Dolce&Gabbana

“Qadın bədəni eyni zamanda həm cəlbedici, həm də əlçatmaz təsir bağışlamalıdır”

Vaxt var idi, xarci kanallarda cırıq-mırıq, sürtülmüş görüntüyə malik olan cins şalvarlar görəndə bir təhər baxır, gülürdük. Sonra buna bəzilərimiz də alışdıq. Hərçənd ki, böyüklərdən, nənələrdən soruşsan yenə də söyüb keçirlər)))) İstəyirəm o şalvarları dəbə gətirən şəxslərdən bəhs edim.

Domeniko Dolçe

Bizlər bəzən məşhurlar barəsində düşünəndə, nədənsə elə bilirik ki, onlar mütləq varlı ailədə dünyaya gəlib, yetişmiş, pulları sayəsində xaricdə təhsil almış və gələcəklərində beləcə uğur qazanmışlar. Amma, onların həyatını öyrənəndə görürük ki, bu hamısında heç də belə deyil.

Domeniko Dolçe

Məşhur dəb duetinin bir üzvü olan D. Dolçe 1958-ci ilin avqust ayının 13-də Sicilyada anadan olmuşdur və yazımın ilk misralarından da bəlli olduğu kimi, o heç də varlı yox, əksinə kasıb bir ailədə dünyaya göz açmışdır.Amma, onun atası bir balaca bir atelyeyə sahib idi. Elə Dominiko da bu işi 6-7 yaşından etibarən həmin atelyedə atasına yardım edərək öyrənmişdi və tez bir zamanda işə elə mənimsəmişdi ki, boş vaxtlarında belə artıq qalan parça kəsiklərindən miniatür kastyum və donlar tikərmiş və deyilənə görə, o, hətta, köynəklərin qolunu gözüyumulu şəkildə tikə bilirdi. Buna görə yaxınları onu "Motsart" adlandırar və deyərdilər ki, “o musiqinin dahisi olduğu kimi, sən də tikişin dahisisən”

Qanunlarla yayayan Siciliya. Ailə bir silciliya ailəsi idi, ağır, hansı ki, orda ata sözü hər şeydən öndə idi. O vaxt da adət belə idi ki, övladlar ata sənətini davam etdirər və bu işin başına keçərlərdi. Amma, o ata sənətini davam etmək istəməyib, yarıda qoyub, təhsil almaq istədi. Amma, bunun da ömrü uzun olmur, çünki, o təhsili sıxıcı sayır və 1 ildən sonra onu da yarımçıq saxlayıb, incəsənət məktəbinə daxil olur. Daha sonra isə yol alır birbaşa Milana.

 

Stefano Qabbana

Domeniko Dolçedən fərqli olaraq Stefano Qabbananın atası zəngin, məşhur bir milan stilisti idi. Qanunsuz nigahın bəhrəsi olan Stefano 1963-cü ilin noyabr ayının 14-də Milanda dünyaya gəlmişdir. Ailə tam deyildi, amma, heç bir məcburiyyətləri, çətinlikləri də yox idi, çünki, Stefanonun atası onları lazım olan hər şeylə (maddi baxımdan) təmin edirdi. Stefano elə bil ki, əlində karandaşla böyüyüb, belə ki, o uşaqlıqdan rəsm çəkməyi çox sevirmiş.Təbii ki, bu da gələcəkdə özünü biruzə vermiş oldu, belə ki, o sonralar incəsənət kollecinə daxil olub, qrafika və dizayn şöbəsində təhsil alır. Amma, oranı rəssam kimi yox, “kreativ direktor” ixtisası üzrə başa vurur. Təbii ki o da bir çoxları kimi ixtisası üzrə işləmir, öz həvəsinin dalınca gedir.

Cavanlığından modaya hədsiz maraq göstərən, “Fioruççi” firmasından ən son dəbə uyğun geyimlər geyinən Stefano deyir ki, “o vaxt heç ağlıma belə gəlməzdi ki, nə vaxtsa mən özüm də geyimlə məşğul olacağam, düşünməzdim ki, geyim yaratmaq mənim öz biznesimə çevriləcək.”

Domeniko Dolçe və Stefano Qabbana

Arzularının, planlarının şəhəri Milan! Biri arzularının dalınca Milana gəlir, digəri isə onsuz da burdadır. Sadəcə onlara görüşmək lazım idi, hansı ki, bu da bir atelyedə baş verdi. Gələcəyin məşhur dəb duetinə çevriləcək olan bu ikili ikisi də bir atelyedə asistant kimi işləyirdilər. Çox maraqlıdır ki, həm xasiyyətcə uyğunlaşmayan, həm ailə tərzinə görə tamam fərqli, bir-birinə zidd olan iki şəxs bu yolda dil tapır. Onlar ilk baxışdan çox fərqlidilər, amma, əlbəttə ki, hansısa bərabərlik, əlaqə üçün insani xüsusiyyətlər, xasiyyətlər, yaşam tərzi eyni olmalıdır deyə bir qayda yoxdur ki! Bu beyin və ürəklə əlaqdar olan bir şeydir.

Onlar bir-birlərini tanıyandan sonra məlum olur ki, bəyəndikləri ortaq şeylər də var. Beləliklə, həvəslərinin, düşüncələrinin, tərzlərinin üst-üstüə düşdüyünü anlayan bu iki şəxs özlərini moda aləmində sınamaq istədilər və sınadılar da. Hər zaman, hər yerdə, bütün işlərində və hətta, dincələndə də bir yerdə olan bu cütlüyü dostları “dolçeqabbanata” adlandırırlar.

Sonralar müsahibələrin birində onlara belə bir sual verirlər: Siz uzun müddətdir ki, bir yerdə işləyirsiniz, bəlkə də sizin gördüyünüz yuxular da eynidir, elə deyilmi?!

- Əlbəttə ki, biz həmişə bilirik ki, hər birimiz nə düşünürük, başımızda hansı düşüncələr hərlənir. Həm də təbiidir ki, biz fərqli yuxular görə bilərik, bəzən fərqli istəklər hiss edə bilərik, fərqli ideyalara tutula bilərik. İlk baxışdan bunlar fərqli olsalar da, bizi birləşdirən xüsusi dalğalar sayəsində biz bütün qarşıçıxmaları yenə bilər və bir nəticəyə gələ bilərik – bəzən də gözlənilməz, amma, bu situasiyada sırf düzgün nəticəyə.

Stefano deyir ki, “əgər mənim Domeniko ilə işləməyim dayansaydı, mən, ümumiyyətlə, moda dünyasından çəkilərdim”

1982-ci il, Milan! Şəhərin mərkəzində kiçik bir studiya açıldı. Sonralar böyük podiumları fəth edəcək bu ikili ilk kolleksiyalarını şəhərdə adi bir kafedə nümayiş etdirməli olurlar. Çünki başa düşmək olur ki, bu işə girişən gənclər hələ o imkana malik deyildilər ki, öz əməklərini yetirncə maliyyələşdirsinlər. Səylər, çalışmalar, əzm ona gətirib çıxarır ki, artıq 3 il sonra 1985-ci ildə Stefano və Domenikoya təklif olunur ki, Milano Collezioni moda nümayişində onlar da iştirak etsinlər. Onların “Gözəl, güclü, amma, ideal olmayan qadın” kolleksiyası həmin nümayişdə çox böyük uğur qazanmış olur. Bax bu! İstədilər, səy göstərdilər, əzmlə çalışdılar və nəticədə bu yerə gəlib, özlərini təsdiq etdilər. Bu böyük bir uğur idi.

Bundan sonrası isə mütləq gəlməli idi, belə ki, onlar 1986-cı ildə öz kolleksiyalarını Real Women şousunda təqdim etmiş olurlar. 1987-ci ilin mart ayında isə modelyerlər ilk trikotaj kolleksiyalarını da sərgiləyirlər. Fikir verdinizsə “modelyerlər”dedim. Bunu belə də deməli idi, bayaqdan cütlük, ikili deyə adlandırdığım şəxslər artıq modelyer, dizayner adını qazanmışdılar. Artıq kifayət qədər məhurlaşan modelyerlər 1989-cu ildə çimərlik və alt paltarları kolleksiyasını da ictimaiyyətə təqdim edirlər.

Dolce-Gabbana moda evi

Qadın gözəldir, incədir və güclüdür, qadın cəlbedicidir. Onlar kolleksiyalarında qadının güclülüyünü və eyni zamanda incəliyini, gözəlliyini göstərirdilər. Onlar qadının çəkiciliyini, seksuallığını və eyni zamanda da əlçatmazlılığını göstərirdilər. Onlar qadında özünə əminliyi görmək istəyir və bunu öz geyimlərində vurğulayırlar.

Uğur, şan-şöhrət və pul! Onların bu sahədə qazandıqları uğur kommersiya sahəsində də özün biruzə verir, belə ki, 10 il ərzində kiçik, balaca bir otelyedən əsl brendə, markaya çevrilməyi bacarır və şöhrətlə milyonlara sahib olurlar. 1982-ci ildən yaranmış şirkət, böyük bir əzmlə, bərk addımlarla irəliləyir, 1987-ci ildən etibarən genişlənməyə başlayır, sürətlə böyüyür və çox yerləri fəth etmiş olur. İlk öncə studiya, sonra demonstrasiya zalı, daha sonra şəxsi mağaza və beləliklə 1994-cü ildə Milan və Nyu-Yorkda iki salon artıq fəaliyyətə göstərmiş olur. Onlar 1988-ci ildən Onward Kashiyama şirkəti ilə müqavilə bağlayaraq öz geyimlərini Yaponiyaya da ixrac eləməyə başlayırlar.

Sonralar isə dünyaya açılmaq istəyən modelyerlər “Genny group”dan maddi dəstək alaraq artıq dünyanın bir çox yerlərində - Honkonq, Sinqapur və s. başqa yerlərdə də butiklər açırlar. Təbii ki, dünya şöhrətli şəxslər də belə uğurun qarşısında laqeyd qala bilməzdilər. Belə ki, məşhur modelyerlərin modelləri və müştəriləri sırasında N. Kembel, N.Kidman, Demi Mur, Madonna, U.Hyuston, İsabella Rosselini və s. kimi tanınmış simalar durur.

Cırıq-mırıq cins şalvarlar, incə belli donlar, pencəyin altından görünən top-büstqalterlər, şəffaf-tüldən alt paltarları, krujevalı corablar – bunların hamısını məhz Dolçe və Qabbana dəbə gətirmişdir. Hətta, o zamanlar ancaq dul qadınların geyindiyi qara donları da elə dəbə saldılar ki, artıq hamının şkafında bu donlardan görmək olardı. Qısa qara don bütün zamanların klassik üslubuna çevrilmişdi.

“Dolce & Gabbana pour Homme” – onların yaradıcılığında tək geyimlər yox, eləcə də ətirlər də ad qazanıb. Dolçe və Qabbana tərəfindən adını qeyd elədiyim eleqant kişi ətri 1996-cı ildə yaradılmışdır. Bundan sonra “Light Blue”, “Light Blue pour Homme”, “Pour Homme”, “The One pour Femme” ətirləri, bundan əlavə çantalar, eynəklər və s. və i. a.

Dolce-Gabbana moda house logo

Dolce & Gabbana женский показ зима 2009
Həmçinin bax:

Pierre Cardin
Versace
Giorgio Armani
Dolce və Qabbana
Kristian Dior
Koko Şanel
Gucci

 

6 şərh

Aynur
Çox maraqlı postdur.Bu bloqda yeni yazılar olsa lap yaxşı olar.
Nailə_Rzayeva
Maraqlı məlumatdı,  bu bardəd qismən də olsa məlumatım var idi, amma burada daha geniş məlumat əldə etdim…
Dior
Mən də Dior haqqında yazmaq istədim lap)))
bloqçu
Dior Dior haqda yazsın biz də oxuyaq))))
bloqçu
Dolçe və Qabbana ilə olan bir müsahibədə qeyd ediblər ki, “heç vaxt ağıllarına belə gəlməzdi ki, onlar nə vaxtsa pop ulduz Madonnayla yaxından tanış olarlar”. Madonna onlar üçün ideal idi -Madonnanın sənətinə, özünə həmişə pərəstiş edirdilər və deyilənə görə onlar jurnalların birində Madonnanı özlərinin hazırladıqları bir kostyumda görəndə şokda idilər. Bu da onu sübut edir ki, onlar çox təvazökar və utancaq idilər. Amma, elə sevinmişdilər ki, hətta, eşidəndə ki, Madonna onların kolleksiyaları ilə yaxından tanış olmaq istəyir – dizaynerlərin sevincinin həddi-hüdudu yox imiş. Madonna — “onların geyimlərində lap məndə olduğu kimi, seksuallıq və yumor hissi var” deyib, yaradıcılıqlarını yükək qiymətləndirir.
Bundan sonra Madonna öz turnesi üçün modelyerlərlə müqavilə imzalayır və iki aydan da az müddətdə Dolçe və Qabbanadan 1500-ə yaxın kostyum əldə edir. Halbuki ki, o müqavilə imzalanan zaman pul söhbəti olmayıbmış və nəticədə elə olmuşdu ki, onlar müğənni üçün bu işi pulsuz görüb, belə qeyd eləmişdilər: Yəqin ki, bu ondan irəli gəlir ki, biz çalışanda işimizin dəyəri barədə düşünmürük, çünki, xərcləyə biləcəyimizdən qat-qat artıq pul qazanırıq. Amma, müğənni onlara az da olsa əmək haqqı ödəmiş olur. Bir neçə il sonra isə müğənninin o turne zamanı geyindiyi bustqalter auksionda 7 min dollardan start götürrərək 24 min dollara satıldığı məlum olur