Mosart (Motsart)-dahi bəstəkar

Balaca Volfqanq Motsart təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o da atası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağı valideynləri evdə olmayanda Volfqanq alətə yaxınlaşıb bütün barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünü turşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çox məmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir. 3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isə bütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi.

Pudralı, parikli vunderkind

Zalsburqda Mosart muzeyi – «Mosarteume»də körpə Mosartın balaca not dəftəri indi də qalır. Ləkə düşmüş, kağızı bozarmış, not yazısında notların çubuğu silinmiş bu dəftərdə Leopold Mosart Volfqanq üçün musiqi çalışmaları yazardı. Bir dəfə heç 6 yaşı tamam olmamış Volfqanq atasından qulağına gələn melodiyanı nota yazmağı xahiş edir. Bu kiçik pyes Mosartın ilk əsəri kimi həmin bu dəftərdə yazılır. Mosart musiqi fikirlərini yazmağı bacarmasa da, musiqi dilində fikirləşməyi bacarırdı.
Belə uşağın musiqi istedadı ətrafa səs salmaya bilməzdi. Pul qazanmaq imkanını əldən buraxmayan atası Leopold konsert turnesiylə şəhərləri gəzməyə başlayır. Avropanın ən yaxşı musiqiçi və müğənnilərinin çıxış etdiyi zadəgan saraylarına yol tapmaq şəhərin rəğbətini qazanmaq demək idi. Zadəgan saraylarında isə kiçik möcüzə, vunderkind Mosartdan danışmaqdan bezmirdilər.
Avstriya imperatorlarının yay iqamətgahında imperator Mariya Tereza onları qəbul edir. Mosart bu qadınla salamlaşıb tələsik klavisinin arxasına keçməyə çalışır. Ancaq parıldayanacan sürtülmüş güzgü kimi parketin üstündə sürüşüb düz zalın ortasında yerə sərələnir. Hər dəfə qalxmağa çalışanda parik taxmış bu adamcığaz yenidən yıxılır və böyüklər gülməkdən uğunurlar. Mariya Tereza qızı Mariya Antuanettadan kömək etməyi xahiş edir. Nəhayət, ayaq üstünə qalxa bilmiş Volfqanq xilaskarına gülümsəyib bərkdən deyir: «Xeyirxahlığına görə səni alacam». Amma üç onillik keçməmiş, Mosart kasıblıqda öləcək, Mariya Antuanetta isə başını gilyotinə qoyacaq.
Volfqanqın çıxışları kənd yarmarkasında akrobatların, jonqlyorların çıxışına bənzəyirdi. Akrobatik hoqqalar beləydi: enlikürək, qartalburunlu bir kişi estradaya çıxıb camaata bir parça göstərir. Sonra həmin parçayla alətin klaviaturasını örtür. Gənc ifaçı alətin arxasına keçib klavişləri görmədən bir neçə rəqsi sürətlə ifa edir. Sonra atası uşağın gözünü bağlayır. Zaldan bir neçə adam klavişləri səsləndirir, cib saatının zəngini çaldırır, klavisinin üstündəki badələri cingildədir. Mosart isə səsləndirilmiş notların adını deyir. Yaxud bir nəfər ağlına gələn bir melodiyanı çalır. İfaçı isə onun əsasında elə ordaca pyes bəstələyir. Səfərlərin uşaq sağlamlığına zərərini bilsə də, atası oğlunu əl meymunu kimi camaata göstərməkdən usanmırdı.

Melodiyadan qurtulmaqçün onu yazmaq lazımdı

Amma uşaq böyüdükcə ona maraq sönməyə başlayır. Artıq 20 yaşına qədəm qoyanda həyat Volfqanqa çox şey öyrətmişdi. Alqışların, səfərlərin, görüşlərin dadını görmüş maestrino indi Zalsburq sarayında kiçik əməkhaqqına sifarişlə musiqi yazmalıydı. Tabeliyində olduğu arxiyepiskopla münaqişəsi dərinləşirdi. Dəfələrlə kapellanın müğənniləri və ifaçıları qarşısında Mosart uşaq, avara və səfeh adlandırılır, aldığı pula heç dəymədiyi eşitdirilirdi. Moestronu konsertdə alqışlayanlar bilmirdi ki, qeyri-adi artist, insan qəlblərinə hakim olacaq bir adam kiminsə quludur. Hər konsertdən əvvəl o, çıxış etməkçün arxiyepiskopa dil tökməlidi. Arxiyepiskopsa izn verməməklə özünü hökmdar zənn edirdi.
Motsart Volfqanq Amadey,bəstəkarMosartın səbr kasası dolur. O, işdən çıxmaq ərizəsi yazır. Hər gün kinayəli gülüşləri və boş-boş sözləri dinləyib cavabsız qayıtmalı olur. Onun get-gələ salınmasının səbəbi var: kimi qovlamağı, kimi saxlamağı arxiyepiskop özü həll edir. Kiminsə ərizəni birinci yazmağı onun şəninə toxunurdu. Bir ay keçir. Mosart yenidən xahis ərizəsiylə qəbula gəlməli olur. Katib Mosart haqqında deyilən «avara, uşaq» sözlərini öz qulağıyla eşitdiyindən cəsarətlidi. Mosart ərizəni masanın üstünə atıb çıxıb gedir. Katib onu pilləkəndə yaxalayıb arxadan təpiklə itələyir. Sonra bioqrafları yazırdı ki, arxasından aldığı bu təpik Mosartı azad insana çevirir.
Volfqanq pillələrlə diyirlənib yıxıldığı günü ömür boyu unutmayacaq. Yerdən qalxır, gözləri qaraldığından heç nə görmür, yol fanarına söykənir. Ürəyi bulanır, qusduqdan sonra rahatlaşır. Səndələyə-səndələyə evə gəlib işığı yandırmadan yatağa düşür. Yorğunluq və yuxusuzluqdan gözünə çirkin üzlər, iyrənc ifadələr görünür. Volfqanqın beynində melodiya doğulur. Belə şey qabaqlar da baş verirdi. Bu melodiyadan canını qurtarmaqçün durub onu ya çalmaq, ya da yazmaq lazımdır. Melodiya çalındıqca reallaşıb qadın səsinə çevrilməyə başlayır. Sonra qapı açılır, döşəmə cırıldayır. Beynindən «birinci oktava, lya diyez» keçir. Yalın ayaqların yumşaq addımlarını eşidir. İki incə əl üzünə, isti dodaqlarsa dodağına toxunur... Bu onun ilk məhəbbəti Aloiziyanın bacısı Konstansadır. Gələcək ömür yoldaşı.

Mosart kontrakta görə evlənməlidi!?

Atasının təkidiylə o, 15 il əvvəl maestrinoyla fəxr eləyən Parisə gedir. Amma 15 il uzun müddətdir. O vaxt onun cəmi 7 yaşı vardı. Paris möcüzə uşağı artıq unutmuşdu. Bu dəfə Parisə görkəmsiz, kifir bir gənc gəlmişdi. Belə musiqiçilər zadəgan evlərində iş axtarmaq ümidiylə bura axışırlar. Həyatda yeri uğrunda mübarizə edən 20 yaşlı Volfqanqın nə köməkçisi, nə də arxası var. Mosart iri şəhərin bir başından o biri başına qaçıb, dərsi dərsə calayıb günlərini yaşayır. Daim nəm ayaqları, ağırlaşmış bədəni, sanki parçalanacaq başının ağrısı vecsiz tələbələrinin verdiyi mənəvi əzablarla müqayisədə bir şey deyildi.
Azadlığa qovuşmasından 5 il keçir. Konstansa ilə münasibətləri Zalsburqa atasının qulağına gədər gedib çatır. Kanstansanın anası da qızını incidir ki, Mosartın ona yazığı gəlsin və tez evlənsin. Hətta Mosartı evlənməyə borclu eləyən sənəd də imzalamağa məcbur eləyir. Əgər evlilik baş tutmasa, Mosart Konstansaya hər il 300 florin verməyə borcludur. Sədaqətli Konstansa bu sənədi gizlincə oğurlayıb cırır. Mosart onunla sevdiyinə görə evlənir. Amma bu evlilik ona baha başa gəlir. O, yenə də seçim qarşısındadır: azadlıq, sevdiyi qadın, yaxud Zalsburq, ailəsinin, xüsusilə atasının sevgisi. O, birincini seçir.

Uşaqlarını itirdikcə əsərlərini qazanırdı

İtalyan operalarının hakimliyi zamanında Mosartın təmiz alman operası yazmağı ona qarşı cəbhə yaratmışdı. «Fiqaronun toyu» yarananda teatrda 3 opera hazırlanırdı. «Fiqaronun toyu»nu xalq çox sevsə də, zadəganlara çox darıxdırıcı gəlirdi. Hər dəfə zalı doldurmasına baxmayaraq, bu opera həmin il cəmi 8 dəfə qoyulur və sonrakı il repertuardan çıxarılır. Onu ispan bəstəkarı Martinin «Nadir əşya» operası əvəz eləyir. Bu da taleyin bir oyunudur. Çünki bu operanı bir neçə tamaşadan sonra heç kim xatırlamayacaq. Amma Mosart «Don Juan» operasında həmin operadan bir neçə xanə sitat gətirdiyinə görə tarix bu operanın adını da unutmayacaq.
Mosatın həyatı heç vaxt rahat olmayıb. Amma «Don Juan»ın uğursuzluğundan sonra vəziyyət daha dözülməzdi. Ona sifariş verilmirdi, saraya dəvət olunmurdu. Mosartı unutmuşdular. Musiqidən qazandığı puldan savayı başqa gəliri olmadığıyçün bu durum dilənçilik səviyyəsinə enmək demək idi. İndi o, gecə-gündüz arvadı və oğlunu yedirməkdən ötəri pul tapmağın qayğısını çəkir. Tərs kimi onlar hər ikisi tez-tez xəstələnirdi. Əvvəl yeganə oğlunu, sonra doğulmuş daha iki uşağını torpağa tapşırır. İtkilər yaşadığı məhz bu dövrdə Mosart yaradıcılığının zirvəsi sayılan son 3 simfoniyasını, «Sehrli fleyta» operasını və sonuncu əsəri olan «Rekviyem»i yaradır.

«Mən matəm musiqimi yazıb sonra öləcəyəm»

Bütün gecəni ağrılardan yatmamışdı. Amma musiqi yazmaya da bilməzdi. Yazmayanda daha çox əzab çəkirdi. İçində qalıb əzab verən musiqidən azad olmaq lazımdı. Yuxusuzluqdan ağırlaşmış başı masaya tərəf əyilir. Başını qaldıranda qapı ağzında yarıqaranlıqda qara plaşlı, qara şlyapalı, qara qalstuklu, pudralı parikdə, qanı qaçmış solğun bənizli, boşluğa baxan ifadəsiz gözlü bir adam görünür. Bu adam dinmədən konvert uzadır və deyir: «Sifarişçi məxfi qalmağı arzulayır». Məktubda rekviyem yazmaq sifariş edilirdi. Mosart o zamana görə çox böyük sayılan məbləğ istəyir. Yad kişi həmin məbləği sayıb masanın üstünə qoyur. «Əsər hazır olandan sonra bu qədər də alacaqsız» deyib qeyb olur.
Rekviyem?! Son zamanlar ölüm fikri onu rahat qoymurdu. «Mənim başımda xaosdur. Fikrimi toplayıb yaza bilmirəm. Qara plaşlı kişi məni izləyir, işləməyi tələb eləyir. Mən artıq heç nədən qorxmuram. Bilirəm ki, axırım istedadımı tam aça biləcəyimdən tez çatacaq. Amma taleyini dəyişə bilən varmı? Mən matəm musiqimi yazıb sonra öləcəyəm».

Hər gün musiqi daha az, sükut daha çoxdur

Soyuq, yağmurlu noyabr günlərindən biridir.  Mosartın evində üzücü səssizlik və dərman qoxusu hakimdir. Bu səssizliyi hərdən bir xəstənin otağından gələn qəmli musiqi pozur. Mosart şagirdi Züsmayerlə birgə rekviyem üzərində işləyir. Hər gün musiqi daha az, səssizlik daha çoxdur. Ölümündən bir az əvvəl Mosart müqəddəs Stefan kilsəsində kopelmeyster vəzifəsinə dəvət alıb. Eyni zamanda Macarıstan və Amsterdamdan sərfəli sifarişlər də gəlib. Onun həyatında ilk dəfə bir parça çörək axtarışından canını qurtarıb sakit yaşamaq imkanı var. Onun 36 yaşı hələ tamam olmayıb.

Mosart və Solyeri

Arabir kəskin zarafatlarıyla və ən vacibi intedadını gizlədə bilməməsiylə Mosart ətrafındakıların çoxunu düşməninə çevirmişdi. Hətta şagirdi Züsmayerin Konstansa ilə eşq macərasından danışırdılar. Özünü bəstəkarlığa hazırlayan tələbənin yolunda Mosartın istedadı bir qaya kimi durmuşdu. Müəlliminə bənzəməyə o qədər çalışırdı ki, illər keçəndən sonra not yazısında qrafoloqlar nəyin Mosarta, nəyin Züsmayerə məxsus olmasını ayıra bilmədilər. Üstəlik, Mosartın paxıllığını çəkən bəstəkar Solyeri ilə əlaqə saxlayaraq müəlliminin bütün sirrlərini ona açırdı. Solyerinin Mosartı zəhərləməsi barədə gəzən əfsanələrə baxmayaraq, sarayda daha məşhur olan bəstəkarın onu öz əliylə zəhərləməsi gülünc görünür. Amma bəzi bioqraflar Solyerinin ölümqabağı kilsədə yazılı etirafını əlində əsas tutaraq bu versiyada təkid edirlər. Rekviyemin sifarişçisi qraf Velzex Ştuppax civə yataqlarının sahibiydi. Solyeri və Züsmayerin əlbirliyi ilə və bu qrafın məsləhətləriylə Mosartın civə ilə zəhərlənməsi versiyası hələ də dillərdən düşmür.

İtmiş qəbrin sirri

Otağın ortasında klavisinin yanında tabut var: kobud taxtadan yonulub, taxtaların arasından dəliklər görünür, qara rənglə səliqəsiz boyanıb. Mosart bu tabutdadı. Otaqda şam yanır. Şagirdi Züsmayer səhər tezdən qaçıb maestronun şamdanını sələmçidən alıb ki, otaqda işıq olsun. Kilsədə onu son mənzilə çox az adam yola salırdı. Nə orqan çalır, nə də oxuyan var. Monoton latın kəlmələri fonunda kimsə ərini donuz kimi dəfn edən Konstansanın dalıyca alıb-verir, kimsə evə gedib Mosartın əlyazmalarını gizlətməyi düşünür. Çünki başa düşür ki, tezliklə onların qiyməti olmayacaq.
Konstansanı ovudarkən dostları fikir eləməməyi məsləhət görürdülər. O da bu məsləhətə həvəslə əməl edir və fikri-zikri Mosarta görə təqaüd arxasınca qaçmaqdadı. Yüngül xasiyyətli olduğundan dahi insanla bir yerdə yaşadığını hiss eləməmişdi. Bunu ilk dəfə Mosartın əsərlərinin nəşrindən aldığı qonorarın həcmini görəndə başa düşmüşdü. Bəstəkarın ölümündən sonra arvadı qapı-qapı gəzib yazıq dul qadın obrazını oynamaqla indiki pula çevirəndə 5 milyon avro məbləğində qonorar toplaya bilmişdi.
Mosartın ölümündən 18 il sonra Konstansa axır ki, qəbiristanlığa getməyi qərara alır. Dahi bəstəkarı basdırmış qoca artıq ölmüşdü. Lap sağ olsaydı belə, ümumi qəbirdə Mosartın cəsədini tapmaq mümkün olmayacaqdı. Ona görə də bəşəriyyətin dahi musiqiçisinin qəbri insanlarçün açılmaz sirr olaraq hələ də qalır.

Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə: Bizim Yol

Həmçinin bax: Volfqanq Amadeus Motsart

0 şərh