Ərəblər VI-IX əsrlərdə

İslam dini və Xilafətin meydana gəlməsi. Ərəblərin vətəni Asiya qitəsinin cənub-qərbindəki Ərəbistan yarımadasıdır. Ərəbistan Asiya, Afrika qitələri və Aralıq dənizinin qovuşduğu ərazidə yerləşir. Ərəblər buranı «Cəzirə Əl-Ərəb» (ixtisarla Əl-Cəzirə), türklər və farslar isə Ərəbistan adlandırırlar. Köçəri bədəvi ərəblər (çöllülər) dəvə, qoyun, at saxlayırdılar. Yazda yağışlar yağır, səhrada çoxlu ot bitirdi. Bədəvilər burada heyvanlarını otarırdılar. Oturaq ərəblər vahələrdə məskunlaşırdılar. Vahələr yeraltı suların üzə çıxdığı yerdə əmələ gəlir və səhrada yaşıllıq, su olan yerdir. Ərəbistan yarımadasının cənubunda su və yağış bol olur. Əhali əkinçiliklə məşğul olur. Burada əhali sıxdır.
Bədəvilərin evləri çadırdan ibarət idi. Dəvə bədəvilərdə ən sərfəli heyvan sayılırdı. Dəvə 17 gün susuz yaşayır, 170 kiloqram yük götürür. Onu səhra gəmisi adlandırırlar. Dəvə tikan kolları ilə qidalanırdı. Bədəvinin səhrada suyu qurtaranda dəvəni öldürür, dəvənin boğazının aşağı hissəsində yerləşən tuluğundan su içirdi.
Ərəblər qəbilələr halında yaşayırdı. Qəbilə başçısı müharibə zamanı hərbi başçı olurdu. Ərəblərdə qan intiqamı güclü idi. Ərəblər qəbilələr üzərinə qarətçilik məqsədilə hücum edəndə çalışırdılar ki, qan tökməsinlər, yəni adam öldürməsinlər. Ancaq qəbilədən qovulan öldürüldükdə qan intiqamı alınmırdı.
Ərəblərdə ticarət geniş inkişaf etmişdi. Ən böyük ticarət məskəni Məkkə şəhəri idi. Bədəvi qəbiləsində kişilər heyvan otarır, ticarət edir, qəbiləni təhqir edənlərin yaşadığı yerə basqınlar edirdi. Bədəvi qəbiləsində qadınlar ev işləri ilə məşğul olurdular. Bədəvilərdə oğlan uşağına meyl çox idi. Bəzi qəbilələrdə ilk uşaq qız olduqda onu diri-diri basdırırdılar.
VI əsrdən başlayaraq Ərəbistanda əhali və mal-qara çoxalmağa başladı. Yeni otlaqlara ehtiyac artdı. Torpaq isə yox idi. Ərəbistan yarımadası 3 tərəfdən su ilə əhatələnmiş, 4-cü tərəfdən Bizans və İran kimi güclü dövlətlərlə həmsərhəd idi. Ərəbistanda tayfa ittifaqı və ona başçılıq edən əyanlar meydana gəldi.
İslam Dininin meydana gəlməsi. Bədəvilər bütpərəst idilər. Onların ziyarət yeri Məkkədəki Kəbə idi. Burada 360-dan çox büt var idi. Ərəblər səma cisimlərinə, xristianlığa, yəhudi dininə, zərdüştlüyə də inanırdılar.
Ərəblərdə yeni dinin meydana gəlməsi Məhəmməd Peyğəmbərin adı ilə bağlıdır. Məhəmməd Peyğəmbər 571-ci ildə Məkkədə Qureyiş qəbiləsindən olan Abdullahın ailəsində dünyaya gəlmişdi. Anadan olmamış atasını, 6 yaşında isə anasını itirmişdi. Gəncliyində dəvə karvanında sarbanlıq edirdi. 25 yaşında Xədicə adlı varlı dul qadınla evlənmişdi. Xədicənin ticarət işini aparmışdır. 610-cu ildə, yəni 40-yaşında İslam dinini təbliğ etməyə başladı. Məhəmməd Peyğəmbər ərəbləri vahid Allah ideyası ətrafında birləşdirmək istəyirdi. Məhəmməd Allahın elçisi (Rəsulu) idi. «İslam» itaət etmək deməkdir. İslamı qəbul edənlərə müsəlman deyirlər. Məhəmməd bu dini Məkkədə çətinliklə yayırdı. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçdü. Hicri tarixi, yəni köçmək, getmək həmin ildən başlayır. Məhəmməd Mədinədə müsəlman icması yaratdı. Bu icma insanları qan qohumluğu əsasında deyil, İslam dini ətrafında birləşdirirdi. İnsanları tək Allaha itaət etməyə çağırırdı. Tədricən müsəlmanlar icması bütün Mədinəni əhatə etdi. Məhəmməd peyğəmbər Mədinəni idarə etməyə başladı. Beləliklə, müsəlman icmasının başçısı Məhəmməd Peyğəmbər dövlətin başçısına çevrildi və 630-cu ildə Ərəb dövləti yarandı. Məhəmməd dinin və dövlətin başçısı oldu.
İslam dininin müqəddəs kitabı Qurandır. Mənası, oxumaq, tələffüz etmək deməkdir. 114 surədən (fəsil, bölmə) ibarətdir. Onun hər cümləsi və yaxud cümlənin bir hissəsi ayə adlanır. Quranda deyilir ki, yəhudilər, xristianlar, müsəlmanlar bir Allaha inanırlar. Həmin Allah sözlərini insanlara çatdırmaq üçün əvvəl Musanı, sonra İsanı göndərib. Ancaq insanlar bu peyğəmbərlərin öyrətdikləri sözləri ya başa düşməyiblər, ya da unudublar. Elə buna görə də Allah Məhəmməd Peyğəmbəri, yəni sonuncu peyğəmbəri insanların arasına göndərir. O isə İslam dinini yaradır. Demək, Allah insanları düz yola gətirmək üçün sonuncu dəfə cəhd edib. İslamı qəbul edən hər bir insan aşağıdakı 5 şərtə əməl etməlidir:
1. Kəlmeyi-şəhadəti bilməlidir.
2. Gündə 5 dəfə namaz qılmalıdır.
3. Oruc tutmalıdır.
4. Zəkat verməlidir.
5. İmkanı olarsa, Məkkəyə Kəbəni ziyarətə getməlidir.

1 şərh

fidan

Mən elə bilirdim cəzirə ada deməkdir.