Menecer kimdir?

Menecmentin əsasını təşkil edən başlıca element - idarəçilik fəaliyyətinin peşəkar xarakter daşımasıdır. İngilis termini olan «manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur.
Menecer (ingilis manager, manage - idarəetmə) - muzdlu idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir.
Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir? sualıdır. Uzun illər ərzində o, müvəffəqiyyətə necə nail olmaq məsələsinin aydınlaşdırılmasında başlıca məsələ olaraq qalmışdır. Buna görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir. Belə ki, Konfutsi belə hesab edirdi ki, rəhbər hər şeydən əvvəl öz silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfuz etməyi bacarmalıdır. Homerin dövründə Yunanlar ideal rəhbər üçün zəruri olan aşağıdakı dörd keyfiyyəti göstərirdilər:
l)Nestorun müdrikliyi;
2)Agamemonun ədalətliyi;
3)Odisseyin bicliyi;
4)Axillesin enerjiliyini.
Homer qeyd edirdi ki, həqiqətdə ideal rəhbərlik mövcud deyildir. Əgər rəhbərlər onlara xas olan keyfiyyətlərlə məqsədyönlü istiqamətdə birgə fəaliyyət göstərərlərsə yalnız ona yaxınlaşmaq olar. Buna görə də rəhbər özünün güclü və zəif tərəfləri haqqında daima düşünməlidir. Əks halda o, tutduğu yüksək vəzifənin qurbanı ola bilər.

XXI əsrin başlanğıcında bir sıra alimlər belə hesab edirlər ki, müasir menecment aşağıdakı cədvəldə qeyd edilən keyfiyyətlərə malik olması zəruridir
Müasir menecerin zəruri keyfiyyətləri


Müasir menecerin keyfiyyətləri

Keyfiyyətlərin təsviri

Fiziki

- aktivlik, enerjilik, sağlamlıq, güclülük;

Şəxsiyyət

- uyğunlaşa bilmək, özünə inamlı olmaq, nüfuzluluq, müvəffəqiyyətə cəhd etmək;

Intellektual

- ağıl, lazımı qərar qəbul etməyi bacarmaq, intuisiya, yaradıcılıq başlanğıcı;

Qabiliyyət

- təmas qurmaq, asanlıqla ünsiyyət qurmaq bacarığı, taktiki olmaq, diplomatik olmaq

Bu fikrin əleyhdarları isə aşağıdakı arqumentləri göstərirdilər:
- menecerin yuxarıda sadalanan keyfiyyətlərə malik olması heç də hələ rəhbərliyin effektliyinə təminat vermir;
- qeyd edilən bütün tələblər yalnız, o qədər də çox sayda olmayan insanları qane edir;
- bu yanaşmanın tərəfdarları belə hesab edirlər ki, «rəhbərlər doğulur»;
- yaxşı rəhbərlik etməyi öyrənmək olmaz (və ya praktiki olaraq olmaz).

Müasir dövrdə menecmentin əksər nəzəriyyəçiləri tərəfindən etiraf edilir ki, ideal menecer aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
- bazar iqtisadiyyatının formalaşması və inkişafı ilə bağlı olan hər şeyin dərindən dərk edilməsi və öyrənilməsi;
- qəbul edilən qərarın siyasi nəticələrini nəzərə almaq bacarığı;
- sahibkarlıq fəaliyyətində insan ehtiyatlan amilinin axtarılması və istifadəsi qabiliyyət və ona meyllilik; ,
- elmi-texniki tərəqqinin yaxşı nailiyyətlərindən effektli istifadə etmək bacarığı;
- müəyyən mərhələdə ictimai əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq naminə öz şəxsi maraqlarından imtina etməyə hazır olmaq;
- psixoloji təhsil;
- sosial ədalət prinsiplərinə meyllilik və onu rəhbər tutmaq istəyi;
- öz üzərinə məsuliyyəti götürmək bacarığı;
- işin xeyri üçün tənqid etmək və tənqidi iradlar qəbul etmək qabiliyyəti;
- daima təşəbbüs və zirəklik (cəldlik) göstərmək;
- işgüzarlıq (faydasız işlər görməməyi bacarmaq);
- maneələri aradan götürməyə, iradə və çeviklik göstərməyə cəhd etmək;
- məntiqi fikirləşmək;
- işin xeyrinə olaraq öz mövqeyinə əks olan təkliflərdən istifadə etmək bacarığı;
- effektiv iş metodlarının köməyi ilə həddən artıq yüklənməkdən müdafiə olunmaq vasitəsi kimi stressə qarşı davamlı olmaq.

Menecerin fəaliyyətində rasional qaydada düşünmək xüsusi rol oynayır. Müasir dövrdə ölkəmizin menecerlərinin təfəkkür prosesinin dialektikasını aşağıdakı əlamətlərlə xarakterizə etmək olar:
- təfəkkürün panoramlığı (sistemliyi, əhatəliyi, kompleksliyi) və peşəkar predmetlik (idarəetmənin detalları və incəliklərini bilmək);
- öz prinsipial xəttini həyata keçirməklə özünün nöqteyi nəzərinə, mövqeyinə, fikirlərinə zidd olanları başa düşmək, qəbul etmək və onlardan istifadə etmək bacarığı;
- rəhbərliyə müxalifət vəziyyətinə düşməmək şərti ilə yuxanda edilən qeyri-işgüzar təsirlərə qarşı durmaq bacarığı;
- xoşa gəlməmək vəziyyətinə düşməmək şərti ilə razılaşmamaq bacarığı;
- yeni ideyalar və nailiyyətlərə meyillilik, onları projekertikdən fərqləndirmək qabiliyyəti;
- risk etmək qabiliyyəti (qərarlar qəbul etmək, bu qərar və hərəkətlərin nəticələrinin pozitivliyinə tam inanmadan hərəkət etmək), biznes. üçün böyük itkilərə gətirib çıxaran məsələlərdə nadir hallarda səhv etmək;
- insanlarla davranışda son dərəcədə taktiki və incə olmaq, işdə müəyyən edilmiş istənilən kənarlaşmalara qarşı şərt şəkildə reaksiya vermək;
- öz nüfuzu ilə tabeliliklə olanların fikir və hərəkətlərini məhdudlaşdırmağa imkan verməyən demokratikliklə bərabər kollektivdə intizamın yüksəldilməsi xəttinin həyata keçirilməsində əzmkar olmaq. Çünki, bunsuz yüksək səmərəli işə nail olmaq mümkün deyildir.

Müasir menecer idarəetmə prosesində şəraitin tələblərinə müvafiq olmaq üçün müxtəlif şəraitlərdə fərqli mövqe nümayiş etdirməyə və reallaşdırmağa qabil olmalıdır.
Menecerin biznesin müxtəlif sferasında məharəti özündə aşağıdakıları birləşdirir:
- özünə bərabər olan insanlarla münasibətlər sistemini qurmaq və onu gözləmək qabiliyyəti;
- lider olmaq - tabeçilikdə olanlara rəhbərlik etmək qabiliyyəti, insana hakimiyyət və məsuliyyətlə eyni vaxtda gələn bütün mürəkkəblik və problemlərinin öhdəsindən gəlmək;
- münaqişələri həll etmək, onların baş verə biləcəyi haqqında işçiləri xəbərdar etməyi bacarmaq, əgər bunu etmək alınmazsa münaqişədə olan iki tərəf arasında vasitəçi qismində çıxış etmək, psixoloji stresin doğurduğu xoşagəlməzlikləri tənzimləmək qabiliyyəti;
- informasiyanı işləməyə və bunun əsasında təşkilatda kommunikasiya sistemini qurmağa, etibarlı informasiya almağa və onu effektli qiymətləndirməyə hazır olmaq;
- standart olmayan idarəçilik qərarları qəbul etməkdən çəkinməmək - alternativ hərəkət, informasiya və məqsəd variantları aydın olmadıqda və ya şübhəli olduğu şəraitdə problemin həllini tapmaq qabiliyyəti;
- təşkilatın malik olduğu resursları effektli şəkildə bölüşdürmək bacarığı - lazımi alternativi seçmək, qısa vaxt və məhdud resurslar şəraitində optimal variant tapmaq qabiliyyəti;
- sahibkar olmaq - özünü doğruldan riskə getmək və təşkilatda yenilikləri tətbiq etməyə hazır olmaq;
- özünü təhlilə hazır olmaq - təşkilatdakı rolunu və mövqeyini obyektiv qiymətləndirmək; menecerin kollektivə hansı təsiri göstərmək qabiliyyətində olmasını görməyi bacarmaq.

Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov

 

2 şərh

2ral
Menecer üçün ən vacib xüsusiyyət informasiyanı düzgün və qərəzsiz emal etmə bacarığıdır. O varsa qalan şeyləri öyrənmək olar.Əgər ananliz etmə qabiliyyəti yoxdursa istəyir 3 dənən MBA qurtarsın,xeyri yoxdur.
fidan
Bu sahədə yaxşı məqalələr olsa bu yaxında liderlik adlı bir bloq da qurarıq.