Edvard Qriq

Görkəmli Norveç bəstəkarı, pianoçusu, dirijoru və musiqi xadimi Edvard Qriqin sənətə gəlişi bu kiçik Şimali Avropa ölkəsinin tarixində baş verən mühüm dəyişikliklərlə üst-üstə düşür. Uzun müddət İsveçin tabeliyində olan Norveçdə 1814-cü ildən etibarən milli-azadlıq hərəkatı başlayır. Təbii ki, ədəbiyyatda və incəsənətdə Norveçin tarixi keçmişinə, xalq sənətinə, adət və ənənələrinə xüsusi maraq oyanır. Edvard Qriq də Almaniyada Leypsiq Konservatoriyasında təhsili zamanı qazandığı yüksək peşə qabiliyyətini doğma musiqi mədəniyyətinin inkişafına, onun ümumavropa səviyyəsinə çıxmasına həsr edir. Norveçin sərt, lakin eyni zamanda səfalı, şairanə təbiəti, xalqının təmkinli, səmimi xasiyyəti, gözəl mahnıları, hərarətli rəqsləri Qriq musiqisinin tükənməz qaynaqlarıdır.
Norveç dramaturqu Henrik İbsenin yaradıcılığına müraciət edən Qriq onun «Per Günt» dramına musiqi bəstələyir (sonradan müəllif həmin musiqi əsasında iki simfonik süita tərtib edir). Burada Qriq vətənini tərk etmiş gənc Per Güntün yoldakı sərgüzəştlərini («Anitranın rəqsi», «Dağ kralının mağarasında», "Ərəb rəqsi"), anası Ozenin oğlunun intizarından vəfat etməsini («Ozenin ölümü»), sevdiyi qız Solveyqin ona sadiq qalmasını («Solveyqin mahnısı») böyük ustalıqla əks etdirir. Qriq musiqisində canlanan gözəl təbiət obrazları da («Səhər») əsərə xüsusi gözəllik, təravət verir. Qriqin şah əsəri olan «Per Günt»ə yazdığı musiqisi dünyanın ən populyar simfonik əsərləri sırasındadır.

Qriqi bəzən Şimalın Şopeni adlandırırlar. Çünki o da dahi polyak bəstəkarı kimi fortepiano musiqisinə xüsusi diqqət yetirmiş, burada lirik, poetik hissləri tərənnüm etmişdi. Onun fortepiano və orkestr üçün konserti, balladası, sonataları, kiçikhəcmli «Lirik pyesləri» romantik fortepiano musiqisinin ən dəyərli inciləri sırasına daxildir. Qriq həmçinin «Qu quşu», «Səni sevirəm» kimi gözəl mahnı və romanslar müəllifidir. Vəfatından iki il öncə Qriq səbirsizliklə gözlədiyi, arzuladığı əlamətdar hadisənin şahidi olur — Norveç öz müstəqilliyini qazanır. Bəstəkarın yaradıcılıq fəaliyyətində də mühüm yeniliklər baş verir -o, Fransa, Hollandiya, İsveç Milli akademiyalarının fəxri üzvü, İngiltərə Kembric Universitetinin doktoru seçilir. Qriqin vəfatı ilə əlaqədar Norveçdə milli matəm günü elan olunur. Qriq musiqisi bu günədək Norveç musiqisinin yüksək zirvəsi və rəmzi olaraq qalır.

  • «Per Günt» dramma musiqi: «Səhər», «Solveyqin mahnısı», «Anitranın rəqsi», «Dağ kralının mağarasında»
  • Fortepiano və orkestr üçün konsert
  • «Qu quşu» romansı

 

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi

Müəllif Aida Hüseynova

 

0 şərh