Qəribə psixoloji portretlər

Dino Valls 1959-cu ildə Saraqosada dünyaya göz açan ispan rəssamdır. 1988-ci ildən bəri yaşadığı Madrid şəhərində yaradıcı fəaliyyətlə məşğul olan rəssam yaratdığı psixoloji portretlərlə dünya rəssamlığına yeni nəfəs gətirib.        

Dino Valls rəssam olmağı uşaqlıqdan arzulayıb. O, hələ məktəbli ikən müxtəlif mövzulu portretləri ilə müəllimlərinin diqqətini çəkməyə müvəffəq olub. 1975-ci ildə o, yağlı boyalarla işlədiyi portretlərlə öz üzərində işləyərək rəssamlıq vərdişlərinə hər hansı bir müəllim və ya təhsil köməyi olmadan yiyələnib.
 

1982-ci ildə Tibb və Cərrahiyyə təhsilini tamamlamasına baxmayaraq, o, həkimlik sənətini deyil, öz yaradıcı fəaliyyətini daha üstün tutub, dünyada əks-səda doğuran portretlər yaratmaq qərarına gəlib. Elə 1982-ci ildən də çox tez bir zamanda öz əsərlərinin dünyada tanınmasına nail olub.

1990-cı illərin əvvəllərində Dino Valls öz yaradıcılığında  XV-XVI  əsr rəssamlarının dəst-xəttindən istifadə etməyə, öz ispan köklərinə qayıtmağa başlayıb. Rəssamın əsərlərində insanlara çatdırılan şüuraltı mesajlar, psixoloji təzyiqlər Vallsın tez bir zamanda məşhur olmasına gətirib çıxarıb.

Rəssamın əldə etdiyi uğurun əsas səbəbi onun öz yaradıcılığında qədim ispan ənənələrini beynəlxalq aləmdə yenidən davam etdirmək və müasir incəsənətlə onların harmoniyasını yaratmaqdan ibarət olub.  



Müasir incəsənətdə özünəməxsus yer tutan Vallsın əsərləri tezliklə ABŞ-da, daha sonra isə dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başlayıb. Bu nümayişlər rəssama böyük məşhurluq qazandırıb.

Vallsın həkimlik təhsili, demək olar ki, onun hər portretində özünü göstərir. Belə ki, rəssam öz əsərlərində təsvir etdiyi insanların orqanlarını, bədən üzvlərini olduğu kimi, təbii təsvir etmək qabiliyyətinə malikdir. Rəssamın işlərinə obyektiv və subyektiv yanaşması portretlərin özünəməxsusluğunu qoruyub saxlayır.

Rəssamın yaradıcılığında ən çox rast gəldiyimiz nüans insanların psixoloji vəziyyəti – əsasən də, kədər və qorxu dolu ifadələrdir. Bu ifadələrin təsvirində isə Dino Valls sarışın, yaşıl gözlü, zərif xanımdan daha çox istifadə edir.

Portretlərin əksəriyyəti himnostik təsirə malik olmaqla yanaşı, insanı düşündürmək qabiliyyətinə malikdir. Dünya rəssamlığında yeni bir cərəyan formalaşdırmış ispan əsilli rəssam Vallsın əsərləri yüksək qiymətə, dünyanın müxtəlif ölkələrində yaşayan kolleksiyaçıları tərəfindən alınır. Qeyd edək ki, portretlərin qiyməti dahi rəssamların əsərləri ilə müqayisəolunacaq dərəcədə yüksəkdir.  







 





 

 

 
 

 

1937.az 
 
loading...

2 şərh

kurdamir
Həm gülməlidir, həm də mənasiz. Baxanda nəsə qeyri-adi bir hiss keçirdim
MURAD_SEYFULLAYEV
Qeyd olunduğu kimi, doğurdanda düşündürücü və sirllərlə zəngin şəkillərdir. Şəkillərdən bəziləri yenicə tapılmış, anlaşılmayan bir dildə yazılmış qədim kitab kimi gəldi mənə, misal üçün 6-9-11 -ci şəkillər.