Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Ferens List

Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pianoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır. Çoxşaxəli fəaliyyətinin, demək olar ki, bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir.

Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsini Fransa, Almaniya və İtaliyada keçirmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir. Fortepiano üçün yaratdığı məşhur «Macar rapsodiyaları», «Macarıstan» simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu, onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnı və rəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda milli musiqi kadrlarının yetişdirilməsi üçün var-gücü ilə çalışır.


Ardı →

İtaliyanın sevgi allahı | Eros Ramazzotti

İtalyan musiqisi sərhəd tanımır — o, gözəldir, incədir, o, həyatın bir parçası, bəlkə, elə özüdür...

 Adriano Çelentano, Toto Kutunyo, Albano, Rikkardo Foli, Pupo, Ricchi e Poveri, Nino D’Ancelo, Laura Pauzini və daha onlarla əvəzedilməz səs — italyan səsi, ruhu… Bu gün isə onlardan biri — Eros Ramazzotti barədə danışacağıq...

Ya musiqi, ya futbol...
Eros Ramazzotti: “Yuventus” klubuna azarkeşlik edirəm. Uşaq ikən professional futbol klubunda oynayırdım. Məşqçilər heç də pis oynamadığımı söyləyirdilər. Professional futbolçu ola bilərdim, lakin futbol və musiqi arasında seçim etməli oldum, musiqini seçdim”.

Bu yaxınlarda 50 yaşını qeyd edəcək yaraşıqlı italyan ifaçısı Eros Ramazzotti artıq otuz ildir ki, səhnədədir, fəqət günü bu gün də onun ulduzu parlayır, o sevilir, onun fərqli ifa tərzinə, musiqisinə tələbat var…
Ardı →

Skirpkanı ağladan insan | Fərid Fərjad

 Vətənsiz bir İnsan — Fərid FərjadFarid Farjad
Anaların uşaqlarına layla deməsi, insanların ölülərinə ağı deməsi qadağandı. Çünki 1979-cu il inqilabında Xomeyni İranı musiqisiz buraxdı. Fərid Fərjadı musiqisiz və vətənsiz buraxdığı kimi. Dünyaca məşhur virtuoz, inqilabdan sonra musiqi haram qılındığı üçün vətənini tərk etmək məcburiyyətində qalır və səssizliyə tərk edilmiş xalqını 34 ildi qəlbində yaşadır.

Onun musiqilərində hüzn var, şərq insanı hüznlüdür. O duyğuların yaranmasında kralların, imperatorların da payı var. Şərq xalqları yüz illər boyu istibad və zülmə məruz qalıb. Şərqdə həmişə müharibə vardı. İnsanlar basqı altındaydı. Hüzn, hicran, ayrılıq Şərqdə bir yaşam tərzidir. Şərq insanı duyğularıyla yaşayır. Bu 30 il ərzində elə bir aclıqla tərbiyə edilir ki xalqım. Yalnızca çörəyə yox, duyğu, əyləncə, sənət, kinoya mənim xalqım acdı. Çünki yaradıcı bir şeyə icazə verilmir. Skripka çalan bir sənətçisini ölkəyə buraxmayan bir ölkə necə azad ola bilər.

Fərid Fərjad modern musiqi ilə qəlbini birləşdirir. Avropada buna hüzn yox, duyğu deyirlər. Skripka Fərjadin duyğularıyla, ürəyi ilə dinləyicilərin qulağına, ürəyinə yol tapır. Fərjad bir əlaqə yaradır. O bir vasitəçidi.
Ardı →

İqor Stravinski

Dahi rus bəstəkarı İqor Stravinski XX əsr dünya musiqi mədəniyyətinin korifeylərindən biridir. Onun irsi müasir musiqinin klassikasıdır, yaratdığı əsərlər yaşadığımız mürəkkəb, təzadlı dövrün inikasıdır. Stravinskini çox zaman zarafatla «min bir üslub bəstəkarı», «buqələmun-bəstəkar» adlandırırlar. Çünki yaradıcılığı boyu bəstəkar zamanın nəbzini tutaraq üslubunu dəfələrlə kəskin surətdə dəyişmiş, ən müxtəlif bədii prinsiplərə üz tutmuşdur. Belə ki, Stravinskinin yaradıcılıq yolunu üç əsas mərhələyə — «rus», «neoklassik» və «dodekafoniya» mərhələlərinə bölmək mümkündür.

Gənclik illərini doğma vətəni Rusiyada keçirən Stravinski milli folklora — xalq nağıllarına, qədim musiqi formalarına böyük maraq göstərir.
Bəstəkarın bu dövr yaradıcılıq axtarışları rus mədəniyyətinin görkəmli xadimi Sergey Dyagilyevin adı ilə sıx bağlıdır. Dyagilyevin sifarişi ilə yazdığı «Simurq» baletinin uğurlu premyerasından sonra 28 yaşlı Stravinski bütün Avropada tanınır. Sonrakı üç ildə yaratdığı «Petruşka» və «Müqəddəs bahar» baletləri bəstəkarın şöhrətini daha da artırır. 1914-cü ildə yay məzuniyyətini keçirməkçün Ukraynaya gedən Stravinskinin heç ağlına da gəlməzdi ki, Vətənindən təxminən əlli il müddətinə ayrılır.
 
Birinci Dünya müharibəsi onu neytral İsveçrədə məskunlaşmağa vadar edir. Lakin burada yazdığı «Toy» xoreoqrafik kantatası, «Tülkünün nağılı», "Əsgərin əhvalatı" baletləri də Stravinski yaradıcılığının «rus» mərhələsinin davamı sayılır. 20-ci illərin əvvəlində bəstəkar Fransaya köçür, 40-cı illərdə isə ABŞ vətəndaşlığını qəbul edir. Bu illər ərzində Stravinski yaradıcılığı neoklassisizm məcrasına yönəlir. "Çar Edip" opera-oratoriyası, «Psalmlar simfoniyası», «Orfey» baleti, «Dəcəlin sərgüzəştləri» operası və digər əsərləri bəstəkarın barokko dövrünün musiqi formalarından necə sənətkarlıqla bəhrələndiyini əyani şəkildə göstərir. Nəhayət, 50-ci illərin başlanğıcında Stravinskinin bədii üslubunda daha bir kəskin dönüş baş verir -bu dəfə o, əvvəllər inkar etdiyi dodekafoniya musiqisinin prinsiplərinə üz tutur. «Müqəddəs mahnılar», «Aqon» baleti ustadın yaradıcılıqda fəth etdiyi son zirvələrdir.
 
«SİMURQ»un UÇUB GETMƏSİ
«Simurq» baletinin sifarişçisi Sergey Dyagilyev əvvəlcə bu mövzuda əsər yaratmaq təklifi ilə görkəmli rus bəstəkarı Anatoli Lyadova müraciət edir. İşinə yüksək tələbkarlıqla yanaşan və bəlkə də həmin səbəbdən bir qədər astagəl olan Lyadov bu dəfə də əsər üzərində ləng işləyir. Dyagilyev növbəti "İşlər necə gedir?" -sualına «Hər şey əladır — artıq not kağızını almışam», -cavabını alandan sonra Lyadovla imzaladığı müqaviləni ləğv edir, sifarişi Stravinskiyə ötürür.

Uzun illər Vətən həsrəti ilə yaşayan 80 yaşlı Stravinski Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun şəxsi dəvəti ilə 1962-ci ildə Rusiyaya gəlir, Moskva və Leninqrad (hazırda Sankt-Peterburq) şəhərlərində müəllif konsertləri ilə çıxış edir. Vətənlə görüş qocaman bəstəkara sanki ilham verir. Ömrünün qalan doqquz ili ərzində o yenə də səmərəli işləyir, yeni əsərlər yaradır. 1971-ci ildə Stravinski Nyu-Yorkda vəfat edir. İqor Stravinski XX əsr musiqisinin rəmzi simalarındandır. Onun cəsarətli sənət axtarışları, kəşf etdiyi melodiyalar, harmoniyalar, ritmlər müasirlərini həm təəccübləndirir, həm də heyrətə gətirirdi. Stravinskinin zəngin bədii irsi bu gün də bəstəkarlarçün örnək olaraq qalır.
Bu əsərlərlə tanış olun;
  • Petruşka
  • «Müqəddəs bahar»
  • «Simurq»
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
Davamı →

Co Dassen

Milyonlarla insanın pərəstiş etdiyi insan, səs, ulduz — Co Dassen ... Co Dassen
Günlərin bir günü Co Dassenin “dost”larından biri ona ifaçılıq sənətini atmağı məsləhət görür. Ancaq nə yaxşı ki, Dassen bu məsləhətə qulaq asmır...
Aşpaz, jurnalist, həkim və etnologiya üzrə mütəxəssis olan Jozef Dasseni bütün dünya Co Dassen kimi tanıdı...

«Et Si Tu N'existais Pas», «Salut» və… 41 yaşında ölüm...
Məşhur ifaçı söyləyirdi: “Bir çox gənclər kimi mən də həyatda öz rolumu axtarırdım. İnsanların həyatını xilas etmək üçün həkim oldum, professor olmaq da əla idi, insanlara elm öyrədirdim! Ancaq günlərin bir günü anladım ki, səhnədə olmağımla daha çox işə yaraya bilərəm… Elə də oldu.
Mən insanlara yardım etmək üçün mahnı yazıram...”

Fransız jurnalistləri daim şəxsi həyatını mediyadan gizli saxladığına, bu barədə hər hansı bir açıqlama vermədiyinə görə, Dasseni ən məşhur və ən naməlum ifaçı adlandırmışdı.

Dassen iki dəfə evli olub. İlk həyat yoldaşı bu sahəyə maraq yaratmaqla yanaşı, Conun ifaçı kimi üzə çıxmasına çox yardımçı olmuşdu. ikinci həyat yoldaşı Kristin Delvyu isə müğənniyə iki gözəl oğul övladı bəxş etmişdi…

“Atamın iş otağını bərpa etmişəm, bu onun iş masasıdır. O, saatlarla əyləşib, hansısa mahnının bir sətrini düşünməyə vaxt sərf edə bilərdi. O, işinin dəlisi idi...” – Co Dassenin oğlu Jülyen atası barədə söyləyir.
Ardı →

Fikrət Əmirov-musiqimizin dayağı

Əsası dahi Üzeyir bəy tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fikrət Əmirovdur (1922-1984). O, milli və professional musiqimizin böyük dayağıdır desək, yanılmarıq. Çünki Fikrət Əmirov yaradıcılığı milli köklər zəminində inkişaf edib. Gəlin, əvvəlcə bəstəkarın həyat və yaradıcılıq yoluna nəzər salaq.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə məşhur musiqiçi Məşədi Cəmil Əmirovun ailəsində dünyaya gəlib. Fikrət Əmirovun milli musiqini mənimsəməsində onun böyüyüb, boya-başa çatdığı mühitin müstəsna rolu olub. Çünki onun böyük musiqiçi kimi yetişməsində fitri istedadı ilə bərabər atası Məşədi Cəmilin böyük təsiri olmuşdu.
Ardı →

Robert Şuman

Coşqun ehtiras və çılğınlıqla yanaşı, xəyalpərəst-lik və ideal sorağı — budur Şuman musiqisinin səciyyəvi cəhətləri. Robert Şuman(1810 — 1856) həm sənətkar, həm də şəxsiyyət kimi romantizmin parlaq təmsilçisi olmuş, dövrünün gərgin mənəvi və fəlsəfi axtarışlarını öz musiqisində, eləcə də məqalə və kitablarında əks etdirmişdir. Bəli, görkəmli alman bəstəkarı Şuman vətənində həm də musiqi tənqidçisi, istedadlı qələm sahibi kimi də tanınmışdır. Yaratdığı «Yeni musiqi jurnalı»nın səhifələrində o, musiqi ilə bağlı mütərəqqi ideyalarını yorulmadan təbliğ edir, yüksək bədii səviyyəli musiqi əsərlərini və onların müəlliflərini musiqisevərlərə tanıdırdı.


Ardı →

Qızıl barmaqlı Vaqif Mustafazadə

Onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı. 

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Ardı →

Cabbar Qaryağdıoğlu

Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 31.03.1861, Şuşa — 20.04.1944, Bakı) — xanəndə. 

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır.

Rus şairi S.Yesenin onu "Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır.

Qarabağ,Gəncə,Şirvan,Bakı məclislərində çox məhşur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdır. Cabbar Qaryağdıoğlu musiqi taxrixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. O, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş və öz coğrafiyasının böyük musiqiçiləri ilə bir məclisdə çıxışlar etmişdir.

Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905 ci illərdə Bakıda tarzən Mirzə Fərəc və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio qurmuşdu. Bu trio 20 ildən artıq birlikdə fəaliyyət göstərmişlər.1906-1912-ci illər ərzində «Sport-rekord”, Ekstrafon” və „Qrammafon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava şəhərlərində Cabbar Qaryağdıoğlunun səsi qramafon valına yazılmışdır.
Ardı →

Bethoven- "Moonlight" ("Ay işığı")

Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir. Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir. İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir.

Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir. Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur. Bunu görən Bethoven:«Lütfən, məndən bir şey istəyin.»- deyər. Maddi bir şey istəyəcəyini düşünərkən, qızın cavabı bu olur:«Mən heç ay işığı görmədim, mənə ay işığını izah edərsinizmi?»

Bundan sonra Bethoven pianonun arxasına keçərək «Moonlight» («Ay işığı») sonatasını birbaşa çalır.

 
Davamı →