Bizans sivilizasiyası

Bizansın ictimai — iqtisadi inkişaf xüsusiyyətləri. Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans* və ya Vizantiya adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya, Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Bizans imperiyasının ərazisi ictimai-iqtisadi inkişafına görə hələ Roma imperiyasının parçalanmasından çox əvvəl imperiyanın qərbindən xeyli fərqlənir, əlahiddə inkişaf edirdi. Roma imperiyasının şərq torpaqlarında müstəqil Bizans dövləti yarandıqdan sonra bu ictimai-iqtisadi inkişaf xüsusiyyətləri daha aydın nəzərə çarpmağa başladı.
Bizansın ictimai-iqtisadi xüsusiyyətlərini müəyyən edən başlıca cəhət onun ərazisində hələ imperiyanın parçalanmasından çox əvvəl məhsuldar qüvvələrin yüksək inkişaf etməsi idi. Bu inkişaf erkən orta əsrlərin lap əvvəllərindən başlayaraq feodal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olaraq daha da sürətləndi.
Feodal münasibətlərinin inkişafa başladığı dövrdə, bir çox Qərbi Avropa ölkələrindən fərqli olaraq, Bizans imperiyası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı yüksək inkişaf etmişdi. Çünki Bizans ərazisinin mühüm hissəsi əkinçilik mədəniyyətiiin yüksək inkişaf etdiyi qədim Şərq ölkələri idi. Həmin səbəbə görə burada kənd təsərrüfatı məhsulları istehsalının tənəzzülü Qərbi Roma imperiyası ərazisinə nisbə­tən daha gec baş verdi. Bundan başqa, Bizans ərazisində Qərbi Roma imperiyasındakı kimi iri latifundiya tipli təsərrüfatlar o qədər də inkişaf etməmişdi. İmperatorun, habelə hakim sülalənin başqa üzvlərinin, kilsə və monastırların geniş torpaq sahələri vardı. Xırda kəndli təsərrüfatlarının geniş inkişaf etməsi, emfitevzis tipli, habelə icarə torpaqlarının yayılması Bizans imperiyasında aqrar münasibətlərin başlıca xüsusiyyətlərindən biri idi. Qul əməyindən geniş istifadə olunan iri təsərrüfatların deyil, kəndlilərə məxsus xırda torpaq sahibliyinin inkişaf etməsi Bizans ərazisində kənd təsərrüfatı istehsalının uzun müddət tənəzzül etməməsinin əsas səbəblərindən biri idi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar geniş yayılmadığına görə Bizansda quldarlıq münasibətləri də Qərbi Roma imperiyası ərazisində olduğu qədər inkişaf etməmişdi. Qul əməyindən əsasən Yunanıstan, Suriya, Misir, Kiçik Asiyanın qərbində və başqa yerlərdə istifadə olunurdu. Onlara pekuli tipli xırda torpaq parçaları verilmişdi. Bu da Bizans ərazisində qulçuluq münasibətlərinin Qərbi Roma imperiyasına nisbətən uzun müddət davam etməsinə səbəb oldu. Digər tərəfdən, feodal istehsal üsulunun meydana gəlməsində mühüm rol oynayan təsərrüfat formalarından biri — kolonat qərbə nisbətən Bizansda daha yüksək inkişaf etmişdi. Kolonlar mühüm ictimai qrup idilər. Onlar zaman keçdikcə torpağa təhkim olunur, ictimai vəziyyətlərinə görə təhkimli kəndliyə yaxınlaşırdılar. Beləliklə, Bizansın aqrar quruluşundakı bu özünəməxsus xüsusiyyətlər burada ictimai-iqtisadi tənəzzülün Qərbi Roma imperiyasına nisbətən daha gec baş verməsinə, quldarlıq münasibətlərindən feodalizmə keçid prosesinin ləng, həm də kəskin ictimai-siyasi toqquşmalar olmadan baş verməsinə səbəb oldu.
Bizans impersiyasi
Bizans imperiyası ərazisində sənətkarlıq yüksək inkişaf etmişdi. Ölkənin iqtisadi qüdrətinin təmin olunmasında sənətkarlıq məhsulları istehsalının durmadan tərəqqi etməsi böyük əhəmiyyətə malik idi. Bizansda müxtəlif cür parçalar, o cümlədən zərif ipək parçalar toxunur, metal emalı və mədən işləri, şüşə məmulatı və silah istehsalı, memarlıq, habelə başqa sənətkarlıq və istehsal sahələri tərəqqi etmişdi. Maraqlıdır ki, bu tərəqqi Qərbi Roma imperiyasının suqutu zamanı, hətta bundan sonrakı dövrdə də davam edirdi. Bizansda sənətkarlıqdan başqa ticarət, xüsusən xarici ticarət də yüksək inkişaf etmişdi. Bunun mühüm səbəblərindən biri Bizans imperiyasının Asiya ilə Avropanı əlaqələndirən çox əlverişli coğrafi mövqedə yerləşməsi idi. Avropa tacirlərinin Şərq aləmi ilə geniş ticarət əlaqəsi saxladığı Ön Asiya ticarət mərkəzləri Bizans ərazisində idi. Aralıq dənizini Qara dənizlə əlaqələndi­rən Bosfor və Dardanel boğazları Bizansın əlində idi. Bizansın paytaxtı Konstantinopol Qara dənizdən Aralıq dənizinə, Asiyadan Avropaya gedən beynəlxalq ticarət yollarının qovşağında olmaqla Şərqlə Qərb arasında ticarət əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayırdı. Çox zaman Konstantinopolu Şərqlə Qərb arasında qızıl körpü adlandırırlar. Beləliklə, Bizansın xarici tiçarət üçün əlverişli coğrafi mövqedə olması ölkədə sənətkarlıq məhsulları istehsalına, daxili və xarici ticarət əlaqələrinin genişlənməsinə, şəhərlərin yüksəlişinə müsbət təsir göstərirdi. Bizans imperiyası ərazisində zərif parçalar toxunan, şüşə, silah, zərgərlik məmulatı emalatxanaları ilə məşhur olan Konstantinopoldan başqa, İsgəndəriyyə, Antioxiya, Beyrut, Edessa, Smirna, Nikeya, Fessalonika, Korinf və başqa çox mühüm sənətkarlıq və ticarət mərkəzləri vardı. Bizans Afrika, Ərəb Şərqi, İran, Orta Asiya, Çin, Hindistan və Seylonla geniş ticarət əlaqələri saxlayırdı. Bu ölkələrdən Bizans ərazisindəki, xüsusən Ön Asiyadakı ticarət mərkəzlərinə başlıca olaraq xam ipək, nadir daş-qaş və müxtəlif ədviyyat şeyləri gətirilirdi. Bizansla Qara dəniz sahili ölkələr, Qafqaz, həmçinin Azərbaycan arasında da ticarət əlaqələri inkişaf etmişdi. Müxtəlif Şərq ölkələrindən, o cümlədən Azərbaycandan kətirilən xam ipək Bizansdakı, xüsusən Konstantinopoldakı toxuculuq emalatxanalarının xammalla təmin olunmasında mühüm rol oynayırdı. Bizans tacirləri nadir Şərq mallarının bütün Avropada yayılmasında vasitəçilik edir, bundan böyük qazanc götürürdülər. Bizansdan xarici ölkələrə yerli istehsal məhsulları olan şüşə və zərgərlik məmulatı, ipək və yun parçalar, hazır paltar və s. ixrac olunurdu.
Sənətkarlıq məhsulları xüsusi emalatxanalarda — erqasteriyalarda istehsal olunurdu. Ayrı-ayrı sahibkarlara, o cümlədən imperatorun özünə və saray əyanlarına məxsus olan bu emalatxanalarda qul əməyi geniş tətbiq olunurdu. Erqasteriyalarla yanaşı, azad sənətkar əməyinə əsaslanan xırda sənətkar birlikləri də meydana gəlirdi. Dövlət sənətkar emalatxanalarından böyük gəlir götürürdü. Beləliklə, sənətkar­lı­ğın, ticarət və şəhərlərin yüksək inkişafı Bizansı Qərbi Roma imperiyasından fərqləndirən mühüm xüsusiyyətlərdən biri idi. Bu cəhət Bizans imperiyasının iqtisadi və hərbi-siyasi qüdrətinin nisbətən uzun müddət davam etməsində mühüm rol oynamışdı.

Dövlət, din və təriqətlər


Qərbi Roma imperiyasından fərqli olaraq Şərqdə vahid, mərkəzləşmiş dövlət öz siyasi qüdrətini, demək olar ki, bütün erkən orta əsrlər boyu saxladı. Burada imperator hakimiyyəti də nisbətən güclü idi. İmperator hakimiyyəti qeyri – məhdud idi. Bununla belə, imperator müəyyən qədər senat, konsistori (dövlət şurası) və dimlərlə hesablaşmağa məcbur idi. Dimlər* Bizans şəhərlərindəki azad vətəndaşların siyasi birlikləri idilər. Bizans imperatoru kilsə ilə daha çox hesablaşırdı. Şişkinləşmiş dövlət aparatı, Bizansın hərbi qüvvələri zəhmətkeş əhalidən alınan müxtəlif vergilər hesabına saxlanılırdı. Əsas vergilərdən biri ölkənin bütün əkinçi əhalisindən məhsulla, bəzən də pulla alınan annona idi. Şəhər və kənd əhalisi müxtəlif vergilərdən başqa, çoxlu mükəlləfiyyətlər də yerinə yetirirdi.
Bizans ordusu Qərbi Roma imperiyasının hərbi qüvvələriinə nisbətən daha az «barbarlaşmışdı». Yəni müxtəlif «barbar» tayfalarından muzdla tutulmuş əskərlər bu orduda Qərbi Roma imperiyasında olduğu qədər çox deyildilər. Bu, Bizans hərbi qüvvələrinin mühüm xüsusiyyəti idi. Bu cəhət dövlətin hərbi qüdrətinə müsbət təsir göstərirdi. Bizans ordusu­nun xeyli hissəsi ölkənin azad əhalisi içərisindən toplanan əsgərlərdən ibarət idi.
Xristian kilsəsi qulların, kolonların, ümumiyyətlə, şəhər və kənd əhalisinin geniş təbəqələrinin istismarında hakim sinfə yaxından kömək edirdi. Din təşəkkül et­məkdə olan hakim sinfin və onun dövlətinin məfkurə dayağı idi. Bizans kilsəsi, Roma katolik kilsəsindən fərqli olaraq, imperator hakimiyyətin­dən asılı idi. Bu, Bizans kilsəsinin mühüm xüsusiyyəti idi. Bundan başqa Konstantinopol patriarxı xristian aləminə başçılıq etmək üstündə Roma papası ilə kəskin rəqabət aparırdı.
Din hakim sinfin ancaq məfkurə dayağı olaraq qalmırdı. Bizans kilsəsi çoxlu torpaq mülkləri ələ keçirmişdi. Burada kolonlar, xırda icarədarlar, qullar amansızcasına istismar edilirdilər. Ruhanilər eyni zamanda qul əməyinə əsaslanan çoxlu sənətkar emalatxanalarına malik idilər. İmperator hakimiyyətindən çoxlu güzəştlər qopara bilmiş ali ruhanilər iri torpaq sahibi kimi, emalatxana sahibi kimi, eyni zamanda bilavasitə istismarçı idilər.
Dinin sosial-sinfi təbiəti gücləndikcə, kilsə ilə hakim sinif və onun dövləti arasındakı ittifaq dərinləşdikcə xristian dinində müxtəlif təriqətlər meydana gəlməyə başladı. Dini təriqətlər, sadəcə olaraq, xristianlığın ayrı-ayrı ehkamlarına qarşı çevril­mə­mişdi. Bu, əslində, hakim sinfə və onun məfkurə dayağına qarşı istismar olunan kütlələrin ictimai narazılığı idi. Ariçilik, monofizitlik, nestorçuluq və başqa təriqətlərin arxa­sın­ça geniş xalq kütlələrinin getməsi bununla izah olunur. Digər tərəfdən, dini təriqətlər Bizans imperiyasının əsarətdə saxla­nı­lan xalqları içərisində daha geniş yayılmışdı. Bu baxım­dan təriqətlər müəyyən mənada xalq azadlıq hərəkatı xarak­teri daşıyırdı. Bəzi təriqətlər, açıq-aşkar hakim kilsədən ayrılmağa çalışırdılar. Bu, imperiyanın ayrı-ayrı xalqlar yaşa­yan müxtəlif yerlərinin müstəqilliyə can atmasının dini ifadəsi idi.
Hakim kilsəyə və istismara qarşı çevrilmiş təriqətlərə aman­sız divan tutulurdu. Təriqətçilər bidətçilikdə təqsirləndiri­lir, təqib olunurdular. Təriqətlərə qarşı mübarizədə kilsəni ha­kim sinif və onun dövləti müdafiə edirdi.

«Nika» üsyanı


İstismar kəskinləşdikcə ona qarşı sinfi mübarizə də şiddətlənirdi. Təriqətçilərə qarşı ən amansız cəza tədbirləri də heç bir nəticə vermirdi. Ağır vergilər, mükəlləfiyyətlər əhalinin getdikcə daha geniş dairələrinin narazılığına səbəb olurdu. Bu isə yeni, daha qüvvətli xalq hərəkatlarına səbəb olurdu. Belə üsyanlardan biri də 532-ci ildə Konstantinopolda, sirkdə baş ver­mişdi. Məsələ burasında idi ki, sirk oyunları Konstanti­no­pol­da olduqça izdihamlı keçirdi. Çoxlu tamaşaçı iştirak edən sirk həm də ictimai-siyasi mübarizə mərkəzi idi. Müxtəlif mənafeyi olan ictimai qruplar burada görüşür, mübahisə edirdilər. Bundan başqa, xalq məhz burada tamaşaya gəlmiş imperatorla görüşə və ona öz tələblərini verə bilərdi. Üsyan ərəfəsində ayrı-ayrı ictimai qruplar müxtəlif sirk partiyalarında birləşmişdilər. Bu partiyalardan ikisi — «mavilər» (venetlər) və «yaşıllar» (prasinlər) daha böyük nüfuza malik idilər. «Mavilər» senator aristokratiyası və iri torpaq sahiblərinin partiyası idi. «Yaşıllar» partiyasına isə tacirlər və sənətkar emalatxanalarının sahibləri başçılıq edirdilər. Bütün sirk partiyaları, o cümlədən «mavilər» və «yaşıllar» şəhər əhalisinin aşağı təbəqəsi ilə əlaqədar idilər.
«Nika» üsyanının başlanmasında sirk partiyaları arasında, xüsusən «mavilər»lə «yaşıllar» arasında ziddiyyətlərin kəskinləşməsi də müəyyən rol oynadı. Hər iki partiya dini əlamətə görə də qruplaşmışdı. «Mavilər» ortodoksal dini təlim — pravoslavlıq tərəfdarı idilər. İmperator Yustinian bu partiyanın tərəfdarı idi. «Yaşıllar» isə monofizitlər təriqətini müdafiə edirdilər. Üsyan ərəfəsində «yaşılların» təqib olunması daha da artmışdı. Bu isə 532-ci il yanvarın 11-də Konstantinopol sirkində «yaşılların» üsyanına səbəb oldu. Mərkəzi hakimiyyətin ağır vergi siyasətindən təngə gəlmiş şə­hər yoxsulları, o cümlədən «mavilər» partiyasının aşağı dairə­lə­ri də üsyana qoşuldular. Üsyançılar «Nika» — «qalib gəl» çağı­rı­şı ilə əyanların imarətlərini, hökumət binalarını dağıtmağa başladılar. Üsyan geniş vüsət aldı. Yustinian paytaxtdan qaçmaq qərarına gəldi. Lakin imperator arvadı Teodoranın qərarı ilə bu qərarından daşındı. Hökumət qoşunları üsyançılara hücum etdi. Elə bu zaman ictimai tərkibcə rəngarəng olan üsyançılar içərisində parçalanma baş verdi. Sirkin binası mühasirə olundu. Silahsız xalqa divan tutuldu. 30 min nəfərə qədər adam tələf edildi. Üsyançılar ağır məqlubiyyətə uğradılar. Hakim sinfin mövqeyi daha da möhkəmləndi. Yustinian və onun mürtəce rejimi xalq hərəkatına qarşı hücuma keçdi.

Bizans Yustinianın hakimiyyəti illərində


İmperator Yustinianın (527-565) hakimiyyəti dövründə Bizans imperiyası daha da möhkəmləndi. Onun daxili və xarici siyasəti keçmiş Roma imperiyasının bütün torpaqlarını ələ keçirib vahid, qüdrətli qədim Roma imperiyasını yenidən dirçəltməyə yönəlmişdi. O, qədim Roma imperiyasını ancaq ərazicə bərpa etməyə çalışmır, həm də quldarlıq münasibətlərini yenidən hakim istehsal üsuluna çevirməyə çalışırdı. O dövr üçün nisbətən mütərəqqi olan feodal münasibətlərinin aradan qaldırılmasına və vaxtını keçirmiş köləlik rejiminin bərpasına yönəldiyi üçün Yustinianın siyasəti olduqca mürtəce xarakterə malik idi.
İmperator Yustinian məqsədinə nail olmaq üçün, əvvəlcə Bizans imperiyasını daxilən möhkəmləndirdi. Xalq hərəkatına, həmçinin mərkəzi hakimiyyətdən narazı ictimai qruplara amansız divan tutdu. Bundan başqa, imperiyanın daxilən möhkəmləndirilməsində mövcud ictimai münasibətlərin qanuniləşdirilməsinin mühüm rolu oldu. Çünki Yustinianın dövründə artıq keçmiş quldarlıq münasibətlərinin əvəzində yeni feodal munasibətləri meydana gəlməkdə idi. İctimai-iqtisadi munasibətlərdə meydana gəlmiş bu dəyişiklik hüquq normalarında da öz əksini tapmalı idi. Yeni yaranmaqda olan ictimai qrupların cəmiyyətdəki mövqeyi, hakim sinfin ictimai-iqtisadi mənafeyi qanunla təsbit olunmalı idi. İnkişafın özü mövcud qanunvericilikdə əsaslı dəyişiklik yaradılmasını tələb edirdi. Bu məqsədlə imperator Yustinian dövrün ən məşhur hüquqşünaslarından ibarət bir komissiya yaratdı. Bu komissiya 528-534-cü illər ərzində, keçmiş Roma hüququnu əvvəldən-axıradək əsaslı şəkildə təhlil etmək nəticəsində «Mülki hüquq külliyyatı» hazırladı. Həmin külliyyat üç hissədən ibarət idi. Birinci hissə «Yustinian məcəlləsi» adlanırdı. Bu hissə 12 kitabdan ibarət idi. Buraya Adriandan Yustiniana qədər Roma imperatorlarının mülki məsələlərə dair ən mühüm fərmanları daxil edilmişdi. «Mülki hüqüq külliyyatının» ikinci hissəsi 50 kitabdan ibarət idi. «Digestlər» və ya «pandektlar» adlanan bu hissədə məşhur Roma hüquqşünaslarının fikirləri cəmlənmişdi. Üçüncü hissə «İnstitusiyalar»dan ibarət idi. Sonralar Yustinianın hakimiyyəti illərində verilən butün qanunlar da bir yerə toplanıldı və «Mülki hüquq külliyyatının» dördüncü hissə­sini təşkil etdi. İmperator Yustinianın qanunlarından ibarət olan bu hissə «Novellalar», yəni «Yeni qanunlar» adlanırdı.
Yustinian dövrünün qanunvericiliyi Bizans imperiyası ərazisində feodalizm formasiyasının inkişafa başladığını və bu yeni mütərəqqi ictimai-iqisadi münasibətlərə qarşı vaxtını keçirmiş quldarlıq quruluşunun mübarizəsini əks etdirirdi. Bundan başqa həmin qanunvericilikdə imperator hakimiyyəti­nin qeyri-məhdud olması, dövlətin kilsə ilə sıx ittifaqı, təriqətçi­lə­rin təqib edilməsi siyasəti də geniş əks olunmuşdu. Yustinian qanunlarından məlum olur ki, quldarlıq münasibətlərinin böhranı ilə əlaqədar olaraq qullar qanunla azadlığa buraxılır, onlara pekuli adlı xırda torpaq parçaları verilir, azad icarə­dar­lar mühüm ictimai qrupa çevrilməyə başlayır, kolonat bir təsər­rüfat forması kimi hüquqi cəhətdən də qanuniləşdirilir. Sənət­kar­lıq məhsulları istehsalı və ticarət sahəsində xüsusi mülkiy­yətin qorunması və daha da inkişafını əks etdirən qanunlar bir tərəfdən həmin dövrdə şəhər həyatının tərəqqi etdiyini göstərirsə, digər tərəfdən, sənətkar və tacir birliklərinin döv­lət tərəfindən himayə olunduğunu sübut edir. Roma hüqu­qu əsasında xüsusi mülkiyyət huququnun əsaslandırılması və qorunması Yustinianın «Mülki hüquq külliyyatı»nın mühüm xüsusiyyəti idi. Məhz buna görə də Yustinian qanunları Bizansda feodalizmin inkişafına təkan verdi. İmperator haki­miy­yətini daha da möhkəmləndirdi.
Yustinian qəsbkar xarici siyasət yeridirdi. O, Roma imperiyasını və imperiya ərazisində quldarlıq quruluşunu bərpa etməyə çalışırdı. Bizans qoşunları Velisarinin başçılığı altında 534-cü ildə Vandal-Alan krallığını aradan qaldırdı. Şimali Afrika ərazisi Bizansa qatıldı. Bundan sonra Bizans qoşunları Ostqot krallığına qarşı İtaliyaya hücum etdilər. 536-cı ildə Velisarinin başçılıq etdiyi Bizans hərbi qüvvələri Romanı ələ keçirdilər. Lakin quldarlıq qaydalarını bərpa edən Bizans ağalığına qarşı dərhal Şimali Afrikada və İtaliyada xalq hərəkatı başlandı. Şimali Afrika üsyançılarının müqaviməti, böyük çətinliklə, 6-cı əsrin 40 – cı illərinin sonunda qırılsa da, İtaliyada azadlıq mübarizəsi uzun zaman davam etdi. Bizans qoşunlarına qarşı hərbi əməliyyata Ostqot kralı Totila (541-552) başçılıq edirdi. Yadellilərə qarşı azadlıq müharibəsində qullar, kolonlar, azad torpaq sahibləri fəal iştirak edirdilər. Bu ictimai qruplara arxalanan və onların mənafeyinə uyğun siyasət yeridən Totila Bizans qoşunları üzərində parlaq qələbələr qazandı. O, Romanı azad etdi (546) və ölkənin çox hissəsini öz hakimiyyəti altına keçirdi. Lakin Ostqot kralının müvəf­fəqiy­yət­ləri uzun sürmədi. İri torpaq sahibləri, o cümlədən Ostqot və Roma əyanları Totiladan üz döndərdilər. Onun ardıcıl olmayan siyasəti geniş xalq kütlələrini də azadlıq hərəka­tından uzaqlaşdırdı. Nəticədə sərkərdə Narsesin başçılığı ilə 552-ci ildə İtaliyaya hucum etmiş yeni, daha qüvvətli Bizans hərbi qüvvələri Totilanın qoşunlarını. Darmadaqın etdilər. Ostqot krallığı aradan qaldırıldı. Siciliya, Sardiniya və Korsika adaları da daxil olmaqla İtaliya tamamilə Bizansın hakimiyyəti altına keçdi (555).
Yustinian Vestqot krallığını aradan qaldırmaq məqsədi ilə İspaniyaya da qoşun göndərmişdi. Bizans hərbi qüvvələri bu barbar dövlətini aradan qaldıra bilməsələr də, Pireney yarımadasının cənub-şərqini zəbt etdilər. Balear adaları da ələ keçirildi. Bundan başqa Adriatik dənizi sahilindəki Dalmasiya da Bizansa qatıldı. İşğal olunmuş bütün bu ərazilərdə keçmiş Ro­ma quldarlarının torpaqları özlərinə qaytarıldı. Azadlığa bu­ra­xılmış qullar, kolonlar, xırda icarədarlar yenidən kölə vəziy­yə­tinə salındılar. Beləliklə, Bizans ağalığı ancaq yadelli əsarəti mənasında deyil, həm də vaxtını keçirmiş quldarlıq qay­da­larının bərpası mənasında da mürtəce xarakterə malik idi. Elə buna görə də Yustinianın həyata keçirdiyi istilalar möhkəm deyildi.
Yustinianın hakimiyyəti illərində Bizansla Sasanilər arasında da uzunsürən müharibə baş verdi. Bizans—Sasani müharibə­lə­ri­nin (540-562) mühüm səbəbi hər iki ölkənin Çin ipəyi, Hindistan ədviyyatı və başqa Şərq malları ilə ticarətdə vasi­tə­çi­li­yi ələ keçirməyə çalışması idi. Bizans Cənubi Qafqaz ərazisini ələ keçirmək üstündə də Sasanilərlə rəqabət aparırdı. İran bu müharibədə qalib gəlsə də, çoxdankı arzusuna — Qara dəniz və Aralıq dənizinə çıxış yolu əldə etməyə nail ola bilmədi.

Bizans imperiyası və slavyanlar


Qərbi Roma imperiyası kimi Bizans da müxtəlif «barbar» tayfalarının hücumlarına məruz qaldı. Bizans qoşunları uzun müddət vestqotlar, hunlar, avarlar, slavyanlar, bulqarlar və başqa tayfaların Bizans imperiyasının ərazisinə hücumlarının qarşısını almağa çalışdı.
Bizans imperiyasına tez-tez hücum edən «barbar» tay­fa­larından ən başlıcası slavyanlar idi. Slavyanlar Bizansın ictimai-iqtisadi, habelə siyasi tarixində mühüm rol oyna­mış­dı­lar. Əgər Qərbi Roma imperiyası ərazisində feodalizm ictimai-iqtisadi formasiyasının inkişafına müxtəlif qədim alman tayfaları təkan vermişdilərsə, Şərqi Roma imperiyası ərazisində feodal münasibətlərinin inkişafı bilavasitə slavyanlarla əlaqə­dar­dır.
Slavyan tayfalarının Şərqi Roma imperiyası ərazisinə hücumları 5-ci əsrin sonlarından başlanmışdı. Lakin bu tayfalar Bizans imperiyası ərazisinə 6-cı əsrin ortalarından başlayaraq intensiv surətdə hücum etməyə başlamışdılar. Məhz buna görə də 6-cı əsrə və bundan sonrakı dövrlərə aid Bizans mənbələrində slavyanlar haqqında maraqlı məlumatlara təsadüf olunur. Bizans muəllifləri Şərqi Roma imperiyası ilə təmasda olan müxtəlif slavyan tayfalarını slavinlər adlandırırdılar.
Slavyan tayfalarının Bizans ərazisində məskən salması ilə burada feodalizm cəmiyyəti üçün xarakterik olan məhsuldar qüvvələrin inkişafı sürətləndi. Bu da təsadüfi deyildi. Çünki slavyan tayfaları dövrünə görə yüksək əkinçilik mədəniyyətinə malik idilər. Bunu, hər şeydən əvvəl, slavyanların yaşadıqları ərazilərdə aparılmış arxeoloji qazıntılar sübut edir.
Slavyanlarda əkinçiliklə yaiaşı, maldarlıq, balıqçılıq, ovçuluq, ibtidai arıçılıq və bir çox başqa təsərrüfat sahələri də inkişaf etmişdi. Bundan başqa, slavyanlar, metal emalı, zərgər­lik, dulusçuluq və digər sənətkarlıq sahələri ilə də məşğul olurdular. Slavyanlar qonşu tayfalar və xalqlarla müəyyən xarici ticarət əlaqələrinə də malik idilər.
6-cı əsrdə, Bizans imperiyası ərazisinə hücum edərkən slavyan tayfaları nəsli münasibətlərin süqut etməkdə olduğu mər­hələdə idilər. Əmlak fərqlərinin meydana gəlməsi ilə əlaqədar olaraq ictimai təbəqələşmə də başlanmışdı. Əyanların nüfuzu getdikcə artır, tayfa başçılarının hakimiyyəti irsi keçməyə başlayır, ilk tayfa birlikləri yaranırdı. Beləliklə, Bizans imperiyası ərazisinə hücum edən və burada məskən salan slavyan tayfalarında 6-7-ci əsrlərdə antaqonist siniflərin və dövlətin msydana gəlməsi prosesi gedirdi. İctimai-iqtisadi inkişafın bu mərhələsində olan slavyan tayfaları Bizans imperiyası ərazisində feodal istehsal münasibətlərinin inkişafını sürətləndirdilər. İmperator Yustinianın hakimiyyəti illərində Bizans qoşunları slavyanların hücumlarını çətinliklə dəf edə bilsələr də, sonralar bu mümkün olmadı. Müxtəlif slavyan tayfaları imperiya ərazisnidə məskən salmağa başladılar. Bizans imperiyası ərazisində slavyan dövlətləri meydana gəldi.

Sosial böhranın dərinləşməsi


Slavyan tayfalarının hücumları zamanı Bizansda sosial böhran daha da dərinləşmiş­di. İmperiya daxili tənəzzül dövrü keçirirdi. Kənd təsərrüfatı, sənətkarlıq, ticarət süquta uğrayır, şəhər həyatı ölgünləşirdi. Dağılmaqda olan quldarlıq formasiyasının içərilərində onu əvəz edəcək yeni sinifli cəmiyyətin — feodalizmin rüşeymləri sürətlə inkişaf edirdi. Bu, hər şeydən əvvəl, feodal istehsal üsulu üçün xarakterik istehsal münasibətlərinin meydana gəlməsində özünü göstərdi. Qul əməyinə əsaslanmayan iri torpaq sahibliyi meydana gəlirdi. Bu torpaqlarda azadlığa buraxılmış keçmiş qullar, müxtəlif asılılıq dərəcəsində olan əkinçilər işləyirdilər. Beləliklə, feodalizm cəmiyyətinə xas olan istehsal münasibətləri təşəkkül etməkdə idi.
İri torpaq sahiblərinin təsərrüfatlarında istismar olunan kütlələrin sinfi mübarizəsi quldarlıq cəmiyyətinin böhranını daha da dərinləşdirdi. Bu dövrün ən xarakterik üsyanlarından biri 602-ci ildə baş verdi. Orduda baş verən bu üsyana Foka başçılıq edirdi. O, özünü imperator elan edib mübarizəyə qalxmış xalq kütlələrinin köməyi ilə Konstantinopolu aldı. İmperator Mavriki edam olundu. Lakin Foka hakimiyyəti uzun müddət əldə saxlaya bilmədi. O, 610- cu ildə hakimiyyətdən salınıb edam edildi. Bizans taxtını İrakli (610—641) ələ keçirdi. İrakli feodallaşmaqda olan əyalət əyanlarının nümayəndəsi idi.
Bizansda Romadan qalma ənənələrin süqutunda xarici siyasət sahəsindəki uğursuzluqların da az rolu olmamışdı. Daxili tənəzzül dövrü keçirən Bizans imperiyası xarici hücumlara tab gətirə bilmir, ərazicə getdikcə məhdudlaşırdı. Şimaldan tez-tez ölkəyə hücum edən slavyanlar 6-cı əsrin sonlarından etibarən Bizans ərazisində, xüsusən Balkan yarımadasında möhkəmlən­mə­yə başladılar. 7-ci əsrin əvvəllərində artıq müxtəlif slavyan tayfaları Frakiya, Makedoniya, Yunanıstan, Dalmasiya, İstriya və imperiyanın başqa yerlərində məskən salmışdılar. 7-ci əsrin ortalarında artıq slavyanlar bütün Balkan yarımadasına yayılmışdılar. Çox keçmədən, 7-ci əsrin 70-ci illərində, burada Bolqarıstan dövləti meydana gəldi.
Bizans imperiyası şərqdə də çox əhəmiyyətli torpaqlarını itirdi. Bizans imperatorları, Qara dənizə və Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışan Sasanilərin hücumlarını dəf etsələr də, şərqdəki torpaqları uzun müddət əldə saxlaya bilmədilər. Bizans imperiyası Şərqdə yeni, daha təhlükəli rəqiblə qarşılaşdı; ərəb qoşunları 636-642-ci illər ərzində, o zaman Bizansa məxsus rlan Suriya, Fələstin və Misiri, habelə Mesopotamiyanın bir hissəsini ələ keçirdilər. 7-ci əsrin sonlarında—693-698-ci illərdə isə ərəblər Bizans imperiyasının Şimali Afrikadakı torpaqlarını da ələ keçirdilər. İqtisadi və mədəni cəhətdən yüksək inkişaf etmiş şərq vilayətlərinin itirilməsi Bizansın tənəzzülünü daha da sürətləndirdi. Hindistan və Çinlə, habelə İran və Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin zəifləməsi müxtəlif sənətkarlıq sahələrinin süqutuna, şəhər həyatının ölgün­ləşməsinə səbəb oldu. Beləliklə, xarici siyasətdəki uğur­suz­­luqlar, tarixən o qədər də böyük olmayan dövr ərzində geniş ərazilərin itirilməsi Bizaps imperiyasının keçirdiyi daxili tənəzzülü daha da dərinləşdirdi.
Romadan qalma təsisatların tənəzzulü və feodalizmin inkişafı nəticəsində Balkan yarımadasında yayılmış, hətta Kiçik Asiyaya belə keçməyə müvəffəq olmuş slavyan tayfalarınıi mühüm rolu oldu. Roma üçün xarakterik olan iri torpaq sahibliyi getdikcə aradan qalxır, torpaq üzərində feodal mülkiyyəti yaranırdı. Bu torpaqlarda artıq qul əməyindən istifadə edilmirdi. Keçmiş quldar dövləti üçün xarakterik olan inzibati idarə sistemi də dəyişilirdi. Ölkə yeni hərbi-inzibati dairələrə — femlərə bölünürdü. Hökumət gəlmə tayfalara, xüsusən slavyanlara, habelə yerli azad kəndlilərə hərbi xidmət müqabilində irsi istifadə üçün torpaq parçaları verib həmin dairələrdə məskunlaşdırırdı. Beləliklə, stratiotlar adlanan xüsusi hərbi silk yaranırdı. Bu silk dövlətin mühüm ictimai dayağına çevrilirdi. Torpaq vergisindən başqa bütün qalan vergilərdən azad olan stratiotlar gələcək hakim feodallar sinfinin formalaşmasında mühüm rol oynayırdılar. Stratiotlara irsi istifadə üçün verilmiş torpaqlar isə zaman keçdikcə feodal torpaq mülkiyyətinə çevrilirdi.

«Əkinçilik qanunu»


Bizansda feodal münasibətlərinin meydana gəlməsi prosesini öyrənmək üçün ən qiymətli mənbə «Əkinçilik qanunu»dur. 8-ci əsrdə tərtib olunduğu güman edilən «Əkinçilik qanunu» məhkəmə adətlərinin toplusu idi.
«Əkinçilik qanunu»ndan məlum olduğuna görə, 8-ci əsrdə Bizansın ictimai-iqtisadi həyatında qonşuluq icmaları hələ də mühüm rol oynayırdı. Lakin icma daxilində əmlak bərabərsizliyinin və ictimai fərqlərin dərinləşməsi üçün əlverişli şərait yaranırdı: əkinəyararlı torpaqlar, bağlar, üzümlüklər icma üzvləri arasında bölünmüş, onların xüsusi mülkiyyətinə çevrilmişdi. Bununla belə, formal da olsa kənd icması onun ərazisində olan bütün torpaqların ali mülkiyyətçisi olaraq qalırdı. Otlaqlar, meşələr icma uzvlərinin ümumi istifadəsində idi, dövlət vergiləri birlikdə ödənilirdi və s.
«Əkinçilik qanunu» sübut edir ki, Bizans icmaları daxilində, artıq təbəqələşmə dərinləşir, antaqonist siniflərin meydana gəlməsi prosesi gedirdi. Azad icma üzvlərinin bir qismi torpaq paylarını itirib müflisləşir, digər qismi isə öz torpaqlarını daha da genişləndirərək varlanır, muzdlu əməkdən, hətta qul əməyindən də istifadə edirdilər. Qeyd etmək lazımdır ki, ayrı-ayrı icmalar daxilində gedən bu proses, yəni müflisləşən icma üzvünün torpağını satın almaq və ya zəbt etmək bütün ölkə üçün ümumi hal olmamışdı, ancaq ayrı-ayrı icmalar çərçivəsində mövcud idi.
Kənd icmalarının dağılması prosesi ancaq icmadaxili qanunauyğunluqlar əsasında getmirdi. İri torpaq sahibləri, ali ruhanilər, kilsələr, monastırlar da öz geniş torpaq mülklərini icma torpaqlarını zorla zəbt etmək hesabına daha da genişləndirirdilər. Bunun da nəticəsində icma üzvləri öz azadlıqlarını itirir, iri torpaq sahiblərindən asılı vəziyyətə düşürdülər.
«Əkinçilik qanunu»nda Bizansın erkən feodalizm dövründəki ictimai-iqtisadi inkişafının mühüm bir xüsusiyyəti — quldarlıq qalıqlarının nisbətən uzun müddət davam etməsi məsələsi də lazımınca əks olunmuşdur. Lakin bununla belə, qul əməyi öz əvvəlki əhəmiyyətini tədricən itirir, asılı kəndlinin əməyi feodal istehsal üsulunun mühüm ünsürünə çevrilirdi.

İkona əleyhdarları hərəkatı


İkona əleyhdarları (ikonaborçular) hərəkatı Bizans tarixində 8-ci əsrin əvvəllərindən başlayaraq 10-cu əsrin ortalarına qədər davam etmişdi. İkona əleyhdarları hərəkatı bir məfkurə forması kimi hakim sinfin ayrı-ayrı qrupları arasındakı kəskin ziddiyyətlərdən, habelə Bizans imperiyasının müxtəlif yerlərinin ictimai-iqtisadi inkişaf ənənələrindən doğurdu. Məsələ burasında idi ki, fem islahatı və bunun nəticəsində hakim sinif içərisində xüsusi hərbçi feodallar qrupunun meydana gəlməsi, azad kəndlilərdən ibarət yeni qoşunların yaradılması mərkəzi hakimiyyəti qüvvətləndirdi. Hərbçi feodalların nüfuzu getdikcə artırdı ki, bunlar da başlıca olaraq Kiçik Asiya əyanlarından ibarət idi. Kiçik Asiya feodalları, hətta öz nümayəndələri olan Lev İsavrı hakimiyyətə gətirə bildilər. III Lev adı ilə hakimiyyətə (717-741) başlayan bu Bizans imperatorunun taxta çıxması ilə ölkənin tarixində İsavrilər adlanan yeni sülalənin (717-867) hakimiyyət dövrü başlandı.
İsavrilərin hakimiyyətə gəlməsi Kiçik Asiya feodallarının mövqeyini daha da möhkəmləndirdi. Azad kəndlilərdən ibarət fem qoşunlarına arxalanan III Lev Konstantinopolu bir ilə qədər mühasirədə saxlayan ərəbləri məğlub edə bildi. V Konstantinin vaxtında (741-775) isə Bizans qoşunları Suriya və Mesopotamiya istiqamətində hücuma keçib xilafətin qoşunlarını geri oturtdu. Bu hərbçi feodalların nüfuzunu daha da artırdı. Onlar dövlət idarəçiliyini tamamilə ələ keçirməyə çalışır, ali ruhanilərə, kilsə və monastırlara məxsus toriaqların bir hissəsinin hərbçi əyanlara paylanmasını tələb edirdilər. Beləliklə, torpaq və kəndlilərdən alınan vergiləri ələ keçirmək üstündə hərbçi əyanlarla ruhanilər arasında kəskin mübarizə başlayırdı. Dövlət idarəçiliyini vaxtı ilə ələ keçirmiş şəhər əyanları da ruhanilərin tərəfindən çıxış edirdilər. İri ruhanilərin və şəhər əyanlarının müqavimətini qırmağa çalışan isavrilər hərbçi əyanları fəal müdafiə edirdilər.
Kiçik Asiya feodalları ali ruhanilərə zərbə vurmaq üçün ilk növbədə dində müyyən islahat keçirilməsini tələb edirdilər. Onlar ikonalara sitayiş olunmasına qarşı çıxış edirdilər. Allahın, ilahi qüvvənin hər hansı şəkildə təsvir olunması mümgün olmadığına görə, ikona əlaeyhdarları, ikonalara sitayiş olunmasını bütpərəstliklə, yəni bütlərə sitayiş olunması ilə bərabər tuturdular.* İsavrilər sülaləsindən olan Bizans imperatorları ikona əleyhdarları hərəkatına başçılıq edir, ikonalara sitayiş olunmasına açıqca etiraz edirdilər. İkona əleyhdarları hərəkatının geniş vüsət almasında xalq kütlələrinin bu hərəkatda iştirak etməsi mühüm rol oynadı. Ali ruhanilər, kilsə və monastırlara məxsus torpaqlarda işləyən zəhmətkeş kütlələr istismara, zülmə qarşı mübarizə apararaq ikona əleyhdarları hərəkatında iştirak edirdilər. Onların mübarizəsi mahiyyətcə tamamilə fərqlənirdi və hakim sinfə qarşı sinfi mübarizə idi. İkona əleyhdarlarına qarşı mübarizədə ali ruhanilər də tək deyildilər. Onları Roma papaları müdafiə edirdilər. Papalar bununla İtaliyada Bizans təsirinə zərbə vurmaq istəyirdilər. Bundan başqa, Konstantinopolda şəhər əhalisinin yuxarı təbəqəsi də hərbçi əyanların nüfuzunun artmasından narazı idilər. İmperi­ya­nın Avropa hissəsində yaşayan əhalinin bir hissəsini də ali ruhanilər öz tərəflərinə çəkə bildilər. Beləliklə, ikona əleyhdarları hərəkatı ümumimperiya miqyaslı bir hadisəyə çevrildi.
İkona əleyhdarları hərəkatından Bizans imperatorları öz hakimiyyətlərini möhkəmləndirmək üçün istifadə etdilər. İmperator V Konstantin kilsə və monastır torpaqlarının xeyli hissəsini hərbçi feodallar arasında bölüşdürdü. 754-cü ildə isə ikonapərəstlər dini vəzifələrdən götürüldülər. İkona əleyhdarları hərəkatı hərbçi əyanların iqtisadi-siyasi qüdrətini daha da artırdı, ümumiyyətlə, imperator hakimiyyətinin qüvvətlənmə­si­nə səbəb oldu.

Pavelçilər hərəkatı. Slavyan Foma üsyanı


Feodal münasibətləri inkişaf etdikcə azad icma üzvlərinin asılı hala salınması və istismarı da güclənirdi. Bu isə xalq kütlələrinin narazılığını artırır, hakim təbəqəyə qarşı sinfi mübarizəni kəskinləşdirirdi. Xalq öz arzularını, etirazlarını müxtəlif dini təriqətlərdə geniş iştirak etmək yolu ilə bildirirdi. Mahiyyətcə xalq hərəkatından başqa bir şey olmayan belə təriqətlərdən biri Kiçik Asiyada geniş yayılmış Pavelçilər və ya Pavlikianlar hərəkatı idi. Bu təriqətin tərəfdarları, öz ideyalarında kuya, «Apostol Pavelin nəsihətnaməsi»nə əsaslandıqlarına görə pavelçilər adlanırdılar. Pavelçilər xristian dininin erkən dövrdəki «bərabərliyə» əsaslanan qayda — qanunlarının bərpa olunmasını tələb edirdilər. Ehtiyac içərisində və hüquqsuz vəziyyətdə yaşayan xalq bu «bərabərliyi» dini bərabərlik kimi deyil, ictimai və əmlak bərabərliyi kimi düşünürdü. Pavelçilərin dualist dini-fəlsəfi görüşlərinə əsasən dünya iki hissədən ibarət təsəvvür edilirdi: ruhi aləm, yəni ilahi səltənət və ya cənnət; maddi aləm, yəni əcinnələr səltənəti və ya cəhənnəm. Hakim kilsə, çah-cəlal içərisində yaşayan ruhanilər əcinnələr səltənətinə aid edilirdi. Pavelçilər sadə, dəbdəbəsiz ibadət tərəfdarı olmaqla ikonalar əleyhinə idilər. Pavelçilərin «bərabərçilik» ideyaları imperiyanın hər yerində istismar olunan xalq kütlələri içərisin­də geniş yayıldı.
Feodal münasibətlərinin inkişafı dövründə baş vermiş qüvvətli antifeodal hərəkatlardan biri də Slavyan Foma üsyanı idi. 820-ci ildə Kiçik Asiyada başlanan bu üsyana hərbi femlərdən birinin komandiri, özünü imperator elan etmiş Slavyan Foma başçılıq edirdi. Üsyanın əsas hərəkətveriçi qüvvəsi təhkimli vəziyyətinə düşməməyə çalışan kəndlilər, şəhər yoxsulları, stratiotlar, habelə qullar idi. Abbasi Xilafətindən kömək alan Fomanı imperiyanın Avropa hissəsində yaşayan əhali, xususən slavyanlar da mudafiə edirdilər.
Geniş xalq kütlələrinə arxalanan Slavyan Foma Konstantinopolu mühasirəyə aldı. Şəhərin mühasirəsi bir ilə qədər davam etdi. Lakin üsyançılar şəhəri ala bilmədilər. Çox keçmədən üsyançılar içərisində parçalanma düşdü. Mərkəzi hakimiyyət bundan istifadə edərək, həmçinin Bolqarıstan çarlığının hərbi yardımı ilə üsyançıları məğlub edə bildi. Üsyan 823-cü ildə yatırıldı. Üsyançılara divan tutuldu. Foma edam edildi. Lakin Slavyan Foma üsyanının davamı olan ayrı-ayrı çıxışlar 825-ci ilə qədər davam etdi.
Slavyan Foma üsyanını çətinliklə yatıra bilmiş hakim sinif bu xalq hərəkatından sonra öz sıralarını möhkəmləndirdi. hakim sinfin ayrı-ayrı qrupları arasındakı narazılıq aradan qaldırıldı. Azyaşlı imperator III Mixailin (842-867) anası Teodora 843-cü ildə ikonalara sitayişi bərpa etdi. Bununla da ali ruhaniləri mərkəzi hakimiyyət ətrafında toplaya bildi. O, eyni zamanda hərbçi feodalların da mənafeyinə toxunmadı. Beləliklə hərbçi əyanlarla kilsə arasında barışıq əldə edildi ki, bunun da, ümumiyyətlə, feodal dövlətinin möhkəmləndirilməsində mühüm rolu oldu.

Feodal münasibətlərinin təşəkkülü


Xalq hərəkatı məğlubiyyətə uğradıqdan sonra feodal münasibətlərinin inkişafı daha da dərinləşdi. İcma daxilində təbəqələşmə sürətləndi. Azad icma üzvlərinin bir hissəsi varlanmış keçmiş içma üzvlərindən, digəri isə iri torpaq sahiblərindən asılı hala düşdülər, torpaqlarından məhrum olundular. İri torpaq sahibləri — dinatlar, hətta bütöv icmaları belə özlərindən asılı vəziyyətə saldılar. Beləliklə, keçmiş azad icma üzvlərinin əksəriyyəti asılı hala düşür, pariklərə çevrilirdilər. Asılı kəndlilər olan pariklərlə yanaşı, hakim feodallar da bir sinif kimi formalaşırdı. Feodalizm cəmiyyətinin antaqonist sinifləri meydana gəlirdi.
Azad icma uzvlərinin, xüsusən stratiotların müflisləşməsi mərkəzi hakimiyyət üçün əlverişli deyildi. Həmin ictimai qruplardan olan əhalinin iri torpaq sahiblərindən asılı hala düşməsi, əslində dövlətə vergi verən və hərbi xidmət göstərən əhalinin azalması demək idi. Buna görə də, dövlət xəzinəsinin boşalması və stratiot qoşunlarının azalması təhlükəsindən narahat olan Bizans imperatorları azad icma üzvləri və stratiotların müf­lisləşməsinin qarşısını almaq məqsədi ilə 9-cu əsrin ikinci yarısından başlayaraq 10-cu əsrin sonlarına kimi bir çox fərmanlar verdilər. Lakin feodalizm cəmiyyətinin mahiyyətindən doğan bu ictimai-iqtisadi prosesin qarşısı alınmaz idi. Feodal münasibətləri dərinləşdikcə cəmiyyətin ictimai-iqtisadi mənzərəsi də dəyişir, müxtəlif ictimai qruplardan olan əhali başlıca olaraq iki qütbdə qruplaşırdı. Bu qanunauyğun prosesin gedişində azad icma üzvlərinin və stratiotların əksəriyyəti asılı kəndlilərə, bir qismi isə iri torpaq sahiblərinə çevrilirdi. Bu isə mərkəzi hakimiyyətin hərbi və iqtisadi cəhətdən zəifləməsinə, iri torpaq sahiblərinin, xüsusən əyalət hakimlərinin qüvvətlənməsinə səbəb olurdu. Bizans imperatorları iri torpaq sahiblərinin, əyalət əyanlarının əlində oyuncağa çevrilməmək üçün normanlar, slavyanlar, ərəblər və başqa xalqlardan toplanmış muzdlu qoşuna arxalanırdılar. Beləliklə, 11-ci əsrin sonları və 12-ci əsrin əvvəllərində Bizansda feodal istehsal üsulu artıq qalib gəlmişdi.
Feodal münasibətlərinin inkişafının gedişində şəhər həyatında də bəzi keyfiyyət dəyişiklikləri baş verdi. Bir çox yeni şəhərlər yarandı. Qədim dövrdən qalmış şəhərlər isə orta əsr sənətkarlıq və ticarət mərkəzlərinə çevrildilər. Ölkənin paytaxtı Konstantinopol şəhəri, əvvəllərdə olduğu kimi, yenə də Bizansın iqtisadi həyatında mühüm rol oynayır, Avropa—Asiya ticarət əlaqələrində vasitəçilik edirdi. 10-cu əsrin əvvəllərinə aid «Eparxın kitabı» Konstantinopolda sənətkarlıq və ticarətin yüksək inkişaf etdiyini göstərir. Şəhər bələdiyyə idarəsi rəisinin — eparxın göstərişlərindən, qərarlarından ibarət olan bu qiymətli mənbədən aydın olur ki, Konstantinopolun əsas əhalisi olan sənətkar və tacirlər xüsusi korporasiyalarda birləşmişdilər. Sənətkar və tacir birlikləri — korporasiyaları müəyyən imtiyazlara malik idilər. Tacir birliklərinin imtiyazları daha geniş idi. Ümumiyyətlə, sənətkar və tacir korporasiyalarının fəaliyyəti dövlətin himayəsi və nəzarəti altında idi.
Feodal münasibətləri inkişaf etdikcə dövlət aparatında da müəyyən dəyişikliklər yaranırdı. Bizans imperiyası artıq təşəkkül etməkdə olan hakim feodallar sinfinin dövlətinə çevrilmişdi. Lakin bəzi başqa Avropa ölkələrindən fərqli olaraq, Bizansda imperator hakimiyyəti daha kamil bürokratik aparata malik idi. 11-ci əsrdə Bizansda dövlət aparatı olduqca yetkinləşmişdi.
Feodal münasibətlərinin inkişafında kilsə mühüm rol oynayırdı. Roma papalarından fərqli olaraq Konstantinopol patriarxı tamamilə imperatordan asılı idi. O, papa kimi dünyəvi hakimiyyətə malik deyildi. Konstantinopol patriarxını əslində Bizans imperatorları təyin edirdilər. Dinin tamamilə imperator hakimiyyətinin xidmətində olması Bizans dövlətinin qüdrətini təmin edən əsas amillərdən biri idi. Bundan başqa, Konstantinopol patriarxı Roma papası ilə rəqabət aparırdı. Bütün erkən orta əsrlər boyu Bizansın və Qərbi Roma imperiyası ərazisinin, xüsusən İtaliyanın tamamilə fərqli siyasi tarixə məruz qalması xristian kilsəsinin vahidliyini pozmuş, Roma və Konstantinopol kilsələrinin əlahiddələşməsinə səbəb olmuşdu. 8-ci əsrdə Roma papaları həm də dünyəvi hakimə çevrildikdə hər iki kilsə arasında ziddiyyətlər daha da dərinləşmişdi. Şərqi Avropada Bizansın dini təsiri, xüsusən slavyanların xristianlığı Bizansdan qəbul etməsi Roma papalaranın dünya xristian monarxiyası yaratmaq siyasətinə ağır zərbə vurdu. Roma və yunan kilsələri arasında getdikcə kəskinləşən ziddiyyətlər, nəhayət, 1054-cü ildə xristian kilsəsinin iki hissəyə parçalanması ilə sona yetdi.
 
* Bizans Bosfor boğazının Avropa sahilində qədim yunan şəhəri idi. E.ə. təqribən 660-cı ildə meydana gəlmişdi. Roma imperatoru Konstantin 330-cu ildə paytaxtı Romadan Bizansa köçürmüşdü. Sonralar bu şəhər onun şərəfinə Konstantinopol adlanmışdı. Şərqi Roma imperiyası isə Bizansın adı ilə Bizans imperiyası adlanmışdı.
* Dim—yunança «demos», yəni xalq sözündəndir.
* Qeyd edək ki, ikona əleyhdarları hərəkatının Bizansın məhz şərq əyalətlərində geniş yayılması təsadüfi deyildi: bütpərəstliyə qarşı çıxan İslam dininin bu ərazilərdə yaşayan xristianların dini görüşlərinə təsiri böyük idi. Müsəlman Şərqində erkən dövrlərdə təşəkkül tapmış dini təriqətlərin, o cümlədən hürufiliyin təsiri altında Qərbi Avropada sonralar – XV-XVI əsrlərdə geniş vüsət alan ikona əleyhdarları hərəkatı protestantlığın müxtəlif qollarının yaranması ilə nəticələndi.


Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında
 

0 şərh