Molla Nəsrəddin

Molla arvadını dəyişir
Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın lap tərsi imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın çayını-çörəyini həmişə o hazırlayarmış.
Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir.
Qız gedən gündən Mollanın da qara günləri başlanır. Nə çay verən olur, nə çörək hazırlayan olur, nə paltar yuyan tapılır. Molla bir ay dözür, iki ay dözür, axırda bir gün arvada deyir:
-          Arvad, lap o təzə paltarını gey, hazırlaş gedirik.
Arvad geyinib- kecinib düşür Mollanın yanına. Molla birbaş arvadı gətirir kürəkəninin yanına ki:
-          Qardaş, başına dönüm, mən o qızsız dolana bilmirəm. Gəl, üstündə də nə deyirsən verim, arvadlarımızı  dəyişək.

Aparmaz ki...
Molla arvadı ilə gölə paltar- palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad görüb qışqırır:
-          A kişi, qoyma! Qarğa sabunu apardı. Molla deyir:
-          Görmürsən yazığın üst- başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki...

Özün ye!
Bir gün Molla qızarmış toyuq yeyirmiş. Bir nəfər bunu görüb Mollaya yanaşır ki:
-          Molla, ondan bir az da mənə ver! Molla deyir:
-          Mənim deyil, arvadımındır.
-          Ind ki, sən yeyirsən?
-          Mən yeyəndə nə olar? Verəndə tapşırıb ki, heç kəsə vermə, özün ye!

Qarışa bilmərəm
Biri qaça- qaça gəlib Mollaya xəbər verir ki:
-          Molla, tez ol gəl, evinizə od düşüb yanır. Qapınızı nə qədər döydümsə, heç kəs açmadı. Yəqin evdə adam yoxdur.
Molla oturduğu yerdən heç tərpənməyib çox sakit deyir:
-          Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdi, ev işi onun. Zəhmət olmasa, get onu tap, de ki, gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm.



Mənim payımı ağlasın.
Gecə Mollanın uşağı ağlayır. Arvad Mollanı yuxudan oyadır ki:
-          Molla, axı biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovut!
Molla yorğanı başına çəkib deyir:
-          Sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın. 

Iki- iki yataq
Mollanın birinci arvadı öləndən sonra gedib bir dul arvad alır. Əvvəl- əvvəl bir neçə vaxt yaxşı dolanırlar. Yavaş- yavaş Molla başlayır ölmüş arvadını hərdən bir tərifləməyə. Mollanın bu hərəkəti arvada xoş gəlmir. O da acığa düşüb başlayır öz keçmiş ərini tərifləməyə.
Bir gün yenə soyunub yerlərinə girəndən  sonra Molla başlayır. Molla başlayan kimi arvad da başlayır. O deyir, bu deyir... axırda Molla durub bir yorğana bürünüb qıraqda yatır.
Arvad soruşur:
-          Molla, nə oldu? Ora niyə getdin? Molla deyir:
-          Istidir, dörd adam bir yerdə çox darısqal olur. Arvad soruşur:
-          Molla dörd adam kimdir? Molla deyir:
-          Sən, sənin keçmiş ərin, mən, mənim keçmiş arvadım. Yaxşısı budur iki-iki yataq.

Böyük qiyamət, kiçik qiyamət
Bir gün biri Mollanın yanına gəlib soruşur ki:
-          Molla, sən bilərsən, qiyamət nə vaxt olacaq? Molla soruşur:
-          Hansı qiyamət? Kişi soruşur:
-          Neçə qiyamət var ki? Molla deyir:
-          Iki. Kişinin özü öləndə olur kiçik qiyamət, arvadı öləndə olur böyük qiyamət.

4 şərh

MASON
Molla Nəsrəddinin təyin etdiyi bəzi qanunlar qədim Roma qanunları ilə eynilik təşkil edirmiş
kulturoloq
Molla Nəsrəddinin lətifələrini oxuyanda insan mənəvi cəhətdən qidalanır. Və insanda lətifəyə həvəs bir daha artır.
azadmamedov90
1ci ve sonuncu cox maraqsiz ve terbiyevi ehemiyyet dasimir...ama yenede ela idi.
kulturoloq

Molla Nəsrəddn lətifələri mənəvi mədəniyyətimizin ayrılmaz hissəsidir.Təşəkkürlər!