqasiyanın oxşar xüsusiyyətlərə malik olmasını söyləmək mümkündür. Belə ki, Mülki Məcəlləyə görə (1114-cü maddə) bir şəxs (işəgötürən, Azərbaycan Respublikası və s) barəsində cavabdehlik daşıdığı şəxsin (işçinin, adından fəaliyyət göstərmək səlahiyyəti verilmiş şəxsin və s) vurduğu zərəri aradan qaldırmaq öhdəliyini daşıyır ki, buna münasib olaraq da həmin şəxs yenidən reqress qaydasında barəsində cavabdehlik daşıdığı şəxsdən aradan qaldırılmış zərər həcmində tələb hüququna malikdir. Reqres hüququ işəgötürənlə işçi arasında, Azərbaycan Respublikası ilə onun hüquq mühafizə orqanları və ya onun adından çıxış etmək hüququna malik şəxslər arasında və digər bu növ münasibətlərə uyğun olaraq yaranır.

Subroqasiya zamanı bir tərəf digər tərəfə üçüncü şəxslərin vurduğu zərəri ödəməyi və bu zərəri zərərvurandan almağı öhdəsinə götürür. Reqres zamanı isə bir tərəf öz işçisinin (tabeliyində olan şəxsin) vurduğu zərəri ödəməyi və sonra isə zərəri işçisindən (tabeliyində olandan) almağı öhdəsinə götürmüş olur.

Subroqasiya hüququ beynəlxalq praktikada da geniş tətbiq olunan institutlardandır. Rusiya Federasiyası Mülki Məcəlləsinin 965-ci, Türkiyə Cumhuriyyəti Ticarət Qanununun 1472-ci maddəsi, 01.01.2006-cı il tarixdə qanuni qüvvəyə minmiş Almaniya Sığorta Müqavilələri Qanununun (Versicherungsvertragsgesetz) 88-ci paraqrafı, 1908-ci il tarixli İsveçrə Sığorta Müqavilələri Qanununun 72-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsi və digər qanunvericilik aktlarında subroqasiya hüququ öz əksini tapmışdır.

Göstərilən normativ sənədlərin hər biri subroqasiyaya yuxarıda göstərildiyi kimi izah verir. Əlbəttə ki, bunlar arasında oxşar cəhətlərlə yanaşı fərqli cəhətlər də mövcuddur. Belə ki, Almaniyanın adı çəkilən müvafiq qanununda o da göstərilmişdir ki, üçüncü şəxs qismində çıxış edən zərərvuran kimi əgər sığortalının ailə üzvlərindən biri iştirak edərsə, onda sığortaçının subroqasiya hüququ istisna edilir.

İsveçrə Qanununa görə isə həm ailə üzvlərinin vurduğu qəsdən edilən yüngül və ağır zərər, həm də sığortalının zərərvurmadan yaranan öhdəliklərinə görə cavabdehlik daşıdığı şəxslərin (fəaliyyət qabiliyyətsiz övladə və s) yetirdiyi xəsarətlərdən əmələ gələn zərərlər subroqasiya hüququ ilə istisna edilir. Göründüyü kimi İsveçrə hüququ bu münasibətlərin tənzimlənməsində daha da mütərəqqi addım atmışdır. Yalnızca qanunsuz olaraq edilən hərəkətlər nəticəsində yaranan qalan hallarda subroqasiya hüququ meydana çıxır. Onu da qeyd edək ki, Azərbaycan Respublikası qanunvericiliyində bu kimi konkret istisnalar nəzərdə tutulmamışdır.

Türkiyə Ticarət Qanununa görə isə subroqasiya rücu hüququ kimi adlandırılır. Qanuna müvafiq olaraq rücu hüququndan meydana gələn münasibətlər isə halefiyyet və ya xələfiyyət kimi göstərilmişdir. Ərəb dilindən tərcümədə xələfiyyət əvəz etmək, yerini tutmaq deməkdir. Rücu hüququ əslində eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi subroqasiya ilə eyni məna kəsb edir. Onu da qeyd edək ki, Rusiya Federasiyası Mülki Məcəlləsində də subroqasiya münasibətləri eyni qaydada tənzimlənmişdir.

Azərbaycanda sığorta münasibətləri sferasında subroqasiya münasibətləri heç də yeni deyildir. Belə ki, 11 sentyabr 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 35-ci fəsli Dövlət Sığortası adlandırılırdı ki, burada da 387-ci maddə Vurulan zərərə görə məsuliyyət daşıyan şəxs barəsində sığorta etdirənin hüquqlarının sığorta təşkilatına keçməsi kimi qeyd edilmişdi. Maddəyə görə Sığorta etdirənin (və ya sığorta ödəməsini almış sair şəxsin) vurulmuş zərərə görə məs`ul şəxsə tələb hüququ bu məbləğ dairəsində əmlak sığortası üzrə sığorta ödəməsini ödəmiş olan sığorta təşkilatına keçir. Bu müddəalar eynilə subroqasiya hüququnun nəzərdə tutulduğu müddəalarla oxşarlıq təşkil edir.

Azərbaycan Respublikası qanunvericilik sistemində subroqasiya münasibətləri tək Mülki Məcəllə ilə tənzimlənmir. Həmçinin İcbari Sığorta haqqında qanunda və bir sıra ayrı-ayrı qaydalarda subroqasiya barəsində də göstərilmişdir. Qanunun 25. Maddəsi “İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları” adlandırılır ki, burada da subroqasiya ilə bağlı əsas məsələlər öz əksini tapmışdır. Maddənin 2-ci bəndində göstərilmişdir ki, 25.1-ci maddədə nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Müvafiq aktın 63-cü maddəsi isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ” adlanır. 63.1-ci maddədə qeyd edilir ki, qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Həmçinin “Yük Sığortası” Qaydalarının 40. maddəsi də Subroqasiya hüququ adlanır. Burada göstərilir ki, Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir. Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Əgər Sığortalı vurulmuş zərərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli olan sığorta ödənişi məbləği ilə Sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.

Göründüyü kimi Azərbaycan Respublikası qanunvericiliyi subroqasiya hüquq münasibətlərini ətraflı şəkildə tənzimləmişdir. Sadəcə olaraq əhali arasında hüquqi savadlanmanın zəiflyi sığorta münasibətləri ilə əlaqədar müəyyən problemlərin meydana çıxmasına gətirir. Misal olaraq göstərə bilərik ki, sürücüyə dəymiş zərər kasko sığortası zamanı, məhz onun sığorta şirkəti tərəfindən ödənilir və subroqasiya qaydasında zərərvurandan və ya onun sığortaçısından geri alınır. Bu halda sürücünün yenidən zərərvurandan sığorta ödənişi tələb etməsi əlbəttə ki, əsassızdır. Bu baxımdan zənnimizcə əhalinin müvafiq sahədə maariflənməsinə ehtiyac vardır.

Müəllif: Həbilov Şəhriyar
 
loading...

0 şərh