Kafkanın tapmacası: Qapı kimin üçün imiş?

Yəhudi əsilli Avstriya yazıçısı Frans Kafkanın məşhur bir rəvayəti var (Onu `Proses` romanına da salıb). 1914-cü ildə yazılmış “Qanun qapısı” («Vor dem Gesetz») adlı hekayə ilə bağlı bu günə qədər çox şərhlər verilib və verilməkdədir.

Ədəbiyyatşünaslar və filosoflar Kafkanın bu hekayəsinin mənası ilə bağlı mübahisə edirlər. Amma orada gizlənən tapmacanı hələ də heç kim aça bilməyib. Bəs siz bacararsınızmı?

* * *

Qanun qapısı


Qanunun qapısı önündə gözətçi dayanmışdı. Kənddən gələn bir nəfər gözətçiyə yaxınlaşır və Qanuna daxil olmaq üçün icazə istəyir. Amma gözətçi deyir ki, indi ona icazə verə bilməz. “Bəs sonra necə?” – Adam soruşur. — “Sonra bəlkə də ola bilər, amma indi yox!”

Qanuna gedən yolun darvazaları açıq olduğu üçün Adam boylanıb içəriyə baxmaq istəyir. Bunu görən gözətçini gülmək tutur:
— Əgər səni bu qədər çəkirsə, bir yoxla, gir ora. Amma yadda saxla: mən çox şeyə qadir olsam da, ən aşağı səviyyəli keşikçiyəm. Orada zaldan zala keçdikcə bir-birindən qüdrətli keşikçilər dayanıblar. Artıq üçüncüsünün yanında hətta mən belə, heç nəyəm!...

Kənddən gələn adam bu cür müşküllə üzləşəcəyini gözləmirdi; axı Qanun hamı üçün hər zaman açıq olmalı idi; amma indi gözətçinin dəri paltosunu, iri dik burnunu, uzun, qara tatar saqqalını seyr etdikcə qərara gəlir ki, hər halda, ona icazə verilənə qədər gözləsə, daha yaxşıdır.

Gözətçi ona bir kətil uzadır və işarə edir ki, darvazadan kənarda otursun. Adam günlərlə, illərlə orada oturur. Gözətçini yumşaltmaq, qəlbinə girmək üçün çox çalışır. Gözətçi arada onu sorğu-suala tutur, qohumları haqqında soruşur. Amma bütün hökmlü adamların verməyi xoşladıqları bu cür nəticəsiz sualların sonunda hər dəfə bildirir ki, onu içəri buraxa bilməz.

Adam gözətçini ələ almaq üçün ona hər şey təklif edir – hətta yola çıxarkən götürdüyü ən qiymətli əşyalarını da. Gözətçi əşyaları qəbul edir, amma Adamı yenə də buraxmır: “Ancaq ona görə qəbul edirəm ki, sən ümiddən düşməyəsən”.

Bütün bu illər ərzində Adam diqqətlə Gözətçini müşahidə edir. O, başqa gözətçiləri unudur, elə sanır ki, Qanuna gedən yolunda ancaq bir maneə var, o da yalnız bu gözətçidir. Adam taleyini qarğıyır — əvvəlcə ucadan, qocaldıqca isə astadan, dodaqlarının altında deyinərək. O, illər keçdikcə Gözətçini elə dərindən öyrənir ki, hətta dəri yaxalığındakı birələri də tanıyır, Gözətçini yola gətirməyə yardım etmələri üçün birələrə də yalvarır.

Sonda Adam taqətdən düşür, gözlərinə tor gəlir. Adam anlamır ki, ətrafamı qaranlıq çökür, yoxsa gözlərimi onu aldadır… Amma hətta indi də — bu qaranlıqda belə, Qanunun qapısından süzülüb gələn işığı görməyə bilmirdi. Di gəl ki, ömrünə artıq lap az qalmışdı.

Ölümqabağı bütün həyatının sualı beynini yormuşdu. Əli ilə gözətçini yanına çağırır, çünki bədəni taqətdən düşmüş, özünün qalxıb ona sarı getməsi üçün canında heyi qalmamışdı. Gözətçi ona yaxınlaşıb, xeyli aşağı əyilir, çünki bütün bu müddətdə boylarının arasındakı fərq heç də Adamın xeyrinə dəyişməmişdi.

— Bezmədin sən? – Gözətçi soruşur,- indi nəyi bilmək istəyirsən?

— Axı hamı Qanuna can atır, elə isə niyə bütün bu illər ərzində məndən başqa heç kim bu qapıdan girməyə cəhd göstərmədi?

Gözətçi artıq ölüm ayağında olan adamın gücdən düşmüş qulaqlarının onu eşidə bilməsi üçün qışqıraraq deyir:

— Bu qapıdan başqa heç kim keçə bilməzdi, çünki o, ancaq sənin üçün nəzərdə tutulmuşdu. İndi mən gedib onu birdəfəlik bağlayacağam!

* * *


Maraqlıdır: əgər o Qapı ancaq bir nəfər üçün nəzərdə tutulmuşdusa, onda niyə həmin o bir nəfər bütün cəhdlərinə baxmayaraq, Qapıdan buraxılmadı? Kafka bununla nə demək istəyib?


Mənbə: AzVizion.az
Tərcümə V.M

5 şərh

Ferbara
Qanun o insanın haqqıdır. Adam özü addım atmırsa və bunun üçün icazə gözləyirsə, günah özündədi. Adama şans verilmişdi, dəyrələndirmədi, qorxdu.
İcazə gözlədi hələ. :)
azadmamedov90
O qanun deyəndə nəyi nəzərdə tutur?
azadmamedov90
Hər zamankı kimi, sulasız cavablar, cavabsız suallar.
pascal
2-ci şərhiniz 1-ci şərhinizə reaksiya göstərilmədiyindən yaranıb yəqin. Yox, əgər mövzuya uyğun fikrinizdirsə, qeyd edim ki, hekayənin əvvəlində yazılan proloq sizi yanıltmasın və hekayənin qeyri-adi, müstəsna yazıldığı təsəvvürü yaratmasın. Yəni, orda tapmaca deyilibsə, elə zənn etmək lazım deyil ki, hekayədə keçən cümlələrin hər birinin altında başqa məna yatır. Qanun deyəndə, elə qanun nəzərdə tutulur.
Bu hekayə Kafkanın (ilk cümlədə yazıldığı kimi, orijinal adı «Der Prozess») «Məhkəmə» romanından götürülüb. Bu hekayə əsərin qəhrəmanı Yozefə danışılan əhvalatdır.
Hekayəni oxuyan hər kəs, əlbəttə ilk öz prizmasından yanaşdığından oxucusunun sayı qədər də fikir yaranır. Hekayədə (mənə görə) çatdırılan sətiraltı məna və mesaj belədir: Həyatda hər kəsin öz Qanun qapısı var. Bu qapıdan keçmək üçün qarşımıza çıxan maneələri, bürokratik əngəlləri yaradanlar, elə o qanunu qoyan nüfuzlu, səlahiyyətli insanlardır. Buna baxmayaraq, əzilən və haqqı tapdanan insan öz haqqını tələb etməyi bacarmalıdır. Hekayədə qapıda duran keşikçinin dediyi «Mən çox şeyə qadir olsam da, ən aşağı səviyyəli keşikçiyəm. Orada zaldan-zala keçdikcə bir-birindən qüdrətli keşikçilər dayanıb» kəlməsi real həaytda da rastlaşıdığımız qanun pozuntularında qarşımıza çıxan həqiqət olsa da, insanı doğru bildiyi yoldan çəkindirməməli, o adam kimi, ömrünün sonuna qədər oturub, nəyinsə özü-özbaşına düzələcəyini gözləməməlidir.
Hekayənin məna açılımı haqqında daha da geniş, ətraflı danışmaq olar.
azadmamedov90
Cavabınız üçün çox təşəkkür.