Hacı Xanməmmədov

Görkəmli bəstəkar, Xalq artisti, professor Hacı Xanməmmədovun adı çəkiləndə ilk növbədə çoxsaylı könül oxşayan mahnılar yada düşür. “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” kimi onlarla nəğməni sevməyən tapılarmı? Həm də bu mahnılar tanınmış müğənnilərin ifasında qəlbimizi fəth edib…

Hacı Dadaş oğlu Xanməmmədov 15 iyun 1918-ci ildə qədim Dərbənd şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakıda orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur.

Bir təsadüf nəticəsində Üzeyir Hacıbəyli ilə görüşən Hacı dahi bəstəkarın diqqətini çəkir. Bu vaxt Ü.Hacıbəyli “Koroğlu” operasını bitirmək üzrə idi. Əsər 1937-ci ildə akademik teatrda tamaşaya qoyulur. Bəstəkarın dəvəti ilə Hacı simfonik orkestrdə tar partiyasını ifa edir.

1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə “Koroğlu” operasının tamaşasında iştirak edir. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisinin əsasları şöbəsi açılır və Üzeyir bəy H.Xanməmmədovu ora dəvət edir. Musiqi folklorunu dərindən mənimsəyən musiqiçi ilk mahnılarından artıq xalq musiqisindən, muğam çalarlarından bacarıqla istifadə edir.

Onun ilk sanballı əsəri tar və simfonik orkestr üçün yazdığı “Bir nömrəli konsert”i bəstəkarın yaradıcılıq yolunun əsas istiqamətini müəyyən edir. H.Xanməmmədov II Dünya müharibəsi illərində vətənpərvərlik ruhlu əsərlər bəstələyir. “Yürüş marşı”, “Qəhrəmani” bu mövzuda yazdığı maraqlı musiqi əsərləridir. O, sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsində davam etdirir. Əvvəlcə professor Boris Zeydmanın, sonra isə Qara Qarayevin sinfində oxuyur. Hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dirijor kimi fəaliyyət göstərir.

Sonralar bir neçə qədim musiqi alətimizi orkestrə gətirir. Mütəxəssislər xalq çalğı alətləri üçün spesifik xüsusiyyətlərə malik bitkin əsərlərin yazılmasını, yeni janrların meydana çıxmasını H.Xanməmmədovun adı ilə bağlayırlar. Onun simfoniyettaları, simfoniyaları, süitaları əlvan və zərif ritmləri, zəngin melodiyaları ilə diqqət çəkir. Hiss və duyğular bəstəkarı Aşıq Ələsgər və Mikayıl Müşfiq yaradıcılığına daha çox müraciət edib, rəngarəng mahnıları və şən melodiyaları repertuardan düşməyib. Qəlbaçan, könül oxşayan mahnılarını korifey sənətkarlarımızdan Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova və başqaları böyük şövqlə ifa ediblər.



Aşıq Ələsgərin sözlərinə yazılan “Telli”, “Güllü”, “Qadan alım”, “Ceyran”, “Getmə, amandı”, “Niyə döndü” mahnıları, M.Müşfiqin şeirlərinə bəstələdiyi “Yaşa, könül”, “Yadıma düşdü”, “Oxu, sevgilim”, “Sənin gözlərin”, “Qurban olduğum”, “Neyçün gəlmədin”, “Arzuya bax, sevgilim” və başqa bəstələri bu gün də eyni şövqlə sevilir. O, həmçinin gənclik illərindən xalq mahnılarını toplayaraq nota salıb. “Bəh-bəh”, “Ay qadası”, “Gəl, gəl”, “Ay qız, heyranın ollam”, “Yadıma sən düşəndə” və s. mahnılarını buna misal göstərmək olar. Musiqiçi kadrların yetişməsində mühüm xidmətlər göstərən bəstəkar əvvəlcə A.Zeynallı adına Bakı Musiqi Məktəbində çalışıb. 1957-ci ildən isə ömrünü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında milli musiqimizin çiçəklənməsinə sərf edib.



Görkəmli sənətkar yaradıcılıqla bərabər, həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Müxtəlif illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. 1967-ci ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət” ordeninə, 2001-ci ildə Prezident təqaüdünə layiq görülüb. Hacı Xanməmmədov 2005-ci il aprelin 7-də, 87 yaşında vəfat edib.

«Mədəniyyət» qəzeti
Savalan Fərəcov
loading...
 

0 şərh