Müasir olimpiya oyunlarının yaranması

Olimpiya oyunları zəmanəmizin və beynəlxalq idman aləminin ən yüksək zirvəsində durmuş müqəddəs bir ictimai təşkilatdır.
«Bəşəriyyətə işıq və istilik bəxş edən günəşin xeyirxahlığı əvəzsizdir. Insanlara bolluca sevinc bəxş edən Olimpiya oyunlarının da oyunlar arasında tayı bərabəri yoxdur.»(Yunan şairi Pendra)
Təsadüfi deyildir ki, qədim Olimpiya oyunlarının yaranması haqqında bir-birindən maraqlı-miflər yaranmışdır.
Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.
Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir.
Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı.
Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Qədim Yunanıstanda stadion, teatr və məbəd müqəddəs yer sayılmışdır. Burada iki şəhərdə Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi.Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şer, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər bilik, bacarıq və qabiliyyətlərini nümayiş etdirirdilər.
Göründüyü kimi, Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya xartiyası öyrədir ki, bu aləmə qoşulan insan həyatda əsl qələbəsini, sevincini, məğlubiyyətin ağrı-acılarını dərk etməyin müvəqqəti təzahürlərinə dözməyi bacarmalıdır.
2 min il bundan əvvəl söylənilən səmimi sözlər bu gün də öz əhəmiyyətini itirməmişdir. Olimpiya oyunları ona görə unudulmamışdır ki, o, hər 4 ildən bir ayrı-ayrı ölkələrdə keçirilərkən, ona yeni rəng, yeni proqram və təkmilləşmə aparılarkən o daha da genişlənir və diqqəti cəlb edir. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.
Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer de Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul etmişdir.
Fransız pedaqoqu baron 'de Kubertenə qədər Olimpiya oyunlarının bərpası ilə məşğul olanlar olmuşdur. Məsələn, İtaliyanın görkəmli dövlət xadimi Mateo Palmiyer hələ intibah dövründə antik Olimpiya oyunlarının bərpası ilə məşğul olmuşdur. Sonrakı cəhdi ingilislərdən Robero Dovero və Jilberta Vesta (1703-1756) etmişlər. J.Vesta özünün doktorluq dissertasiyasını bu mövzuya həsr etmişdir.
1779-cu ildə Şimali Amerika konqresmeni U.Drayton yunan Olimp oyunlarının bərpası ilə bayramların keçirilməsini təklif etmişdir. XIX əsrin ortalarında tədqiqatçı doktor U.Bruksom beşnövçülük üzrə oyun keçirmişdir.
1793-cü ildə alman bədən tərbiyəsi nəzəriyyəsi üzrə mütəxəssis İohan Kristof, Fridrik Quts-Muts cəhdlər göstərmişlər.

 

Yunanıstanda 1832-ci və 1858-ci illərdə də belə cəhdlər göstərilmişdir. Yunan ordusunun mayoru böyük enerjiyə malik E.Tsappas (1800-1859) Olimpiya oyunlarının bərpası ideyasını yunan Kralına təklif edir. O öz hesabına «Olimpiya» fondu yaradır. Kralın qərarı ilə təşkilat komitəsi yaradılır və 1859-cu ildə Afinada «Panellin Olimpiadası keçirilir.
Olimpiya ideyalarının təbliğatçılarından A.Kuper, arxeoloq Ernest Kursius, alman B.Bazedov, K.Zaltsman, Q.Spenser, Q.Fitt, F.Yan, ingilis C.Lokk, Q.Kinqls, T.Arnold, fransiz J.J.Russo, D.Amoros, Q.Domen, isveç P.Linq, çex mütəxəssisi M.Tırş və başqaları bu sahədə böyük iş aparmışlar.
XIX əsrin axırlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsinin qərara almışlar. Məhz bu işi 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən, yunanların 1859-1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdır və Sorbon Universitetində özünün məşhur «Olimpiya renessans» adlı mühazirəsini oxuyur.
Yalnız XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazıldı. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer dö Kubertenə Olimpiya oyunlarını canlandırmaq ideyasını həyata keçirməyə imkan verdi.
1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması layihəsi ilə çıxış etdi. Təsis konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin (13 ölkənin) nümayəndələrindən fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs verdilər.
Təsis konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsipləri, qayda və müddəalarının xartiyasını bəyəndi. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirməyi qərara aldı. Kuberten müasir dövrün birinci Olimpiya oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas Olimpiadanı altı il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif etdi. «Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik Olimpiadalar beşiyi Olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?» Təklif qəbul olundu.
BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə Pyer de Kuberten seçildi. O, həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur.
Beləliklə, I Olimpiya Xartiyası təsdiq olundu və I Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi: 1896-cı il, Yunanıstanın paytaxtı Afina şəhəri.
23 iyun 1896-cı ildə konqresin axırıncı iş günü BOK-un II sessiyasında nümayəndələrə təqdim olundu ki, BOK-un I prezidenti, məşhur yunan şairi və ictimai xadimi Demetrios Vikelos öz səlahiyyətlərini bütünlüklə Olimpiya hərəkatının bərpasında daha böyük xidmətləri olan P.Kubertenə verir.

Mənbə Bədən Tərbiyəsi Və İdman Tarixi kitabı

Müəllif Akif Əliyev

 

 

2 şərh

şərh silinmişdir