Allahın edamı

VÜSAL NURU

 

Azmışdım. Qucağımda da körpə. Heç cür yadıma sala bilmirdim ki, hansı şəhərdəyəm, ortasında durub döyükdüyüm küçənin adı nədir. Necə oldusa birdən xəbər tutdum ki, ərim yanımda yoxdur. O an elə bil başımdan bir qazan qaynar su töküldü, sonra da canımı üşütmə aldı. Körpəm qucağımda olmasaydı bəlkə də bu yiyəsiz, bu ins-cins gözə dəyməyən küçələrdəki donmuş həyat, işıqları bərq vuran hündür-hündür binaların, dükanların əzəməti, bir də getdikcə qaralan cansıxıcı hava məni bu dərəcədə qorxutmazdı. Dərd orasında idi ki, bura necə gəldiyimizi də xatırlamırdım.

Ərimi nə qədər çağırsam da, havalanmış kimi o başa, bu başa qaçıb axtarsam da tapmadım. Odur ki, gəlib onu itirdiyim yerdə — binanın tinində durdum. Uşağı bağrıma basmışdım və ana-bala ağlaşırdıq. Bu tərk edilmiş şəhərdə nə qədər çarəsiz, köməksiz, yalqız olduğumu anbaan görürdüm.

Necə oldusa gözüm əyin-başıma sataşdı. Heyrətimdən göz yaşım kirpiyimdən ləçəkdə şeh kimi asıla qaldı.

Əynimdə qırmızı güllü ev xələti, sağ ayağımda da  üstü parıltılı şəpid var idi. Bir tayını hardasa itirmişdim.

Hər şey yuxu kimi idi. Anlaya bilmirdim ki, niyə küçənin ortasında evdən qovulmuş kimi biabırçı vəziyyətdə qalmışam. Yerdən-göydən bircə istəyim ərimi tapmaq idi. O, bütün bu sirlərin açarını yəqin ki, bilirdi.   

Birdən ağlıma gəldi ki, qiyamət  günüdür. Bütün insanlar bu günə inandıqları üçün qaçıb haradasa gizləniblər. Mən isə bunu hələ uşaqlıqdan cəfəngiyat saydığım üçün dünyanın ortasında qalmışam. Bir anlıq gözüm havada gəzdi və bu saat enib cəzamı verəcək mələyi axtardı.

Yazıq uşağı bağrıma elə basmışdım ki, tərpənə bilmirdi. Qollarım yorulsa da onu yerə qoymağa ürəyim gəlmirdi. Deyirdim birdən uşağı da itirərəm. Elə itirərdim də. Öz başımı itirmişdim, qalsın ki uşaq.

Toran getdikcə qatılaşırdı. Və bu vaxt ilk dəfə binaların pəncərələrindən düşən işıqların bir-bir söndüyünü gördüm. Getdikcə küçələr zülmətlənirdi. Adamların bu qədər ağılsız olub, hava qaralanda işıqları söndürməsini anlaya bilmirdim. Azmağım, ərimi itirməyim onsuz da canıma vəlvələ salmışdı, bir tərəfdən də işıqların sönməsi, qaranlıq… Tanımadığım qəribə şəhərə nifrət elədim. Lənət yağdırdım.

Hər sönən işıq ürəyimdəki  bir ümidi zülmətə qərq elədi. Balama “qorxma-qorxma” dedikcə içim-içimi yeyirdi. Tez-tez “Bax, indi ordan atan gələcək ”- deyərək ac balama ümid yedirdirdim. O isə bu qorxu dadan ümidi heç tamsınmırdı da.  

Qəfil gələn hay-küy səsinə sevindim. Binanın aşağı tinindən bir topa adamın çıxıb, mənə tərəf gəldiyini gördüm. İlahi, yer üzündə insan görmək nə böyük səadət imiş?

Onların mənə çatmalarını səbirsizliklə gözlədim. Uşaq da səs-küyü eşidib qəfil ağlamağını kəsdi.  Biz üstümüzə gələn bir topa adama ən sonuncu  ümid kimi baxırdıq. Onlar mənə çatanda gözləmədiyim bir hadisə baş verdi: Bir nəfər qoluma  girib məni özü ilə dartıb qaçırtdı.

— Qaç! Niyə durmusan? Balandan bezmisən, ay axmaq? Qaç!- Səsindən qadın olduğunu anladım. O, sözünü bir nəfəsə dedi. İlk anda nə baş verdiyini anlamadım. Yenə qorxum qızdırma kimi canıma yayıldı. Durna qatarına düşən qaz kimi onların axınına qoşuldum.

 Buluddan çıxan ayın işığı bu topanın qadınlardan ibarət olduğunu dəqiqliyi ilə göstərdi. Mənim kimi bəzilərinin qucağında, bəzilərinin də yanında uşaqları var idi.  

 Bu qədər qadının yanında nə bir kişi, nə də bir oğlan uşağı gözümə dəymədi. Hərdən dönüb arxaya baxırdım ki, qovanları görüm. Küçələr adamsız idi.

Bərk yorulmuşdum, elə bil cəhənnəmin bütün qır qazanlarını tək başıma qarışdırmışdım. Daha ayaqlarım yer tutmurdu. Dilim ağzımdan çıxa-çıxa soruşdum:  

— Hara gedirik? Niyə...- yanımdakı qadından öyrənmək istəyirdim ki, sözümü ağzımda qoydu. Acıqlı-acıqlı üstümə çımxırdı:

— Ölməyin gəlib? Heç olmasa balanı qurtar də,  ay bədbəxt! – Əynimdəki xələtin ətəyi uzun olduğundan  ayağımın altında qalırdı. Həm qorxudan tərləmişdim, həm də həyəcandan üşüyürdüm. Titrədirdim. Əynim nazik idi, ayaqlarım da yalın. Şəpitimin tək qalan tayını da haradasa  itirmişdim.

 Yorğa gedən atın belindəki adam kimi uşaq qucağımda o qədər tullanıb, düşmüşdü ki, yazıq ağlaya da bilmirdi. Qadının sözündən başa düşdüm ki, hamı özündən çox uşağını gizlətməyə çalışır. Onlar balalarından ötəri hər kəslə ölənə qədər döyüşərdilər, hətta  Allahla da. İndi düşünürəm ki, İbrahim peyğəmbər qadın olsaydı o, heç vaxt balası İsmayılı ayağının altına yıxıb qurban kəsməyə hazırlaşmazdı, heç bunu ağlına da gətirməzdi. İnandığı və həmişə rəhmli dostu bildiyi Allahının bu qurbanı istəyəcək qədər qəddar olduğunu dərk edib ona aldandığı üçün özünü öldürərdi. Anlayardı ki, əsil allah heç vaxt peyğəmbər seçdiyini qoca yaşında təzədən sınamaz, axı o, bütün könüllərin ən gizlin  pıçıltısını səs yaranmamışdan eşidəndi.

Hamımızdan qabaqda qaçan kök qadın bizə qışqırdı:

— Tez olun buradır! Çatmışıq, tələsin! – Hamımız qaranlıqda üzünü görmədiyim qadının arxasınca köhnə və taxta qala qapısından içəri girdik.

Bura zirzəmi idi. Divardakı  zəif işıqlar içərini güclə işıqlandırırdı. Bu alaqaranlıqda  kiminsə üzünü dəqiq görmək çətin idi.  Bizdən əvvəl gəlmiş qadınlar, uşaqlar divar boyu oturub yerlərini rahatlamışdılar.

Mən də bir qıraqdan oturub kürəyimi divara söykədim. Bədənimdən yorğunluğum su kimi axırdı. Elə bil ayaqlarım, belim əriyib tökülürdü. Amma başqa qadınlar kimi ağzıma su alıb otura bilmədim. Getdikcə qatılaşan sükut hövsələmin kasasını tərsinə çevirdi. Bayaq qoluma girib məni özləriylə qaçırdan qadından soruşdum:  

— Niyə gizlənmişik? — Səsimi yəqin ki, hamı eşitdi.

O, qadın  alaqaranlıqda sanki baxışlarıyla gözümü axtardı. Astadan:

— Burda  iudist olmayanları diri-diri yandırırlar. Cəhənnəm odu...

— Kimlər? – Səsimin titrəməsini özüm də duydum.

— Qara paltarlı ravvinlər. Onlar bütün kişiləri güllələyiblər.

Qadının axırıncı xəbəri məni qucağımdan yerə qoymadığım uşaqla bərabər qaldırıb yerə çırpdı. Nəsə demək, etiraz etmək istədim. Amma dilim ağzımda şişdi. Eləcə gözlərimi döydüm və güclə udqundum. Yanımdakı qadın deyəsən bunu hiss elədi. Yəqin ki, mənim yaşadıqlarım ona yaxşı tanış idi.

— Hər gecə onlardan olmayanları axtarırlar. – O qadın ağzını qulağıma yaxınlaşdırıb pıçıldadı. — Qəfildən haradansa peyda olub kişiləri gülələyirlər. Elə uşağın, qadının yanında. Harada olmağının onlar üçün fərqi yoxdur. İstəyir ev olsun, istəyir küçə. Elə bir də görürsən havadan ruh kimi çıxdılar. Ərini, oğlunu quduz it kimi güllələdilər. Qanını süfrəyə, yatağa, küçəyə, — harada vurdular ora axıdıb gedirlər. ...ərimi, iki oğlumu stolun başında, şam elədiyimiz vaxtda öldürdülər. Onların qanı ağ süfrənin üstünə,  nimçələrə töküldü. Sonra məni… – qadın çətinliklə udqundu, —  Onlar qadınları zorlayırlar. İstəyirlər ki, onlardan uşaqlar doğulsun. Böyüsünlər, ravvin olsunlar.

— İndi hər gecə bura yığışıb qapının açılmasını gözləyirik. O biri tərəfə keçəcəyik. Səhər  yenə qayıdacağıq. — Yanımdakı başqa qadın astadan onun sözünü davam elədi.

— O yan… Haradır bilmirəm. Əgər orda öldürmürlərsə niyə qayıdırsınız? – Soruşdum.

— Evini qoyub gedən qadın isti künc tapmaz. Burda mənim evim var. Ərimin, oğlumun ruhu dolaşır. Mən bayquş kimi xarabadan, xarabaya qona bilmərəm. Bir də o tərəfdəkilərin də  öz istəkləri var axı.  

Qəfildən açılan qapının paslı cəftəsindən gələn cırıltılı səsi bu alaqaranlıq zirzəmini sevindirdi. Hamı durub qapıdan o biri tərəfə keçdi. Bir neçə qız uşaqlarından sonra mən də başımı əyib qapıdan  girdim. Uzun dəhlizin o tərəfindən solğun işıq gəlirdi. Biz  o işığa tərəf getdik. Getdikcə yol yoxuşlandı. Suyun altından çıxan adam kimi qumluğun içindən ucsuz-bucaqsız bir səhraya çıxdıq.  Qum dənələri başımızdan, çiyinlərimizdən axıb töküldü. Hamı bir-birinin ardınca qumluqdan — yerin altından çıxırdı.

Səhra istiydi. Günəşin özü görünməsə də hər yeri təndirə döndərmişdi. Deyəsən burda gün təzəcə başlayırdı. Həm işıq, həm də isti içimi rahatlaşdırırdı. Mən üst-başnının qumunu təmizləyən, qumun üstündə oturub uşaqlarını qucaqlayan analara, gözləri həyəcandan bərəlmiş, rəngləri solğunlaşmış,  qorxudan  büzüşüb oturan uşaqlara baxırdım.                          

Qadınların əksəriyyətinin üz-gözü zərbədən göyərmiş, qançır olmuşdu. Daha dəhşətlisi o idi ki, bəzi qız uşaqlarının da üzləri, boyun-boğazları da analarınınkı kimi idi. Onlar cərəyana düşmüş adam kimi süst qalmışdılar.  Hətta bir necəsi hamilə idi.

Qarma-qarışıq fikirlər beynimdə qaynaşırdı. Düşünürdüm ki, qəbiristanlıq kimi sakit, ağ döşəkli tabut kimi rahat və cənnət kimi işıqlı olan bu səhradan qadınları harasa getməyə nə məcbur edir?  

Mənim beynimdə suallar bir birinin ardınca doğulurdu. Əvvəl heç vaxt bu barədə düşünməmişdim. Hətta hansı dinə tapındığımı da xatırlamırdım. Açığı dindən zəhləm gedir. Mən sadəcə insanlığı sevirəm. Axı mən anayam. Bütün  doğulanlar analarının balasıdır. Odur ki yer üzündə hamı ana-baladır, — yəni bir can.    

            Qadınların bir neçəsi qoyunlarından dəsmallara bükülü şirin kökələr çıxartdı. Hərəsi öz uşağını yedirtdi. Mənim qoynumda dərddən, ağrıdan başqa heç nə yox idi.  Qadınlara yalvarıb bir tikə də balam üçün istəməkdən başqa çarəm qalmadı. Elə bu məqsədlə də durub onlardan birinə yaxınlaşmaq istəyirdim ki, balaca bir qız məni qabaqladı. Gəlib düz qarşımda durdu. Əlindəki yumru kökəni ortadan bölüb dizimin üstündə oturduğum balama uzatdı. Balam  kökəni alıb dişlədi. Hamı ağzındakı loxmanı saxlayıb bizə baxdı. Elə bil qadınlar balaca bir qızın düşüncəsinin qarşısında xəcalət çəkdilər.

Məndən bir az aralıda tək oturmuş qadın gəlib yanımda oturdu. Qoynundan dəsmala bükülü çörək çıxartdı. Yarıya bölüb mənə verdi. Əvvəl almaq istəmədim. İstəmirdim onun çörəyinə şərik olam. Haradansa yadıma anamın sözü düşdü. O deyərdi: “Bala, sən yeyəndə mənim qarnıma gedir ”.  Odur ki, balamın  qarnının doyması mənə bəs edirdi. O qadına da elə belə dedim. Bir də ki, mən nəsə yeyəcək halda da deyildim axı.  

            Qadın etirazıma baxmadan təkid elədi. Aldım. Dişlədiyim loğma ağzımda böyüdü. Boğazımda düyünləndi.

Uşaqlar paylarını yedikcə gözlərinə işıq gəlirdi. Üzləri gülümsünürdü. Onlara baxdıqca mənə elə gəlirdi ki, uşaqlar böyüklərin bir çuval un kimi dünyaya dağıtdıqları bədbəxtliklərə bulaşmaq üçün doğulublar. 

— Bizim şəhərdə birinci dəfəsən? – Qarşımdakı sarıyanız qadın soruşdu.

— Hə. – dedim.

— Hardan gəlmisən? Burda nə işin var?

— Bilmirəm. Heç nə bilmirəm. Ərim itib.

— Ərin? Yəqin onlar ərini...- O, sözünü davam eləmədi. Təəssüf dolu nəzərlərini üzümdən çəkib uzaqlara baxdı. Mən onun yarımçıq qalmış sözünün ardını eşitmək istəyirdim.

— Axı niyə? Bu uşağın nə günahı var? Xarabaya qalsın şəhərinizi! – Daha özümü saxlaya bilmədim. Ədəbsizlik elədiyimi başa düşürdüm. Onlar mənə yaxşılıq eləmişdilər. Yad olduğumu görüb uzaqlaşmamışdılar. Mən isə onların şəhərlərini lənətləyirdim.

— Onlar istəyirlər ki, bütün insanların peyğəmbəri Musa olsun. Onlar üçün kafir olmayan yalnız özləridir və bunu sübut eləmək üçün hər şeyləri var. Bircə allahları yoxdur. Bu da onlar üçün xırda məsələdir. Elə buna görə də  yad saydıqları kişiləri öldürməklə kafirliyin kökünü kəsmək istəyirlər. Qadınlar onlar üçün uşaq doğmağa məcburdur. Bunu Allah eşqinə görülən müqəddəs vacib əməl sayırlar. Onların gözlərində biz yalnız uşaq doğan aparatlarıq. Mən heç vaxt doğmayacağam. Onlara görə uşaqlığımı kəsdirmişəm. Mən qatil övladın anası ola bilmərəm axı.

— Qalın burda. Baxın, görün buralar necə sakitlikdir. – Dedim.

O, rişxəndlə gülümsündü:

— Hə sakitlikdi. Axşam düşəndə onlar da gələcəklər. Canımızı qurtara bilməsək dəvələrinə, atlarına bağlayıb sürüyəcəklər.

— Hara?  Kimlər?

— Qadınları doğuzdurmağa. Kişiləri sünnətə, amma xəncərlə.  Sonra da “Allahu-əkbər” deyib başlarını kəsəcəklər. Deyirlər ki, guya Allah belə buyurub. Onların dinləri ən kamil dindir. Ona görə də hamı müsəlman olmağa borcludur. İudislər də, xristianlar da kafirlərdi. Guya onların kitablarında lənətləniblər. Guya qiyamət günü olacaq. İnanırsan? Həm allahı mehriban, ədalətli, rəhimli sayırlar, həm də həmin allahın dünyanı, körpə uşaqları, günahsız insanları öldürəcəyinə inanırlar. Bu necə allahdır bilmirəm? Hə qiyamət günü… Həmin gün isə hamı müsəlman olmalıdır. Onlar da hamını müsəlman edib, qiyamət gününə hazırlaşırlar. — Eşitdiklərimin həqiqət olduğunu ağlıma sığışdıra bilmədim.  

Getdikcə göyün üzündəki bulud layları toplaşdı və böyük dağlara bənzədi.  Sonra yağdı. Amma yağış yox, sabun köpüklərindən əmələ gəlmiş qovuqcuqlar töküldü. Qovuqcuqlar bizə çırpılan kimi partladı və üz-gözümüz yağlı mayesinə bulaşdı.  Qadınlardan öyrənib bildim ki, o heç də sabun köpüyünün qovuqcuqları deyil. Sən demə burda insanların fəryadları, iniltiləri, nalələri havaya qalxır. Sonra külək onları süpürüb bir yerə yığaraq nəhəng buludlara çevirir. Və ağır buludlardan hər gün səhranın üstünə bu qovuqcuqlar yağır.

Biz qumun altına girmək üçün yerin aralanmasını gözlədik. Bilmirəm bəlkə də heç yer aralanmayacaqdı, eləcə haradansa qapı açılacaqdı. Mənə də çox maraqlı idi. Hətta hövsələm daralırdı ki, qapı hardan açılır açılsın, təki bu yağıntının altından çıxaq. Hər qovuqcuq üstümdə partladıqca ətim ürpəşirdi. Üstümə bir ağırlıq çökürdü. Elə bil kiminsə başını kəsib göydən asmışdılar və qanı üstümə damcılayırdı. Dişim qamaşırdı. Həm də qayıdıb ərimi tapmaq istəyirdim. Uşağın gözündə atası necə məğlub edilməz görünürsə, ərim də mənim üçün elə qüvvətli idi.  Ona heç kimin gücü çatmazdı. Bir də fikirləşirdim ki, onu tapmaq mənim üçün bir az asan ola bilər. Axı mən o şəhərdə tək olmayacaqdım. Yanımdakı qadınlar mənə bir istiqamət verərdilər. İnanırdım...

Balamın üşüdüyünü, titrədiyini görəndə ürəyim parçalandı. Düzdü, hamının uşağı bu yağıntının altında qalmışdı. Hamısı bizim kimi islanmışdı. Amma uşaqların heç biri balam qədər üşümürdü. Hamısı gözümün qarşısında idilər axı. Görürdüm. Yəqin ki, onlar öyrəşmişdilər. Hətta hava da o qədər soyuq deyildi. Amma islanmış balam titrədirdi. Nə olur olsun balamın üşüdüyünü görmək mənə əzab verirdi.  

Ağzımı onun paltarının yaxasından bədəninə yapışdırıb tez-tez nəfəs verdim. Sonra onun əllərini hovlayaraq isitməyə çalışdım. O qədər tez-tez nəfəs verib aldım ki, qan təzyiqimin düşdüyünü gözümün qaralmasından hiss elədim. 

Balamın çənəsi, əlləri, bədəni getdikcə daha çox əsdi.  Onu qızışdıra bilmədiyimi gördükcə dəli olurdum. Yazıq uşaq qucağımda ilan vurmuşa dönürdü. Başa düşürdüm ki, qovuqcuqlar ən çox balamı ağrıdır.

Başımı qaldıranda gördüm ki, hamı mənə baxır. Özümdən asılı olmadan onların üstünə çığırdım:

— Nəyə baxırsınız? Oğlum üşüyür. Görmürsünüz? Görmürsünüz o necə əsir? Titrədir oğlum. — Əvvəl elə bildim ki, onlar mənim dəlicəsinə çığırmağımdan qorxdular. Ona görə hamısı durub bizə yaxınlaşdı. Axı anaların hamısının ürəyi birdir.

Bir arıq qadın son dərəcə təəccüblə və pıçıltı ilə qulağıma əyildi:

— Bu oğlandır? – Mən o an anladım ki, indiyə qədər qucağımdakı uşağın bəlkə də sonuncu kişi olduğunu heç kim bilmirmiş.  Əvvəl “hə” deməyə qorxdum. Amma yenə də başımı yellədim.

Birdən hamısı öz uşaqlarını unudub mənim kimi oğlumu isitməyə çalışdı. Kimisi onun əllərinə, kimisi ayaqlarına, kimisi boynunun ardından kürəyinə isti nəfəsini verdi. Oğluma görə ürəklərini tonqal kimi qaladılar. 

Oğlumun çənəsinin əsməsi kəsdi. Yanaqları və qulaqları qızardı. Hamının üzünə gülümsündü və elə bil o an hamı ömrünün ən sevincli anını yaşadı.

Bir qadın qızının əynindəki paltarı çıxardıb oğluma geyindirdi. Nə qədər etiraz eləsəm də o, mənə fikir vermədi. Mən də xələtimi çıxardıb onun qızını bürüdüm. Amma anası xələti qızın əynindən alıb zorla mənə qaytardı və öz paltarını soyundu. Balaca qız anasının paltarında qəribə göründü. Paltar onun arıq ayaqlarını örtdü. Bircə yalın barmaqları göründü.

Gecə köynəyində qalan qadın təkidlə dedi:

— Burdan qac! Onu apar! Yoxsa bu saat gəlib özlərini çatdıracaqlar. Onlar leş iyini uzaqdan tanıyan kaftarlar kimidirlər. Burunları kişi iyini harada olsa alır. Onlar “Allahu-əkbər!” sözünü ancaq  nəyisə kəsəndə deyirlər. Gəlsələr bu sözü  mütləq eşidəcəyik. Onların dilində həmişə “Allah” var. 

— O, doğru deyir. İndi  gələcəklər. Müsəlman olmadığını bilib səni dəvələrinin quyruğuna bağlayıb sürüyəcəklər. Çox görmüşəm. Onların kişiləri səni daşlayacaq, lənətləyəcək. Sonra mollalar kafirin doğaraq günahını yumasını tələb edəcəklər. Qız doğsan ikinizi də diri-diri basdıracaqlar. Biz geri qayıdacağıq, amma sən bizimlə qayıda bilməzsən. Oğlunu öldürərlər. Doğrusu, indi sənə heç yanda yer yoxdur. Hara getsən oğlunu… Burda qalsan yenə elə. Qaç! Din olmayan yerə get.

  — Doğrudanmı elə yer var?

— Deyəsən var. Orda Allahla insan arasında heç nə yoxdur. Amma yolu çox gizlidir. Kimin bildiyini də heç kim bilmir. Gərək özün tapasan.  Gecikmə, qaç! Hava qaralmamış canını qurtar! Çıx, get buralardan! İndi gələcəklər, onda bizlərdən birinə dönəcəksən.

Qadınlar islanmış kökələrdən dəsmala büküb qoynuma basdılar. Sonra hamısı əlini oğlumun üzünə, əlinə ayağına sürtdü. Elə bil bəşəriyyətin sonuncu pak kişisinə son dəfə əl vururdular.

Mən arxaya dönüb baxa-baxa onlardan uzaqlaşdım. Uşaqlardan bir neçəsi bizə əl salladı. Onların üzü mənə tərəf olduğundan arxalarını görmürdülər. Onlardan uzaqda toz dumanı qalxmışdı. O toz dumanı getdikcə böyüyürdü. Var gücümlə üzümü tutduğum tərəfə qaçdım.

Hər yer mənə yad idi. Ömrümdə ilk dəfə səhra görürdüm. Səhranın bu qədər vahiməli olduğunu heç ağlıma da gətirməmişdim.

Mən qaçdıqca qovuqcuqların seyrəldiyini hiss elədim. Mənə elə gəldi ki, getdikcə günəşin yanına çatıram. Ayağım yalın olduğundan qum dərimi bişirirdi.

Son dəfə arxaya dönüb baxanda qadınları görmədim. Onlardan  çox uzaqlaşmışdım. Yuxarıdan baxan olsaydı məni qum okeanının ortasında ləngərləyən qayığa bənzədərdi. Üzümü göylərə tutub Allahı axtardım. Amma göyün üzündə nəyinki allah, heç əl boyda bulud da yox idi. Mən başa düşdüm ki, biz ucu-bucağı görünməyən yerin üstündə, əlçim boyda buluda tamarzı qalmış göyün altında yeganə adamlarıq. Yeganə adamlarıq ki, bir-birimizi sevirik. Mənim dinim, allahım qucağımdaydı. Oğlumsa  məndən başqa heç kimi tanımırdı.  

Mən növbəti itkinin ağrısını yaşamaq istəmirdim. Odur ki, oğlumu danışdıra-danışdıra, hərdən də güldürərək ümidlənib, cəsarətlənib üz tutduğum tərəfə addımlayırdım. Əslində qucağımda tutduğum oğlumdan yapışıb ayaq üstə durmuşdum.

Yolun harada bitəcəyini düşünmək kainatın sonunu tapmaq kimi bir şey idi. Ağlıma gəlirdi ki, təzəcə özünü göstərən susuzluqdan haradasa ciyərimiz quruyacaq. Onda neyniyərəm?  Damarımı kəsib qanımla oğlumun quruyub, çatlayan  dodaqlarını isladaram.

Bircə onu düşünmüşdüm ki, ölənə qədər getməliyəm. Ölənə qədər də özümü oğluma olduqca şən göstərməliyəm. Onu bütün bu olanlardan xəbərsiz böyütmək istəyirdim.

Necə oldusa ayağımın islandığını hiss elədim. Qəribə idi. Palçığa girmişdim. Bəli, həqiqətən, əsil palçıq idi.  Arxaya çevrilib baxanda məəttəl qaldım. İnanılmaz idi, bayaq dərimi dağlayan qumlu səhra görünmədi. Yerində palçıqlıq, lilli gölməçələr iri dairələr kimi bir-birinin yanına bitişərək düzənliyi tutmuşdu. Belə çıxırdı ki, mən indiyə qədər  palçığın içi ilə yerimişdim.  

Palçığın içindən quraqlığa çıxmaq istədim. Ayağımı qovuran qumları arzuladım. Amma sən demə səhrada bir qum dənəsinə də möhtac qalmaq olarmış.

Qabağa getdikcə palçıq dizimə qədər  qalxdı. Düşündüm ki, bir az da belə getsəm palçıq bizi şirin loğma kimi udacaq. Amma mən oğlumun yağlı tikəyə dönməsinə yol verə bilməzdim. Onu bu bataqlıqdan çıxartmalı idim. Amma quru yer görünmürdü. Bütün yollar palçığın altında qalmışdı.

Ayağımı palçığın içindən çıxmış daşların üstünə qoyaraq getmək istədim. İnadım gücümü artırırdı. Dünyanın axırına qədər dayanmadan getməyə hazır idim.

Ayaqlarımı yerə robot ayaqları kimi çırpırdım. Həm palçığın ağırlığından, həm də əsəbimdən. Birdən ayağımı qoyduğum daş çilikləndi. Qəlpəsi dabanıma batdı. Ağrısı düz beynimə işlədi. Ayağımı qaldırıb batan qəlpəni çıxartdım. Ətim ürpəndi. Qəlpə diş idi, adam dişi. Başa düşdüm ki, ayağımı qoyduğum daş yox,  insan kəlləsiymiş. Dabanımın göynəməsini unudub ətrafa döyükdüm. Hər yerdə ağ daşa bənzəyən kəllələr görünürdü.

Mən ayağımı qoyduğumun insan kəlləsi olduğunu bildiyim üçün daha getmək istəmədim. O kəllələrə ayağımı qoymağa ürəyim gəlmədi. Bu ölülərə təhqir idi axı.

Barmaqlarımın ucu ilə yoxlayaraq ayağımı qoymağa bərk yer axtardım. O biri ayağımı qaldıranda topuğuma uzun saç dolaşdı. Mən başa düşdüm ki,  kəllələr qadınlarındı. Düşündüm ki, görəsən onları doğrudanmı diri-diri basdırıblar? Əgər elə idisə deməli yanlarında uşaqları da var idi. O an mənə elə gəldi ki, cəhənnəmdəyəm. Əjdahanın əlindən canımı qurtarmaqdan azıb onun yuvasına gəlmişəm. Amma nə əlacım, nə də başqa yolum var idi.

Dişimi dişimə sıxıb kəllələrin üstü ilə addımladım. Barmaqlarım görünmürdü. Mən palçığa batsam da oğlumu qucağımda təmiz saxlamışdım.

 Mən insan kəllələrinin üstüylə hoppandıqca oğlum gülürdü.  Qəsdən  tullananda “Hoop” deyib onu sirkələyirdim ki, daha bərkdən gülsün. Bilməsin ki, anası meyitlərin üstüylə yeriyir. Mənim oğlum yalnız gülməli idi. Mən ona dindən, şəriətdən  hamilə qalmamışdım. Oğlum  allahı tanımamışdan əvvəl məni tanıdı, məni sevdi. Ona allahı mən sevdirməliyəm, amma hansını?

Bataqlıq və diri-diri basdırılmış insan kəllələrinin içində seviləcək bir şey tapmaq  çətin idi. Bir də ondan qorxurdum ki, oğlum böyüyənə qədər mən elə bataqlıqda yol axtarım. Bir də görəm ki, oğlumun ayağı yer axtarır. Yox, amma lap yekə kişi olsa da mən oğlumu yerə qoymazdım. Qoymazdım onun ayağı palçığa batsın və insan kəllələrinin üstü ilə yerisin.

Addımlarımı daha mətin, daha hirsli çırparaq oğlumu palçıqdan uzaqlaşdırmağa çalışdım. Ayağım yerə çırpıldıqca palçıqlı su fırçıldayır, kəllələr şaqqıldayaraq çiliklənirdi.

Bilirdim ki, bir gün o palçıqlı su qurusa, torpağın üstündəki ayağımın izləri görünəcək.  Kimsə o izlə ya məni öldürməyə gələcək, ya da özünü qurtarmağa.

Getdikcə ayağıma batan sümüklərin ağrısını hiss eləmədim. Əsəblərim keyidi. Sinirlərim daşlaşdı.

Nəhəng bir divarın kölgəsini ayağımın altında, sonrada üstümdə görəndə başımı qaldırdım. Ayağımın altına baxa-baxa yeridiyimdən bu hansısa şəhərin qala divarını uzaqdan görməmişdim.

Qala divarın qapısını axtardım. Amma ürəyimdə bir qorxu da var idi. Fikirləşirdim ki, bəlkə də bu qədim şəhər divarının arxasında amansız əjdahalar ağzını açıb məni gözləyir.   

Qərb tərəfə çatanda qapısız bir tağ gördüm. Tağın altında dolubədənli, sarışın, üz-gözü qırış-qırış bir qarı oturmuşdu. Anladım ki, qarı bu qala divarının qapısıdır.   Onun əynindəki paltarın solğun rəngindən məlum idi ki, o, illərdir qapı olaraq qalıb. Belinə iri saçaqları olan boz rəngli şal bağlamışdı. Ayağı yalın idi. Mürgülədiyi üçün başı arxaya, qabağa yırğalanırdı. Diksinib ayılırdı, bir də mürgüləyirdi.

Nəzakət qaydalarına əməl etməyin yeri deyildi. Odur ki, qadının qarşısında duran kimi onu çağırıb oyatdım. İçəri girmək üçün yol istədim. O doğrudan da əsil əjdaha kimi yuxudan ayıldı. Əvvəl zırıltısını eşitdim, sonra başını qaldırıb güclə üzümə baxanda gözlərinin yorğunluğunu və maviliyini gördüm.

— Xristiansan? – O, əsnəyə — əsnəyə soruşdu. Ovcunun içiylə ağzına vurdu. Mən onun əlinin üstündəki xaç döyməsini gördüm. Odur ki cəld:

— Əlbəttə, əlbəttə xristianam. — dedim. Tez də yaxama xaç çəkib təzim elədim.

— Qucağındakı da?

— Hə, hə. Qızım da xristiandır.  Adı Məryamdır. – Ona da xaç çəkdim.

Qadın mənasız gülümsündü. Nəhayət ağır-ağır ayağa durdu. Elə bil nəhəng bir darvaza açılırdı. Qarşımda yol açıq olsa da içəri keçməyə bir necə anlıq tərəddüd elədim. Düşündüm ki, geri qayıdım, qoyub gəldiyim qadınları tapıb, onları da gətirim. Qoy onlar da xristian olduqlarını desinlər. Onsuz da bunun bir fərqi yoxdur. Nə olursan ol. Təki yaşamağa sakit, rahat yerin olsun.

Qadın məni tələsdirdiyi üçün qeyri-ixtiyari içəri keçdim. O, laqeydcəsinə keçib yerində əyləşdi və yenə mürgülədi.

Mən möhtəşəm divarların arasında idim.  Mənim durduğum yerdən bir neçə metr qabağa quruyub cadar-cadar olmuş torpaq zolağı var idi. Sonra sırayla  evlərə bənzəyən kilsələr tikilmişdi. Bu kilsə şəhər cadarlanmış torpağın bitdiyi yerdən başlayırdı. Özü də bura şəhərdən daha çox balaca qəsəbəyə bənzəyirdi. Qərar verə bilmirdim şəhərə tərəfə gedim, getməyim. Bütün ev-kilsələrin üstündən müxtəlif ölçüdə, formada xaçlar dikəlmiş, zənglər asılmışdı. Bura şəhərdən çox xristian qəbiristanlığına bənzəyirdi və hər yerə ölü sükutu çökmüşdü. Ətrafda ins-cins gözümə dəymədi. İlk ağlıma gələn o oldu ki, bu şəhər elə mənim axtardığım yerdir.  Bu qədər sakitlikdə nə ola bilərdi ki? Amma sükut səsdən daha qorxulu imiş.

 Oğlumu qucağımdan yerə qoydum. Hiss elədim ki, qollarımı qan tutub. Tez-tez açıb yumdum. Sonra oğlumun əlindən tutub evlərə tərəf addımladım. Ayağımı yerə elə basırdım ki, elə bil yatanları oyatmaqdan qorxurdum.

Həyətlərdə, küçələrdə daşdan yonulmuş skamyalarda uşaq heykəlləri oturmuşdu. Heykəllər ürəyimə yenidən vəlvələ saldı. Oğlumu qucağıma  aldım. Xeyli vaxt idi ki, onun səsi çıxmırdı. Eləcə gördüyü qəribəliklərə gözlərini döyürdü. Elə bil uşaq da indi nə olacağını gözləyirdi.

Bir neçə evin arasından keçdim. Küçələr ensiz olsa da təmiz idi. Amma bütün evlərdən sükut cansıxıcı duman kimi axırdı və havadan yanıq iy gəlirdi. Birdən bütün kilsə evlərinin üstündəki zənglər eyni anda cingildədi. Ürəyim düşdü. Səsdən qulaqlarımın pərdəsi az qaldı deşilsin. Oğlum cikkə çəkib ağladı.

 Qulağım səsə alışanda gözlərimi ehtiyatla açıb ətrafıma baxdım. Topa-topa qadınlar bir evdən çıxıb tələsik o biri evə doluşdular. Elə bil bu evdəkiləri o evə, o evdəkiləri bu evə qovurdular. 

Yanımdan keçənlərin heç biri mənə fikir vermirdi. Qucağıma bərk sıxdığım oğlumla qaynaşan adamların içində ora-bura itələnirdik. Hətta nəfəsimi də içimdə sıxıb saxlamışdım.

Qəfildən səslər kəsildi və küçələrdə yenə bir nəfər də olsun adam görünmədi. Ətrafa bayaqkı qəbiristanlıq sükutu yayıldı. Amma qulağım hələ də cingildəyirdi.

Zənglərin qəfil kəsməsi oğlumu özünə necə cəlb etdisə səs kəsilən kimi o da ağlamağını yarımçıq saxladı. Sükut və qəfil səs mənim üçün çox qorxulu oldu. Başa düşdüm ki, bu şəhərin həyatı arzuladığım kimi deyil.

Bir kənara çəkilib gizlənmək, bədənimin, ayaqlarımın, qollarımın, beynimin yorğunluğunu çıxartmaq istədim. Fikrim o idi ki, bir az dincələn kimi burdan da qaçım.

Məndən sağ tərəfdə yan-yana tikilmiş iki evin arasındakı dar araya girdim. Ora gizlənmək üçün yarayırdı. Oğlumu da yanıma  alıb yerdə oturdum.  Elə bil bədənim kilsə şamları kimi əriyib torpağa tökülürdü.

Kürəyimi divara söykəyib ayaqlarımı dizimdən qatladım. Bir qolumu oğlumun  çiyninə saldım ki, əlimin altında olduğundan əmin olum. Gözümün qapağı yorğunluqdan ağırlaşıb yumulurdu.

Hər dəfə gözümü yumanda ərimi gördüm. Dəhşət idi. Onu gözümün qabağında güllələyirdilər. Amma o, qan içində olduğu halda bizə tərəf sürünürdü. Bunun ani yuxu olub olmadığını bilmirəm. Amma gözümü yuman kimi  eyni şeyi təkrar-təkrar gördüm.

Qəfil çalınan zənglərin səsi yenə qulaqlarımı batırdı. Başını mənə söykəyən oğlum diksinib ağladı. Mən onun sakitləşdirə bilmirdim. Ona görə də zəngləri lənətlədim.

Uzun, qara ləbbadəli bir keşişin girdiyimiz dar dalanın başında durub bizə baxdığını gördün. Ürəyim əsdi. Cəld ayağa durub oğlumu qucağıma aldım.

Başına qoyduğu  şiş papağı, uzun qara ləbbadəsi o keşişi olduğundan daha da uzun göstərirdi.

— Yaxın gəl, qızım, yaxın gəl! – O, yoğun səsiylə məni  çağırdı. Getməyə məcbur oldum. Qorxa-qorxa ona yaxınlaşdım. Yəqin ki, mənim ürkdüyümü aydın görürdü.

Keşiş bir az arxaya çəkilib dalandan çıxmağıma yol verdi. Mən günahı aşkar edilmiş adam kimi onun qarşısında durub başımı yerə dikdim. Onun ehtiraslı baxışlarını yanaqlarımda, boynumda və açıq yaxamda hiss elədim. O, palçığı qurumuş ayaqlarıma baxıb dedi:

— Uzaqdan gəlmisən...

Sadəcə başımı yellədim.

— Deməli, sən kafirlərdən qaçıb bizə pənah gətirmisən. Bəs, niyə qorxursan, qızım? Kimdən gizlənmisən?

O, mehriban danışırdı.

Ürəkləndim:

— Ərimi axtarıram. – Dedim.

— Yəqin ki, sən onu gizləndiyin divarların arasında tapmadın? – Keşiş gülümsündü.

— Harda axtaracağımı bilmirəm. –Deyib, bir az qalmış ümidimlə ona baxdım.

— Müqəddəs ruh sənə yol göstərər, qızım. Gəl mənimlə. – Keşiş məndən bir iki addım qabaqda gedərək tənbəl-tənbəl bir evə girdi. Əvvəl onun ardınca girməyə qorxdum. Amma qaçmağı ağılsızlıq saydım. Odur ki evə girdim.

Bura doğrudan da kilsənin içiydi. Hər yanda şam yanırdı. Başları örpəkli qadınlar ovuclarını bir-birinə birləşdirərək çənələrinin altında tutmuşdular və bir az qabağa əyilib, dodaqlarının altında nəsə oxuyurdular.  

— Otur bunların arasında dua elə. – Keşiş mənə yer göstərdi. Mən dizlərimi qatlayıb oturdum. O ikonalar  asılmış arakəsmənin yanındakı tünd qırmızı pərdəni aralayıb arxa otağa keçdi.

Şamların iyi məni boğurdu. Amma dözməyə çalışdım. Tavana, divarlara çəkilmiş şəkillər şamın titrəyən işığında daha da canlı görünürdü. Qızılı rəngli ikonalar bu zəif işıqda bərq vururdu.

Bir neçə cavan keşiş ortaya qoyulmuş  iri bir taxta çaxır çəlləyinin yanında durmuşdu.  Sonra qadınlar  vedrələrdə müqəddəs su gətirib çəlləyin yarımçığını doldurdu.  Qadınlar əllərindəki vedrələri yelləyə-yelləyə yanımdan keçib arxadakı qapıdan çıxdılar. Vedrələrin kənarından yerə bir neçə qırmızı damcı düşdü. Nəzərimi çəkdi. Müqəddəs su görməmişdim deyə, barmağımı isladıb dilimə vurdum: bu qan idi. Dəhşət! Anladım ki, onlar çəlləyi qanla doldurdular. Bir az keçmiş çəlləyin yanına qara örtüyə bələnmiş yaşlı bir kişini gətirdilər. Elə bil kişi hipnoz olmuşdu. Donub baxırdı. Ona dolanmış qara örtüyü açdılar.  Kişi lüt idi.

Dua oxuyaraq onu stola qaldırıb çəlləyin içinə girməsinə kömək elədilər.  Çəlləyin içinə girəndən sonra onun yalnız başı göründü. Mən pıçıltı ilə  yanımdakı qadından onların nə etdiklərini soruşdum:

— Müqəddəs xaç suyuna salırlar. Kafiri xristian edirlər. Ona dua elə. Yazıqdır. Qoy cənnətin qapıları üzünə açılsın. Ata, oğul və müqəddəs ruh naminə.

Bir az hündürdə duran keşiş dua oxuduqca  qadınlar  bəzi parçaları xorla təkrarladı. Keşiş həmin vaxt əlini çəlləkdəki adamın başına qoydu, o adam da çəlləyin dibinə əyildi. Duanın nəqarəti bitirən kimi keşiş əlini qaldırdı və çəlləkdəki baş yenə göründü. Sonra bir də duanın başqa bir nəqarəti oxundu.  Keşiş çəlləkdəki başı aşağı basdı. Sonra yenə nəqarət bitdi. Yenə çəlləkdən baş çıxdı. Növbəti dua. Keşiş bir də onun başından basıb saxladı. Yəqin ki çəlləkdəki kişi yenə duanın qurtarmağını gözləyirdi. Amma dua  uzandı. Hamı çox həvəslə duanı təkrarlayırdı. Tələsmədən, uzada-uzada oxuyurdular.

            Lənətə gəlmiş dua bitmirdi. Çəlləkdəki adamın yerinə özümü düşündükcə ürəyim az qaldı partlasın. Hövsələm daraldı. Dua hələ də bitmirdi. Bayaqdan tutduğum nəfəsimi buraxdım və tövşüdüm. Bir neçə dəqiqə də keçdi. Nəhayət ki, dua bitdi. Min bir həyəcanla başın çəlləkdən çıxmağın gözlədim. Amma adamın başı görünmədi. Keşiş əlini çəlləyin içinə salıb adamın saçından tutaraq qaldırdı. Hamıya göstərdi. Qadınlar sinələrinə xaç çəkdilər. Çəlləkdəki adamın gözləri bərələ qalmışdı.

Keşiş əminliklə dedi:

— Onu tanrı bağışlamadı. Ona görə də dua bitənə qədər dözmədi. Tanrı özü rəhm eləsin. Amin!

Mən qulaqlarıma inanmadım. Necə bağışlamadı? Necə yəni tanırı özü rəhm eləsin? Axı burda tanrı yox idi?  

Qəfildən kilsənin zəngləri cingildədi. Hamı cəld durub kilsədən çıxdı. Başqaları gəldi. Mən də çıxanların axınına qoşulub qarşıdakı kilsə evə girdim. Qadınlar yenə yerdən oturdular. Mən də onların yanında oturdum. Oğlumu börümə sıxdım. Yenə çəlləyin yanına bir nəfəri gətirdilər. Bir cavan oğlan idi. Onu çəlləyə saldılar. Dualar başladı. Balaca boy, dolu bədənli keşiş dua oxudu. Onun yoğun səsi divarlarda əks olunurdu. Sonra hamı nəqarəti təkrarladı. Oğlanın başı cəlləyə girib, çıxdı. Sonra yenə dua uzanmağa başladı. Oğlanın başı çəlləyin kənarında görünmədi. Nəhayət dua bitdi. Sən demə, özüm də bilmədən dua başlayandan nəfəsimi tutmuşdum.  Dua bitən kimi elə bildim suyun altından çıxdım. Amma görünür arada bir nəfəsimi dəyişmişdim. Amma oğlan dəyişə bilməmişdi. Onun saçından tutub qaldırdılar. Elə bil hələ də gülümsünürdü. Gözləri bərəlmişdi. Hamı tanrıdan ona mərhəmət istədi. Sinələrinə xaç çəkdilər. Yenə zənglər çingildədi. Qaçışma düşdü. Mən yenə onlara qoşulub başqa evə girdim.   

Bu kilsənin də içi bayaqkı kimi idi. Ortaya çəllək qoymuşdular. Küçələrin niyə yiyəsiz olduğunu artıq başa düşmüşdüm. Zənglərin səsi də mənə aydın idi. Bircə onu bilmirdim ki, burdakı adamlar qatil olduqlarını bilirdilərmi?

Qara örtüyə bələnmiş növbəti qurbanı çəlləyin yanına gətirdilər. Onu görəndə bütün kilsənin tavanı başıma uçdu. Bir göz qırpımında yerimdən sıçrayıb onu qucaqladım. O, mənim ərim idi.

Keşişin yanındakı adamlar bizi bir-birimizdən qoparmaq istədilər. Oğlum ortamızda qalmışdı. Biz bir-birimizə dolaşdıq. Ərim elə bil qəfil yuxudan ayıldı. Tilsimini qırdı. Məni, oğlunu görüb qəfəsdən çıxmış şirə döndü. Keşişlərin üstünə atılıb hərəsini bir tərəfə çırpdı. Kilsənin ortasında bağırmağa başladı.  Sakitləşdirici iynəsi gecikmiş dəliyə döndü.

Mən itələyib qan dolu çəlləyi aşırtdım. Qan bütün dua edən qadınların üstünə töküldü. İstədim ki, qadınlar üstlərinə tökülənin qan olduğunu bilsinlər.

Ərim  qolumdan tutub məni çölə qaçırtdı. Biz küçəyə çıxdıq. Kilsələrin zəngləri çalınmadığından heç kim yox idi. Arxamızca iki üç eybəcər keşiş gəlirdi.

Mən arxamızca gələnin bizə çatıb-çatmadığını görmək üçün arxaya döndükcə geridə qalmış kilsələrin arxasında qalanan ocaqları, sobaları gördüm. Tüstüsü çıxmırdı. Yalnız od yanırdı və çəlləkdən çıxanları ora atırdılar.

Biz zənglər çalınana qədər canımızı qurtarmalıydıq. Bəlkə zəng çalınanda keşişlər elə qadınları üstümüzə göndərəcəkdilər.

Qaçırdıq. Ərim bizi az qala arxasınca sürüyürdü. Evlərin arasından yarış atları kimi sürətlə keçib dəmir darvazaya çatdıq. Bu darvazanı çöldən görməmişdim.  Ərim darvazanın qapısını təpiklə vurub açdı.  Biz şəhərdən çıxdıq. Qarşımızda çəmənlik uzanırdı.

Biz darvazadan xeyli aralandıq. Amma yenə də dalımızca uzun ləbbədəli o  keşişlər gəlirdi. Zənglərin səsini eşidəndə bir az da bərk qaçmağa başladıq.

Biz ensiz bir çayı keçib, meşəliyə girdik. İkimiz də arxaya boylandıq. Heç kim gözümüzə dəymədi.  Amma keşişlərin səslərini eşidirdik. Onlar “Kafirə ölüm!”  deyib bağırırdılar.  Artıq meşənin ortasına çatmışdıq. Kol-koslu bir yer tapıb ovçudan ürküb gizlənən kəklik  kimi orda gizləndik. Ərim bizi bağrına basmışdı.  Biz bu meşənin dərinliyindəki tikanlı kolda dünyanın ən bəxtəvər ailəsi idik.

— Bilirəm hara getmək lazımdır. – Ərim bayaqdan bəri ilk dəfə  ağzını açdı. — Orda  öyrənmişəm.

 Hava qaralana yaxın biz kolluqdan çıxdıq. Uzaqdan kilsə zənglərinin, bir də keşişlərin bağırtısı eşidilirdi.

Biz meşədən çıxanda hava artıq qaralmışdı və bədirlənmiş ay talanı işıqlandırırdı. Taladan keçib qayalara çatdıq. Ərim qayaların  üstündə hansısa bir işarəni axtarmağa başladı. Mən də onun dalınca hərləndim. Qulağıma qayaları döyəcləyən dəli dalğaların səsi gəlirdi. Yəqin ki, bu səs qarşımızdakı sıldırımın arxasında idi, yəni getmək istədiyimiz yerdə.

Ərim nəhayət ki, axtardığını tapdı. Bu iri bir qayanın ortasında düzəldilmiş qapı idi. Enli cəftəsinə insan kəlləsinə bənzəyən iri qıfıl bağlanmışdı.

— Əsil tanrı bu qapının arxasındadır. — Ərimin gözləri güldü. Onun sevinci mənə də keçdi.

— Gedin bir yerdə gizlənin. Mən mütləq bu qapını açacağam. Ora gedəcəyik.  Eşitmişəm ki o tərəfdə edam olunmamış Allah var.  Oradakı dinin adı sevgidir. Hələlik gizlənin!  

Mən oğlumu da qucağıma alıb qayaların arasında gizlənmişəm. İndi dünyada heç nə vecimə də deyil. Çünki oğlum və ərim yanımdadır.

Ərimə baxıram.  O, əvvəl cəftənin üstündəki kəllə qıfılı təpiklədi. Sonra axtarıb qaya parçası tapdı. İndi də qüvvətlə kəllə qıfıla çırpır. Kəllə qıfıl dəmir olduğundan qaya ona çırpılanda çaxmaqdaşı kimi  qığılcım  çıxır.  Səs isə guruldayır. Elə bil kəllə qıfıl başına dəyən zərbələrdən bağırır, kimlərisə çağırır.

Mən bu qığılcımdan,  bu səsdən bərk qorxuram. Kimlərsə bu qığılcımı görüb, bu səsi eşidib bizi tapa bilər. Gözümün qabağında ərimi, oğlumu xaç şəklində bu qapıya mıxlayar. Onların qanları bu azadlıq qapısına yaxılar. Meyitləri bu qapının üstündə quruyar.  Mənisə sürüyüb hansısa din üçün oğul doğmağa apararlar. Ya da ərimin qapını açmağını gözləyərlər. Açandan sonra o qapıdan girib hamını həqiqi allahdan döndərərək öz dinlərinə çağırarlar.

Ərim qan-tər içindədir. Yazıq  var gücüylə əlləşir. Səs uzaqlara yayılır. Və bu qaranlıqda qığılcım çıxır.

Orda, talanın başında bayaqdan bəri  kölgələr  sürünür. Aydın görmürəm nədir. Bilmirəm buludların kölgəsidir, yoxsa...

 

Oxşar məqalələr

 

8 şərh

seyidova
Bu böyüklükde hekayeni başdan oxudum amma axırını başa düşmedim.İndi axırda noldu?
reality_man
qısacası Biabırçılıq+Rüsvayçılıq  )))
seyidova
Onu bilirem ki, bir şey başa düşdümse ne olum :)) Hardasa xeyalımda qiyamet gününü canlandırdım amma nese başa düşmedim
nuru
hardasa ötürdüyünüz abzas ve ya cümlə olub. sətilərin altındakı mənanı tapmağa çalışın.
seyidova
Men menanı başa düşmüşem diyesen  qiyametden danışılır bura qeder ela burdan sonrasını anlamadım.Heçne ötürmemişem.mövzunu hardasa tutdum amma axırını anlamadım
reality_man
Məncə burda əvvəldə dediyi kimi Qiyamətdən bəhs edilir, yəni ki, sonsuz həyatdan, bitməyən işgəncədən (((
Hərdən adamın yuxusuna da belə hadisələr girir, hansı səhnəyə hardan keçidin necə formalaşdığını ayırd etmək olmur,
Gülnar
Çox xoşuma gəldi.
Muza
Yaxşıdır.Amma axırı sanki natamamdır