Рейтинг
+26.40

böyük musiqiçilər

43 üzv, 85 topik

Yozef Haydn

KLASSİSİZM DÖVRÜ
XVIII əsrin ortalarında gərgin emosiyalı, əzəmətli barokko musiqisi öz əhəmiyyətini tədricən itirməyə başlayır. Daha dürüst, tarazlaşdırılmış musiqi formalarına meyl yeni, klassisizm cərəyanının bərqərar olmasına gətirib çıxarır. O zaman Avropanın «musiqi paytaxtı» sayılan Vyananın zəngin bədii ənənələrindən bəhrələnmiş Haydn, Mosart və Bethoven yaradıcılığı klassisizm üslubunun ən parlaq təzahürüdür. Bu üç dahi sənətkar musiqi tarixinə Vyana klassikləri adı ilə daxil olmuşlar. Vyana klassiklərinin bədii nailiyyətləri musiqi sənətinin inkişafında çox yüksək, tarixi əhəmiyyətə malikdir. Belə ki, Avropa musiqisinin ən nəhəng janrı simfoniya, eləcə də onun «yaxın qohumlar»ı sonata və kvartet məhz bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə çatdırılmışdır. Avropa musiqisinin yaraşığı və fəxri olan simfonik orkestr də Haydn, Mosart və Bethovenin əsərlərində formalaşmışdır. Vyana klassik məktəbini təmsil edən hər bəstəkar özünəməxsus obrazlar aləmi və fərdi dəst-xətti ilə seçilir.


YOZEF HAYDN (1732 — 1809)

Haydn irsi dünya musiqi mədəniyyətinin ən nikbin, işıqlı səhifələrindəndir. Doğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi — o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.


Ardı →
loading...
 

Volfqanq Amadey Motsart

Motsart (1756 — 1791) dünya mədəniyyətinin ən böyük dühalarındandır. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və ağır faciə obrazlarını eyni təsir gücü ilə canlandıran Motsart musiqisi iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ üç yaşında ikən balaca Volfqanq klavesində və skripkada çalır, hətta ilk musiqi əsəri bəstələyirmiş. İstedadının belə erkən yaşından üzə çıxması baxımından dünya musiqisində Motsartın tayı-bərabəri yoxdur. Xoşbəxtlikdən, tale Motsarta qayğıkeş, həssas musiqi müəllimi bəxş etmişdi. Bəstəkarın atası tanınmış musiqiçi və pedaqoq Leopold Motsart balaca Volfqanq və onun istedadlı bacısı Anna Mariya ilə ciddi məşğul olaraq onların qeyri-adi musiqi bacarığını yalnız doğma vətənləri Avstriyada deyil, eləcə də Avropanın müxtəlif ölkələrində — Almaniyada, Fransada, İngiltərədə, İtaliyada və İsveçrədə nümayiş etdirir. «Balaca möcüzə» adını qazanmış Motsart bircə dəfə dinlədiyi melodiyanı asanlıqla təkrarən çalır, verilmiş musiqi mövzusu əsasında qısa bir vaxtda yeni bir əsər yarada bilirmiş. Bir dəfə isə kiçikyaşlı Volfqanq klavişləri dəsmalla örtülmüş klavesində mürəkkəb bir pyesi böyük məharətlə ifa edib dinləyiciləri heyrətə gətiribmiş!


Ardı →
loading...
 

Georq Fridrix Hendel

GEORQ FRİDRİX HENDEL (1685 — 1759)

Tale elə gətirmişdir ki, Georq Fridrix Hendelin həyat və yaradıcılıq yolu bir çox cəhətləri ilə Baxın tərcümeyi-halı ilə səsləşir. Bu iki nəhəng alman bəstəkarı dövrün ən məharətli polifoniya ustaları kimi tanınmışdır. Onlar eyni ildə anadan olmuş, həyatlarının son çağlarında ağır göz xəstəliyindən əzab çəkərək kor olmuşlar. Lakin Hendelin sənət yolu, yaratdığı musiqinin ab-havası və quruluşu Baxın musiqisindən tamamilə fərqlidir. Hendel 27 yaşında Almaniyanı tərk edir, İngiltərəyə köçür və öz yaradıcılıq axtarışlarını bu ölkənin musiqi mədəniyyəti ilə bağlayır. Burada o, krallar və başqa dövlət xadimləri ilə sıx ünsiyyətdə olur, İngiltərənin musiqi həyatına mühüm təsir göstərir.


Ardı →
loading...
 

Lüdviq van Bethoven

Dahi alman bəstəkarı Bethoven (1770-1827) dünyanın ən nəhəng bəstəkarlarından biridir. Böyük Fransa inqilabının ideyalarından ilham alan Bethoven öz yaradıcılığında ilk növbədə insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir. Tarixi şəraitdən, yaşadığı mühitdən savayı, Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstər-mişdir. 28 yaşında ikən o, ağır xəstəliyin — musiqiçi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətləndikcə Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir — ömrünün son illərində o, dəftər vasitəsilə yazılı «söhbətlər»ə keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir! Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin mətin iradəsini qıra bilmir.


Ardı →
loading...
 

İohann Sebastyan Bax

Bax sənəti dünya musiqi mədəniyyətinin bəlkə də ən yüksək, əlçatmaz zirvəsidir. Bu ecazkar musiqinin fəlsəfi dərinliyi, bədii kamilliyi, yüksək peşəkarlığı əsrlər boyu insanları həyəcanlandırır, düşünməyə vadar edir.
Bax polifonik musiqinin dahi nümayəndəsidir. O bu mürəkkəb bədii üslubun yaradıcılıq imkanlarını xeyli zənginləşdirərək onu yeni zirvələrə yüksəltmişdir.
Bəstəkar Almaniyanın məşhur musiqiçilər nəslinə mənsub olmuşdur. Bu ölkədə yarıciddi, yarızarafat hər musiqiçini Bax adlandırır, soyadı Bax olan hər kəsi isə musiqiçi bilirdilər. İohann Sebastyan Bax (1685-1750) olduqca sadə, təvazökar həyat sürmüşdür. Maraqlıdır — o cür rəngarəng, mürəkkəb hisslərlə dolu musiqini yaradan bir insan həyatı boyu bir dəfə də olsun Almaniyanı tərk etməmiş, Arnştadt, Veymar, Köten, Leypsiq və ölkənin başqa şəhərlərində yaşamış, orqançalan, dirijor, xor rəhbəri vəzifələrində çalışmışdır.
Ardı →
loading...