"Qüdrətli dəstə"

1855-ci ildə Nijni Novqoroddan Miliy Balakirev (1837 — 1910) adlı gənc bir bəstəkar və pianoçu Peterburqa gəlir. Cəmi 18 yaşında olan bu istedadlı musiqiçinin sənətində və şəxsiyyətində sanki qeyri-adi bir cazibə qüvvəsi varmış. Çox keçmir ki, musiqi ilə ciddi məşğul olan bir neçə gənc -Preobrajen polkunun zabiti Modest Musorqski (1839 — 81), Dənizçilər Korpusunun tələbəsi Nikolay Rimski-Korsakov (1844 — 1908), kimyaçı-professor Aleksandr Borodin (1833 — 87), hərbi mühəndis Sezar Kui (1835 — 1918) Balakirevin başına toplaşır və onun rəhbərliyi altında rus musiqisində yeni yollar aramaq niyyətinə düşürlər. Qısa bir müddətdən sonra musiqi adi məşğuliyyətdən, əyləncədən onların həyatlarının mənasına çevrilir.

«Rus musiqiçilərinin bu kiçik, lakin eyni zamanda qüdrətli dəstəsi necə də yüksək poeziya, hissiyyat, istedad və məharətə malikdir», — görkəmli rus tənqidçisi Vladimir Stasovun bu sözləri heç özü də fərqinə varmadan qrupun adını müəyyənləşdirir -«Qüdrətli dəstə»… «Qüdrətli dəstə»ni eyni zamanda «Balakirev dərnəyi» və ya «Yeni rus musiqi məktəbi» adlandırırlar. Sıx yaradıcılıq əməkdaşlığı ilə bərabər, dəstə üzvləri bir-birinə həmçinin səmimi dostluq münasibəti bəsləyirdilər. Onlar yaratdıqları yeni əsərləri çox vaxt yığışıb müzakirə edir, bir-birilə məsləhətləşirdilər. «Qüdrətli dəstə»nin üzvləri rus xalqının tarixindən, məişətindən, nağıllarından seçdikləri mövzuları musiqi dilinə çevirərək vətənpərvərlik ruhu ilə aşılanmış monumental əsərlər bəstələmişlər. Onlar zəngin xalq musiqisi xəzinəsinə müraciət etmiş və həm rus, həm də Qafqazda, Orta və Yaxın Asiyada yaşayan millətlərin özünəməxsus melodiya və ritmlərini əsərlərində səsləndirmişlər. Miliy Balakirev nadir fitri istedad sahibi idi. Onun Qafqaz melodiyaları əsasında fortepiano üçün yazdığı "İslamey" fantaziyası, U.Şekspirin «Kral Lir» faciəsinə bəstələdiyi musiqi, «Tamara» simfonik poeması, romansları, xalq mahnılarının işləmələri rus musiqi xəzinəsinə əbədi daxil olmuşdur. Balakirev həmçinin məharətli pianoçu və dirijor kimi Avropanın bir sıra ölkələrinə uğurlu qastrol səfərləri etmişdi. Bəstəkarın rus musiqisinin çiçəklənməsi naminə gördüyü işlər də qeyd olunmalıdır. Belə ki, 1862-ci ildə onun təşəbbüsü ilə Peterburqda Pulsuz Musiqi Məktəbi açılmışdı.
Aleksandr Borodinin yaradıcılıq irsi həcmcə kiçik olsa da, rus musiqi mədəniyyətində əhəmiyyətli yer tutur. Borodini çox zaman «rus musiqisinin bahadırı» adlandırırlar. Doğrudan da, bəstəkarın şah əsərləri olan «Knyaz İqor» operasında və 2-ci -«Bahadır» simfoniyasında rus tarixinin qəhrəmanlıq səhifələri canlanır, Vətən naminə igidlik, şücaət ideyaları tərənnüm edilir. "İqor polku haqqında hekayət" adlı rus eposu əsasında yazdığı «Knyaz İqor» operasının baş qəhrəmanı — rus knyazı qıpçaqlara qarşı yürüşə çıxır, lakin məğlubiyyətə uğrayır. İqoru və ümumiyyətlə, rusları səciyyələndirərkən Borodin milli folklorun xüsusiyyətlərindən istifadə etmişdir. Qıpçaqlara gəldikdə isə onlar gözəl, ifadəli Şərqsayağı musiqi vasitəsilə təsvir edilir və heç də əsərin mənfi qəhrəmanları kimi deyil, rusların layiqli tərəf-müqabilləri kimi qələmə verilirlər. Şərq musiqisinə dərindən bələd olduğunu Borodin «Knyaz İqor»dan başqa, «Orta Asiyada» simfonik lövhəsində də nümayiş etdirmişdir. Bəstəkar həmçinin gözəl romanslar müəllifi kimi də şöhrət qazanmışdır.
Modest Musorqskinin musiqi dünyası öz dramatik, hətta faciəvi xarakteri ilə seçilir. Yaradıcılığını xalqın taleyinə, onun azadlığının, mənəviyyatının qorunmasına həsr etmiş Musorqski rus musiqi folklorunun ən qədim qatlarına müraciət etmişdir. Bəstəkarın özünəməxsus dəst-xətti onun məşhur «Boris Qodunov» (A.Puşkinin poeması üzrə) və «Xovanşina» operalarında dinləyicini dərhal özünə cəlb edir. Musorqskinin xalqın acınacaqh vəziyyətindən bəhs edən mahnı və romansları sırasında «Yeryomuşkanın laylası», «Yetimciyəz», eləcə də "Ölüm mahnı və rəqsləri" silsiləsi musiqinin psixoloji dərinliyi, obrazların mürəkkəbliyi ilə seçilir. «Sərgidən lövhələr» fortepiano silsiləsini isə Musorqski yaxın dostu rəssam N.Hartmanın vaxtsız ölümündən təsirlənərək yazmışdır. Burada Hartmanın fərdi sərgisində nümayiş etdirilən müxtəlif rəsmlər musiqi dili ilə sanki yenidən canlanır. «Sərgidən lövhələr» sonralar fransız bəstəkarı Moris Ravel tərəfindən orkestr üçün işlənib və simfonik konsertlərdə bu gün də tez-tez səslənməkdədir. Musorqskinin simfonik əsərləri — məsələn, «Yalın dağda gecə» — zəngin və təravətli səs boyaları ilə fərqlənir.
Nikolay Rimski-Korsakov musiqi mədəniyyəti tarixində sehrli nağıl ustası kimi tanınmışdır. Onun operalarında incə, zərif Qar qızın məhəbbətin təsirindən əriməsi («Qar qız»), novqorodlu tacir və musiqiçi Sadkonun sualtı səltənətə düşməsi («Sadko»), zülmkar Kaşşeyin süquta yetirilməsi ("Ölməz Kaşşey"), küt, məhdud çar Dodon iqtidarının aqibəti («Qızıl xoruz»; A.Puşkinin əsəri əsasında), çar Soltanın sərgüzəştləri ("Çar Soltan nağılı"; A.Puşkinin əsəri əsasında) və digər məşhur nağılların süjetləri ecazkar musiqi dili ilə nəql edilir. Bəstəkarın simfonik əsərləri sırasında isə "İspan kapriççiosu" və «Min bir gecə» ərəb nağıllarının obrazlarını canlandıran məşhur "Şəhrizad" simfonik süitası xüsusilə qeyd olunmağa layiqdir. Rimski-Korsakov musiqisi lirik, psixoloji duyumu ilə fərqlənir. Onun "Çar gəlini" operasında, eləcə də romanslarında məhəbbət və nifrət, sevinc və kədər obrazları daim bir-birini əvəz edir; lap həyatın özündə olduğu kimi.
Rimski-Korsakov həmçinin gözəl pedaqoq olmuşdur. A.Qlazunov, S.Prokofyev kimi görkəmli rus bəstəkarları onun yetişdirmələridir. Hazırda Sankt-Peterburq Konservatoriyası onun adını şərəflə daşımaqdadır.
XIX əsrin 70-ci illərinin ortasından başlayaraq «Qüdrətli dəstə»nin üzvləri arasında şəxsi və yaradıcılıq əlaqələri zəifləyir. Onlardan hər biri yaradıcılıqda yetkinlik dövrünə qədəm qoyduqlarından sənətdə artıq müstəqil, özünəməxsus yolla irəliləyir. Beləliklə, dərnək öz fəaliyyətini başa çatdırır. Lakin «Qüdrətli dəstə» musiqi tarixində parlaq və məhsuldar yaradıcılıq birliyi olaraq qalır. «Qüdrətli dəstə» üzvlərinin milli musiqinin tərəqqisi sahəsindəki xidmətləri və qazandıqları nailiyyətlər rus və Qərbi Avropa musiqisinin inkişafına ciddi təsir göstərmişdir.
Bu əsərlərlə tanış olun:
  • N.Rimski-Korsakov — "Şəhrizad" simfonik süitasi
  • N.Rimski-Korsakov — «Sadko» operasi: vedenet, varyaq və hind qonaqlarının ariyaları
  • N.Rimski-Korsakov — «Qar qız» operasi: Qar qızın ariyasi; Lelin 3-cü mahnısı
  • M.Musorqski -«Sərgidən şəkillər» fortepiano silsiləsi
  • A.Borodin -«Knyaz İqor» operasi: Qıpçaq rəqsləri; Qıpçaq qızlarının xoru; knyaz İqorun ariyası
  • A.Borodin — 2-ci «Bahadır» simfoniyasi: 1-ci hissə
  • M.Balakirev -"İslamey" fortepiano fantaziyası.
 
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
 

0 şərh