İnternet-marketinq haqqında

İnternetin müraciətə tez bir zamanda reaksiya göstərməsi onun ən fərqli xüsusiyyətlərindən biridir. Həmçinin kommunikasiya imkanlarının genişliyi, vaxta və məkana görə məhdudiyyətin olmaması, dəqiq ünvana müraciət, əlverişli surətdə bazarın şəffaflığı, rəqiblərin vəziyyətini çox qısa müddət ərzində təyin etmə, aktiv istifadəçilərin istehsal xərclərini artırması, istifadəçi üçün aydın və yüksək effektivlik, müştərini bir neçə qrupa bölmə imkanı, statistik analiz, imkanlarının genişləndirilməsidir. İnternetin əsas xarakterik xüsusiyyətlərindən biri onun sərhədsiz olmasıdır. O, yalnız poçt xidmətləri ilə məhdudlaşmır, eyni zamanda effektiv reklam, marketinq, məhsulların alışı və satışı, müştərilərə müxtəlif xidmətlərin göstərilməsi və s. deməkdir. Hal-hazırda İnternet çox uğurla telefonu, faksı, ekspress-poçtu və s. kommunikasiya xidmətlərini əvəz edir. Bu isə öz növbəsində müəssisələrin, firmaların alıcı ilə birbaşa əlaqə saxlamasına imkan yaradır. Nəticədə informasiya mübadiləsinin bazar rəqabətini möhkəmlədərək istifadəçilərin tələbatının ödənilməsində öz əksini tapır.

İnternet-marketinqin əsas prinsipləri qarşılıqlı əlaqələrin qorunub saxlanması, müasir şəraitdə marketinqin inkişaf etdirilməsi üçün həmkarlarla və alıcılarla sıx əlaqə saxlamaq, vaxtında tələb olunan malları alıcıya çatdırmaq vacib şərtlərdən biridir. Bütün bunların həyata keçirilməsinə İnternet geniş imkanlar təklif edir. Məsələn: elektron poçt (E-mail), elektron lövhə, ardıcıl qruplaşdırılmış şəbəkə xəbərlər (usenet); elektron poçt reisterləri (listserv); İnternetdə söhbətlərin retransilyasiyası (İRC-İnternet Replay Chat); çox saylı istifadəçilərin dialoqu (MUDS-multi-user dialog service); Video konfransların keçirilməsi (Video conferencing); səsli poçt, (Voice-mail); və s. kömək edir.

İşçi əlaqələrini qoruyub saxlamaq üçün İnternetin aşağıdakı xidmət növlərindən istifadə etmək olar:

İnternetdə müxtəlif mövzulara həsr edilmiş müxtəlif göndərilmə siyahıları (mailing lists, “opt-in”e-mail marketing) vardır. Məktubu alan hər kəsin istənilən zaman abunəçilikdən imtina etmək hüququ var. Açıq göndərişlər (hamı üçün), qapalı (xüsusi dairənin adamlarına), ödənişli və ödənişsiz diskussiya listləri. Onlar hər hansı bir mövzunu müzakirə edərək informasiya mübadiləsi aparır. Müzakirəyə yalnız yaradıcılar deyil, həm də istifadəçilər də qoşula bilər. Qeyd etmək olar ki, ümumiyyətlə təşkilatın marketoloqları onların biznesinə aid olan bütün sənədlərə imza ata bilər və bu sahə üzrə müxtəlif monitorinqlər keçirilə bilərlər. Bu zaman yeni həmkarların və yaxud müştərilərin meydana çıxma ehtimalı çox olur. Eyni zamanda öz işini tanıtmaqla bərabər eyni zamanda bu sahədə olan yeniliklərdən də xəbər tutmaq olar. E-hökumət alqı-satqının internetlə aparılması business-to business (B2B) və business-to-consumer (B2C) adlanır. Birinci halda sənaye mallarının və ya biznes xidmətlərinin təşkilatlar tərəfindən, eləcə də topdan satışı, ikinci halda isə pərakəndə satışı istehsalçı ilə istehlakçı arasında aparılır. Mütəxəssislərin qiymətinə əsasən birinci istiqamətin kommersiya potensialı gözəçarpan dərəcədə yuxarıdır. İkinci istiqamətdə məhsulun bilavasitə satış sferası daha intensiv inkişaf edir.

İndi internetdə pərakəndə satışın müxtəlif növləri mövcuddur. Bunlar arasında ən çox internet-mağazalar və auksion yolu ilə satışlar daha geniş yayılmışdır.

İnternet mağazalar öz xüsusiyyətlərinə görə pərakəndə satışa daha yaxındır. İnternet-kataloqlarının başqa müqayisədə nisbətən daha geniş informasiya toplusuna malik olması, istənilən şəxsin həmin məsləhətlərdən istifadə edərək yararlanması, lazımi malların yerindəcə sifarişi, eyni zamanda on-line rejimində ödənişi mümkündür. Ən əsası alıcı bütün bunları mənzilindən çıxmadan həyata keçirə bilər. Nəticədə poçtla alqı-satqı aparan müəssisələr və bütün pərakəndə satış mərkəzləri internet-mağazanı özünə sanballı rəqib hesab edir.

İnternet marketinqin daha bir maraqlı və perspektiv forması internet-auksionlarıdır. On-line auksionların əsas xüsusiyyəti ənənəvi auksionlara nisbətən daha gözəçarpan dərəcədə avtomatik olmasıdır. Bu da o deməkdir ki, virtual auksionun resursları daha çoxdur: eyni zamanda bir portal xeyli miqdarda ticarət obyektlərinə xidmət edə bilər, alıcı satıcı ilə vasitəçisiz əlaqə saxlayır.

Hal-hazırda daha səmərəli layihələr, məsələn, internet-supermarketlər, yaradılır. Bunun üçün ilk növbədə, yeni kommersiya saytı yaradılır. Bu saytlarda firma və onun məhsulları haqqında geniş məlumat verilir. İstehsalçıya öz məhsulları haqda məlumatı populyar saytlarda yerləşdirmək daha sərfəlidir, lakin bu halda nəzərə almaq lazımdır ki, sayt yaradıcılarına müəyyən hesab ödənilməlidir. Virtual satış sərgisinin keçirilməsi daha yaxşı nəticələr verir. Burada saytın seçilməsi, nümayiş vaxtı və məhsulun növünə görə təsnif olunur.

Bununla yanaşı, internet-bankların, broker serverlərin və ödəmə sistemlərinin geniş inkişaf etməsini xüsusi qeyd etmək lazımdır. Əgər 1999-cu ildə bazarın həcmi maliyyə xidmətlərinin ödənişinə görə sıfıra yaxın idisə, yeni minillikdə bu sahəni “nailiyyətlər aləmi” adlandırmaq olar. Son illər ən çox nəzərə çarpan yeni portalların yaradılmasına, malların reklamına, eyni zamanda alqı-satqının auksion yolu ilə aparılmasına yönəlmişdir. İnternet vasitəsi ilə malların alqı-satqısı zamanı əsas problem doğuran məqamlardan biri ödəniş prosesi olaraq qalır. Elektron ödənişin əlaqələndirici vasitə ilə ödənməsi prosesi internetin gələcəyini həll edən parametrlərdən biridir.

Reklamı yayımlayan İnternetin auditoriyasına təsir etmək üçün çoxlu sayda metodlar təklif edir. Onların arasından bunları göstərmək olar: mətnli və ümumi təyinatlı saytlarda reklamların yerləşdirilməsi, banner şəbəkələri, e-mail marketinq, axtarış sistemlərinin və kataloqların köməyi, mübadiləsiz göndərişlər, və s. Təbiidir ki, bu qədər imkanlar və məhdud reklam büdcəsi çərçivəsində media-planı tərtib edərkən hər bir addım dəqiq təhlil olunmalıdır. Bu zaman saytların təklif etdikləri xidmətlərdən istifadə etmək olar.

Aydındır ki, internet-auditoriyasının müəyyən seqmenti nəzərdə tutulmuş reklam üçün müvəffəqiyyətli seçim sayıla bilər. Məsələn, mühərrik yağlarını avtomobil saytlarında, mətbəx kombaynlarını isə kulinar və digər “qadın” saytlarında reklam etmək olar. Saytları seçərkən, aşağıdakı faktlar hökmən nəzərə alınmalıdır: resursların populyarlığı, onların auditoriya genişliyi, rəqib saytların kontentləri və həcmi, reklamın dizaynı, reklam bannerlərinin ölçüləri, yerləşdiriləcəyi sahə, saytdakı bölmə, dəyər, operativ dəyişikliklər imkanı, təqdim olunan statistika və s.

Saytın istehsalçısı sistemə qoşularkən, ödənişsiz reklam yerləşdirə bilər. Məsələn, siz öz səhifənizdə kiminsə bannerlərini yerləşdirirsiniz, sizin reklam isə öz növbəsində digər səhifələrdə göstərilir. Sizin səhifənizin hər bir iştirakçısı yad bannerin göstərişini qeyd edir. Siz öz səhifənizdə nə qədər banner göstərirsinizsə, həmin miqdarda da sizin bannerlər nümayiş etdiriləcəkdir.

Axtarış sistemləri və kataloqlardan istifadə zamanı hər bir istifadəçi axtarış sistemində açar sözlərindən və ya onun sinonim variantlarından istifadə etməklə informasiya axtarır. Server sorğuya uyğun olan yüzlərlə səhifə tapır, amma ekranda yalnız bir hissə görünür (adətən 10-20 sayda). Əlbəttə ilk növbədə daha uyğun səhifələr görünür. Reklam şirkətinin qarşıya qoyduğu məsələ isə, saytla əlaqəsi olan hər bir axtarılan açar sözlərinin ilk növbədə axtarış zamanı birincilər sırasında görünməsidir. Əgər lazımi sayt sonuncu səhifələrdədirsə, onda istifadəçinin ona baxma ehtimalı çox azdır.

Hesablama bir qayda olaraq yerləşmə tarixinə - gün, həftə, aya görə aparılır. Qiymət axtarış sisteminin auditoriyasından, ölçüsündən və bannerin səhifədə yerləşməsindən asılı olaraq müraciətlərə görə hesablanır.

Bu halda reklam sifarişçisi axtarış sistemi üçün müəyyən edilmiş açar sözləri –metaverilənlər alır. Turizm firması “Fransa”, “kurort”, “otel”, “tur” kimi sözləri ala bilər. Axtarış zamanı bu açar sözlərdən istifadə olunarsa, digər səhifəyə keçid zamanı turizm firmasının mövcud olan reklamına baxmaq olur. Açar sözlərinə görə reklam nümayişinə müraciət 2-3 dəfə artıq olur. Sayt reytinqi baxımından isə reklam sifarişçisinə nəinki saytın başqa saytlara nisbətən populyarlığını göstərən, eyni zamanda reklam nümayişinin davam etdirilib etdirilməməsinə qərar vermiş olar.

Reklam üçün populyar Web-saytlardan istifadə edərək firma haqqında geniş təsəvvür əldə edilir. Patentləşdirilmiş adla (Brendlə) tanınır. Üstünlük verilirsə, bu öz növbəsində geniş kütlə ilə əlaqəni təmin edir. Sifarişçinin qayğısı və texniki köməyi ilə xüsusi xəbərlər, ümumi subsidiya, birbaşa satış əldə edilir. Sayılan bu istiqamətlərin açarı uğurla işlənmiş sayt və effektli marketinq strategiyasıdır ki, bu da internet istifadəçilərinə çox böyük keyfiyyət vəd edir.

İnternet-marketinq və ya media-bainq (media-buying)agentliyi sizin saytın maraqlarını yüksək səviyyədə qorumaqla effektiv strategiyasını həyata keçirməsinə imkan verir. Adətən agentliyin təmsilçiləri geniş alıcı bazasına və satış təcrübəsinə malik olurlar.

Beləliklə, internet xidmətlərindən istifadə növləri bir daha onu göstərir ki, müəssisələrdə marketinq xidmətləri zamanı informasiya texnologiyaları və qarşılıqlı rabitədə olan dəyişikliklər nəzərə alınmalıdır.

Demək olar ki, bu gün internet-marketinq bütün sahələri əhatə edir. O, artıq dəbdə olan oyuncaqdan biznesin inkişaf alətinə çevrilmişdir. Az bir vaxtdan sonra internet-marketinq başqa biznes sahələri ilə bir pillədə dayanacaq. İnternet istifadəçilərinin sayının sürətlə artması, ilk növbədə sərhədlərimizdən kənarda yeni müştərilərin çoxalmasına və marketinq xidmətlərinin yüksəlməsinə gətirib çıxarır.

Müəllif: AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Kəmalə Haşımova,
Mənbə: "Biznes dünyası" jurnalı, aprel 2009-cu il

0 şərh