1-ci olimpiya oyunları

1896-cı il aprelin 6-da Afinanın Mərmər stadionunda 80 min tamaşaçı qarşısında dünyanın 13 ölkəsindən gəlmiş 311 idmançı qaçış cığırına çıxmışlar. Olimpiya oyunlarında Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, ABŞ, Fransa, Çili, İsveçrə, İsveç və Yunanıstandan gəlmiş idmançılar iştirak edirdilər.

1894-cü ildə yaradılmış BOK-da Rusiyadan general A.D.Butovski nümayəndə seçilmişdi. Lakin çar Rusiyası maddi çətinliyə görə bir nəfər də olsa Olimpiya oyunlarına idmançı göndərə bilməmişdi. Buna baxmayaraq, Rusiyadan bir nəfər Afinaya getmişdi. Ancaq bu idmançı yox, hakim olmuşdur. O, Rusiyada yaşayan milliyyətcə yunan olub öz hesabına Yunanıstana gedərək velosiped idmanı üzrə hakimlik etmişdir.

I Olimpiya Oyunlarına 9 idman növü daxil edilmişdi: atletika, yunan-roma güləşi, velosiped idmanı, gimnastika, üzgüçülük, atıcılıq, tennis, ağır atletika və qılıncoynatma.

Atletika. Antik dövrdə olduğu kimi Olimpiya oyunlarını atletlər açdılar. Amerikalı atlet Ceyms Konnolli üç təkanla hoppanmaq üzrə (13 m 71sm) qızıl medal qazandı. Harvard Universitetinin müəllimi olan Ceyms Konnolli I Olimpiya oyunlarında qızıl medal aldıqdan sonra o, universitetin fəxri doktoru, sonralar isə tanınmış jurnalist və yazıçı olmuşdur.

Marafon yarışının müasir Olimpiya oyunları proqramına daxil edilməsi fransız akademiki Mişel Brealın təşəbbüsü ilə olmuşdur. Oyunların başlanması ərəfəsində Afinaya gələn akademik Breal BOK-a məktub yazır. Məktubda göstərir ki, marafon qaçışında birinci gələn adama şəxsən özünün düzəltdirdiyi qızıl kuboku verəcək. Onun bu təklifi qəbul olunur. Yerli mətbuat bu yarışı ümummilli miqyasda işıqlandırdı. Yunanıstanın kralı I Konstantin elan edir ki, əgər marafon qaçışında birinci gələn yunanıstanlı olsa, ona bir çəllək çaxır, bir il ərzində pulsuz yemək, ömrü boyu dərzidən və bərbərdən pulsuz istifadə etmək, 10 sentner şokolad, 10 ədəd inək və 30 ədəd qoyun verilsin. Bunlardan başqa, Averoffun qızını bir milyon qızıl cehizi ilə və Mişel Brealın qızıl kuboku da həmin marafonçuya verilməli idi. Xoşbəxtlikdən, birinci gələn poçt işçisi yunan Luis Spiridon oldu. O, Yunanıstanın milli qəhrəmanı səviyyəsində qiymətləndirildi.

Üzgüçülük Üzgüçülük yarışında Macarıstan idmançısı (sonradan memar və jurnalist) Alfred Xayoş, iki ədəd qızıl medal (100 m və 1200 m) almışdır. O, 1924-cü ildə yenə də Olimpiadanın medalını alır. Ancaq bu dəfə stadionun ən yaxşı proyekti üçün gümüş medal ona təqdim edilir, o isə qızıl almağa öyrəşmişdi.

Velosipeddə sprint yarışında 2000 və 10000 m məsafə fransız Pol Masson qızıl medallara layiq görülmüşdür.

Digər fransalı Leona Flaman 100 km məsafəyə yürüşdə rəqibi yunan Georqios Kolettisin velosipedinin qəflətən sınmağını görüb, o da dayanır. Rəqib velosipedini düzəldəndən sonra yenidən onunla yarışır və qızıl medalın sahibi olur. O həm də minlərlə tamaşaçının dərin rəğbətini qazanır.

Güləş yarışında çəki dərəcəsi hələ yox idi. Almaniya nümayəndəsi Karl Şuman (o, həm də gimnastika üzrə 3 qızıl medala layiq görülmüşdür) güləş yarışında Olimpiya çempionu olmuşdur.

Tennis yarışında ingilis idmançısı Con Bolend qalib gəlmişdir.

Bu oyunlardan başlayaraq Olimpiya çempionlarının şərəfinə öz ölkəsinin milli himninin çalınması və bayrağının ucaldılması ənənəsi müəyyən edilir.

Qaliblər axırıncı gün dəfnə çələngi ilə mükafatlandırılmışdır. Bu Olimpiya oyunu ölkə kralı Konstantinin və yüzlərlə imkanlı yunanın maddi yardımı nəticəsində baş tutmuşdu.

 

I OLİMPİYA OYUNLARININ YEKUN CƏDVƏLİ

 

Yerlər

Ölkələr

MEDALLAR

Cəmi

Qızıl

Gümüş

Bürünc

I

ABŞ

11

7

2

20

II

Yunanıstan

10

18

17

45

III

Almaniya

6

5

2

13

Mənbə Akif Əliyev, Bədən Tərbiyəsi və İdman Tarixi kitabı
 

2 şərh

Ferbara
Afərin Yunanıstana. Medalları hamıdan çox olub.
Zahid_GDMLI
o vaxt necədə az idman növü var imiş olimpiyada :)