Ərəb xilafəti

Xilafət (ərəb. خلافة‎‎ xilāfə; ing. Caliphate) və ya Xəlifəlik — İslam dinində siyasi və hüquqi idarə üsuludur. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.
Xilafət düşüncəsi daha çox İslamın sünni qanadında qəbul edilmişdir. Şiə qanadı xilafət idarə üsulunu tanımır və ona əks olaraq imamət dini dövlətçilik düşüncəsini qəbul edir. Xəlifə ilk əvvəl azad seçki əsasında təyin edilsə də, Əməvi ailəsi hakimiyyətə gəldikdən sonra səltənət şəklini almışdır. Abbasilər sülaləsinin X əsrdə zəifləməsinə qədər dövlətə başçılıq edən xəlifələr daha sonra İslam dünyasında ruhani lider roluna malik olmuşlar.

632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.

Ərəb xilafəti Xəlifə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkr dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu.
Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.

Əməvilər dövründə ərəb işğalları genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı.

Ərəb xilafətinin ərazisi əmirliklərə (vilayətlərə) bölünürdü. Vilayətlərin idarə olunması əmirlərə (canişinlərə) tapşırılırdı. Dövlət dili ərəb dili idi. Xilafətdə gümüş dirhəm və qızıl dinarlarla alver etmək və vergi vermək olardı. Qanun qarşısında bütün müsəlmanlar bərabər idi. Ancaq varlılar çox, yoxsullar az vergi verirdilər. Ərəb xilafətində feodalizm quruluşunun meydana gəlməsinin xüsusiyyətləri aşağıdakılardır: torpaq dövlət mülkiyyəti idi, Xəlifə təyin etdiyi canişinlərə xidmətləri əvəzində iqta verirdi, asılı kəndlilər vergi ödəyirdilər. Bu vergi xəlifənin xəzinəsinə daxil olurdu.

Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:
Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.

Xilafət dövründə aşağıdakı vergilər alınırdı:
Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).
Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.

Aşağıdakı dini vergilər alınırdı.
Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.
Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.

Ərəblər ayrı-ayrı şəxsləri, ailələri, bütöv tayfaları işğal etdikləri ərazilərə köçürürdülər. Burada onların məqsədləri:
1. Dövlət təqaüd alan adamları buraya köçürməklə dövlət xəzinəsini bu adamlardan azad edirdilər.
2. Özlərinə burada etnik dayaq yaradırdılar.

Ərəb xilafətinin Abbasilər dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Artıq IX əsrin ortalarında Bağdad 4 min hektar sahəni əhatə edirdi, dünyanın ən böyük şəhəri idi. Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah tikildi və bu iqamətgah Samirə adlandı. Xilafətdə ticarət çox inkişaf etmişdi. Təkcə Dəməşqdə 40 bazar var idi. Bura Xilafətin ticarət mərkəzlərindən biri idi. Böyük ipək yolu yenidən canlandı. Hindistan və Şərqi Afrikadan gələn mallar Suveyşə, oradan da İsgəndəriyyəyə, daha sonra Avropaya aparılırdı.
İşğal edilmiş ölkələrdə ərəb zülmü xalq üsyanlarına səbəb olurdu. Bu üsyanların səbəbləri bunlardır:
1. İri feodallar olan canişinlərin (əmirlərin) müstəqilliyinin artması.
2. Xalqların azadlıq mübarizəsi.

VIII əsrin 70-80-ci illərində Mərkəzi Asiyada ərəb zülmünə və feodal əsarətinə qarşı Müqənnanın başçılığı altında üsyan baş verdi. Onun əsl adı Haşım İbn Hakim idi. Üsyan 783-785-ci illərdə yatırıldı. Müqənna ələ keçib alçalmamaq üçün özünü öldürdü. Babəkin başçılığı altında olan üsyan Ərəb xilafətini zəiflətdi. Ərəb ordusunda türklərin nüfuzu getdikcə artırdı. Bunun bir səbəbi xəlifə Mötəsimin (833-842) anasının türk qızı olması idi. O, gəncliyində Türküstanda olmuş və burada türklərin döyüş məharətinin şahidi olmuşdu. Görkəmli sərkərdə Afşin, Əbu Sac və başqaları türk idilər. Türklərin etibarlı olması onların nüfuzunu yüksəldirdi. Məsələn, Tulun sülaləsinin əsasını qoyan Tulun Buxarada vergi əvəzinə alınan bir döyüşçü idi. Onun oğlu Əhməd-İbn Tulun Misirdə əvvəl canişin köməkçisi, sonra canişin olmuşdu. Misir tarixçiləri onun dövrünü Misirin qızıl dövrü adlandırmışlar.

VIII əsrdən başlayaraq Ərəb xilafəti tənəzzül etdi. VIII əsrin ortalarında İspaniyada Kordova əmirliyi yarandı. Ərəb xilafəti parçalandı. Xəlifənin əlində qalan torpaqlar Bağdad xilafətinə daxil oldu. IX əsrdə Bağdad xilafəti dağıldı. Misir, Mərkəzi Asiya, İran və Əfqanıstan ondan ayrıldı. Bağdad xilafətinin tərkibində ancaq Mesopotamiya qaldı. Beləliklə, iri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti süquta uğradı.

Monqolların 1258-ci ildə Bağdadı ələ keçirmələrindən sonra, xilafətin mərkəzi Misirdə Məmlük sülaləsinin nəzarətinə keçmişdir. XVI əsrdə isə Osmanlı Yavuz Sultan Səlimin Məmlük dövlətinə son qoyması ilə sonuncu ərəb xəlifəsini III Mütəvəkkili İstanbula gətirdi və peyğəmbərin xəlifənin ancaq Qureyş tayfasından birin ola biləcəyi haqqında hədisinə baxmayaraq onu Ayasofya məscidində Səlimi xəlifə elan etməyə məcbur etdi. 1924-cü ilin 3 martında Türkiyə Böyük Millət Məclisinin qərarı ilə xilafət rəsmi olaraq ləğv edilmişdir.

0 şərh