Molla Nəsrəddin

Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?

Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.

 * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Molla Nəsirəddindən soruşurlar:
— Molla, qabaqdan qış gəlir, qışa nə hazırlayırsan?
Molla deyir:
— Qar,boran, bir də üşümək.

 * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Bir gün, Molla Nəsrəddinin evinə ogru girib, evi axtarmağa başlayır. Birdən arvad deyir:
— Ay kişi, evə ogru girib qalx, qalx da, deyirəm.

Molla əliylə arvadın ağzını tutub, yavaşca deyir:
— Ay arvad, sakit dur, bir şey tapsa, əlindən alarıq.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Bir gün, Molla meşədə odun qırarkən, əl-ayağının soyuduğunu görüb, uzanır yerə. Bir neçə saatdan sonra, çobanlar onu orada görüb, kəndə xəbər aparırlar. Camaat tabut-zad götürüb gəlir ki, Mollanın ölüsünü aparsın. Bəli, ədəb-ərkanla kişini tabuta qoyub götürürlər.

Yolun bir yerində getdikləri yol iki yerə ayrılır. Adamların arasındamübahisə düşür. Bir neçəsi deyir: «O yol ilə gedək». Mübahisənin çox uzun sürdüyünü eşidən Molla Nəsrəddin tabutdan başını qaldırıb deyir:
— Mən, diri vaxtımda həmişə bu yol ilə gedərdim.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Bir gün Molladan soruşurlar:
— Molla, hansı bürcdənsən?
Molla cavab verir:
— Keçi bürcündən.
— Ay Molla, keçi adlı bürc yoxdur axı.

Molla deyir:
— Uşaqlıqda atam deyərdi ki, mənim taleyim oğlaq bürcündədi. İndi mən böyüyüb, yekə kişi olmuşam. Yəqin ki, o da böyüyüb keçi olub də...

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Molla bir gün, bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun başını bir neçə yerdən kəsib, yerinə pambıq yapışdırır. Mollanın gözü birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
– Molla, hara belə? Hələ başının yarısı qalıb.
Molla deyir:
– Elə hamısına pambıq əkmək olmaz ki?.. Yarısına da özüm yun əkəcəyəm.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalıga çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna.
Soruşurlar:
— Molla? bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?
Molla cavab verir ki:
— Kişinin malı gözünün qabağında olmalıdır.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

İsti yay günlərindən birində, Molla uzaq bir yerdən gəlirmiş. Yolda bərk susayır. Axtarıb bir bulaq tapır. Baxır ki, bulağın gözünə bir daş tıxayıblar. Daşı çəkir ki, əyilib su içsin, su fışqırıb Mollanın üst-başını isladır. Molla daşı təzədən bulağın gözünə soxub deyir:
— Elə belə dəlisən ki, ağzını tıxayıblar da...

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı
yoluxmağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:
— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

 Günlərin birində Molla küçəyə çıxıb görür ki, evlərinin qabağındakı meydanda bir dəstə adam yıgışıb, yaman mübahisə eləyirlər.
  Adamlardan biri Mollanı görcək deyir:
  — Dayanın,  nahaq yerə özünüzü yormayın. Heç biriniz bilməzsiniz. Gəlin Molladan soruşaq, o bilər.
  Molladan soruşur:
  — Molla, sən bir alim adamsan. De görək, bu dünyanın eni nə qədərdi, uzunu nə qədər?
  Bu zaman təsadüfən küçə ilə bir cənazə aparırdılar. Molla cənazəni göstərib deyir:
  — Bu sualı ondan soruşun. O, dünyanın enini də, uzununu da ölçüb gedir.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

  Mollaya xəbər verirlər ki, qaynanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
  Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?

  Molla deyir:
  — Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

 Bir məclisdə, Mollanın əlinə güclə bir tar verirlər ki, gərək çalasan. Molla heç halını pozmadan tarı sinəsinə basıb, başlayır dınqıldatmağa. Ancaq bir əlilə tarı dınqıldadır, o biri əlinin barmaqlarını isə tarın pərdəsinin üstünə qoyub tərpətmir. Ona görə də heç bir şey çıxmır. Axırda adamlardan biri deyir:
— Ay Molla, tarı belə çalmazlar. Gərək o biri əlinin barmaqları ilə pərdələrin üstündə gəzəsən ki, hava çıxsın.

Molla deyir:
— Onu tar çalmağı bacarmayanlar, elə pərdəni tapmaq üçün barmaqları ilə axtarırlar. Mən tarı əlimə alcaq istədiyim pərdəni tapmışam. Daha nə axtarım?

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

8 şərh

Ilham-Baki
Ah Molla, Molla. Bizi həmişə güldürəcəksən!
heyatin-ellerinde
Maraqlıdı.Əksəriyyəti gülməlidir. :)
Çox sağolun
seyidova
çox maraqlıydı.Bildiklerimde vardı amma bilmediklerim çox idi.En maraqlısı ve gülmekisi ''ARVADININ AĞZIN BAĞLAYIR Kİ, SUS BİR ŞEYTAPSA ELİNDEN ALARIQ'' )))
babayeva_sabina

hər birinin öz yeri var 

maraqlı idi 

əmməlli güldüm 

təşəkkürlər:))

Ramil
hamınız sağ olun
JAVIER_ZANETTI
Çox sağol yazan əllər, oxuyan gözlər ağrı görməsin)))