Renato Quttuzonun qırmızı rəngi

Sənin qırmızı rəngin
fəhlənin və şairin
mübarizlərin gerçəkliyinin,
ağrının, ümidin və qələbənin
yeganə qırmızı rəngi olacaq.
Pyer Paola Pazolini

Çağdaş Avropa rəngkarlığı postmodernizmdən başlayaraq, XX əsr rəssamlığı üçün çox xarakterik olan tendesiyalara bu gün də sadiqdir: plastik formaların deformasiyası, stilistik kompozisiya həlli, kətan səthində formaların qismən dağıdılması, kətan arxasında illizion sahə yaradılması və s. Bu zaman kətan rəsmin məhdud elementlərini əks etdirən ekrana bənzəyir?

XX əsr məşhur italyan rəssamı Renato Quttuzo 1912-ci il yanvar ayının ikisində Siciliyada anadan olub. İki-üç ilə
rəssamın anadan olmasının 100 illiyi qeyd ediləcək.
Onun ilham mənbəyi heç vaxt əlaqəsini üzmədiyi Siciliya torpağı idi. Siciliya müxtəlif mədəniyyətlərin qovuşduğu əfsanəvi bir dünyadı. Siciliya tarixində yunan, roma, ərəb mədəniyyətləri bir-birinə qaynayıb qarışıb. Bu qədim mədəniyyətləri bir-birindən ayrı təsəvvür etmək qeyri- mümkündür.

Quttuzonun ilk sənət müəllimləri araba ustaları idi. İncəsənət tarixçisi C.K.Arqon onun sənətkar xoşbəxtliyini əşyaların mahiyətinə varmaqda, cansız əşyaları sənətin sehrli gücüylə canlandırmaqda görürdü.

Natürmort rəssam üçün maddi dünyanın reallıqlarını təsdiq edən bir vasitə, özünəməxsus sənət proqrammı idi. Əbəs deyil ki, hələ sağlığında belə Renato Quttuzoya “yeni Karavaçço” deyirdilər.
Əksər hallarda Quttuzonun natürmortlarında predmetlər simfonik xarakter daşıyır. Onun natürmortlarında həsir zənbildə şərab bardaqlarına tez-tez rast gəlinir. Ümumiyyətlə, natürmot janrı rəssamın yaradıcılığında xüsusi yer tutur.

Natürmot yalnız kolorit və həcm vasitəsi olaraq qalmır, həm də Quttuzonun yaradıcılığında daha böyük həyati məna kəsb edir. Natürmota olan belə münasibət ona Pablo Pikassodan gəlir. 40-cı illərin antifaşist kompozisiyalarında tez-tez insan kəllələrinə rast gəlirik. Bu seriyadan olan kompozisiyalar əsasən qan-qırmızı koloritlə tamaşaçını özünə cəlb edir.

50-60-cı illərin natürmotlarında rəssam qarşısına tamam başqa, sosial-simvolik məsələlər qoyur və onların həllinə səy göstərir.
Milan yaxınlığında, Velqetdəki emalatxanasının interyeri, emalatxananın bədii səliqəsizliyi insan nəfəsiylə isinir. (Quttuzo yay aylarında velqetdəki emalatxanasında işləyirdi).

30-40-cı illərdə Quttuzo Romada və Milanda yaşayır, antifaşist hərəkatının görkəmli nümayəndələrindən biri olur. 1041-ci ildə iri həcmli “Çarmıxa çəkilənlər” əsərini yaradır.

İncil mövzusunda işlədiyi bu əsərdə rəssam faşizmə olan nifrətini kətana köçürüb əbədiləşdirir. Ön planda Hitleri faşizmin baş cəlladı kimi təsvir edir. Bu dönəmdə Quttuzo Pikassonun güclü təsir dairəsinə düşmüşdü. Pikassonun antifaşist ruhlu “Hernika”sı buna bariz nümunədir. Rəssamın yaradıcılığında Pikasso rənğkarlığına xas simvolik elementlər nəzərə çarpır. Quttuzonun əsərlərində Pikassoda olduğu kimi at və öküz təsvirlərinə rast gəlirik.

Quttuzo zaman-zaman Pikasso mövzularına müraciət edib, 70-ci illərdə Pikassonun şərəfinə bir silsilə rəsmlər çəkib. “Mərhumların ziyafəti” əsərinə nəzər salaq – Pikasso, Rembrant, Velaskes bir masa arxasında əyləşiblər – Quttuzo bu ünlü rəssamların məşhur avtoportretlərinin surətini kətana köçürmüşdü.
Başqa bir tablo – “Qreko kafesi” adlanır – bu əsərində rəssam ən yaxın dostlarını və sevdiyi personajları təsvir edir.

Antik köklərə bağlı bu novator sənətkar çağdaş rəssamlıq sənətinin bütün texniki vasitlərindən bəhrələnib.
Pikassoya ithaf olunmuş başqa bir tablo – “Sres kontra srem”: Pikassonun, xanımının portretləri, Siciliya peyzajı, açıq qapı önündə çılpaq model, adi natürmortun simvolik predmetləri: kəllə, telefon, kitablar, rəng dolu qablar və əlbəttə ki, lalə kimi, qan kimi qırmızı rəng – Renato Quttuzonun qırmızı rəngi.

Əsərin çox saylı detalları dəqiq, realistcəsinə işlənib-əsər keçməkeşli sənət yollarından keçib gəlmiş əsl ustad rəssamın fırçasının məhsuludur. Quttuzo sənəti-fəzada və formanın hərəkətidir. Rəssam adətən çəkdiyi əsəri amorf cizgilərlə başlayır sonra ritm və hərəkətin sürəti artırılır.

Renato kompozisiyalarının quruluş prosesi əsrin əvvəllərində futurist rəssamların araşdırmaları ilə uyarlıdır, bu mənada Quttuzo futurist Bellaya yaxındır, amma bir şeyi də unutmaq olmaz ki, hər iki rəssamın axtarışları hansı bir məqamdasa kəsişirsə, üst-üstə düşürsə də, bir o qədər də bir-birinə ziddir. Futuristlərin məqsədi hərəkətin dinamikasını və ya materiyanın durumunu abstrak məkanda təsvir etmək idi. Quttuzo üçün isə plastik formanın dinamikası daha önəmlidi. Başqa sözlə desək Quttuzo yaradıcılığında məkan materiyanın dinamik vəziyyətdədir.

İngiltərəli sənətşünas Duqlas Kuper Quttuzonun Nyu-Yorkda sərgilənən əsərlərinin kataloqunda yazırdı ki, rəssam dəbə uymur və hər hansı bir sənət məktəbinin məhdud çərçivələrində rahatlıq aramır. Onun sözlərinə görə, rəssam həyat gerçəkliyinin çeşidli təzahürlərini bər-bəzəksiz, illüziyasız, sərt bir cəsarətlə təsvir edir.
Bütün bunlarla yanaşı, onun rəsmlərində incə bir lirizm mövcuddur.
1957-ci ildə Quttuzo öz gündəliyində yazırdı: “Səhər qəzetləri Əlcəzair qətliamından yazır. Emalatxanamda divardan “Əlcəzairli qadın” əsərinin reproduksiyası asılıb.

Anri Matissin, Pablo Pikassonun Əlcəzair mövzusunda işlədiyi əsərlər haqqında düşünürəm. Və bu günkü Əlcəzair qəlbimdə Delakruanın əsərini yenidən işləmək arzusu baş qaldırır. Onun melanxolik səadəti, “kənardan baxışı” demək olar ki, məni təhqir edir”.
Və Quttuzo melanxolik şərq gözəlləri deyil, əzab-əziyyət çəkən, alçaldılan, təhqir olunan, öldürülən, şəhid olan qəhrəman qadın obrazları yaradır.

“Əlcəzairdə qırğın” əsərində rəssam rənglərin maksimal kontrastına nail olur. Bu əsərdə ölümqabağı konvulsiya içində çırpınan fiqurlar ən gözlənilməz rakuslarla təsvir edilir, burda hər şey uçulub dağılır, əsərə sakit baxmaq mümkün deyil, əsərdən qan iyi gəlir-günahsız insan qanı axır kətanın hər yerindən.

Bu günahsız insan qanı – Renato Quttuzonun qırmızı qəngidi.
1944-cü ilin iyun ayının 4-də Roma faşizmdən azad oldu. Bir aydan sonra Quttuzonun rəsmlərindən ibarət albom işıq üzü gördü.
Quttuzo bu rəsmləri işğal dövründə yaratmışdı. Albom “Gott mit ins” (Allah bizimlədi!) adlanırdı. Bu seriyadan olan əsərlər faktiki olaraq vahid sücet ətrafında cərəyan edir-faşizmin qurbanı olan milyonlarla insan taleyi.

Rəssam bu mövzuya əvvəllər də müraciət edib – 1939-cu ildə məşhur ispan şairi Federiko Qarsia Lorkanın xatirəsinə “Güllələnmə” tablosunu yaratmışdı. 1960-cı ildə albom “Sacaroti” nəşriyyatı tərəfindən yenidən çap olunur.

1945-ci ildə rəssam “Xalq bayramı” əsərini tamamlayır. Əsərdə təsvir olunan əhval-ruhiyyə o dövrdəki Roma üçün, faşizmdən azad olmuş şəhər üçün çox xarakterikdir.

Quttuzo bu mövzuda bir neçə əsər çəkib və elə həmin ildə Olivetti firmasının binasında iri pannodivar rəsmi işləyib. Bütün kompozisiya tünd, qaranlıq fonda aydın nəzərə çarpan sərt xətti dinamika üzərində qurulub, fiqurlar və predmetlər xaotik dinamikaya tabe olunur. Güclü deformasiyaya məruz qalsa da əsər neorealist üsluba yaxınlaşır.

Müharibədən sonra Quttuzo kubistik formalara maraq göstərir. Bu bir qədər gecikmiş maraq Avropanı bürüyür. Quttuzoya elə gəlirdi ki, kubist eksperimentlər konkret predmetlər aləmini vəsf etmək üçün yeni imkanlar yaradacaq. O, materiyanın içinə girmək, onun skeletini öyrənmək, bütün elementlərini əks etdirmək istəyir.

Quttuzo iri həcmli “Mafiya”, “Sallaqxana”, “Qarpız yeyən adam” əsərləri üzərində işləyir. O, avanqard sənətlə ənənəvi sənət arasında kompromis axtarıb arayırdı.

Renato Quttuzonun müxtəlif cərəyanlarından keçib realizmə üz tutması təbii və qanunauyğundu. Quttuzo ustad rəssamdı və hər bir böyük sənətkar kimi onun üçün yaradıcılıq prosesinin özü bayram idi.

 

Hazırladı: Adil Mirseyid



 

2 şərh

ferid1001
Adil Mirseyidin rəssamlıq barədə çox gözəl işləri var.Bu da mraqlıdı+1
MASON
Elədi, mən bir neçə məqaləsini yerləşdirmişəm bura.Niko Pirosmani də onun işidi