Cövdət Hacıyev

Covdət HacıyevBöyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin (18 iyun 1917 — 18 yanvar 2002) milli simfonizmin təşəkkül tapmasında və inkişaf etdirilməsində xüsusi rolu olmuşdur.

Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 1917-ci il iyunun 18-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1924-cü ildə o, Bakıya gələrək Musiqi Texnikumunda skripka aləti üzrə ilk musiqi təhsili almışdır.

1935-1938-ci illərdə C.Hacıyev Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək dahi bəstəkarımız Ü.Hacıbəyovdan və professor Rudolfdan dərslər almış, 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə daxil olmuşdur.

Burada o, görkəmli rus musiqiçiləri — A.Aleksandrov və S.Vasilenkodan bəstəkarlığın və instrumentovkanın sirrlərini öyrənmiş, 1947-ci ildə professor D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.

C.Hacıyevin yaradıcılığı Ü.Hacıbəyov və D.Şostakoviç ənənələrinin üzvü sintezi zəminində formalaşmışdır.
C.Hacıyev müxtəlif musiqi janrlarında — opera, simfoniya, kamera-instrumental, vokal və xor əsərləri yaratsa da onun yaradıcılığında aparıcı janr simfoniya — ümumilikdə, simfonik musiqidir. Məhz buna görə də Azərbaycan simfonizminin inkişafında C.Hacıyevin xidməti təqdirəlayiqdir.

Bəstəkar 8 simfoniyanın, 3 simfonik poemanın, Qara Qarayevlə birgə yazılmış «Vətən» operasının, oratoriya, piano üçün «Ballada», sonata, habelə, simli kvartet, kvartet-poema, solo və xor mahnılarının müəllifidir. Onun Birinci simfoniyası 60 il əvvəl — 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ən yaxşı əsər kimi qiymətləndirilmişdir. C.Hacıyevin Birinci simfoniyası bu canrda yazılmış ilk nümunələrdən biridir.
Bəstəkarın diplom işi kimi təqdim etdiyi Üçüncü — «Gənclik» simfoniyası onun tələbəlik dövrünün yaradıcılıq bioqrafiyasını tamamlayır.

C.Hacıyevin 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunan «Dördüncü» simfoniyası respublikanın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirilmiş, habelə bir il sonra həmin əsərlə SSRİ Bəstəkarlar İttifaqının II qurultayı açılmışdır.

Bəstəkarın «İnsan, yer, kosmos» adlı proqramlı Beşinci simfoniyası 1974-ci ildə Azərbaycan bəstəkarlarının IV qurultayında və 1975-ci ildə «Zaqafqaziya baharı» festivalında müvəfəqiyyətlə səslənmiş və musiqi ictimaiyyəti tərəfindən novator əsər kimi yüksək qiymətləndirilmişdir.
C.Hacıyev zəmanəmizin aktual, mühüm problemlərini öz monumental simfonik əsərlərində novatorcasına təcəssüm etdirmişdir. Belə əsərlərdən biri də onun «Sülh uğrunda» simfonik poemasıdır. Bəstəkar bu əsərə görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.


Bəstəkarın 1990-cı il Yanvar hadisələri, Qarabağ müharibəsi haqqında düşüncələrini, vətəndaş mövqeyini əks etdirən kamera orkestri üçün Yeddinci — «Şəhidlər» simfoniyası Azərbaycanda memorial musiqi canrının inkişafında mühüm rol oynamışdır. Bəstəkarın sonuncu, «Onu zaman seçib» adlı Səkkizinci simfoniyası ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş iri monumental əsərdir.

Bəstəkarın musiqimizin qızıl fonduna daxil olmuş simfonik əsərləri nəinki respublikamızda, habelə keçmiş Sovetlər məkanının müxtəlif şəhərlərində, bir sıra xarici ölkələrdə görkəmli diricorların təfsirində səslənmişdir.

Fəal ictimai musiqi xadimi kimi musiqi həyatımızda baş verən bütün hadisələrin mərkəzində, ən məsuliyyətli sahələrdə müvəffəqiyyətlə çalışmış Cövdət Hacıyev müxtəlif illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, 40 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Konservatoriyasının professoru, o cümlədən 1957-1969-cu illərdə rektoru vəzifəsində fəaliyyət göstərərək istedadlı peşəkar bəstəkarlar nəsli yetişdirmişdir.

Hazırda bəstəkarlıq məktəbinin parlaq nümayəndələri olan Aqşin Əlizadə, Ramiz Mirişli, Cavanşir Quliyev, Dadaş Dadaşov, Eldar Mansurov və b. C.Hacıyevin tələbələri olmuşlar.

Geniş simfonik təfəkkürə, yüksək erudisiyaya, nəcib insani keyfiyyətlərə malik olan Cövdət Hacıyevin musiqisi daima səslənəcək və gələcək nəsilləri ali bəşəri ideyalara ruhlandıracaq.
 

0 şərh