Maliyyənin mahiyyəti

Maliyyə anlayışı  tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib. «Maliyyə» sözü ərəbcədən götürülüb, mənası «malın, sərvətin dəyəri», yəni puldur. «Finans» sözü isə qədim latın dilindəki «financia» sözündən götürülmüşdür, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada daha sonra isə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı heç də pul münasibətlərinin hamısını əhatə etmir. Pul münasibətləri daha geniş anlayışdır. Müasir cəmiyyətlərin hər birində bir sıra pul münasibətləri fəaliyyət göstərir.    
Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir, çünki, hər şeydən əvvəl, o, istehsal münasibətlərinin müəyyən tərəflərinin universal və mücərrəd formada ifadəsidir. «Bazis» dedikdə üstqurumun əsasını təşkil edən istehsal münasibətlərinin toplusu başa düşülür. Maliyyə iqtisadi münasibətləri ifadə edir və müvafiq olaraq iqtisadi bazisin tərkibinə daxildir.
maliyyenin mezmunu
Maliyyənin mahiyyətini müəyyənləşdirərkən də iqtisadçılar arasında fikir ayrılıqları yaranır. Onlardan bəziləri maliyyəni bölüşdürücü kateqoriya, bəziləri istehsal kateqoriyası, bəziləri isə təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər.
Bilindiyi kimi, təkrar istehsal dörd mərhələdən ibarətdir:
təkrar istehsal
Göstərilən hər bir mərhələnin özünəməxsus vasitələri və obyektləri  mövcuddur. İnsanlar həmin vasitələrlə obyektlərə təsir edərək təkrar istehsalın mərhələlərini gerçəkləşdirirlər. Məsələn, əsas fondlar vasitəsilə dövriyyə fondlarına təsir göstərir və beləliklə də istehsal baş verir. Maliyyə vasitəsilə dəyər bölgüsü aparılarkən ümumi milli məhsulun dəyərinə təsir göstərilir və bölgü gerçəkləşdirilir.
Maliyyə bölüşdürücü kateqoriyadır və geniş təkrar istehsal prosesinin yalnız bölgü mərhələsində iştirak edir. Maliyyə nə istehsalda, nə mübadilədə, nə də islehlakda birbaşa iştirak etmir, sonuncuya yalnız bölgü vasitəsilə təsir göstərə bilir.
Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə bağlı olan pul-bölgü münasibətləri toplusudur. Maliyyənin tərkibinə müxtəlif elementlər daxildir. Bütövlükdə maliyyə mərkəzləşdirilmiş dövlət maliyyəsindən və biznes maliyyəsindən ibarətdir. Hökumət maliyyəsi də öz növbəsində mərkəzi hökumətlərin, yerli özünüidarəetmə orqanlarının, dövlət və bələdiyyə müəssisələrinin maliyyəsindən ibarətdir.

Ümumiyyətlə, regional maliyyə, müstəqil maliyyə kateqoriyası olaraq mürəkkəb iqtisadi münasibətləri əks etdirir və yenicə yaranmış elm sahələrindən biridir. Ölkə maliyyəsi özlüyündə bir neçə regional maliyyənin məcmusundan ibarətdir. Regional maliyyənin tərkibinə regional büdcə (yerli büdcələr və həmin region üzrə yuxarı orqanların büdcələri), region üzrə biznes maliyyəsi daxildir.

Elmi anlayış kimi maliyyənin tarixi qədim olsa da, onun mahiyyəti hələ tam açılmamışdır. Cəmiyyətin inkişafında maliyyənin rolu artdıqca və iqtisadiyyatın müxtəlif sahələrinə o, daha çox nüfuz etdikcə iqtisadçılar və maliyyəçilər arasında maliyyənin mahiyyətinə dair müxtəlif baxışlar formalaşmağa başlamışdır.
Maliyyə elmində ən mübahisəli məsələlərdən biri maliyyənin iqtisadi təbiəti və maliyyə münasibətlərinin əhatə dairəsidir. Bir sıra maliyyəçilər hesab edirlər ki, maliyyə təkrar istehsalın ikinci mərhələsində ortaya çıxır. Buna görə də maliyyənin mahiyyətini təkrar istehsalın müxtəlif mərhələlərində meydana gələn münasibətlərlə bağlamaq düzgün deyil. Onu alqı-satqı fəaliyyəti üçün əsas olan və əmtəə dövriyyəsi prosesində meydana çıxan milli məhsulun dəyərinin pul formasında bölgüsü kimi qəbul etmək lazımdır.
Maliyyənin bölüşdürücü xarakter daşıdığını qəbul edən alimlər maliyyənin təkrar istehsal anlayışı olduğunu inkar etmirlər. Maliyyənin meydana gəlməsinin, təkrar istehsalın ikinci mərhələsi ilə bağlılığından danışarkən maliyyə münasibətlərinin yerini və əhatə dairəsini, iqtisadi münasibətlər sistemində onların özünəməxsusluğunu və təsir yönlərini vurğulamaq lazım gəlir. Maliyyə münasibətləri istehsal münasibətlərinin mühüm tərkib hissəsidir.
Maliyyənin meydana gəlməsinin və inkişafının bilavasitə səbəbi dövlətin və dövlət orqanlarının fəaliyyəti ilə əlaqədardır.
 

0 şərh