Sosial şəbəkələrdə reklam kampaniyaları

İnternet istifadəçiləri arasında sosial-şəbəkələrə maraq gündən-günə artmaqdadır və təbii olaraq, bu, sahibkarlar üçün son dərəcə əlverişli reklam sahəsi kimi çıxış edə bilər. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələr internet istifadəçilərinin ən çox vaxt sərf etdiyi saytların başında dayanır. Cədvəldən göründüyü kimi bu gün Azərbaycan əhalisinin 10%-ə qədəri, internet istifadəçilərinin isə ən azı 22%-i sosial şəbəkələrə daxil olur.

Uğurlu reklam kampaniyasının təşkil edilməsi üçün məhsula (və ya xidmətin) təyinatına uyğun olaraq sosial şəbəkəni seçmək lazımdır. Müştərilərinə printer təklif edən sahibkarla, restoran sahibinin sosial şəbəkədə fəaliyyəti bir ola bilməz. Hansı məhsulu, hansı tip sosial şəbəkələrdə reklam etmək lazım olduğunu təyin etmək üçün sosial şəbəkələri 3 qrupa bölmək olar:
  • Kütləvi istifadəçilər üçün nəzərdə tutulmuş sosial şəbəkələr. Buraya Мой мир, Однаклассники, Вконтакте, Facebook, Twitter kimi sosial şəbəkələri aid etmək olar. Bu tip sosial şəbəkələrdə daha çox kütləvi tələbat malları, məsələn, geyim əşyaları, mebel, avtomobil, restoranlar, xidmət obyektləri və digər məhsulların reklamı daha effektiv olur.
  • Professional sosial şəbəkələr. Buraya Linkedin, Xing, Мой круг və s. kimi sosial şəbəkələri aid etmək olar. Bu tip şəbəkələrdə əsasən xüsusi peşə sahibləri toplanır. Belə saytlarda kütləvi tələbat üçün deyil, müxtəlif peşəkarları maraqlandıran reklamların yerləşdirilməsi daha effektiv hesab edilir.
  • Ümumi maraqlar üzərində qurulan sosial şəbəkələr. Belə şəbəkələrdə istifadəçilər öz maraqlarına görə birləşib müzakirələr aparırlar. (Məsələn, dizaynerlər, şahmatçılar və ya hansısa musiqi janrını seçən adamlar.) Buraya, MySpace, MyAnimeList kimi sosial şəbəkələr aid edilə bilər. Qeyd etmək lazımdır ki, bu tip sosial şəbəkələrin Azərbaycanda istifadəçiləri hələlik son dərəcə azdır.
Sosial şəbəkələrdə reklam yerləşdirmənin üstün cəhətlərindən biri TV və digər reklam daşıyıcılarından fərqli olaraq qiymətlərin son dərəcə münasib olmasıdır. Bəzən ödənişsiz reklam yerləşdirməyin mümkün olduğu sosial şəbəkələrdən əldə edilən məlumatlara istehlakçıların inam faizi son dərəcə yüksəkdir. Təsadüfi deyil ki, PG kimi dünyanın ən iri reklam verən şirkətinin marketinq direktoru Mark Pritçardın sözlərinə görə, reklam sənayesi özünü bötüvlükdə sosial-medianın üzərində qurmalıdır, çünki insanlar artıq adi televiziya və küçə reklamlarından beziblər.

sosial media-marketinqEyni tendensiya Azərbaycanda da davam edir. Era Marketing şirkətinin araşdırmalarına görə, Azərbaycan əhalisinin yalnız 18%-i TV və radio reklamlarına inanır. Ölkədə əhalinin böyük əksəriyyəti üçüncü şəxslərə və keçmiş təcrübəsinə daha çox etibar edirlər ki, bu da sosial medianın hal-hazırda nə qədər əhəmiyyətli ola biləcəyini sübut edir.

Bəs sosial-mediada məhsulu (və ya xidməti) necə reklam etmək olar? İnternetdə reklamın uğurlu formulu mövcuddurmu?

Sosial şəbəkələrdə reklam fəaliyyəti banner reklamları və tanıtıcı səhifələr vasitəsilə aparılır. Banner reklamları iri şirkətlər üçün daha effektivdir, çünki bu reklamlar digər reklam ünsürləri istifadə edilmədiyi halda son dərəcə az effekt verir. Orta və xırda sahibkarlar üçün ideal hesab edilən tanıtıcı reklam səhifələridir.

Tanıtıcı səhifələr. Bu tip reklam üsulundan istifadə etmək üçün heç bir maliyyə resursuna ehtiyac yoxdur. Sahibkar sosial şəbəkələrdə biznesini təmsil edən səhifəni yaradaraq onun tanıdılması üçün aşağıdakı addımları ata bilər:
 
Birinci addım: Konkret məhsulun və xidmətin müştərisini təyin etmək. Bu, istənilən reklam prosesində ən vacib addımlardan biridir. Bu mərhələdə, konkret məhsulunuzun istifadəçisini təyin edirsiniz. Əgər təklif etdiyiniz məhsul məktəb çantalarıdırsa, deməli reklamlarınız 32-36 yaşlı gənc ailələrə hədəflənib. Çünki çanta alınması üçün yerin seçimində əsas qərar məhz məktəbə gedəcək uşaqların valideynləridir.

İkinci addım: Müştəriyə uyğun olan sosial şəbəkədə tanıtıcı səhifənin yaradılması. Tanıtıcı səhifənin (Facebook, Мой мир, Однаклассники və s.) yaradılması tamamilə pulsuzdur. Vacib bir məqama diqqət etmək lazımdır - tanıtıcı səhifəni reklam səhifəsi ilə eyniləşdirmək lazım deyil. Tanıtıcı səhifədə təklif etdiyiniz əsas məhsulların foto təsviri və qısa formada şirkətinizin hansı işləri gördüyü haqda informasiya vermək lazımdır. Reklam səhifələrində isə daimi məhsul haqda məlumatlar verilirsə, tanıtıcı səhifələrdə müştəri ilə unsiyyət qurmağa çalışılır.

Üçüncü addım: Tanıtıcı səhifənin sosial şəbəkə iştirakçıları arasında təbliğatının başlanılması. Bu addımda məhsulunuzun əsas müştərisi ola biləcək istifadəçiləri “dost” kimi əlavə etmək, səhifədə onları maraqlandıracaq məlumatlar yerləşdirmək və potensial müştərilərinizlə əlaqələr qurmaq lazımdır. Birinci mərhələdə təbii olaraq aktivlik aşağı olacaqdır. Bu dövrdə sizdən əzmlə işləmək tələb edilir. Müxtəlif mövzular açaraq tanış və dostlarınızı öz səhifənizə dəvət etmək vacibdir. Məhsullarınız haqqında yenilikləri ardıcıl olaraq səhifənizdə yerləşdirmək lazımdır. Qeyd etmək vacibdir ki, səhifənin tanıdılması yalnız internetdə deyil, həmçinin, satış nöqtəsində, biznes kartlarınızda mütləq şəkildə göstərilməlidir.

Dördüncü addım: Tanıtıcı səhifənizdə müştəriləri maraqlandıran aksiyaların keçirilməsi. Bu məsələ sosial şəbəkədə səhifənizin inkişafı üçün çox vacibdir. “Rahat” marketin Facebook-da olan səhifəsində şirkət daimi olaraq yenilikləri və tədbirləri barədə informasiya verir. Belə informasiyaların verilməsi marketdə olan xüsusi təkliflərdən müştərilərin tez xəbərdar olmalarına gətirib çıxarır. Bu yaxında bahalı saat satışı ilə məşğul olan şirkətlərdən biri, facebook-dakı tanıtım səhifəsində yeni modellərinin şəkillərini yerləşdirib. Məqsəd çox sadədir, saatlardan “xoşum gəldi” işarəsini tıklayan istifadəçiyə kod göndərilir. Bu kod mağazada səsləndirilən zaman, həmin modelə 10% endirim tətbiq edilir. Bununla saat satıcısı özünün sosial şəbəkədəki fəaliyyətini birbaşa olaraq satışların artımı ilə əlaqələndirir.

Beşinci addım: Fəaliyyətin sahibkara faydalılıq dərəcəsi təyin edilir və gələcək planlar qurulur.

Sosial şəbəkələrdə şirkətin fəaliyyətini təbliğ edərkən bunu mütləq qaydada ardıcıl və daimi olaraq edin.  

Sonda bir daha qeyd etmək yerinə düşür, internet reklamlar hal-hazırda bütün dünyada ən çox tərcih edilən reklam vasitəsidir və brendin (şirkətin) müştəri ilə ünsiyyəti üçün əvəzsiz imkanlara malikdir.

Müəllif: İlkin Manafov
Mənbə: Sosial şəbəkələrdə reklam kampaniyalarının keçirilməsi
 

0 şərh