Hüquq normaları

Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. «Norma» latın dilindən tərcümədə - qayda, nümunə mənasını verir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür.
Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün - 62 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 57 yaş və 20 il).
İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məsələn, ailə hüquq normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar.
Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini (sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət, işdənçıxarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.

Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir:
.    kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza);
.    bu icra nədən ibarət olmalıdır (dispozisiya);
.    normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya).
Lakin heç də bütün normalar bu cür üç elementli struktura malik deyil.
İnsanların davranışını müəyyən edən hüquq normaları onların fəaliyyətini subyektiv hüquqların verilməsi ilə, yaxud üzərilərinə vəzifələrin qoyulması ilə tənzimləyir.
Ona görə də hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki, bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir.
Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir.
Daha vacib hüquq normaları qanunlarda təsbit olunur. Lakin qanunlarla yanaşı digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin qərarları və s.).

Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. O, qeyri-müəyyən sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər.
Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar. Normadakı göstərişin xüsusiyyətlərindən asılı olaraq hüquq normalarını aşağıdakı kimi təsnifləşdirmək olar:
.    səlahiyyətverici normalar (norma - icazələr, nəyi etmək olar). Məsələn, AR Konstitusiyasının 26-cı maddəsində müəyyən olunub ki, hər kəs qanunla qadağan edilməyən bütün vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir;
.    məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan Respublikası Konstitusiyasının IV fəsli belə normaları təsbit etmişdir.
.    qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

Normadakı göstərişin müəyyənlik dərəcəsinə görə hüquq normalarının iki növü fərqləndirilir:
1.    Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur). Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə tutan üçüncü fəslində təsbit olunmuş maddələrdə müəyyən olunan hüquq normaları.
2.    İmperativ normalar (belə normalarda vahid davranış qaydası müəyyən olunmaqla hüquq subyektinə alternativ davranmaq imkanı verilmir). Məsələn, qadağanedici xarakterli bütün normalar (Azərbaycan Respublikası Konstitusiyasının 6-cı, 155-ci maddələri), habelə məcburedici normaların əksəriyyəti (Azərbaycan Respublikası Konstitusiyasının dördüncü fəslində nəzərdə tutulan normalar).
Hüquq normalarının digər meyarlara görə də təsnifatı aparıla bilər.
 

0 şərh