Ferens List

Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pianoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır. Çoxşaxəli fəaliyyətinin, demək olar ki, bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir.

Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsini Fransa, Almaniya və İtaliyada keçirmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir. Fortepiano üçün yaratdığı məşhur «Macar rapsodiyaları», «Macarıstan» simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda milli musiqi kadrlarının yetişdirilməsi üçün var-gücü ilə çalışır.


List romantizm dövrünün ən qabaqcıl sənətkarları — Berlioz, Şopen, Paqanini, Hüqo, Jorj Sand, Balzak, Heyne və başqaları ilə sıx yaradıcılıq ünsiyyətində olub. Sənətşünasların fikrincə, məhz Paqanininin ecazkar sənəti Listin həm ifaçı, həm də bəstəkar kimi püxtələşməsinə ciddi təsir göstərib.

List fortepiano musiqisini Paqanininin skripka ifaçılığında əldə etdiyi yüksək nailiyyətlər səviyyəsinə qaldırmağı qarşısına məqsəd qoyur və buna nail olur. List hətta Paqanininin skripka üçün yazdığı kapriz adlanan virtuoz əsərlərini fortepiano üçün işləyir və onları etüd şəklində təqdim edir. List musiqisinin ən başlıca xüsusiyyəti onun incəsənətin başqa növləri ilə sıx əlaqədə olmasıdır. Belə ki, Listin əsərləri görkəmli ədiblərin, rəssamların və heykəltəraşların yaradıcılığından bəhrələnmişdir. Məsələn, onun «Faust» simfoniyası dahi alman yazıçısı İ.V.Hötenin eyniadlı əsəri əsasında yaranmışdır. «Dante» simfoniyası isə məşhur italyan yazıçısı Dantenin "İlahi komediya«sının poetik obrazlarından bəhrələnmişdir. Bəstəkarın digər simfonik əsərləri də görkəmli yazıçıların ədəbi irsindən qidalanmışdır: məsələn, „Hamlet“ dahi U.Şekspirin faciəsi, „Tasso“ İ.V.Hötenin poeması, „Prelüdlər“ isə tanınmış fransız yazıçısı Lamartinin əsəri əsasında yaranmışdır. Listin ən populyar fortepiano əsərləri sırasında „Petrarkanın soneti“, Rafaelin rəsmi əsasında bəstələdiyi „Nişanlanma“, Mikelancelonun heykəlinin təsiri altında yazdığı „Mütəfəkkir“ pyeslərini göstərmək olar. Bir cəhəti xüsusi qeyd etmək lazımdır: simfonik musiqidə List yeni bir formanın yaradıcısıdır. Simfonik poema adı ilə tanınan bu forma adi simfoniyadan fərqli olaraq dörd hissədən deyil, cəmi bir hissədən ibarətdir.

Fortepianonun spesifikasına mükəmməl bələd olan List bu alətin repertuarını xeyli zənginləşdirmişdir. O, fortepianonun ifadə imkanlarını genişləndirərək alətin bütöv bir orkestr kimi səslənməsinə nail olmuşdur. Listin etüdlərini, konsertlərini, sonatalarını çalmağı hər pianoçu özünə böyük şərəf bilir. Nəhayət, List irsinin mühüm hissəsi bəstəkarın mahnı və romansları, eləcə də xor əsərləridir. Həyatının son mərhələsində Listin taleyində gözlənilməz bir dönüş baş verir — o, dinə qapılıb rahib rütbəsini qəbul edir. Lakin musiqidən də uzaqlaşmır, yaradıcılıq yolunu davam etdirir. Vaqnerin „Parsifal“ operasını dinləmək üçün Bayroyta yollanır və orada xəstələnib vəfat edir. List sənəti, List irsi bu günədək öz yüksək bədii dəyərini itirməmiş, romantik musiqinin ən parlaq səhifəsi olaraq qalmışdır.

Bu əsərlərlə tanış olun:

  • 2, 6 və 12 N-li „Macar rapsodiyaları“
  • »Məhəbbət xəyalı" noktürnləri
  • «Paqanini üzrə böyük etüdlər»: N 3 («Kampanella») və N 6
  • Fortepiano və orkestr üçün 1 N-li konsert
  • «Loreleya» romansı

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

 

0 şərh