Sergey Raxmaninov

Dahi bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninov(1873 — 1943) həyat və yaradıcılıq yolunu Rusiyada başlamış, ABŞ-da başa vurmuşdur. 1918-ci ildə artıq geniş tanınmış bəstəkar, Oktyabr inqilabının ideyaları ilə razı olmadığına görə Vətənini əbədi tərk etməli olur. Lakin Raxmaninov Rusiyanın ruhunu, doğma rus musiqisinin təravətini sanki özü ilə okeanın o tayına aparır və mühacirətdə yaratdığı əsərlərinə aşılayır. İkinci Dünya müharibəsi illərində isə o, faşizmlə amansız mübarizə aparan Vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir və yığılan bütün pulu Sovet Ordusunun fonduna keçirir.
Сергей Васильевич Рахманинов

Raxmaninovu çox vaxt «gecikmiş romantik» adlandırırlar. Doğrudan da, müasir musiqinin ən radikal yeniləşmə meyllərindən tamamilə uzaq olan bəstəkar əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə istinad edir. Raxmaninov(Сергей Васильевич Рахманинов) musiqisinin həyəcanlı, səmimi xarakteri də onun romantik əhval-ruhiyyəsindən doğur. Raxmaninov dünya musiqisinin ən gözəl lirik bəstəkarlarındandır. Yaratdığı işıqlı, nikbin və ya çılğın, dramatik, hətta faciəvi obrazlar insan qəlbinin ən incə tellərinə toxunur. Raxmaninov rus təbiətinin, rus tarixinin gözəl tərənnümçüsüdür. Eyni zamanda, onun əsərlərində Şərq obrazları da geniş yer tutur.
BÖHRANDAN ÇIXIŞ
Raxmaninovun 1-ci simfoniyasının dinləyicilər və tənqidçilər tərəfindən mənfi qarşılanması bəstəkarın ağır sarsıntılar keçirməsinə səbəb olmuşdu. O, hətta məşhur həkim və psixoloq N.V.Dalın köməyinə müraciət etmiş və tədricən ağır mənəvi böhran vəziyyətindən çıxmışdı. Həkimə öz dərin minnətdarlıq hisslərini ifadə edən bəstəkar növbəti əsərini — məşhur 2-ci fortepiano konsertini N.V.Dala həsr etmisdir.

Raxmaninov dünyanın ən məşhur virtuoz pianoçularından biri olmuşdur. Müasirlərinin söylədiklərinə görə, o, çaldığı əsərin məzmununu, xarakterini son dərəcədə sərbəst, sanki heç bir texniki çətinlik çəkmədən dinləyicilərə çatdırırmış. Raxmaninov bəstəkar kimi də fortepiano üçün dəyərli əsərlər yazmışdır; fortepiano və orkestr üçün konsertlər, «Paqanini mövzusunda rapsodiya», sonatalar, prelüdlər, etüd-lövhələr və digər əsərlər buna parlaq sübutdur. Bəstəkarın simfonik musiqi sahəsindəki nailiyyətləri sırasında onun simfoniyaları, «Simfonik rəqslər'i, xor əsərlərindən „Zənglər“ və „Bahar“ kantataları xüsusi qeyd olunmalıdır. Raxmaninov həmçinin bir neçə operanın, o cümlədən Puşkinin  poeması   əsasında „Aleko“ operasının müəllifıdir. Diplom işi olan bu əsəri 19 yaşlı bəstəkar cəmi on yeddi gün ərzində yaratmışdır. Opera Moskva Konservatoriyasının buraxılış komissiyası tərəfindən yüksək qiymətləndirilmiş (Çaykovski onu 5 + + + qiymətinə layiq görmüşdü) və imtahandan cəmi bir il sonra Moskvanın məşhur Böyük Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Raxmaninov irsinin ən qiymətli inciləri sırasında onun incə lirik duyumu ilə seçilən romanslarının da adını çəkmək lazımdır. Bəstəkarın „Burada yaxşıdır“, „Oxuma, gözəl“, „Bahar suları“, „Yuxu“ və digər romansları dünya vokal musiqisi xəzinəsinə daxildir.
Raxmaninovun musiqisi bu günə qədər öz bənzərsiz təsir gücünü itirmir. O, dünyanın müxtəlif qitələrindəki pərəstişkarlarını yenə də özünə cəlb edir, həyəcanlandırır, düşünməyə vadar edir.
Bu əsərlərlə tanış olun:

  1. Fortepiano və orkestr üçün 2 N-li konsert
  2. »Paqanini mövzusunda rapsodiya"
  3. «Oxuma, gözəl», «Yasəmən», «Bahar suları» romansları
  4. Etüd-lövhələr: or. 33 ("Çovğun"), or. 39 N6 («Qırmızı papaq və canavar»)
  5. Prelüd do diyez minor
  6. «Aleko» operasi: Alekonun kavatinası

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

 

2 şərh

burla xatun
Rus mədəniyyəti çox böyükdür. Şübhəsi olan sonuncu videoda rapsodiyaya qulaq assın.
Amelie
Belə gözəl məqalələrin və saytın olmasına çox sevindim. Musiqçilər haqqında çox maraqlı məəlumatlar verilib.Videoların olması lap superdir. Sizə uğurlar.