Vulkanlar

Vulkanlar da xeyli insan tələfatına səbəb olur

Dünyanın bir sıra ölkələrində təbii fəlakətlər və qeyri-sabit hava şəraiti müşahidə olunur.Fəlakət qurbanlarının isə sayı artır.Böyük Britaniyanın şimalında küləyin sürəti saatda 160 kilometrə çatır.Artıq bir nəfər fəlakətin qurbanı olub.Ölkədə onlarla daxili reys təxirə salınıb.Şimali İrlandiyada da analoji hava şəraiti hökm sürüb.Burada 6 minə yaxın insanın elektrik enerjisiz qalması barəsində məlumatlar yayılıb.Rəsmilər bildirirlər ki, ölkəyə dəyən ziyan milyonlarla funt sterlinqlə ölçülür.Gəmilərin hərəkəti tam dayandırılıb.

vulkan

Çində isə güclü külək qum qasırğalarının yaranmasına səbəb olub.Dövlət televiziyasının yaydığı məlumatlarda bildirilir ki, hadisədən ölkənin bir neçə əyaləti zərər çəkib.Ekspertlər bildirirlər ki, Çində müşahidə olunan problemlərə səbəb uzun müddət ərzində bəzi ərazilərdə yağışların yağmasıdır.Oktyabrın sonunda İndoneziyada fəallaşan Merapi vulkanının püskürməsi hələ də davam edir.Verilən məlumata görə, vulkan 240 nəfərin həlak olmasına səbəb olub.Onların bir hissəsi kəskinləşən ağ ciyər və ürək xəstəliklərindən vəfat edib.Vulkan püskürməsinin nə vaxt başa çatacağını proqnozlaşdırmaq isə mümkün deyil.Merapinin bir qədər də fəallaşması istisna olunmur.Təbii fəlakət çoxlu sayda insanın evlərinə qayıda bilməməsinə səbəb olub.Hökümət rəsmilərə onlara məcburi köçkünlər üçün salınmış çadır şəhərciklərində qalmağı məsləhət görüblər.Merapi vulkanının püskürməsi bu günlərdə ABŞ prezidenti Barak Obamanın İndoneziyaya səfər proqramını qısaltmaq və təcili olaraq ölkədən getmək məcburiyyətində qoyub.Qeyd edək ki, Obamanın İndoneziya səfəri bir neçə gün çəkməli, gedəcəyi hər bir şəhərdə müsəlman dünyası ilə dostluq barədə mövzularla davam etməli idi.Lakin prezident vulkan külünün bütün səmanı tutacağı təqdirdə təyyarə uçuşlarının mümkün olmayacağından ehtiyatlanaraq təcili surətdə İndoneziyanı tərk edib.

2010-cu ildə püskürən digər vulkan isə Eyyafyatlayokudl vulkanı olub.Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir.Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunub.14 aprel 2010-cu ildə isə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələrinin hava nəqliyyatı üçün bağlanmışdır.Göründüyü kimi, bu dəfə sizə vulkanlar barədə məlumat verəcəyik.Əsasən də XX əsrin əvvəlindən bəri baş verən vulkanlardan söz açılacaq.

Monte-Pele vulkanı.Martinika adasında 8 may 1902-ci ildə baş vermiş vulkan püskürməsi nəticəsində Sent-Pyer şəhər əhalisi ilə birlikdə məhv olub.Həddindən artıq qızmış kükürdlü qaz və alov şəhəri qısa müddətdə əhatə edib.Böyük bulud qatı 60 kilometr ərazidə həyatı iflic edib.Nəticədə 36 min nəfər həlak olub.Adanın əsas liman şəhəri Sent-Pyer tamamilə yer üzündən silinib.Monte-Pele növbəti dəfə may ayının 20-də püskürüb.

Santa-Mariya vulkanı.Hündürlüyü 3762 metr olan bu vulkan Qvatemalanın qərb hissəsində yerləşir.24 oktyabr 1902-ci ildə vulkanın fəaliyyəti nəticəsində 323,75 min kv. metr sahə 20 sm qalınlığında kül altında qalıb.Çox güclü partlayış 800 km məsafədə Kosta-Rikada belə eşidilib.Püskürmədən sonra yaranmış kül buludu bir həftə ərzində havada asılı vəziyyətdə qalıb.Təbii fəlakət nəticəsində 6 min nəfər ölüb.

Taal vulkanı.XX əsrin ən böyük vulkan püskürməsi zamanı 1335 nəfər dünyasını dəyişib.Püskürmə yalnız kraterin zirvəsində deyil, həm də onun dağ yamacında baş verib.Praktiki olaraq vulkan havaya lava deyil, bərk qızmış buxar atıb.30 yanvar 1911-ci ildə Filippində baş vermiş vulkan püskürməsi cəmi 10 dəqiqə çəkib.Kül buludu 400 km məsafədən görülüb.Tall vulkanı növbəti dəfə 1965-ci ildə fəaliyyət göstərib və 200 nəfərin ölümünə səbəb olub.Həmin vaxtdan indiyədək isə fəaliyyət göstərmir və təhlükəli vulkan olaraq qalır.

Merapi vulkanı.Bu ad sizə tanışdır.13-28 dekabr 1931-ci ildə baş vermiş vulkan püskürməsi nəticəsində dağın hər iki yamacı partlayıb.7 km uzunluğundakı lava axınının eni 180 metr, dərinliyi isə 30 metr olub.O, qarşısına çıxan bütün kəndləri məhv edib və 1300-dən çox insanın ölümünə səbəb olub.

Parikutin vulkanı.Bu vulkan barədə bir çox jurnallarda geniş məqalələr dərc olunub.O "Qarğıdalı sahəsində onun sahibinin gözləri qarşısında yaranan vulkan" kimi tanıdılıb.Həqiqətən də bu vulkan qarğıdalı sahəsindən qalxıb.Uzun illərdir həmin sahədə kiçik çuxur olub.5 fevral 1943-cü ildən isə orada yeraltı təkan baş verib.Nəticədə çuxur yaxınlığında çat yaranıb.19 fevralda isə yerli sakinlər 300 yeraltı təkanlar hiss ediblər.Bir gün sonra isə çuxurdan başlayaraq çat genişlənməyə başlayıb.Bəzi yerlərdən tüstü və boz kül dumanı çıxıb.Fevralın 21-dən isə çatdan lava axmağa başlayıb.Növbəti ilin iyun ayında isə güclü püskürmə qeydə alınıb.Nəhəng Parikutin, San-Xuan-de-Paranqarikutiro kəndləri üçün təhlükə yaradıb.Hər iki kənd qismən kül altında qalıb.Meksika hökümətinin vaxtında gördüyü tədbirlər nəticəsində insan tələfatı az olub.

Laminqton vulkanı.21 yanvar 1951-ci ildə Yeni Qvineyada baş verib.Nəticədə 2942 nəfər ölüb.Onların çoxu isti kül və zəhərli qazla zəngin güclü külək nəticəsində dünyalarını dəyişib.Partlayış o zaman o qədər güclü olub ki, onun səsi Laminqtondan 320 km məsafədə yerləşən Yeni Britaniya sahilindən eşidilib.

Sent-Helens vulkanı.Bu vulkan 18 may 1980-cı ildə ABŞ-ın Vaşinqton ştatında fəaliyyət göstərib.Onun partlayışı nəticəsində azad olan enerjinin gücü Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çox və ya 10 milyon trotil gücündə olub.

Çox sayda insan ölümü ilə nəticələnən Nevado-del-Ruis vulkanının püskürməsi 14-16 noyabr 1985-ci ildə Kolumbiyada baş verib.Səmaya 8 km hündürlükdə kül və dağ süxurlar qalxıb.Qar və buzlaqların əriməsi nəticəsində yaranmış sel vulkandan 50 km məsafədə yerləşən Amero şəhərini tamamilə məhv edib.Palçıq qatı bəzi yerlərdə 8 metrə çatıb.Vulkan isə 150 km radiusda hər şeyi 25 min, zərər çəkənlərin sayı isə 200 min nəfərdən çox olub.

Pinatubo vulkanı.Filippinin Luson adasındakı Pinatubo vulkanının 10-15 iyun 1991-ci ildə fəaliyyətə başlaması nəticəsində 200 nəfər həlak olub, 100 min insan ise evsiz qalıb.

Popokatepetl vulkanı.Meksikada 30 iyun 1997-ci ildə Popokatepetl vulkanında güclü püskürmə baş verib.Kraterdən qalxan alov sütunu 18 km-ə çatıb.Dağın yaxınlığında yerləşən yaşayış məntəqələrindən 40 min nəfər köçürülüb.Bu vulkan növbəti dəfə 2000-ci ilin dekabrında fəaliyyət göstərib.Həmin vaxt isə 14 min nəfər evakuasiya olunub.

Adsız vulkan.Kamçatkada yerləşən bu vulkan 14 mart 2000-ci ildə yenidən fəaliyyətə başlayıb.Bundan əvvəl isə o, 1956-cı ildə fəaliyyətdə olub.Bu dəfə vulkan heç bir təhlükə yaratmayıb.

Xoşbəxtlikdən bu tip vulkanlar Azərbaycanda baş vermir.Lakin ölkəmiz palçıq vulkanları ilə zəngindir.Azərbaycan Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır.Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət hadisəsi kimi formalaşıb.Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı kimi də adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır.Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur.Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin - əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur.Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu.Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.Bu məqsədlə təbii görkəmi və geoloji xüsusiyyətlərinə görə 2006-cı ildə ildə 23 palçıq vulkanına təbiət hadisəsi statusu verilmiş, həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə "Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası" yaradılıb.


Hazırladı: Zeynallı Zeynal

Müəlliflə əlaqə saxlamaq üçün aşağıdakı vasitələrdən istifadə edin:
Əlaqə tel: (+994553779582)
E-mail: [email protected]
Facebook ünvanı: http://www.facebook.com/bymenasizmena
В Контакте ünvanı: http://www.vkontakte.ru/id20371545
MSN Messenger:  [email protected]

P.S. Bu məqalənin hansısa KİV, Sayt, Forum və s. İnformasiya sahələrində yayımlanması və ya dərc olunması qəti qadağandır.Müəllif hüquqları qorunur.Çalışaq hər bir kəsin çəkdiyi əziyyətə hörmət edək və mənimsəməyək.

 

2 şərh

Zeynal
Bu məqalənin hansısa KİV, Sayt, Forum və s. İnformasiya sahələrində yayımlanması və ya dərc olunması qəti qadağandır.Müəllif hüquqları qorunur.Çalışaq hər bir kəsin çəkdiyi əziyyətə hörmət edək və mənimsəməyək.
bankir
Özün başqa saytdan götürüb hələ bir deyirsən ki onu təkrar götürmək qadağandır? Müəllif hüququndan gör kimlər danışır.