Fransanın Avropanın Orta Əsr sivilizasiyasında yeri. XI-XV əsrlər

  1. Feodal münasibətlərinin təşəkkülü xüsusiyyətləri
  2. XI – XIII əsrlərdə şəhərlər
  3. Fransız kəndi
  4. XI – XII əsrlərdə siyasi pərakəndəlik
  5. Kral domeninin artması
  6. Albiqoy müharibələri
  7. XIII əsrdə dövlət idarəçiliyi
  8. Франса ХIV-ХV əsrlərdə

 

1. Feodal münasibətlərinin təşəkkülü xüsusiyyətləri.

Fransanı çox zaman klassik feodal ölkəsi adlandırırlar, bununla da onun təşəkkül formalarının mükəmməl olduğunu qeyd edirlər. Bu təyin ölkənin şimal və mərkəz bölgələrinə aid oluna bilər, çünki burada Roma və barbar ünsürlərinin sintezi daha çox büruzə vermişdir. Sena və Luara çayları hövzəsindəki ərazilərin coğrafi vəziyyəti də əlverişli olmuşdur. XI əsrin sonlarına doğru feodallar təbəqəsi sayca artmış və bir neçə qrupa bölünmüşdü. Iri senyorların içərisində orta feodallar qrupu ayrılmışdır. Kralın və Maqnatların xidmətçiləri və vasalları içərisindən isə xırda feodallar yaranmışdır.

Artıq XI əsrdə feodallar təbəqəsi digər təbəqələrdən tam ayrılaraq qapalı, imtiyazlı bir qrupa çevrilir. Bu zaman feodallar artıq torpaq üzərində bütün mülkiyyəti inhisara salmışdılar və cəmiyyətdə “Senyorsuz torpaq yoxdur” kimi hüquqi norma hakim idi. Hətta cənubda da icmaçıların allodları istisna təşkil edirdi. Senyorların hakimiyyəti altına icmanın təsərrüfat mülkləri də düşür və indi asılı kəndlilər yalnız müəyyən mükəlləfiyyətlər müqavilində ondan istifadə edə bilərdilər.

Feodal quruluşunun formalaşması prosesinin mükəmməllik göstəricilərindən biri də onun daxilində ardıcıl iyerarxiya – cəngavərlərin ən aşağı qruplarından tutmuş iri ərazilərin hakimlərinə — Normandiya, Bretan, Burqunqiya, akvitaniya hersoqlarına və Şampan qraflarıına qədər olan sistemin təşəkkül etməsidir. Fransız feodalllarının iyerarxiyası belə bir hüququ norma ilə fərqlənirdi ki, “Mənim vassalımın vassalı mənim vassalım deyil.” Bu norma maqnotların imtiyazlarını mərkəzi hakimiyyətdən qoruyurdu.

Torpaq üzərində inhisar yaradan feodallar arasında siyasi imtiyazlar da onların torpaq mülklərinin ölçüsündən və statusundan asılı olaraq bölüşdürülür. ən əsas siyasi imtiyaz məhkəmə hüququ idi. İri feodallar ən ali ədliyyə hüququna malik ola bulərdilər. Feodallardan asılı kəndlilərin formalaşması ləng getsə də, XI əsrdə başa çatır. XI əsrdə əsas kəndli kütləsi şəxsi asılılıqda olan servlərdən ibarət idi.

Bütövlüklə Qərbi Avropanın digər ölkələrinə nisbətən Fransada feodal cəmiyyəti təbəqələrinin formalaşması prosesi daha sürətlə getmişdir.

2. XI – XIII əsrlərdə şəhərlər.

Məhsuldar qüvvələrin artması və bununla əlaqədər sənətin kənd təsərrüfatından ayrılması şəhərlkərin iqtisadi mərkəz kimi inkişafına imkan yaratdı. Fransada X əsrdən başlayaraq köhnə şəhər məskənləri (Bardo, Tuluza, Marsel, Puatye və s.) çiçəklənir. Yeni şəhər məskənləri meydana çıxır. XIII əsrə doğru ölkədə artıq çoxlu sayda iri, orta və xırda şəhərlər var idi.

XI – XII əsrlərdə Cənubi Fransanın inkişaf xüsusiyyətlərindən biri onun şəhərlərinin erkən çiçəklənməsi olmuşdur. Bu, aralıq dənizi bölgəsi ilə ticarət əlaqələri və xaç yürüşləri sayəsində olmuşdur. Fəal xarici ticarət sənətkarlığın, xüsusilə mahud istehsalının vəziyyətinə təsir göstərdi. Nim və Monpelye zərif mahud istehsalı məşhur idi. Cənub şəhərləri siyasi müstəqilliyə də daha tez nail olmuşdular.Senyorun hakimiyyətindən azad olmaq üçün cənub şəhərləri silahlı mübarizədə yox, maliyyə sazişlərindən və rüşvətdən istifadə edirdilər.

XII əsr boyu demək olar ki, bütün cənub şəhərlərində Konsulat adlı hakimiyyətin kollektiv forması (Əyanlar və Zəngin sənətkarlar arasından seçilən konsulların idarəçiliyi) təşəkkül edir. İdarəçilik Böyük Şuraya məxsus idi. Cənub şəhərləri Fransanın dövlət mərkəzləşməsində böyük rol oynamamışdır. Əksinə, onların yüksəlişi cənub əyalətlərində separatçılığı gücləndirmişdir.

Şimal şəhərlərinin taleyi isə, başqa cür olmuşdur. Onların bir çoxunun iqtisadi yüksəlişi yalnız XII əsrdə hiss olunmağa başlayır. Şimalda şəhərlərin siyasi və iqtrisadi hüquqlar qazanması üsyanlar hesabına baş verir.

Şimali Fransada silahlı üsyanlara təkan verən ilk şəhər Kambre olmuşdur. Bir neçə cəhtdən sonra (967, 1024,1077) şəhər özünüidarəçilik partiyasını alır. XII əsrdə digər şəhərlər də ondan nümunə götürür. Kommuna hərəkati şəhərlərin kral hakimiyyəti ilə siyasi ittifaqının başlanğıcını qoyur. Şəhərlər Senyorlara qarşı mübarizədə kraldan kömək axtarırdılar. Kral da öz növbəsində şəhərlərdən siyasi və maliyyə yardımı alırdı.

Öz domeni ərazisində Fransız krallarə şəhərlərə yalnəz müəyyən imtiyazlar verirdilər ( məsələn Paris, Orlean, Burş). Kralın şəhərlərə verdiyi dəstək ardıcıl olmurdu və siaysi məqsəd daşıyırdı.

Şimali Fransada vilayətlərin təsərrüfat ixtisaslaşması serətlə gedirdi və bu, cənubdan fərqli olaraq daxili iqtisadi əlaqələrin təşəkkülünə imkan verirdi. Şimali Fransa şəhərləri ölkənin mərkəzləşməsində həlledici rol oynamışdır.  

3. Fransız kəndi.

XII, xüsusilə XIII əsrdə Fransız kəndində iri şəhərlərin təsiri altında inkişaf başlayır. Məhsul rentası sürətlə pul rentası ilə əvəz olunur. Bazarda kənd təsərrüfatı mallarının əsas ixracatcısı Fransız kəndlisi olur. Kəndin şəhər bazarı ilə əlaqəsi bu dövrdə Fransa iqtisadiyyatının mühüm xüsusiyyəti idi.

Qeyd olunan bu dəyişikliklərin nəticəsində XII əsrdən başlayaraq kəndlilərin pul ödəyib azadlığa çıxması müşahidə olunur. Keçmiş serv Fransada şəxsi asılılıq bildirən dörd əsas mükəlifiyyətdən azad olurdu: Vərəsəlikdən alınan rüsum, nigah rüsumu, can vergisi və talya vergisi. Torpaq feodalın mülkiyyətində qalırdı və ondan istifadə üçün kəndli pul rentası – senz ödəyirdi. Buna görə də kəndliyə senzitari, onun torpaq sahəsinə isə senziva deyirdilər. Kəndli bu torpağı sata da bilərdi və bu halda senyora əlavə ödənc verməli idi. Kəndlilərin feodallardan məhkəmə asılılığı saxlanırdı, lakin şəxsən azad olan kəndlilər – villanlar senyor məhkəməsinin qərarlarından nazarı qalanda kral məhkəməsinə müraciət edə bilərdilər.

Rentanın məhsul və pul formalarının yayılması kəndlilərin ticarətdə iştirakı kəndli təsərrüfatının müstəqilliyini artırıdı. XII – XII əsrlərdə Fransa kəndlərində kəndlilərin iqtisadi, inzibati və hüquqi qaydalar uğrunda mübarizəsi baş verir. Bu proses şəhərlərdə kammuna hərəkatı ilə paralel gedirdi və kənd kammunaları üçün şərait yaradırdı.

4. XI – XII əsrlərdə siyasi pərakəndəlik.

Bütün Avropada olduğu kimi, Fransada da mərkəzləşmə prosesindən əvvəl kral hakimiyyətinin zəifləməsi və siyasi pərakəndəlik dövrü olmuşdur.

XII əsrə qədər Fransız kralının vəziyyəti çox çətin idi.ilk növbədə hakimiyyətdə olan sülalənin maddi imkanlarının məhdud olması və feodalların torpaq mülklərinin sıx olmasını qeyd etmək lazımdır. Kapititinqlərin domeni Sena və Lara boyunca kiçik bir zolaq təşkil edirdi və hər tərəfdən ərazicə ondan çox iri olan Normandiya, Burqundiya, Bretan hersoqluqları və Şampan qrfalığı ilə əhatə olunmuşdur. Fransada xüsusi vassalıq sistemi olduğundan, kral yalnız bilavasitə vassalına arxalana bilirdi. Ölkənin cənub və şimalının iqtisadi və siyasi inkişaf fərdləri də siyasi pərakəndəliyi artırırdı.

Mərkəzləşmə prosesində mühüm amillərdən biri şəhərlərin və əmtəə — pul münasibətlərinin yaranması və inkişafı idi. Bu, siyasi birlik üçün zəruri olan iqtisadi birliyi mümkün edirdi. Şəhərlərin inkişafı həm də yeni sosial qüvvənin – şəhərli zümrəsinin təşəkkülünü doğurdu, onlar isə feodal anarxiyasının ilə mübarizə aparmaq və ticarət üçün əlverişli şərait üçün kral hakimiyyətinin güclənməsində maraqlı idilər.

Tədricən şəhərlərin və kra hakimiyyətinin siyasi ittifaqı yaranır. IX Ludovik (1226 – 1270) oğluna nəsihətində şəhərlərlə ittifaqı saxlamağa vəsiyyət edirdi.

Mərkəzləşmənin daha bir amili feodal təbəqəsinin daxilində qüvvələr nisbətinin dəyişməsi olmuşdur. Kəndlilərin təsərrüfat müstəqiliyinin artması, füodalların mövqeyini zəiflədiridi. Maddi imkanları olmayan xirda və prta feodallar isə güclü kral hakimiyyətinə ehtiyac duyurdular.

Fransa orta əsrlərdə

5. Kral domeninin artması.

Dövlət mərkəzləşdirilməsi prosesi çətinliklə və bir neçə mərhələdə keçmişdir. XII əsrin sonunadək fransız kralları öz şəxsi hakimiyyətinin domenləri daxilində möhkəmləndirilməsi problemini həll edirdilər. İlk əvvəl şəhərin inkişafının nəticələrindən iri feodallar – hersoqlar və qraflar istifadə etdilər. Ona görə də mərkəzləşmə iki mərhələyə — əyalətlər üzrə bu ümumdövlət birləşməsi mərhələlərinə bölünür. Mərhələlər zaman etibarilə dəqiq ayrılmır, bu da mərkəzi hakimiyyətin yerli idarəçilik orqanları üzərində möhkəmlənməsini çətinləşdirirdi.

XII əsrin başlanğıcı kral hakimiyyətinin möhkəmlənməsinin həlledici anı olmuşdur. VI Ludovik (1108 — 1137) və onun kanseli abbat Sukeri kral domenindəki feodalların müqavimətinə son qoydular. III Ludovik (1137 — 1180) kral domenini artırmaq üçün Burns və Sans şəhərlərini öz mülklərinə qatdı. Akvitaniyalı Eleonora ilə nigahı sayəsində o, təsirini ölkənin cənubunda da möhkəmlətdi. Lakin sonra onların boşanması və Eleonoranın Anju qrafı henri Plantaqetləə nigahı baş verdi. 1154 — cü ildə henri ingilis kralı oldu və bu hadisə xeyli mürəkkəbləşirdio.

Domenin genişləndirilməsi III Filipp Avqustun (1180 — 1223) dövründə əd baş verdi. O, Fransız monarxiyasının ən qüdrətli rəqibi — ingilis kralı ilə mübarizəyə başladı. II henri Plantakenetin dövründı İngiltərənin qitədəki mülkləri xeyli artmışdı — Anju, Men, Turen, Normandiya, Luatu, akvitaniya bu mülklərə daxil idi. Onun mülkləri fransız kralının domenindən böyük idi. Bacarıqlı diplomat olan II Filipp ingilis kralı II İoannla mübarizədə xeyli uöurlar qazandı. Onun Fransadakı mülklərini müsadirə olunmuş elan edərək, 1202 — 1204 — cü illərdə Filipp ingilis taxtının ən qiymətli mülkü sayılan Normandiyanı işğal etdi. Müharibə Avropa münaqişəsinə çevrildi, çünki İoanın öz tərəfinə imperator IV Ottonunг və Flandriya qrafını çəkə bildi. 1214 — cü ildə fransızlar Anjer yaxınlığında Laroş — o — Muan və buvin yaxınlığında ingilisləri darmadağın etdi.

6. Albiqoy müharibələri.

Domenin növbəti genişləndirilməsi ölkənin cənub vilayətləri hesabına baş verdi.

Cənubi Fransa şəhərinin iqtisadi yüksəlişi və siyasi bu bölgədə sosial zidiyyətləri artırır. Bu zidiyyətlər öz əksini XII əsrin 40 — cı illərində valdens və katar kimi bidətçi hərəkatların inkişafında tapır. Fransanın cənubundakı Albi şəhəri bidətçi hərəkatın fəal şərkəzi olduğundan, burada antifeodal və antikilsə istiqamətli kütləvi hərəkat “ Albiqay bidətçi” adını alır.

Xeyir və şər haqda dualist ideyanın tərəfdarları — katlar katolik kilsənin və dünyanı şeytan əməli hesab edirdilər. Onlar kilsə iyerxiyasınn, kilsə mülkiyyətinin və 1/10 vergisinin ləğbini tələb edirdilər. Valdenslər erkən xristian icmalarının bərabərliyini istəyirdilər. Valdenslərin banisi Lionu pyotr Baldo deyidi: “ Heç kəs heç nəyə sahib olmamalıdır”.

Albiqoyların əsas kütləsini şəhərlilər və kəndlilər təşkil edirdi. Lakin bu hərəkatda cəngavərlər və əyanlar da var idi. Hətta Tuluza qrafı Raymond da onlara qoşulmauşdu. əyanlar bu hərəkatda iştirak etməklə Kapetinqlərə ittifaqda olan katolik kilsəsinə qareşı çıxmaq və cənubun siyasi muxtariyyatını saxlamaq istəyirdilər. 1209 — cu idə papa III İnnogenti Şimali Fransa feodallarının iştirakı ilə albiqoylara qarçı xaç yürüşünə başladı. Şimallıların başında baron Simon de Monfor dururdu. 1213 -cü ildə Mure yaxınlığındakı döyüşdə xaşlılar qəti qələbə çaldı. Beyze və Karkosson şəhərləri alındı. Lakin Tuluzalı Raymond tuluza, Nim, boker və Ajanı saxlaya bildi. Simon de Monforun həlakından sonra VIII Ludovik özü mübarizəyə qoşuldu. 1224 və 1226 — cı il yürüşləri nəticəsində Truza qraflığı və 1229 — cu ildə isə Aralıq dənizi sahilboyu bəzi ərazilər domenə birləşdirildi. Albiqoyların sonuncu dayaq məntəqəsi — Monsequr qalası 10 aylıq mühasirədən sonra alındı; (1244). Yalnız Akvitaniya Plantaqenstjərin əlində qaldı. Cənub şəhərləri öz müstəqilliklərini itirdilər.

7. XIII əsrdə dövlət idarəçiliyi.

XIII əsrin ortalarında və ikinci yarısında kral domeninin genişlənməsi ümumdövlət idarəçilim aparatının yaradılması ilə möhkəmlənir. Onun əsasının mərkəzi orqanlar — ali idarəçilik orqanı olan Kral şurası, Paris parlamenti (ali məhkəmə) və mailyyə idarəsi — hesab paltası təşkil edirdi. Dövlət aparatının inkişafının əsas xətti əsas vassal xidmətinin tədricən dövlət tərəfindən ödənilən kimi krala yaxın olan iri feodallardan, şəhzadələrdən və həmçinin çox vaxt nəcib təbəqədən olmayan məşurlardan — legistlərdən ibarət idi. Domen inzibati dairələrə bölünmüşdü və onların başında nəzarətçilər — prevolar dururudu. dairələr daha iri vahidlərə — balyans (şimalda) və seneşallarda (cənubda) birləşirdilər. onların başında duran kral məmurları — balya və seneşallar inzibati məhkəmə və hərbi hakimiyyəti yerinə yetirirdilər.

kral hakimiyyəti tədricən patrimonial əsasını itirib ixtimai — hüququ səciyyə alırdı və “ümumi xeyir” kimi təqdim olunurdu. kralın hakimiyyəti irsi idi. kapetinqlər sülaləsi atatnın sağlığında varisi elan etmək prinsipi keçirilir. Dövlət indi karlın mülkiyyəti deyildi və varislər arasında bölüşdürmə prinsipi bərqərar olur. kral hakimiyyətinin müqəddəsliyi və dövlət xəyanəti haqqında anlayışlar yaranır.

Daxili idarəçilikdə ən böyüк və vacib islahatı IX Ludovik (1226 — 1270) aparır. Kral domeninin ərazisində məhkəmə təkbətəkliyi qadağan olunur. İşin kral məhkəməsinə keçirilməsi imkanı yaranır. paris parlamenti instansiyası olur. IX Ludovik domen ərazisində feodallararası müharibəni qadağan edir. hərbi münaqişə təhlükəsi qarşısında qalan feodallar üçün “Kralın 40 günü” müəyyən olunur. Həmin müddət ərzində onlar krala müraciət edə bilərdilər.

Kral domenində vahid pul sistemi tətbiq olunur. Tədricən kral sikkəsi digərlərini müqabilədən sıxışdırıb çıxarır. bu, ölkənin iqtisadi vəhdətinə imkan yaradır.

IX Ludovik “ən xristian hökümdar” kimi ədalət və sülhü əsas məqsədi elan edir. O, VII və VIII xaç tqrqşlərinin yəşkilatçısı olmuşdur. Avropada isə o, qonçularla münasibətləri daha sabit etməyə çalışırdı. Bu məqsədlə İngiltərə kralı ilə 1259 — cu ildə müqavilə bağlanır. İngilis kralı III Henri Giyeni saxlamaq şərtilə fransız kralın sadiqliyini bildirir. Müasirləri IX Ludovikin dördünü ölkənin tarixində “qızıl əsr” adlandırırdılar.

8. Fransa XIV – XV əsrlərdə

Pul rentasının və kəndli təsərrüfatının müstəqilliyinin bərqərar olması kəndlilər arasında təbəqələşməni artırır. Azad olmuş kəndli çox vaxt müflişləşməmək üçün, ailəsini dolandırmaq və renta ödəmək üçün senyorun yanında və ya qonşularının təsərrüfatında mövsümi işlərə düzəlirdi. Bu yolla kənddə xırda əmtəə təsərrüfatı çərçivəsində muzdlu əmək meydana gəlir. Kənd əhalisi içərisindən xüsusi kateqoriya – muzdlu işçilər ayrılır.

Bu proseslə paralel surətdə torpağın icarə forması – yardarlıq təşəkkül edir. Senzivadan fərqli olaraq, yardarlıq sabit rentası olan irsi torpaq istifadəsi idi. Bazarın tələbatına uyğun olaraq torpaq mülkiyyətçisi icarə şərtlərini dəyişirdi.

XIV əsr vassallıq münasibətlərinə də xeyli dəyişikliklər gətirir: əmtəə -pul münasibətləri şəraitində fyef – rentanın ( bu elə bir vassallıq xidməti idi ki, senyor vassala torpaq güzəşt etmirdi, amma rentanın bir hissəsini ona verirdi) inkişafı sayəsində feodallararası münasibətlərin torpaqdan və onun vərəsəliyindən asılılığı ləğv olunur. Kral hakimiyyəti də bundan istifadə edib əvvəl vassal hüququ normalarını dağıdır və sonra feodalları dövlət xidmətinə cəlb edirdi .

XIII əsrin sonu XIV əsrin əvvəlləri Fransanın siyasi tarixində silki monarxiya, yəni zümrələrlə təmsil olunmuş feodal monarxiyasının təşəkkülü baş verir. Yeni dövlət formasının özülündə ölkənin mərkəzləşməsi və kral hakimiyyətinin sonrakı möhkəmlənməsi prosesi dururdu.

Xüsusilə kral domenində Langedokun ( əvvəlki Tuluza qraflığının ), 1308 – 1309 – cu illərdə Akvitaniyanın bir hissəsinin, 1285 – ci ildə isə Navarranın birləşdirilməsi fransız kralına xeyli uğurlar gətirir. IV Filipin ( 1285 – 1314 ) Şampan qrafının qızı ilə nigahı nəticəsində Şampan qraflığı Lion mərkəz olmaqla kral domeninə birləşdirilir (1307). XIV əsrin əvvəllərində kral domemi krallöğın ərazisinin ¾ — nü tuturdu. Bu da kralın ali suveren olaraq iddialarını artırırdı. Bunun üçün IV Filip iyerarxiyanı dağıdaraq birbaşa vassallarla əlaqə qurudu.

Kral məhkəməsinin və Paris parlamentinin hüquqlarını genişləndirərək monarxiya dünyəvi və kilsə feodallarının ədliyyəsini ixtisar edir. XIV əsrin I yarısında parlament müəyyən sayda üzvləri ( 100 prokuror, vəkil, müşavir ) olan daimi orqana çevrilir. Onun fəaliyyəti ümumdövlət hüququnu tədricən işləyib hazırlamaq olur.

IV Filipin hakimiyyəti dövründə dövlət – vergi sisteminin əsasları qoyulur. Xəzinəni doldurmaq üçün IV Filip sözünəsil mənasında soyğunçuluq edirdi. Məsələn o, pul sikkələrindəki metalın dəyərini azaldırdı. IV Filip bir neçə dəfə sələmçi – yəhudiləri krallıqdan qovaraq onların əmlakını müsadirə etmişdi. O, şəhərlilərdən borc alır, daha sonra bu borcu qaytarmırdı. Nəticədə şəhər idarəçiliyi tədricən kral məmurlarından asılı vəziyyətə düşürdü.

Vergi sisteminin təşəkkülü sıx sürətdə ordudakı islahatlarla bağlı idi. Onun əsas mahiyyəti feodal hərbi dəstələrinin muzdlu ordu ilə əvəz olunması idi. Bu islahat üçün IV Filipin Flandriyada apardığı müharibə stimul olmuşdur. Flandriya qrafı fransız kralından vassal asılılığında idi, amma qraflığın ərazisi nominal olaraq fransız dövlətinin tərkibində idi, sərhəd vilayətləri çıxmaq şərtilə qraflığın ərazisində yaşayan əhali fransız deyildi. Lakin Fransa Flandriyanın zəngin şəhərlərinə iddia edirdi. Bu şəhərlərdəki daxili mübarizədən istifadə edən IV Filipp partisiatın tərəfində çıxış etdi. Bu, Flandriyanın siyasi müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi. 1302 – ci ildə Brügge şəhərində fransızlara qarşı üsyan baş verdi və elə həmin il fransız ordusu ağır məğlubiyyətə uğradı. Həmin dövr üçün bu nadir hal idi ki, cəngavər süvarilər şəhər qoşununa məğlub olurdu.

Flandriyadakı bu uğursuz müharibə fransız kralını hərbi islahat etməyə məcbur edir: indi təkcə birbaşa vassal deyil, bütün əyanlardan hərbi xidmət tələb olunurdu və ya feodal hərbi xidmət göstərmədiyi şərtdə ödənc verməli idi. Həmin ödənc muzdlu ordunun saxlanılmasına sərf olunurdu.

Kral hakimiyyəti gücləndikcə zümrələrin təşəkkülü və siyasi fəallığının artması prosesi də gedirdi. Bu, xüsusilə şəhərlilər arasında aydın biruzə verirdi. Zadəganlar, ruhanilər və şəhərlilər güclənməkdə olan kral hakimiyyəti qarşısında öz imtiyazlarını müdafiə etməyə çalışırdılar. Belə bir şəraitdə monarxiya yerlərdə məhkəmə, vergi və hərbi imtiyazları bölüşdürməli oldu. Ali süverenliyə can atan kral hakimiyyəti bu suverenliyi reallaşdırmaq üçün zəruri maddi, hərbi və siyasi kömək üçün zümrələrə ehtiyac duyurdu. Bu prosesin nəticəsində zümrəli nümayəndəlik orqanı – yığıncaqlar meydana gəlir, bu yığıncaqlarda kral daxili və xarici siyasətin ən mühüm məsələləri üzrə müxtəlif zümrə nümayəndələri ilə məşvərət aparırdı. Kral kuriyası yığıncaqlarının üzvlərindən fərqli olaraq, zümrə yığıncaqlarının üzvləri seçilirdilər; həm də burada şəhərli zümrəsinin nümayəndələri də iştirak edirdilər.

IV Filipin dövründə kral hakimiyyətinin güclənməsi Papalıqla münaqişəyə gətirib çıxarır. Kral xeyli dərəcədə kilsənin əmlak və məhkəmə hüququnu məhdudlaşdırırdı. Münaqişə üçün birbaşa təkan isə kilsə torpaqlarına münasibətdə kralın vergi siyasəti oldu. Kral – kilsə ziddiyyəti daxili məsələ çərçivəsindən çıxdı, çünki fransız kilsəsi Roma papasına tabe idi. Papa VIII Bonifasi 1296 – cı ildə papanın icazəsi olmadan rühanilərdən rüsum toplamağı qadağan etdi. IV Filipp buna cavab olaraq, Fransadan qızılın və gümüşün ixracını qadağan etdi, bu isə papa xəzinəsinə fransız kilsəsindən göndərilən pulların qarşısını aldı. VIII Bonifasi 1302 – ci il kilsə yığıncağında Fransadakı vəziyyəti müzakirəyə qoydu.

IV Filipp bunu Fransanın daxili işlərinə qarışmaq kimi qiymətləndirdi. VIII Bonifasi isə Filipin kilsədən məhrum edilməsi haqqında bulla hazırladı. Hadisələri qabaqlamaq üçün IV Filipp 1302 – ci ildə Baş ştatları çağırdı. Burada ruhanilər, zadəganlar və şəhərlilər təmsil olunmuşdu və papanın bidətçi olması müzakirə olunurdu. Cənub ruhaniləri tərəfindən olan böyük müxalifətə baxmayaraq, kral öz tərəfdarlarının köməyilə ölkədəki gərginliyi aradan qaldıra bildi. Papanı devirmək üçün IV Filipp İtaliyaya öz cəsuslarını – Giyom Noqareni və Giyom Plezianı göndərdi. Papanın İtaliyadakı siyasi rəqiblərini öz tərəfinə çəkən bu 2 nəfər papanın sarayına daxil olaraq VIII Bonifasini ev dustağı etdilər; bu təhqirə dözməyən VIII Bonifasi vəfat etdi. 1305 – ci ildə IV Filipin təzyiqilə papa taxtına fransız ruhanisi V Klement çıxdı.

Öz qələbəsini möhkəmləndirmək üçün IV Filipp tampliyerlər ordeni üzərində məhkəmə etdi. Dini – cəngavər təşkilat olan bu orden xaçlı hərəkatına dayaq olmaq üçün yaradılmışdı və papaların himayəsi altında idi. Artıq XIII əsrdə bu orden iri torpaq mülkiyyətçisinə çevrilir və sələmçiliklə məşğul olurdu. IV Filipp ordeni ləğv etməklə həm iri siyasi rəqibdən canını qurtarmaq, həm də var – dövlət qazanmaq istəyirdi. Bu məqsədilə kral 1308 – ci ildə Baş ştatları çağırdı. Baxmayaraq ki, Baş ştatlar ordeni bidətçi kimi tanımadı, 1312 – ci ildə kilsə yığıncağı onu ləğv etdi – 15 minə yaxın adam işgəncələrə məruz qaldı, ordenin başçıları o cümlədən, magistr Jak de Mole tonqalda yandırıldı.

Kralın təzyiqi ilə papa V Klement öz iqamətgahını Avinyona köçürdü və tarixdə papaların Avinyon əsarəti adlı 70 il davam etmiş (1309 – 1378 ) bu dövrdə papa fransız kralının nəzarəti altına düşdü.

Fransada silki nümayəndəliyin əsas xüsusiyyəti müxtəlif səviyyələrdə nümayəndəli təsisatların – yerli orqanların, əyalət və Baş ştatların mövcud olması idi. Yerli ştatların əksəriyyəti – baron, cəngavər və konsul assambleyaları, seneşallıqlar artıq XIII əsrin ortalarından məlum idi. Baş ştatlar onlardan sonra yaranmışdı.

Baş ştatlardakı 3 zümrə — ruhanilik, zadəganlıq və şəhər nümayəndəliyi 3 palata təşkil edirdi və ayrılıqda iclas edirdi. I palata prelatlardan ibarət idi, II – də iri feodallar iştirak edirdi, III palata şəhər şurası üzvləri ( XV əsrin sonlarından bu III zümrə palatası adlanacaq ) ilə təmsil olunmuşdu. Uzun müddət Fransada, xüsusilə zadəganlar içərisində seçkilik prinsipi zəif olmuşdu. Yalnız XV əsrin sonuna doğru o, hər 3 zümrə üçün reallaşdırılır. Hər palata 1 səsə malik idi 2 palatanın ümumi qərarı III – nü bu qərarı qəbul etməyə məcbur etmirdi.

Lakin Baş ştatlar daimi fəaliyyət göstərən orqana çevrilmədi. Doğrudur, müəyyən şərait kralı kömək üçün ona müraciət etməyə məcbur edirdi, lakin onun çağrılması və vaxtının müəyyən olunması ondan asılı idi. Kral Baş ştatlara hesabat verməyə borclu deyildi. Bu orqan siyasi məsələləri müzakirə etsə də, qanunları təsdiq etmək hüququ yox idi. Yəni ingilis parlamenti ilə müqayisədə monarxın hakimiyyətini məhdudlaşdırmaq baxımından Baş ştatlar zəif idi. Kral hakimiyyəti Fransada zümrələrin məşvərətinə ehtiyac duyurdu və çox zaman öz məqsədi üçün bu zümrələri biri – birinə qarşı qoyurdu.

Eyni zamanda zümrələr kralın fəaliyyətinə nəzarət edirdi. Zümrə nümayəndəsi olan deputatın mandat hüququ var idi, yəni seçicilərin ona verdiyi təlimatlara uyğun hərəkət etməli idi. Deputat kralın verdiyi təklifə etirazını bildirə bilərdi. Beləliklə, Baş ştatlarda kral hakimiyyəti, imtiyazlı zümrələr və şəhər aliləri arasında kompromis yaranmışdı.

Kral hakimiyyətinin dar sosial bazası olduğundan, silki monarxiyanın erkən mərhələsində silki – nümayəndəli təsisatda şəhərli deputatların mövqeyi əhəmiyyətli idi və kralın mərkəzləşmə siyasətində və subsidiya işində krala dəstək olurdu. Vergi verən əhalinin böyük bir hissəsi Baş ştatlara öz deputatlarını göndərmək hüququndan məhrum idi.

XIV əsrin 30 – cu illərinin sonunda Fransanın İngiltərə ilə Yüzillik müharibəsi (1337- 1453 ) başlayır; bu müharibə 2 dövlət arasındakı münaqişənin ən ağır və yekun mərhələsi olur. Münaqişənin ən mühüm ziddiyyət mənbəyi keçmiş Akvitaniya, daha doğrusu onun qərb hissəsi- Giyen olur. Iqtisadi baxımından bu vilayət İngiltərə ilə sıx bağlı idi, oradan mahud istehsalı üçün yun alınırdı. Giyendən İngiltərəyə şərab, duz, polad, boyaq maddələri aparılırdı. Siyasi müstəqilliyə can atan Giyen zadəganları fransız kralının real hakimiyyətindənsə, İngiltərənin nominal hakimiyyətinə üstünlük verirdilər.

Ikinci ziddiyyət ocağı zəngin Flandriya idi.

Yüzillik müharibə ingilis monarxiyasının sülalə iddiaları bayrağı altında getmişdir. 1328 – ci ildə IV Filipin sonuncu varisi – IV Karl vəfat etdi və özündən sonra varis qoymadı. IV Filipin qızınin oğlu, ingilis kralı III Eduard fransız taxtına öz iddialarını sürdü. Lakin Fransada hələ “ Salik qanunları”na əsaslanaraq, hakimiyyətin qadın xətti ilə verilməsi istisna edilirdi. Ona görə də hakimiyyətə IV Filipin qardaşı oğlu – Valua nəslindən olan VI Filip ( 1328 – 1350 ) gəldi. III Eduard isə müharibə etmək qərarına gəldi.

Bu hərbi münaqişə Avropa miqyasında ən iri müharibə oldu və Alman imperiyasını, Flandriyanı, Araqonu, Portuqaliyanı( İngiltərənin tərəfində), Kastiliyanı, Şotlandiyanı və Papalığı ( Fransanın tərəfində) özünə cəlb etdi. Müharibə 1337 – ci ildə ingilislərin şimalda hərbi əməliyyatları ilə başladı. 1340 – cı ildə isə onlar Flandriya sahillərində dəniz döyüşündə qələbə çaldılar. 1346- cı ildə Kresi döyüşündə ingilislərin qələbəsi müharibənin I mərhələsinin həlledici anı oldu. 1347 – ci ildə strateji liman – Kale ingilislərin əlinə keçdi.

Cənub – qərbdə ingilislər Giyeni və Qaskonu tutdular. III Eduard öz oğlu Eduardı (Qara şahzadə) Qaskon canişini təyin etdi. Bordoda möhkəmlənən Eduard Fransanın mərkəzi vilayətlərinə talanedici yürüşlər edirdi. Növbəti talandan dönən şahzadənin dəstəsi 1356- cı ildə Puatye yaxınlığında fransız ordusu ilə rastlaşdı. Sayca ingilislərdən çox olan fransızlar bu döyüşdə də məğlub oldular.

Fransızların uğursuzluqlarının əsas səbəbləri hərbi təşkilatsızlıq və taktiki çatızmazlıqlar idi. Ingilis ordusu sayca az olsa da, yaxşı təşkil olunmuşdu. Ordunun əsas hissəsini ox atıcıları təşkil edirdi. Döyüşlərdə ingilis cəngavərləri atdan tez düşürdülər, bu isə onları ox atıcıları ilə yaxşı əlaqələndirirdi.

Fransız ordusu isə hələ də feodal dəstələrindən ibarət idi. Kral yalnız öz qoşun hissəsinə tam nəzarət edə bilirdi. Əsas hərbi vahid ağır silahlanmış süvarilər idi. Ox atıcıları az idi. Süvarilərlə piyadalar arasında əlaqənin olmaması onların asanlıqla düşmənə məğlub olmasını şərtləndirirdi. Ingilislər döyüş zamanı fransız cəngavərlərini biri – birindən ayırır, atdan salaraq ( ağır silahlandıqları üçün müqavimət göstərə bilmirdilər) əsir götürürdülər.

Xüsusilə Puatye döyüşü fransız ordusunun bütün bu nöqsanlarını açıb göstərdi. Xronistlərin yazdığına görə, bu döyüşdə fransız ordusunun ən üstün ( 6 minə yaxın) hissəsi həlak oldu. Həttda kral II İoann əsir alındı.

Puatye məğlubiyyəti bütün ölkəni ağır vəziyyətə saldı. Xəzinə boşalmışdı, böyük bir ərazi işğal olunmuşdu. Müharibənin davam etdirilməsi və kralın əsirlikdən azad edilməsi üçün böyük vəsait lazım idi. Əsirlikdə olan kral ingilislərin bütün işğallarını tanımışdı. Dofin Karl 1356 – cı ilin oktyabrında Baş ştatları çağırdı. Onun tərkibində ( hərbi itkilər olduğundan ) şəhərlilər üstün idi. Ümumi ictimai fikri ifadə edən dofin və Baş ştatlar İngiltərə ilə müqaviləni tanımaqdan imtina etdilər. Ölkədəki ümumi narazılıqdan istifadə edən Baş ştatlar hakimiyyəti ələ almağa çalışaraq Kral şurasının istefasını tələb etdi.

Baş ştatların 28 deputatından ibarət komissiya yaradıldı və bu komissiya ordu ilə bağlı həmçinin dövlət aparatında vəzifələrin müəyyən edilməsi ilə bütün qərarlara nəzarət etməli idi. Dofin bu tələbləri yerinə yetirməkdən imtina etdi və Parsidə iğtişaşlar başladı. Onun başında munisipalitetin başçısı – tacir Etyen Marsel dururdu.

Dofinin icazəsi olmadan 1357 – ci ilin martında şəhərli deputatların iştirakı ilə Baş ştatlar keçirildi. Burada Böyük mart ordonansı adlı islahat lahiyəsi işlənib hazırlandı. Lahiyəyə görə Baş ştatlat daimi orqana çevrilirdi; dövlət aparatının mərkəzi orqanlarının təşkili hüququ ona verilirdi. ölkədə 2 hakimiyyətlilik yarandı və bu il yarımdan çox çəkdi. Bu müddət ərzində imtiyazlı təbəqələr vergiyığımı haqqında qərar qəbul edə bilmədilər. Ruhanilər və zadəganlar vergi ödəməkdən və ştatların işində iştirak etməkdən imtina etdilər. Digər şəhərlər də parislilərə dayaq olmadı, bu da şəhərli zümrəsi içərisində birliyin olmadığını bir daha göstərdi. Etyen Marselin və şəhər alilərinin siyasəti əsas şəhərli kütləsini təmin etmirdi.

Baş ştatların yeni yığıncağı 1358 – ci ilin fevralında keçirildi; bu zaman Parisin şəhər aliləri siyasi cəhətdən təcrid olunmuşdular. Ona görə də Etyen Marsel kral hakimiyyətinə qarşı açıq üsyana başlamaq qərarına gəldi. 1358 – ci il 22 fevral silahlanmış sənətkarlar və Etyen Marsel saraya soxularaq dofinin gözü qarşısında onun 2 yaxın müşavirini qətlə yetridilər. Dofin ordonansı təsdiq etməyə məcbur oldu. Lakin bir ay sonra o, Parisdən qaçdı və şəhərin mühasirəsinə hazırlıq görməyə başladı. Yerli ştatlardan subsidiya alan dofin parislilərə qarşı hərbi əməliyyatlara keçdi. Parisin şəhər aliləri Valua ailəsi ilə düşmənçilik edən Navarra kralı Karlla ittifaqa girdi. Bu isə müharibə şəraitində tamamilə qeyri – məqbul olan separatçı meylləri artırdı.

1358 – ci ilin mayında başlamış olan kəndli üsyanı ölkədəli ağır vəziyyəti xeyli mürəkkəbləşdirdi. O zaman kəndlilərə verilən “ Sadəlövh Jak ” ləqəbi ilə hərəkat Jakeriya adını aldı. Müharibə şəraitində dövlət gəlirləri xeyli artmışdı və onları ödəmək də çətinləşmişdi. Nəhayət, 1348 – ci ildə Fransanı bürümüş taun xəstəliyi əhalinin 3/1 hissəsinin ölümünə bais olmuşdu. Üsyan üçün təkanverici hadisə dofinin fəaliyyəti oldu. Paytaxtı mühasirəyə almağa hazırlaşarkən o, kəndlilərdən qalaları möhkəmləndirmək işini tələb etdi. Mayın 28 – də Bovezi yaxınlığında kəndlilər bir neçə zadəganı öldürdü. Tezliklə bütün Şimalı Fransada – Bovezi, Pikardiya, İl- de Frans və Şanpanı üsyan bürüdü.üsyançıların ümumi sayı 100 minə çatdı.

Jaklar bütün vergi sənədlərini məhv edir, qalaları dağıdır, feodalları öldürürdülər. Bəzi şəhərlər onların tərəfində çıxış edirdilər. Üsyan ən mütəşəkkil şəkildə Bovezidə özünü biruzə verdi. Burada kəndlilərin başında Gilyom Kal dururdu.

İyunun 8- də Mello kəndi yaxınlığında Karlın başçılığı altında feodal qoşunu ilə kəndlilərin toqquşması baş verdi. Jaklar sayca çox idilər, lakin 2 gün ərzində tərəflərdən heç biri döyüşə başlamaq qərarına gəlmədi. Karl Gilyom Kalı ələ keçirmək üçün danışıqlar təklif etdi. Gilyom Kal görüşə tək gəldi və ələ keçirildi. Işgəncə verilərək edam olundu. Bundan sonra öz rəhbərlərindən məhrum olmuş kəndlilər cəngavərlər tərəfindən darmadağın edildi. Bovezi üsyanı yatırıldı. Bəzi rayonlarda üsyan 1358 – ci ilin sentyabrınadək davam etdi.

Jakeriyanın yatırılması Paris üsyanının sonunu sürətləndirdi. Navarralı Karlın gətirdiyi ingilis dəstələri Parisə yaxınlaşdı və şəhər aliləri şəhərin darvazalarını açdılar. İyunun sonunda Etyen Marsel dofin tərəfdarlarından biri tərəfindən öldürüldü və dofin şəhərə daxil oldu. Baş ştatların islahatları ləğv edildi.

1360 – cı ildə Fransa İngiltərə ilə Bretinyidə sülh bağladı. Onun şərtləri Fransa üçün ağır olsa da, kompromis xarakter daşıyırdı. Ingilis kralı fransız taxtına olan iddialarından əl çəkirdi, lakin Luaradan cənuba torpaqlar, yəni ölkənin 1/3 hissəsionun hakimiyyəti altında qalırdı.

Sülh əslində müvəqqəti atəskəs idi; müharibənin davam etməsi qaçılmaz idi. Kral V Karlın ( 1364- 1380) islahatları da bu işə tabe edilmişdi. Bu islahatların mühüm hissəsi orduya aid idi. Ordu üzərində kral nəzarəti gücləndirilirdi. Xüsusilə Baş komandanın – konnetablın səlahiyyətləri artırılırdı. V Karlı dövründə hərbi rəhbərlik xeyli demokratikləşdirildi; rəhbərlik feodal iyerarxiyasında tutduğu yerə görə yox, insanın hərbi bacarığı ilə təyin edilirdi. Məsələn, konnetabl vəzifəsinə xırda Breton cəngavəri Dükeqlen seçilmişdi. Məhz ordu dəyişiklikləri sayəsində Fransanın hərbi uğurları başlamışdı. XIV əsrin 70 – ci illərində fransız ordusu ölkənin cənubunda ingilisləri dənizə sıxışdırmışdılar.

Vergiyığımı sahəsində də V Karl yeniliklər etdi. V Karl baca vergisi ( fuaj) müəyən etdi. Onun dövründə kral tərəfindən təyin olunan maliyyə məmurları vəzifəsi təsis olunur.

Lakin vergilərin artırılması ölkədə sosial mübarizəni kəskinləşdirir. 70 – 80 – ci illərin mübarizəsi nəticəsində fuaj müvəqqəti olaraq qadağan olunur. XV əsrin əvvəllərinədək vergiləri artırmağa heç kəs cürət etmədi.

Fransada mərkəzləşmədə nailiyyətlər olsa da, separatist meyllər davam edirdi. Xüsusilə psixi xəstə olan VI Karl ( 1380 – 1422 ) hakimiyyəti dövründə 2 feodal partiyası – Burqund və Orlean hersoqları mübarizəyə başlayır.

İoannın kiçik oğlu Filipp ( 1364 – 1404 ) Burqundiyanı irsən almışdı və Flandriya şahzadəsilə evlənməklə zəngin vilayətlərə sahib olmuşdu. Burqund hersoqları müstəqil hakim olmağa çalışırdılar, hətta bəzi Burqund mülkləri Fransanın deyil,imperiyanın tərkibinə daxil idi. Yüzillik müharibə gedişində Fransa üçün ən böyük təhlükə Burqundiya olmuşdu.

Orlean hersoqunun müttəfiqi isə cənubun iri feodalları – Armanyak qrafları idi. Kral hakimiyyətinin müvəqqəti zəifləməsindən istifadə edən bu 2 qruplaşma öz mülklərində siyasi müstəqilliyə can atırdılar.

Baş verən feodallararası müharibə, xəzinənin boşalması ölkədə böyük narazılıqlar yaratdı. Paris universiteti və Baş ştatlar daxili islahatlar tələbi irəli sürdü. Lakin vəziyyəti düzəltməyə qadir olmadığından, 1413 – cü ilin aprelində Parisdə üsyan baş verdi.

Üsyana qəssablar sexi başladı – onun başında Simon Kaboş durudu və onun adı ilə üsyançılara kaboşyenlər deməyə başladılar. Onların əsas tələbi feodal müharibəsinə son qoyulması, vergilərin azaldılması və onların yığılmasının nizamlanması idi. Hökümət kaboşyen ordonansını qəbul etməyə məcbur oldu. Bu ordonans dövlət vəzifələrinin seçkili olmasını nəzərdə tuturdu. Lakin hakimiyyətə can atan Burqund hersoqunun üsyana müdaxilə etməsi vəziyyəti mürəkkəbləşdirdi. Üsyanın II mərhələsi başladı. Indi şəhərlilərin aşağı təbəqəsi alilərə qarşı mübarizə aparırdı. Burqundiya hersoqu isə ingilislərlə szişə girdi. Şəhər aliləri ingilisləri şəhərdən qovmaq və üsyanı yatırmaq üçün armanyaklarla ittifaqa girdi. 1413 – cü ilin sentyabrında onlar şəhərə girdi. Üsyan qəddarcasına yatırıldı. Kaboşyen ordonansı ləğv olundu.

1415 – ci ildə kral V Henrinin rəhbərlik etdiyi ingilis ordusu Pikardiyaya hərbi əməliyyatları bərpa etdi. Daxili müharibələrlə zəifləmiş Fransa V Karlın islahatları ilə əldə etdiyi uğurları itirmişdi. 1415 – ci ilin oktyabrında Azenkur yaxınlığında çox pis təşkil olunmuş fransız ordusu ingilislərə məğlub oldu, ingilislər Normandiyanı və Meni ələ keçirdilər.

Xüsusilə 1416 – cı ildə Burqundiya hersoqu İoann (1404 — 1419) İngiltərə ilə ittifaqa girəndən sonra vəziyyət daha da ağırlaşdı. Onun oğlu Filipin dövründə (1419 – 1467 ) Burqundiya qüdrətli Avropa dövlətinə çevrilmə dövrünü yaşayırdı. İndi Burqundiya hersoqu kral tacına iddia edirdi. Lakin Burqundiya ayrı – ayrı vilayət və şəhərlərin zəif siyasi birliyi idi. Bununla belə o, fransız torpaqlarının birləşdirilməsi yolunda böyük maneə idi.

1420 – ci ildə Truada ingilislərlə bağlanmış sülhə görə, VI Karl sağ ola – ola ingilis kralı V Henri Fransanın hakimi oldu. Daha sonra taxt – tac onun fransız şahzadəsindən olan oğlu VI Henriyə keçməli idi. VI Karlın oğlu dofin Karl isə vərəsəlikdən uzaqlaşdırılırdı. Beləliklə, Fransa müstəqilliyini itirərək birləşmiş ingilis – fransız krallığının bir hissəsinə çevrilir. 1422- ci ildə V Henri və ondan bir neçə ay sonra isə VI Karl vəfat etdi. İngiltərə və Burqundiya hersoqu 10 aylıq VI Henrini hər iki dövlətin kralı elan etdi; onun adından isə dayısı hersoq Bedford ölkəni idarə edirdi. Lakin dofin Karl sülh şərtlərinə məhəl qoymadan, özünü VII Karl ( 1422- 1461) adı ilə Fransanın kralı elan etdi. Onun hakimiyyətini ölkənin mərkəzindəki əyalətlər, cənubda – Langedok, cənub – şərqdə — Dofine, cənub – qərbdə — Puatu tanıdı. Lakin bu torpaqlar kompakt ərazi deyildi və Burqund mülkləri ilə ayrılmışdı.

Fransa üçün müharibənin yeni mərhələsi – müstəqillik uğrunda mübarizə başladı. Hadisələrin sonrakı inkişafında ingilislərin işğal olunmuş torpaqlardakı siyasəti mühüm amil oldu. V Henri fransız torpaqlarını ingilis cəngavərlərinə paylamağa başladı. Bu cür siyasət fransızların müqavimətini artırdı. Xalq hərəkatı Fransa üçün müharibənin hakimiyyətəlledici mərhələsi oldu.

1428 – ci ildə ölkənin şimalındakı əməliyyatları möhkəmləndirmək üçün ingilislər cənubda Orleanı mühasirəyə aldılar. Bu mühüm qalanın alınması cənuba birbaşa yolu açırdı. Bordodan kömək alan ingilislər fransız kralını ağır vəziyyətdə qoydular. Məhz belə bir vəziyyətdə Janna d’Ark Fransa üçün çıxış yolu oldu.

Janna 1412 – ci ildə Domremidə anadan olmuşdu. Hərbi əməliyyatların gətirmiş olduğu ağır həyat onu belə bir fikrə gətirmişdi ki, məhz o, ordunun başına keçib, Fransanı xilas etməlidir. Orleanın mühasirəsi xəbərini alan Janna yaxınlıqdakı Vokuler şəhərciyinə gələrək, qalanın komendatına öz missiyasını bəyan etdi. Silah və döyüş atı olan gənc qız ingilislərin tutduqları vilayətlərdən keçərək dofinin yanına gəldi. Bütün Fransa onu Müqəddəs adlandırırdı.

Ağır vəziyyətdə olan kral Jannanı ordunun başında qoydu. Janna çox qısa müddətdə hərbi taktikanı öyrəndi və hətta ən ağır vəziyyətlərdə doğru qərar verməyə qadir oldu. Gənc qızın Vətənə olan məhəbbəti və döyüşçü qabiliyyəti digərləri üçün nümunə olmuşdu.

1428 – ci il aprelin sonu Janna ordu ilə Orleana gəldi. Dörd gün ərzində şəhər ətrafındakı ingilis istehkamları fransızların əlinə keçdi. Mayın 8 – də ingilislər qalanın mühasirəsindən əl çəkdilər. Orleanın azad edilməsi strateji əhəmiyyət kəsb edirdi. Bu bir neçə illik alçaldıcı məğlubiyyətlərdən sonra fransızların ilk böyük qələbəsi idi. VII Karlın taxt – tac uğrunda mübarizəsi azadlıq müharibəsi ilə çulğaşaraq onun mövqeyini möhkəmləndirdi. Jannanın təkidilə Karl fransız monarxlarının başına tac qoyulduğu Reymsə yürüş etdi. Təntənəli şəkildə hakimiyyəti qəbul edən VII Karlın vəziyyəti Şampanın azad edilməsindən sonra xeyli möhkənləndi. Lakin Parisin hücumla alınması cəhdi uğursuzluqla nəticələndi. Digər tərəfdən kralın əshabələri arasında Jannaya qarşı müxalif qüvvələr gücləndi.

1430 – cu ilin mayında Kompyen yaxınlığında Janna d’Ark əsir düşdü. Burqundiya hersoqu inu ingilislərə 10 min qızıla satdı. 1430 – cu ilin sonunda Janna ingilis hakimiyyətinin mərkəzi Ruana gətirildi və inkvizisiyaya verildi. Fransızların hərbi uğurlarının əhəmiyyətini azatmaq məqsədilə ingilislər sübut etməyə çalışırdılar ki, bu uğurlar şeytan əməlidir. Yepiskop Koşon başda olmaqla kilsə məhkəməsi Jannanı cadugarlıqda günahlandırırdı. Tribunal onu bidətdə təqsirli bildi və 1431 – ci ilin mayında Ruanın mərkəzi meydanında Janna yandırıldı ( Hazırda bu meydanda onu heykəli qoyulub və kilsə inşa olunub. Tarixi ədəbiyyatda belə bir versiya var ki, Janna VI Karlın arvadı Bavariyalı İzabellanın nigahdan kənar qızı olmuş və yalnız 1449 – cu ildə ölmüşdür).

Jannaya borclu olan VII Karl isə ona heç bir kömək göstərmədi. Yalnız 25 il sonra kral məhkəmə prosesinə yenidən baxılmasını əmr etdi. Janna günahsız elan edildi.

Janna d’Arkın bu qəhrəmanlıqları fransızların vətənpərvərlik hisslərini artırdı. Sonrakı hadisələrin inkişafında isə VII Karlın islahatları böyük rol oynamışdı.

1439 – cu ildə VII Karl xüsusi fərmanla talya üzərində kral monopoliyasını müəyyən etdi; o vaxtadək ictimai ehtiyaclar üçün yığılan talyanı senyorlar da yığırdı. Elə həmin il xüsusi ordonansla hərbi islahat keçirildi. Islahata görə, müharibə aparmaq hüququ yalnız krala aid edilirdi, senyorlara döyüşçü və qala saxlamaq qadağan olunurdu. Bundan əlavə, indi daimi ordu yaradılırdı. Indi qeyd – şərtsiz kralın nəzarəti altına keçən ordu 2 yerə- suvari və piyada qoşuna ayrılırdı. Suvarilər zadəganlardan yığılırdı. hər iki qoşun hissəsində xidmət dövlət tərəfindən ödənilirdi. Daimi ordu saxlamaq üçün yığılan talya daimi vergiyə çevrilir.

Bu islahatlar Yüzillik müharibədə Fransanın qələbəsini şərtləndirən amilə çevrilir. Fransızların hərbi taktikası da dəyişir; şəhərlərin uzun sürən mühasirəsindən onlar xırda döyüş taktikasına keçirlər. hərbi uğurlar və monarxiyanın güclənməsi onun rəqiblərini xeyli zəiflədir. 1435 – ci ildə Burqundiya hersoqu VII Karlla saziş bağlamağa məcbur olur. İngilislər Parisi, Ruanı, Normandiyanı, Bordonu itirirlər. Onların əlində yalnız Kale qalır.Müharibə isə 1453 – cü ildə bitir. İngiltərənin fransız taxtına və torpaqlarına olan iddialarına son qoyulur.

Yüzillik müharibədən sonra kral hakimiyyətinin xeyli güclənməsinə baxmayaraq, XV əsrin II yarısında bir neçə dəfə iri separatçılıq cəhdləri olmuşdu. Mərkəzləşməyə qarşı ən iri silahlı çıxış kral XI Lüdovikin ( 1461- 1483) dövründə baş vermişdi. Belə ki, Burqund və Breton hersoqları İctimai Rifah Liqası yaratmışdılar və vergilərin ləğv olunması, xalqın maraqlarının müdafiəsi kimi demaqoq şüarlar irəli sürməklə, xırda və orta zadəganları da müxalifətə cəlb edə bilmişdilər. Eyni vaxtda Burqund Hersoqu Cəsur Karl ( 1467- 1477) Şimal dənizindən Aralıq dənizinə qədər “ Yuxarı Lotaringiya ”dövləti yaratmaq istəyirdi.

Liqa ilə müvəqqəti sazişə girməyə məcbur olan XI Lüdovik xeyli vaxt qazandı və öz rəqiblərini bir – bir məhv etməyə başladı. ən böyük rəqibi Cəsur Karlla mübarizə aparmaq üçünsə o, Lotaringiya hersoqu və isveçrəlilərlə ittifaqa girdi. Nansi yaxınlığında 1477 – ci ildə fransızlarla döyüşdə Cəsur Karlın həlak olmasından sonra XI Lüdovik Pikardiyanı, Niverneni və Burqund hersoqluğunu ( Burqundiyanın cənub hissəsini) Fransaya birləşdirdi. Burqundiya qraflığı, Franş- Konte və Niderland isə Cəsur Karlın qızı Mariyada qaldı,Mariya alman imperatorunun oğlu Maksimilian Habsburq ərə getdiyindən, bu mülklər də Habsburqların tərkibinə daxil oldu.

1481 – ci ildə Marsel kimi iri ticarət mərkəzi olam Provans Fransaya birləşdirildi. 1491 – ci ildə VIII Karlın ( 1483 — 1498) Bretomlu Anna ilə nigahı nəticəsində Breton da Fransaya birləşdirildi. Lotaringiya, Franş – Konte, Russilyon və Savoyyanın birləşdirilməsi isə XIX əsrin ortalarınadək çəkdi. Lakin XV əsrin sonuna doğru ölkənin əsasən birləşdirilməsi başa çatdı. XIV – XV əsrlərdə Fransada vahid dil təşəkkül etdi.

Siyasi inkişafında isə Fransa dövlətçiliyin yeni formasına – mütləq monarxiya mərhələsinə daxil oldu. Baş ştatlar sonuncu dəfə 1484 – cü ildə çağrılmışdı. əyalətlərdəki yerli ştatlar da mərkəzi hakimiyyətə tabe etdirilmişdi. XV əsrin sonuna doğru zümrələrin öz vəziyyətində və mərkəzi hakimiyyətə münasibətdə də dəyişikliklər baş vermişdi. Daimi ordunun yaradılması zadəganları mərkəzi hakimiyyətə möhkəm bağladı,təsərrüfat fəaliyyətini dondurdu.

XVI əsrə Fransa Qərbi Avropanın ən iri mərkəzləşmiş dövləti kimi daxil oldu.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh