İlk butsların yaradıcısı

Adolf (Adi) Dassler alman sənayeçi və idman geyimləri dünyasında məşhur “Adidas” şirkətinin yaradıcısıdır (1948). Adolf Dassler Bavariyanın kiçik Gerçogenaurah şəhərciyində dünyaya gəlib. Onun anası paltaryuyan, atası isə çörəkçi idi. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Almaniyada vəziyyət elə də yaxşı deyildi və Dassler ailəsi üçün də pis günlər başlayır. 1920-ci ilin əvvəlində Dasslerlər ailə biznesi yaratmaq qərarına gəlirlər. Bu ailə biznesi isə çəkməçilik idi. Adolfun anasının paltar yumaq üçün istifadə etdiyi məkan emalatxanaya çevrilir. Adolf, onun böyük qardaşı Rudolf və atası burada ayaqqabını tikir, bacıları və anası isə kətandan model hazırlayırdılar. Ailənin istehsal etdiyi ilk məhsul yataq çəkmələri olur.

1924-cü ilin iyul ayında ailə artıq “Dassler qardaşlarının ayaqqabı fabriki”-nin əsasını qoymuşdu. Bu fabrikin isə öz növbəsində ailənin üzvləri də daxil olmaqla 12 işçisi var idi. Onlar birlikdə 1 gün ərzində 50 cüt ayaqqabı istehsal edirdilər.

1925-ci ildə Adolf Dassler çıxıntılı futbol ayaqqabıları yaratmaq qərarına gəlir və yaradır da. Beləliklə dünyada ilk butslar peyda olur. İdmançılar bu ayaqqabılar ilə ilk dəfə 1928-ci ildə Amsterdamda keçirilən Olimpiadada çıxış etmişlər. 1936-cı ildən etibarən isə “Dassler” Almaniyada idman ayaqqabısı standartı elan edilir.

1938-ci ildə onların müəssisəsi artıq bir gündə 1000 cüt ayaqqabı istehsal edirdi. İkinci dünya müharibəsindən sonra qardaşlar ailə biznesini sıfırdan yaratmalı olur. 1948-ci ilin yazında ailə başçısının dünyasını dəyişməsi ilə Dassler qardaşları şirkəti bölür və onlardan hər biri öz şəxsi biznesini yaradır. Bu zaman Rudolf “Puma”, adolf isə “Adidas” şirkətini yaradır. Təxminən elə bu vaxtlarda da şirkətin məşhur loqotipi yaradılır.

1960 və 1970-ci illər “Adidas” şirkəti üçün qızıl dövrə çevrilir. Adi Dasslerin şirkəti idman aləmində əsl liderə çevrilmişdi.

Adolf Dassler isə 1978-ci ildə ürək çatışmazlığından dünyasını dəyişir və çiçəklənən şirkətini 5 övladına miras qoyur.
 

0 şərh