Frank dövləti

  1. Qalliyanın franklar tərəfindən işğalı. Merovinqlər krallığı.
  2. Karolinq dövləti.
  3. Karolinq dövlətində feodal münasibətlərinin əsasının qoyulması.

 

Qalliyanın franklar tərəfindən işğalı. Merovinqlər krallığı

486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlir, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486-511) dururdu. Frank dövlətinin tarixinin birinci mərhələsi də elə bu vaxtdan –V əsrin sonu başlayır və VII əsrin sonunadək davam edən bu dövrü adətən Merovinq dövrü adlandırırlar.

Xlodviqin dövründə Akvitaniya (507), onun varisləri dövründə isə Burqundiya (534) işğal olunur; 536-cı ildə isə ostqotlar Provansı franklara güzəştə gedirlər. VI əsrin ortalarına doğru frank krallığı Roma hakimiyyəti dövründəki bütün Qalliya əyalətinin ərazisini əhatə edirdi. Franklar həmçinin Reyn sahilindəki bəzi alman tayfalarını: turinq, alaman və bazarları da özlərinə tabe etmişlər. Saklar isə onlara illik odənç verməyə məcbur idilər.

Frank dövlətinin mtrixi feodal münasibətlərinin Ən erkən mərhələsindən inkişafını izləməyə imkan verir; yəni erkən feodal krallığının yaranmasından – Qərbi Avropaya ilk orta əsrlər imperiyasının (Karilanq) yaranmasına qədər. Feodallaşma prosesi son Roma və alman ictimayi münasibətlərinin sintezi formasında getmişdir. Hər ikisinin nisbəti şimalda və cənubda fərqli olmuşdur. Lakin arxeologiyanın və aerofotoçəkilişlərin ən yeni məlumatlarına görə, I-V əsrdə Luaradan şimalda olan torpaqlarda quldar villalar çoxluq təşkil etmiş, əsas işçi qüvvə isə qullar və kolonlar olmuşdur. Hətta frank işğalından sonra da əhalinin əsas hissəsi qallar və romalılar olmuşdur. Digər tərəfdən, bu vilayətlərdə cənuba nisbətən cəmiyyətin daha dərin barbarlaşması xarakterikdir. Bu da onunla izah olunur ki, V əsrin sonuna doğru franklar ictimai inkişafın daha aşağı səviyyəsində olmuşlar (nəinki qallar və romalılar). Onların cəmirmiş olduğu primitiv münasibətlər dağılmaqda olan nəsli qəbilə quruluşunun yayılmasına təkan vermişdir. Digər tərəfdən, Xlodviqin dövründə frank hücumları ardıcıl olmuş və bu vilayətin güclü germanlaşmasına səbəb olmuşdur. Əvvəlcə franklar qall-romalılardan təcrid olunmuş şəkildə məskunlaşmışdılar. Bu isə, bir tərəfdən, primitiv barbar cəmiyyəti konservə edirdi, digər tərəfdən, yerli əhali qarşılıqlı təsiri ləngidirdi.

Luaradan cənuba barbar əhali azsaylı idi, amma şimaldan fərqli olaraq, onlar bürada yerli əhali ilə birgə yaşaırdılar. Ona görə də dağılmaqda olan son antik münasibətlər burada daha güclü idi, barbar qaydaların dağılması daha sürətlə gedirdi, amma yeni feodal münasibətlərinin təşəkkülü şimala nisbətən zəif gedirdi.

Eyni zamanda Frank krallığının şimalında da, cənubunda da feodal sintezində barbar təsirinin ən mühüm amili siyasi hakimiyyətin barbarların əlində olması idi.

Frank dövlətinin mövcudluğunun I mrhələsində (V əsrin sonu-VII əsrin sonu) Qalliyanın şimalında son Roma və barbar strukturaları müxtəlif ukladlar formasında mövcud idi: dağılan qullar, barbar ukladları və yaranmaqda olan feodal ukladları (kolonat, torpaq asılılığının formaları, drujina münasibətləri).

Frankların ictimai quruluşunu öyrənmək üçün ən mühüm mənbə (xüsusilə Şimali Qalliya) «Salik qanunu» (Lex Salica) sayılır. Bu, salik franklarının çox güman ki, VI əsrin əvvəllərində Xlodviqin dövründə meydana çıxmış məhkəmə qaydalarının yazıya alınmış formasıdır. Digər barbar qanunlarından fərqli olaraq, Roma təsiri burada zəif olub daha çox zahiri səciyyə daşıyır: latın dili, cərimələrin Roma pul vahidləri ilə olması və s.

VI-IX əsrlər gedişində frank kralları «Salik qanunu»na dəyişikliklər və tamamlamalar etmiş və bu səbəbdən bu qanun frank cəmiyyətində nəsli qəbilə quruluşundan feodalizmə gedən təkamülü izləməyə imkan verir.

«Salik qanunu»dan bəlli etmək olar ki, VI əsrdə əkinçilik frankların əsas məşğuliyyət sahəsi olmuşdur. Təsərrüfatda tərqqi təkcə frank cəmiyyətinin daxili inkişafı ilə deyil, almanların romalılardan əxz etdikləri mükəmməl metodları ilə də izah edilir. Bu dövrdə franklarda özününküləşdirilə bilən xüsusi mülkiyyət mövcud idi. Laikn torpaq üzərində belə mülkiyyət, həyətyanı sahəlri çıxmaq şərtilə, yox idi. Əsas torpaq fondu icmanın əlində idi. «Salik qanunu»na görə, bu, iri (patriarxat) ailələr idi. Lakin xırda, fərdi ailələr də meydana gəlirdi. Torpaq üzərində fərdi-ailə mülkiyyəti franklarda V-VI əsrlərdə hələ yaranmaqdp idi. «Salik qanunu»nun IX fəslinə («Allolar haqqunda») görə, torpaq üzərində vərəsəlik yalnız kişi xətti ilə keçirdi və daşınan əmlakdan fərqli olaraq, ailədə oğul olmayanda, icmanın mülkiyyətinə keçirdi.

Həyətyanı təsərrüfata daxil olmayan torpaqlar ümumi istifadədə idi.

XIX-XX əsrin əksər tarixçilərinin(Füstel de Kulanj, Dopş, Mayer və b.) V-VI əsrlərdə franklarda torpaq üzərində xüsusi mülkiyyətin olması haqqında fikirlərinin əksinə olaraq, «Salik qanunu» franklarda icmanın olduğunu göstərir. İcma böyük ailəli əkinçi icmasından qonşuluq icmasını – markaya keçmişdir. Əkinçi icmasında torpaq üzərində nəslin kollektiv mülkiyyəti var idisə, qonşuluq icmasında isə kiçik ailələrin torpaq payı üzərində fərdi mülkiyyəti yaranmışdı.

«Salik qanunu»nda nəsli münasibətlərin rolu aşkar görünür. Nəslin nümayəndələri azad frankın həyatında böyük rol oynamaqda davam edirdilər. Lakin eyni zamanda nəsli münasibətlərin dağılması prosesi də gedirdi. VI əsrin sonuna doğru nəsli əlaqələrin zəifləməsi və əmlak təbəqələşməsinin təsiri altında azad frankların irsi torpaq payları özününkiləşdirə bilən torpaq mülkiyyətinə – alloda çevrilir. «Salik qanunu»nda dəyişiklik edən kral Xilperikin (561-584) fərmanına görə oğul olmadığı halda, torpağın varisi ölən adamın qızı və ya bacısı ola bilərdi. Bu dəyişiklik prinsipial səciyya daşıyırdı. İcma saxlansa da indii onun hüququ əkilib – becərilməmiş sahələrə (meşə, bataqlıq, yollar və s.) yayılırdı. Vı əsrin sonuna doğru meşə sahələri və çəmənliklər də ayrı-ayrı icma üzvlərinin alloduna çevrilir. Bu şəraitdə nəsli qəbilə quruluşu dağılmağa və feodal münasibətləri yaranmağa başlayır.

Allodun meydana gəlməsi franklarda iri torpaq mülkiyyətinin artmasına təkan verir. Hələ işğallar gedişində Xlodviq imperatora məxsus torpaqları özünə götürür. Onun varisləri isə bütün azad torpaqları ələ keçirirlər. Bu fonddan frank kralları öz əshabələrinə və kilsəyə torpaq payları (allod) paylayırdılar.

İri torpaq sahibkarlığı icmanın daxilində də artırdı. Torpaq sahələrinin iri sahibkarlığa çevrilməsi icmanın bir üzvünün digərlərinin hesabına varlanmas yolu ilə baş verirdi. Bu da azad frankların bir çoxunun iri torpan sahibkarının qəyyumluğuna, himayəsinə (mundium) keçməsinə səbəb olurdu. Bu akt, antik dövrdə olduğu kimi, «kommendasiya» adlanırdı. Praktikada bu, toraqsızlaşmış icma üzvünün torpaq asılılığı ilə müşayiət olunurdu. Kommendasiya həm də icma təşkilatının qəti olaraq dağılmasını sürətləndirirdi.

Frank cəmiyyətinin feodallaşması ilə eyni vaxtda erkən feodal dövlətinin yaranması prosesi də gedirdi. Nəsli qəbilə quruluşuna xas olan idarəçilik orqanları tədricən öz yerini güclənməkdə olan kral hakimiyyətinə verir. Bu hadisə işğallarla sürətlənir; belə ki, franklar qall-roma əhalisi ilə üz-üzə qalmışdı – onları tabeçilikdə saxlamaq lazım idi. Bundan başqa işğal olunmuş ərazilərdə franklar daha inkişaf etmiş cəmiyyətlə rastlaşdılar və bu cəmiyyətin saxlanması üçün quldar imperiyanın dağıdılmış aparatının yerinə yeni hakimiyyətin təşkili tələb olunurdu.

Kral öz əlində bütün idarəçilik funksiyalarını toplamışdı. Kralın hakimiyyəti ilk növbədə ona dayaqlanırdı ki, o, iri torpaq mülkiyyətçisi idi və çoxsaylı drujinanın başında dururdu. Öz ölkəsini o, şəxs təsərüfatı kimi idarə edirdi, əvvəllər ümumicma mülkiyyətində olan torpaqları xüsusi mülkiyyətə verirdi, torpaqdan gələn gəlirlər, cərimə və ticarət rüsumlarını istədiyi kimi xərcləyirdi.

Frank krallığınn mərkəzi idarəçiliyində nəsli qəbilə təşkilatının çox zəif izləri qalmışdı. Qalliyanın işğalından sonra qəbilə «yüz»ləri inzibati ərazi vahidlərinə çevrildi. Ən böyük ərazi vahidi – qraflıq idi və o, qrafın idarəçiliyində idi. «Yüz»lərdə kral hakimiyyətinin nümayəndəsi – yüzbaşı idarəçiliklə məşğul olurdu. Zaman keçdikcə «yüz»lərdə rəhbər rol daha varlı və nüfuzlu adamların – raxinburqların əlində keçdi.

Merovinq kralları ölkənin idarəsində Roma institutlarını saxlamağa çalışsalar da, bu, əsasən vergi sisteminə daxil olurdu. Ümumilikdə Qərbi Roma imperiyasının dövlət maşını işğallardan sonra tamam sıradan çıxdı.

İri torpaq mülkiyyətinin artması və xüsusi mülkiyyət sahiblərinin güclənməsi artıq Xlodviqin oğullarının dövründə kral hakimiyyətinin zəifləməsinə gətirib çıxarır. Həddən artıq böyük sayda torpaq hədiyyə etməsi ilə öz domen mülklərindən və gəlirlərindən məhrum olan frank kralları iri sahibkarların separatçılıq cəhdləri ilə mübarizə aparmağa gücsüz idilər. Xlodviqin vəfatından sonra krallığın parçalanması baş verir.

VII əsrdə frank krallığının tərkibində müstəqil siyasi vahidlər yaranır: Şimali-Qərbi Qalliyada Paris mərkəz olmaqla Neystriya; krallığın şimal-şərqində Avstraziya; keçmiş Burqund krallığının ərazisində Burqundiya. VII əsrin sonuna doğru isə cənub-qərbdə Akvitaniya ayrılır. Bu dörd vilayət həm etnik tərkibinə, həm sosial quruluşuna, həm də feodallaşma dərəcəsinə görə bir-birindən fərqlənirdi. Frank işğalı ərəfəsində güclü romanlaşmış Neystriyada əhalinin böyük hissəsini təşkil edən qall – romalılar krallığın digər vilayətlərinə nisbətən daha tez franklfşmışdılar. Burada iri torpaq mülkiyyəti geniş yayılmışdır və azad kəndlilər sürətlə yoxa çıxırdı. Avstraziyada əhalinin böyük bir hissəsinin franklar təşkil edirdi, romanın təsiri isə zəif idi. Burada icma ləng dağılırdı. Yaranmaqda olan feodallar təbəqəsi əsasən xırda və orta feodallardan ibarət idi. Burqundiyada və Akvitaniyada qall roma əhalisi üstün idi və əvvəlcə burqundları, sonra frankları Assimiyasiya edə bilmişdi. Burada uzun müddət azad kəndli və orta feodal mülkiyyəti saxlanmışdı.

Frank dövlətinin bu vilayətləri arasında iqtisadi əlaqə zəif idi və onların birləşməsinə mane olurdu.

VII əsrin sonu krallığın bütün vilayətlərində hakimiyyət faktiki olaraq mayordomların əlinə keçir. Əvvəlcə bu, kral saray idarəçiliyinin başçıları idilər (maiordomustəsərrüfatı idarə edən). Sonrala mayordomlar iri torpaq sahibkarlarına çevrilirlər. Hər bir vilayətin idarəsi isə onların əlinə keçir. Real hakimiyyəti itirən Merovinqlər mayordomların əlində oyuncağa çevrilir və «tənbəl krallar» adını alırlar.

Frank əyanları içərisində uzun sürən mübarizədən sonra, 687-ci ildə Avstrziyanın mayordomu Heristallı Pipin bütün frank dövlətinin mayordomu olur. Pipin ona görə buna nail ola bilir ki, Avstraziyada iri torpaq sahibkarlığı zəif idi və mayordomlar burada xırda və orta feodallara, azad kəndlilərə arxalanırdılar; onlar da öz növbəsində iri feodalların özbaşınalıqlarına qarşı mübarizədə güclü mərkəzi hakimiyyətə ehtiyac duyurdular. Pipinlər nəslindən olan mayordomlar frank krallığının faktiki hakimlərinə çevrilərək yeni sülalənin əsasını qoyurlar. Karolinqlərin (Pipinlərin) nümayəndələri frank dövlətini 687-ci ildən mayordom kimi, 751-ci ildən isə kral kimi idarə etmişlər.

Karolinq dövləti

Karolinq hakimiyyəti dövründə frank cəmiyyətində fedal quruluşunun özülü qoyulur. Hələ Merovinqlərin zamanı icma daxilində başlamış sosial təbəqələşmə nəticəsində allodlarını itirən kəndlilər asılı adamlara çevrilir. VII-IX əsrlərdə bu proses geniş vüsət alır. VIII əsrin əvvəllərinə doğru frank krallığında 2 bir-birinə düşmən sosial təbəq yaranır: iri torpaq sahibkarları və torpaq mülkiyyəti olmayan və ya kiçik sahəsi olan asılı kəndlilər. Frank cəmiyyətində sosial quruluşda baş verən bu dəyişikliklər Pipinin varisi – mayordom Karl Martellin siyasətində öz əksini tapır.

Karl Martel («Çəkic», 715-741) öz hakimiyyətinə krallığın daxilində daxili iğtişaşları yatırmaqla başladı. Neystriyada ona qarşı üsyan etmiş feodalları darmadağın edən, daha sonra ərəblərlə sazişə girərək Akvitaniya və Provans hersoqlarını məğlub edən Karl alman Reynətrafı tayfaları olan – saks, friz, alaman, bavarları tabe etməyə başladı. 732-ci ildə həlledici Platye döyüşündə Karl Martel ərəblərə ağır zərbə endirdi – ərəblər VIII əsrin əvvəllərində İspaniyanı işğal edərək 720-ci ildə Cənubi Qalliyaya hücum etmişdilər və Frank krallığı üçün birbaşa təhlükə yaradırdılar. Ərəblərlə mübarizədə frankların təzəcə yaradılmış atlı (süvari) qoşunu böyük rol oynamışdır. Platye döyüşü ərəblərin Avropadakı sonrakı hərəkətini dayandırdı və indi əlində Cənubi Qalliyanın kiçik bir hissəsi – Septimaniya qalırdı.

Frank krallığında feodal münasibətlərinin inkişafı torpqa mülkiyyəti formalarının da dəyişməsini tələb edirdi. Müflisləşmiş azad kəndlilərin böyük bir hissəsi orduda xidmət etmək üçün zəruri maddi vəsaitə malik olmadıqları üçün hərbi qüvvələrin köklü təşkili haqqında məsələ qalxdı. Karl Martellin benefisi islahatının sosial kökləri də buradan irəli gəlmişdir. Bu islahatın mahiyyəti ondan ibarət olmuşdur ki, Merovinqlərin dövründə torpağın tam və şərtsiz mülkiyyətə verilməsi (allod) yayılmışdısa, bu islahatdan sonra torpağın şərti mülkiyyət formasına verilməsi (benefisi – beneficium, hərfdən «nəcib iş») başlanır. Benefisi müəyyən xidmət, adətən süvari hərbi xidmtə müqabilində ömürlük istifadəyə verilirdi. Benefisini alan şəxs vəfat edəndə benefisi ilkin mülkiyyətçiyə və ya onun varisinə verilirdi. Əgər benefisi mülkiyyətçisinin varisi və ya benefisarinin özü əvvəlki qaydada torpaqdan istifadə etmək istəsəydi, bağışlanmanı yenidən bərpa etmək lazım idi. Əgər tələb olunan xidmət yerinə yetirilmirdisə və ya təsərrüfat ziyana işləyərdisə, benefisi geri alınırdı. Zaman keçdikcə benefisi ömürlük mülkdən irsi mülkə çevrilir və IX-X əsrlər ərzində feod(len) səciyyəsi alır – yəni hərbi xidmət müqabilində irsi keçən şərti torpaq mülkiyyəti.

Karl Martell benefisilərin böyük sayda paylanmasını həyata keçirdi. Bu payların əsas əondu əvvəlcə üsyankar maqnatların əlindən alınmış torpaqlar idi, bu torpaqlar tükənəndə isə o, kilsə torpaqlarının qismən dünyəviləşdirilməsini etdi.

Bu islahatı keçirərkən Karl Martell ilk növbədə siyasi məqsədlər güdürdü. Kral torpaqları fondunu tükəndirən allod paylarını fenefisilərlə əvəz etməklə o, iri feodalları mərkəzdən asılı vəziyyətə salmaq istəyirdi; benefisi sisteminin köməyilə Karl Martell hərbi qüdrəti olan süvari qoşunu yaratmaq istəyirdi. Bu zaman süvarilər artıq müharibələrdə həlledici rol oynayırdı.

Benefisi islahatı bir sıra sosial dəyişikliklərlə nəticələndi: əvvəla, o yaranmaqda olan xırda və orta feodal təbəqəsinin mövqeyini möhkəmləndirdi: bu feodallar hərbi təşkilatın əsasını təşkil edərək gələcək cəngavərliyin özülünü qoydular. Frank ordusunun əvvəllər piyada dəstələrini təşkil edən kəndlilər isə, əvvəlki hərbi əhəmiyyətlərini itirərək cəmiyyətdəki bərabərhüquqlu vəziyyətlərindən məhrum oldular. İkinicisi, benefisinin geniş yayılması feodal torpaq mülkiyətini və kəndlilərin asılılığını möhkəmlətdi. Üçüncüsü, benefisi torpaq payını verənlə onu alan arasında şəxsi sadiqlik və qəyyumluq münasibətləri (vassallıq) yaratdı. Beləliklə, islahat frank cəmiyyətində feodal münasibətlərinin sonrakı inkişafını doğurdu. Kralın nümunəsində digər iri torpaq sahibkarları da bu praktikanı həyata keçirdilər və torpaq mülkiyyətinin iyerarxik quruluşu yarandı. Lakin feodalların hərbi qüdrətini artırmaqla və iyerarxiya münasibətləri yaratmaqla benefisi islahatı frank krallığının sonrakı siyasi parçalanmasını sürətləndirdi.

Hərçənd Ki, ilk vaxtlar Karl Martellin islahatı mərkəzi hakimiyyəti xeyli gücləndirdi. Belə ki, islahat nəticəsində qüvvətlənən benefisiarilər bir müddət Karolinq sülaləsinin dayağı oldular. Bu təbəqə güclü mərkəzi hakimiyyətdə maraqlı idi: kəndlilərin tabe olunmasında, onların müqavimətinin qırılmasında və iri feodalların özbaşınalıqlarına son qoyulmasında onlara kömək lazım idi.

Karl Martellin oğlu mayordom Gödək Pipin (741-768) atasının dövründə kilsə torpaqlarının müsadirəsilə əlaqədar kəskinləşmiş kilsə-kral münasibətlərini nizamlamağa cəhd göstərdi. Benefisi kimi paylanmış bütün kilsə torpaqları kilsənin mülkiyyəi elan olundu və benefisiarilər kilsəyə xərac verməli idi. Bu cür torpaq payları precariya verbo regis (kral əmri ilə verilmiş prekari) adlanırdı. Bu halda benefisiari yenə də kralın xeyrinə hərbi xidtə göstərirdi və kralın icazəsi olmadan kilsə həmin torpağı geri ala bilməzdi.

Lanqobardların təzyiqinə məruz qalan Roma papası frank krallığına böyük ümid bağlayırdı. Ona görə də 751-ci ildə frank əyanlarının Sassondakı yığıncağında Pipin rəsmi sürətdə frankların kralı elan olundu. Mervinqlərin son nümayəndəsi III Xilderik monastıra salındı. Öz növbəsində papa II Stefanın çağırışı ilə Pipin silah gücünə lanqobard kralını məcbur etdi ki, Roma əyalətinin lanqobardlar tərəfindən tutulmuş şəhərləri və Ravenna düzündəki torpaqları papaya versin. Bu torpaqlarda 756-cı ildə Roma papasının xüsusi mülkü – Patrimoniy Santa Peters (Müqəddəs Pyotrun atalığı) yarandı. Bunula da Roma papalarının ümumdünya xristian monarxiyası yartmaq iddiasının əsası qoyuldu. Elə bu illərdə papa dəftərxanasında Roma papalarının dünyəvi hakimiyyət hüququnu süqut etmək üçün «Konstantin bəxşişi» adlı saxta sənəd hazırlandı.

Gödək Pipinin oğlu Karlın dövründə (768-814) Karolinq dövləti ən yüksək səviyyəsini yaşamışdır. Öz sələflərinin işğalçı siyaəstini davam etdirən Karl 774-cü ildə İtaliyaya yürüş etdi, sonuncu lanqobard kralı Deziderini devirdi və Lanqobard krallığını Frank dövlətinə birləşdirdi.

Böyük Karl İspaniyada ərəblərə qarşı da müdafiə xəttini hücum tatikası ilə əvəz etdi. Buraya I yürüşü o, 778-ci ildə etdi, lakin yalnız Saraqosa qədər gedib çıxa bildi və geri qayıtmalı oldu. Bu yürüşün hadisələri öz əksini «Roland haqqında Nəğmə»da tapıb. Eposun qəhrəmanı Karlın sərkərdələrindən biri olan Rolanddır.

I yürüşdəki məğlubiyyətinə baxmayaraq Karl Pireneydən cənuba qədər təkrar yürüş etmək niyyətində idi. 801-ci ildə o, Barselonanı ələ keçirdi və İspaniyanın şimal-şərqində ispan markası – sərhəd bölgəsi yaratdı. Ən uzun sürən müharibəni isə Karl Saksoniyada 772-802-ci illər ərzində aparmışdır. Saksoniya Ems və Aşağı Reyn çayları arasında yerləşirdi. Saksonlar franklara uzun müddətli müqavimət göstərmişlər. Amma bacarıqlı siyasəti nəticəsində sakons əyanları – edelinqlər onun tərəfinə keçdilər. Bundan sonra azad saksonların – frilinqlərin mübarizəsi həm franklara, həm sakson əyanlarına qarşı çevrildi.

782-ci ildə Vezerdə saksonlar üzərində qələbə çalan Karl 4500 sakson əsirini edam etməyi əmr etdi. Elə həmin ildə o, «Saksoniya məsələləri haqqında kapitulyari» verdi, bu sənədə görə, kilsəyə və krala qarşı çıxan hər bir kəsə ölüm cəzası nəzərdə tutuludrdu. Tezliklə sakson müqavimətinin başında duran edelinq Vidukind xristianlığı qəbul etdi və silahı yerə qoydu. İndi saksonların mübarizəsi kiçik bir ərazidə – Şimali-Şərqi Saksoniyada cəmləndi. Onların müqavimətini qırmaq üçün Karl saksonlarla düşmənçilik edən slavyan tayfaları – abodrilərlə müvəqqəti ittifaqa girdi. Müharibədən sonra Karl kütləvi şəkildə saksonları frank krallığının daxili vilayətlərinə, frankları isə Saksoniyaya köçürdü.

Karlın işğalları cənub-şərqə də yönəlmişdi. 788-ci ildə o, Bavariyanı qəti olaraq birləşdirdi və buradakı hersoq hakimiyyətini ləğv etdi. Genişlənməkdə olan frank krallığının cənub-şərq sahillərində Karl avar xaqanlığı ilə toqquşdu. 788-ci ildə frank-avar müharibələri başlandı. Bu müharibələr 803-cü ilə qədər davam etdi. Nəticədə avar dövləti parçalandı və Pannoniya slavyanların əlinə keçdi.

Frank dövləti böyük bir ərazini əhatə edirdi. O, Ebro çayıın orta axarından və Barselonadan tutmuş şərqdə Elba çayı və Vyana meşələrinə, şimalda Yutlandiyadan cənubda Orta İtaliyayadək yayılırdı. Bu ərazi müxtəlif inkişaf səviyyəsi olan tayfalarla məskunlaşmışdı. Karl və onun əshabələri belə hesab edirdilər ki, Qərbi Roma imperiyası bərpa edilmişdir və frank kralı imperator titulu qazanmağa can atırdı.

Bu zaman papa III Lev onunla düşmənçilik edən Roma əyanlarından qaçaraq frank kralının sarayında gizlənmişdi. Bundan istifadə edən Karl papanı müdaifə etmək şüarı ilə Romaya yürüş etdi. Karlın təzyiqi altında, Papa 800-cü ildə onun başına imperator tacı qoydu (Romada, Müqəddəs Pyotr məbədində). Beləliklə, qərbdə yeni imperiya meydana gəldi və bu, Karl ilə Bizans arasında münaqişə yaratdı, çünki imperatorlardan hər biri məhz özünü Roma imperiyasının xələfi sayırdı.

Bir neçə onillik üçün frank imperiyası Qərbi Avropanın ən qüdrətli dövləti oldu. İmperatorun iqamətgahı isə Aaxen idi. İmperiyanın yeni hüdudları sərhəd vilayətləri – markalarla möhkəmləndirilirdi. Şimal-Qərbdə Breton, Cənubda İspan markası yaradıldı, İtaliyada isə Frank imperiyası Bizans mülklərindən SpoletoBenevent kimi yarımasılı hersoqlarla ayrılmışdı. Baltikadan Adriatikayadək yayılmış slavyan tayfaları ilə (obodri, lyutiç, sorb, çex, morav, sloven, xorvat) sərhədlərdə isə davamlı olaraq müharibələr gedirdi. Burada da sərhəd zonaları yaradılmışdı: Şlezviqdə Danimarkası, Baltikyanı slavyanlara qarşı Sakson hüdudu, Elbadan Dunayadək Sorb hüdudu, Dunayın orta axarından Pannoniya və ya Şərq markası (gələcək Avstriyanın özəyi). Şimali İtaliyanı Bizansdan Friul markası ayırırdı.

IX əsrin əvvəllərinə doğru Karolinq imperiyasının nüfuzu beynəlxalq aləmdə yüksək idi: Şotlandiya və Avstriya kralları Karlın himayəsini axtarırdılar. 812-ci ildə isə Bizans imperatoru Karlın imperator titulunu tanıdı.

Karolinq dövlətində feodal münasibətlərinin əsasının qoyulması

Böyük Karlın dövründə erkən feodal dövləti olan – Frank imperiyası yüksəlişini yaşayırdı. İldə iki dəfə kralın sarayında ən nüfüzlü torpaq sahibkarları müşavirəyə yığışırdı. Onların məsləhəti ilə kral ən müxtəlif məsələlərlə bağlı qərarlar – kapitulyarilər verirdi.

Yerli idarəçilik orqanlarına nəzarət «dövlət qasidləri» vasitəsilə həyata keçirilirdi. May ayında hərbi baxış keçirilirdi və bu, kral benefisiarilərini yığıncağı idi. Böyük Karl yeni hərbi islahat həyata keçirir. İndii orduda 3-4 torpaq payı (mans) olan, nisbətən varlı knədlilər xidmət edə bilərdi. Qalan yoxeul kəndlilər qrup halında birləşərək ümumi sayda bir silahlanmış döyüşçü verməli idilər. Beləliklə, nəinki asılı, hətta azad kəndli də azad xidmətdən uzaqlaşdırılırdı və hərbi xidmət feodalların imtiyazına çevrilirdi.

Lakin imperiyanın zahiri mərkəzləşməsinin arxasında onun daxili zəifliyi dururdu. İşğallar yolu ilə yaranmış bu dövlət etnik tərkibinə görə çox mürəkkəb idi. Franklardan və onlara tabe Qalliya almanlarından (burqund, akvitan və s.) başqa, Böyük Karlın imperiyasının tərkibinə saks, friz, bavar, alaman, turinq, lanqbard, baks, avar və kelt tayfaları daxil idi.

İmperiyanın ayrı – ayrı torpaqları bir – birinə zəif əlaqədə idi və hərbi, inzibati məcburiyyət qaydaları olmadan, işğalçılara tabe olmaq istəmirdi. Ona görə də Böyük Karl hər dəfə bu və ya digər dərəcədə təhlükə yarananda özü həmin əraziyə gedirdi. Zaman keçdikcə ayrı – ayrı tayfaları tabeçilikdə saxlamaq çətinləşirdi.

Zahirən mərkəzləşmiş, daxilən isə qeyri – sabit siyasi qurum olan bu imperiya forması Avropaya erkən feodal dövlətləri üçün səciyyəvi idi (X əsrdə Ottonlar imperiyası, Moraviya dövləti və s.).

Kəndlilərin müflisləşməsi və asılılığına düşməsinə təkan verən amillərdən biri də iri torpaq sahibkarlarının əlində siyasi hakimiyyəti cəmlənməsi oldu. Bu prosesə mane ola bilməyən krallar xüsusi aktlarla onu rəsmiləşdirməli oldular. Bu cür hallar hələ Merovinqlərin dövründə baş verir, lakin Karolinq dövründə geniş miqyas alır. Onun mahiyyəti belədir ki, xüsusi kral fərmanları ilə vəzifəli şəxslərə – qraflara, yüzbaşılara və onların köməkçilərinə bu və ya digər maqnatın ərazisinə daxil olmağa icazə verilmirdi. Bu torpaqlarda məhkəmə, inzibati, polis funksiyalarını maqnatlar özləri yetirirdilər. Bu cür akta immunitet deyilirdi (lat. İmmunitas – toxunulmazlıq).

İri sahibkarın immunitet hüquqlarına adətən bunlar daxil idi: öz torpağında məhkəmə hakimiyyəti; əvvəllər kralın xeyrinə gedən məhkəmə rüsumları və almaq hüququ; öz immunitet dairəsində yaradılan hərbi dəstəyə başçılıq etmək.

Məhkəmə – inzibati səlahiyyətlərə malik olan immunist yeni torpaq ələ keçirməkdə, kəndlilərin asılılığını artırmaqda öz hüquqlarından istifadə edirdi. Karolinq dövründə immunitet hüquqları torpağa və insanlara da şamil edilirdi. Eyni zamanda immunitet feodalların mərkəzi hakimiyyətdən azadlığını da gücləndirirdi.

Feodalların siyasi müstəqilliyinin artmasına vassal münasibətlərinin inkişafı da öz təsirini göstərirdi. İlk əvvəllər iri torpaq sahibkarları ilə şəxsi müqavilə münasibətlərinə girən azad adamlar vassal sifətində çıxış edirdilər. Karolinq dövründə vassal asılılığına girən şəxsə benefisi verilir. Vassal öz senyoruna sədaqətlə xidmət etməyi öhdəsinə götürürdü, senyor isə vassalı qorumağı. Böyük sayda vassalı olan iri torpaq sahibkarı siyasi nüfuz və hərbi qüdrət əldə edirdi və kral idarəsindən müstəqil olurdu. 847-ci ildə Böyük Karlın nəvəsi Daz Karl özünün Mersel kapitulyarisində qeyd edirdi ki, «hər bir azad adam özünə senyor seçməlidir». Beləliklə, vassallıq ictimai əlaqənin ən əsas qanuni forması olurdu. Vassallığın inkişafı feodal təbəqəsi içərisində iyeyrarxik strukturun formalahmasına gətirib çıxarır. Bu da öz növbəsində mərkəzi hakimiyyəti zəiflədir və feodalların şəxsi hakimiyyətini gücləndirir.

İmperiyada müvəqqəti mərkəzləşmə pərdəsi altında yerli idarəçiliyin feodallaşması baş verirdi: kralın vəzifəli məmuru olan qraf tədricən öz dairəsinin senyoruna çevrilir, qraflığın azad əhalisi isə onun vassallarına və asılılı kəndlilərə çevrilir. 877-ci il Kyersi kapitulyarisi rəsmi olaraq qraf vəzifəsinin irsiliyini tanıyır.

Karolinqlərin hakimiyyəti altında müxtəlif tayfa və xalqların müvəqqəti birləşməsi iqtisadi, sosial-hüquqi, etnik və mədəni vəzdəti olmadığı üçün o vaxtadək saxlanırdı ki, frak feodalları kral hakimiyyətində maraqlı idilər. IX əsrin ortalarına doğru imperiyada feodal quruluşunun əsasları təşəkkül tapır və yeni iri torpaq sahibkarlarının mərkəzi hakimiyyətə münasibəti də dəyişir.

İri feodallar demək olar ki, tam sərbəst olurlar; xırda və orta feodallar isə onların vassalları kimi maqnatla sıx bağlı idilər, nəinki krala. Kəndli hərəkatlarının yatırılması da artıq yerli səciyyə alır.

Böyük Karlın oğlu və varisi Mömin Lüdovik (814-840) artıq 817-ci ildə imperiyanı oğlulları arasında bölüşdürür və özü ali hakimiyyəti saxlayır. Bundan sonra feodal çəkişmələri daha da güclənir. Nəhayət, 843-cü ildə Lüdovikin oğulları Verdendə yığışaraq imperiyanın yenidən bölüşdürülməsi haqqında saziş bağlayırlar.

Verden müqaviləsinə görə, Mömin Lüdovikin kiçik oğlu Daz Karl Şelda, Maas və Rona çaylarından qərbdəki torpaqları alı rvə bu gələcək Fransa krallığının özülünü qoyur. Bu torpaqlarda roman dilləri üstün idi və sonralar fransız dilinin əsasını qoymuşdur.

Ortancıl qardaş – Alman Lüdovik Reyndən şərqə və Alp dağlarından şimala olan vilayətləri alır və bu krallıq Şərqi Frank krallığı, sonralar isə Alman krallığı adlanmağa başlayır.

Lüdovikin böyük oğlu Lotar isə imperator titulunu saxlayır; onun mülkləri İtaliyadan və Reynətrafı torpaqlardan ibarət idi ki, bu da gələcək İtaliyanın coğrafi cizgilərini təşkil edirdi.

Beləliklə, Verden müqaviləsi üç gələcək Avropa ölkəsinin – Fransanın, Almaniyanın və İtaliyanın və müvafiq olaraq fransız, alman və italyan xalqlarının özülünü qoyur.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh