Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Nəğmədir həyat | Şəfiqə Axundova

Şəfiqə AxundovaMən belə düşünürəm ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin «həyat məktəbi»nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri. Elə isə gəlin, haqqında söhbət açacağımız hörmətli sənətkarın həyat və yaradıcılıq yoluna üz tutaq. 

       Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar ayının 21-də qədim yurdlarımızdan olan Şəki torpağında anadan olub. Atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olmuşdur. Belə ki, o, 1917-1920-ci illərdə Şəki qəzasının 1-ci katibi vəzifəsində çalışmışdır. Ona hətta «Bolşevik Qulam» da deyirdilər. Şəfiqə xanımın anası Züleyxa Səməd qızı isə evdar qadın idi. Onların ailəsində Şəfiqə xanımdan savayı Ismət, Tahir, Nəriman və Rəfiqə kimi övladları böyüyürdü. Və Şəfiqə xanımın həyatında çox mühüm əvəzedilməz xidmətləri olan Zümrüd adlı bir bacısı vardı. Beləcə qədim tarixi, şirin, məzəli söhbətləri, duzlu zarafatları, gözəl mənzərəsi, füsunkar təbiəti olan Şəki torpağında gələcəyin böyük sənətkarı böyüyürdü. Amma onun parlaq gələcəyi hələ heç kimə bəlli deyildi. Axı balaca Şəfiqə də adi körpələrdən biri kimi doğulmuşdu. Axundovlar ailəsi nə biləydi ki, bu körpə gələcəyin görkəmli sənətkarı olacaq. Əksinə anası Züleyxa xanım qızının məhz həmin gün dünyaya gəlməsindən bir qədər məyus olmuşdu. Şəfiqə xanım bu haqda anasının dilindən eşitdiklərini belə xatırlayır: 
Ardı →

27 yaşında ölmüş musiqiçilər

Onların ölüm səbəbləri...
Tanınmış rok və  blüz ifaçıları arasında 27 yaşında ölənlərin sayı başqa yaşlara nisbətən daha çoxdur. Bu musiqiçilər üçün  hətta «27-lər klubu» adı qəbul olunub. Bu klubun əsas məşhur simaları olan Brayan ConsCimmi Hendriks , Cim Morrison və Cenis Coplinin müxtəlif səbəblərdən 10 ay ərzində ölümü klubun yaranmasına təkan verən əsas məqamlardan biri olub. Daha sonralar isə bu kluba   Kurt Kobeyn, Emi Uaynxaus və digərləri əlavə edildi.

Brayan Cons (28 fevral 1942 — 3 iyul 1969)-. “The Rolling Stones” qrupunun qurucularındandır, gitarist idi. Bir neçə musiqi alətində ifa etməyi bacarırdı.Hovuzda boğulub. Təsdiq olunmamış məlumata əsasən qətlə yetirilib.

Cimmi Hendriks (27 noyabr 1942 – 18 sentyabr 1970)- Rok musiqisi tarixində ən yaxşı gitara ifaçısı hesab olunur. O həm də bəstəkar və vokal ifaçısı idi. Yüksək dozada yuxu dərmanı qəbul etdikdən sonra qusmağında boğularaq ölüb.

Cenis Coplin (19 yanvar 1943 – 4 oktyabr 1970)- Rok musiqi tarixinin ən böyük vokal ifaçılarından biri hesab olunur. Yüksək dozada narkotik qəbulundan ölüb.

Cim Morrison (8 dekabr 1943 – 3 iyul 1971)- Şair, vokal ifaçısı, bəstəkar, rejissor, “The Doors” qrupunun solisti və lideri, ən böyük rok musiqiçilərindən biridir. Rəsmi informasiyalarda onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir, lakin yüksək dozada narkotik qəbulu və sui-qəsd versiyaları da var.


Ardı →

Rey Çarlz

Ray CharlesÖtən söhbətlərimizin birində tanış olduğumuz Areta Frenklin çıxışlarının birində souldan söz açarkən onu belə qiymətləndirmişdi: "Əgər mahnı mənim yaşadıqlarımdan və yaxud yaşaya biləcəklərimdən danışırsa, deməli yaxşı mahnıdır. Amma mahnı mənə yaddırsa, onda tamamilə gücsüzəm, heç nə edə bilmirəm. Mənim üçün soul doğma musiqidir".

Bu, misilsiz müğənnin şəxsi fəlsəfəsidir, çünki Areta yalnız öz emosiyalarıyla səsləşən mahnılarda məxsusi müvəffəqiyyət qazanıb.

Səciyyəvidir ki, Areta Frenklin yaşının ahıl çağlarında, əvvəlki bəxtəvərliyindən əsər-əlamət qalmayanda başqa dahi müğənninin — Rey Çarlzın qospel üslubuna meyl göstərib. Bunu musiqi tədqiqatçılarının hamısı qeyd edir. Və yalnız bu fakt kifayətdir ki, biz bugünkü söhbətimizi Rey Çarlza həsr edək. 

Düzünü desəm, mənim rok tarixindən bəhs edən silsilədə Rey Çarlz (Ray Charles) haqda danışmaq fikrim yox idi. Çünki onun yaradıcılığı o qədər çoxşaxəli, səhnə ömrü o qədər rəngarəngdir ki, yalnız rok çərçivəsinə sığışdırmaq mümkün deyil. O heç şübhəsiz, qaradərili musiqinin ən nüfuzlu nümayəndəsidir desək, yəqin yanılmarıq.
Ardı →

Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin atası

Yaradan Üzeyir Hacıbəylidən heç nə əsirgəməmişdi — fitri istedadı, böyük sənət üçün çırpınan ürəyi də ona verdi, insanlığı, mehribanlığı, həssaslığı, səxavətliliyi də.
Onun həyat və fəaliyyətini, çoxşaxəli yaradıcılığını, ərsəyə gətirdiyi sənət «mirvarilərinin» necə əlçatmaz zirvədə olduğunu göz önünə gətirdikdə istər-istəməz təəccüblənir, Üzeyir Hacıbəylinin parlaq şəxsiyyətinə, əzəmətli yaradıcılığına, sadəcə olaraq, heyran qalırsan. Bəlkə elə buna görədir ki, dahilik hər bir kəsə nəsib olmayan, yüz illər, min illər boyunca bir kəsin daşıdığı ad olur.
Üzeyir bəy həm tariximizdir, həm də bu günümüz. Bu şəxsin yaradıcılığının mahiyyəti Azərbaycan sənətinin, Azərbaycan bədii estetik fikrinin həyatiliyini, min illər ərzində qazandığı gözəllikləri, ictimai-fəlsəfi dərinliyi qoruyub saxlamaq və zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirmək idi. Bütün bunlar Üzeyir Hacıbəylinin yüksək amalından irəli gəlirdi.
Davamı →

Elvis Presli

Elvis Presli. Onun populyarlığı o qədər böyükdür ki, insanların çoxu onu sadəcə adı ilə çağırır – Elvis. Və dərhal söhbətin kimdən getdiyi bilinir.Elvis Presley
Hər il avqustun 16-da ABŞ-ın Memfis şəhərində müğənni, rok-n-roll kralı, kinoaktyor, karate ustası Elvis Preslinin xatirə günü keçirilir. Ölümünə kimi onun bütün dünyada 500 milyon valı satılmışdı. Ölümündən sonrakı 7 il ərzində isə bu rəqəm 2 dəfə artıb. Ona kimi hələ heç kimə belə bir uğur qismət olmamışdı. 

Elvisin bir çox sahələrə marağı olub – futbol, karate, dostlarına və tanışlarına alicənablıqla bağışladığı gözəl avtomobillər, heyvanlar. Kino isə onun maraq dairəsinə daxil olmaqdan əlavə, həm də ciddi pul qazandırırmış. Elvis 33 filmə çəkilib və hər filmə görə minimum 1 milyon dollar alırmış.
Bəs Elvisin həyatında bilmədiyimiz başqa hansı məqamlar var?

Dilənçi Elvis
Elvis Aron Presli 1935-ci il yanvarın 8-də Missisipi ştatının kiçicik Tyupelo şəhərində dünyaya göz açıb. Onun atası Vernon yüngülxasiyyət və içki aludəçisi olduğundan, hətta yük maşınının sürücüsü kimi belə işə düzələ bilməyib. Gələcək ulduzun 3 yaşı olanda isə uğursuz ata həbsxanaya düşüb. Kirayə haqqını ödəyə bilmədiklərindən, o, çox zaman anası ilə bir yerdə sərgərdan həyatı yaşayıb, dilənçilik edib. Elvisin anası Qledis Lav şöhrətpərəst və tərs qadın olub. Onun damarlarında hindu, irlandiyalı və yəhudi qanı axırmış. Amma ağır həyat şəraiti onu da sındırıb. 1930-cu illərin böyük depressiyası Qledisin arzularını da içki şüşələrinin dibinə gömüb.
Elvisə ilk gitarasını 10 yaşı münasibətilə əmisi bağışlayıb. Balaca oğlan tez bir zamanda radioda eşitdiyi hitləri gitarada səsləndirməyi öyrənib.
Ardı →

Qara Qarayev zirvəsi

Q.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən, “Leyli və Məcnun” simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.


Ardı →

Mirey Matye

Məşhur fransız müğənni Mirey Matyenin adı və şəkli qırx ildən artıqdır ki, qəzet səhifələrindən, afişalardan, jurnalların üz qabığından düşmür. Onun ecazkar səsi radio dalğalarından, maqnitofon və disk yazılarından eşidilir. Gözəl sifətini isə televiziya ekranlarından görmək olur. Həftəlik «Pari matç» nəşri bir dəfə Mirey Matyeni Fransanın ən populyar qadını adlandırmışdı.
Bunlar heç də əsassız deyildi. Müğənni nəğmədən-nəğməyə, konsertdən-konsertə, tez bir zamanda Fransanın estrada musiqi həvəskarlarının məhəbbətini qazandı. Bu incəbədənli, gözəlsimalı, klassik üslubda saç düzümü olan müğənni xanım, bütöv bir dövrün və ölkənin vizit kartı sayıldı.
Ardı →

Nino Rota

Covanni Rota Rinaldi (Nino Rota) (it.: Nino Rota) — italyan bəstəkarı və bir çox kinofilmlərin musiqisinin müəllifidir.Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan «L’infanzia di San Giovanni Battista» artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi.


Ardı →

Seyid Mirbabayev

Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə «Qrammofon» şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Deyilənə görə, Seyidin səsi yazılan vallar əl-əl gəzərdi...
Seyidin çox ürəyəyatımlı səsi vardı. Varlılar bir-birinin bəhsinə onu övladlarının toyuna aparar, qızılları başından ovuc-ovuc tökər, toyu qapadanda isə qiymətli hədiyyələrlə yola salardılar.
Tağıyev də Seyid Mirbabayevin səsinin vurğunu idi. Tez-tez onu evinə dəvət edər, səsinə qulaq asar, birə-üç haqqını verib, sonra da tapşırardı:
Davamı →

Əmirov Fikrət

Azərbaycan musiqisində simfonik muğam janrının banisi, instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarı Fikrət Əmirov dövrünün məşhur sənətkarlarından biri idi. Onun musiqisi ötən əsrin sənət zirvələrini fəth edərək bu unudulmaz və görkəmli bəstəkara dünya şöhrəti gətirmişdi. Fikrət Əmirov hələ 1967-ci ildə yazırdı: "Üzeyir Hacıbəyov mənim sənət müəllimim olub. Milli musiqimizin incəliklərini mən ondan öyrənməyə çalışmışam. Yaxın və Orta Şərq professional musiqisi üçün Üzeyir Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək".
Davamı →